Modern.az

Niyə yalansız yaşaya bilmirik - Bəhanə, yoxsa çıxış yolu?

Niyə yalansız yaşaya bilmirik - Bəhanə, yoxsa çıxış yolu?

Reportaj

19 May 2022, 16:12

Həyatda yol verdiyimiz ən böyük nöqsanlardan biri yalan danışmağımızdır. Bəzən acı gərçəkləri gizlətmək üçün, bəzən də sevdiklərimizi təhlükədən qorumaq üçün yalan danışmağa məcbur qalırıq. Elə vaxtlar da olur ki, heç bir lüzum olmadan yalan danışan insanlara da rast gəlirik.

 

Səbəbi nə olursa olsun, yalan danışmaq heç kimə başucalığı gətirmir. Bilməliyik ki, yalanla bataqlıq kimidir. Necə ki, bataqlığa ayağımız dəyir və bizi özünə çəkir, yalan da belədir. Bir-iki dəfə istəmədən söyləyirsən və beləliklə ardı gəlir...

 

Bəs niyə yalan danışırıq? Bu xoşagəlməz vərdişdən necə əl çəkə bilərik?

 

Bu barədə Modern.az-a danışan psixoloq Elmir Əkbər bildirib ki, insanların yalan danışmağının müxtəlif səbəbləri var:

 

“Nəsə əldə etmək üçün, qorxudan və digər səbəblərdən danışılan yalanlar var. İnsanlar elə vəziyyətdə olur ki, yalan danışmaqla özünü xilas edir. Bir də var patoloji yalan. O insanlar artıq yalan avkariumunda üzürlər. Həyatları yalana çevrilib, hətta özü belə danışdığı yalana inanır. Bunun çarəsi yoxdur”.

 

Psixoloq bildirib ki, azyaşlı uşaqların fantaziyalarını yalan hesab etmək düzgün deyil:

 

“Çünki onlar real dünya ilə fantaziya dünyasının fərqini anlamırlar. Böyüdükcə, zaman keçdikcə bu düzəlir. Yalana sövq valideyn və ya digər böyüklər tərəfindən olur. Uşaqla psixoloji baxımdan doğru münasibət qurulmalıdır. Bu münasibət gələcəkdə ki, həmin uşağın necə bir fərd olacağına təsir edir”.

 

Sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, insan özünü təsdiq edə bilməyəndə yalan danışır:

 

“Bu mərhələ uşaq yaşlarından başlayır. Uşaqların 6 yaşına qədər təlim-tərbiyəsinə diqqət etməliyik. Yalanın təməli 6 yaşına qədər qoyulur. Uşaq yalan danışsa, valideyni də onu dəstəkləsə, yalan danışmaq artıq inkişaf edəcək. Sonra təhsil sahəsində elə mühit yaratmalıyıq ki, hər bir məktəbli həyatda yerini tapa bilsin. Bir sinifdə 5 əlaçı varsa, yerdə qalan 30 nəfəri danlayırıqsa, o danlanan hər dəfə dərsi bilməyəndə bir yalan söyləyəcək. Beləliklə, yalan danışmağı orta məktəbədə uşağa aşılayırıq. Birinci sinfdə uşağın qabiliyyətinə uyğun olaraq onun inkişafına diqqət yetirməli, istedadını üzə çıxarmalıyıq”.

 

Sosioloqun fikrincə, yalanın qarşısını ancaq ictimai qınaqla almaq olar:

 

“Elə insanlar var ki, yalan onun xislətindədir. İnsanın davranışına 4 amil təsir edir. Şəxsin fərdi, psixoloji xüsusiyyətləri, mühit, aldığı informasiyalar və üstünlük verdiyi dəyərlər. Bu 4 amilin hər birinin yalançılıqda rolu var. Mühitdən çox şey asılıdır, insanı dəyişə biləcək ən böyük qüvvələrdən biri də mühitdir. Cəmiyyətdə bu məsələlər həll olunmalıdır. İctimai qınaqla yalanları azalda bilərik”.

 

Bakı Dövlət Universitetinin 1-cu kurs tələbəsi İlham Həsənov söyləyib ki, yalan bizə uşaqlıqdan öyrədilir:

 

“Dində də var ki, yalan danışmaq günah olaraq qəbul edilir. Yalanın səbəbləri insanların, uşaqların sevgiyə ac olmasından qaynaqlanır. Sevgi ehtiyaclarının ana və ata tərəfindən yetərincə qarşılanmaması, uşaqların kimlərləsə müqayisə edilməsi və ya uşağa hansısa səhvinə görə sərt cəza verilməsi yalan danışma səbəblərindəndir. Buna görə də uşaq yalan danışmağa məcbur olur ki, cəzalandırılmasın. Yalan danışmanın təməlləri evdən başlayır”.

 

Gənc müsahibimiz yalan danışmağı tamamilə pis əməl hesab etmədiyini söyləyib:

 

“Özüm də çox yalan danışmışam. Qrup nümayəndəsi olaraq hansısa tələbə dərsə gəlməyəndə fərqli yalanlar uydururam. Yalan danışmaq bir insanın özünü yaxşı hiss etməsini, qarşı tərəfin xoşbəxt olmasını təmin edirsə, bu yalan danışılmalıdır. Düzdür, çox şeyi doğru etməliyik, ancaq yalan danışmaq haqqımız da var”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir