Modern.az

Küçə sənətçiləri: “Evdə oturanda bir manat da vermirlər” - REPORTAJ

Küçə sənətçiləri: “Evdə oturanda bir manat da vermirlər” - REPORTAJ

Reportaj

31 May 2022, 15:24

Havalar isindikcə Bakı küçələri daha rəngarəng və canlı olur. Yaz fəslinin harmoniyası, insanların təbəssüm dolu baxışları və uşaqların sevinci görənləri valeh edir. Şəhərin mərkəzi küçələrində dolaşdıqda yaxınlaşan musiqi sədaları isə paxtaxtımıza xüsusi gözəllik qatır.

 

Əsl yaz havasıdır, şəhər çıxmaq, təmiz hava qəbul etmək üçün yaxşı fürsətdir. Lakin biz bu dəfə istirahətə deyil, küçədə sənət göstərənləri çəkməyə gedirik.

 

Bəli, bugünkü qəhrəmanlarımız küçə sənətçiləridir.

 

Əslində çətin işdir, yol ilə ötənləri ayaq saxlamağa məcbur etmək, diqqətini çəkmək, hələ üstəlik pul qazanmaq...

 

Küçə sənətçilərinin fəaliyyəti ilə yaxından tanış olmaq üçün yolumuzu insanların axın etdiyi Nizami küçəsindən saldıq. 

 

İnsanlar şam işığına toplanan pərvanələr kimi bir nəfərin ətrafında dairə almışdılar. Nə baş verdiyini anlamaq üçün onlara yaxınlaşdıq. 

 

Burada musiqinin sehrini iliklərinə qədər hiss edən, həzz ala-ala bunu hərəkətlərində əks etdirən pantamimo aktyoru qarşımızda çıxdı.

 

Fonda vals çalınırdı. Əlləriylə musiqiyə can verən aktyor, heyran-heyran baxan tamaşaçılar... 

 

Aktyor, doğrudan da hamını sözün yaxşı mənasında hipnoz etmişdi. Deyəsən, bizi də. Amma hipnoz vaxtı deyil. Bəyaz üzündə kiçik tər damcılarının süzülüdüyü zəhmətkeş aktyorla söhbət etməliyik. 

 

"Merhaba" deməyindən məlum oldu ki, müsahibimiz Türkiyə vətəndaşıdır. Salamlaşıb hal-əhval tutduqdan sonra söhbətimiz qızışdı.

 

Söhbət zamanı Ferhat Kılıç pantamimo sənətiylə uzun müddət məşğul olduğunu bildirir. 27 yaşlı aktyor artıq 26 ölkəni gəzərək orada küçə sənətini nümayiş etdirdiyini deyir.

 

Azərbaycanın digər ölkələrdən fərqinə gəlincə, həmsöhbətimiz "Bakı mənə çox doğmadır. Qardaş ölkəmizdir, buranın insanları da doğmadır. Mənə olan münasibətləri istidir. Bakıda özümü yad hiss etmirəm", - deyə sözünə davam edib.

 

Ona fəaliyyətində uğurlar diləyib, yolumuzu davam etmək istədik. Axı Bakı küçələrində söhbət edəcəyimiz çox sənətçi var.

 

Növbəti müsahibin axtarışına çıxdıq. Çox keçmədi ki, Azərbaycanın görkəmli sənətkarı Eldar Mansurovun bəstəsi olan Bayatıların səsini eşidirik...

 

Elə gözəl bəstədir ki... Qarşımıza iki gənc çıxır. Sən demə, uzaqdan bizi cəlb edən ifanın müəllifləri onlardır. 

 

Gənclər musiqiyə bir az fasilə verib, bizimlə söhbətə davam edirlər.

 

Zərb alətində ifa edən Cəsarət küçə sənətinə 4-5 ay olar başlayıb. Onun sözlərinə görə, küçədə musiqi ifa etmək ona xüsusi zövq verir. Gənc ifaçı deyir ki, küçədə çalışmaq yüz minlik səhnədə çıxış etməyə bənzəyir. 

 

- Bəs qazanc baxımından küçə sənəti əlverişlidirmi?

 

- Evdə otursam, kimsə mənə gətirib bir manat verməyəcək, amma burada oturanda qazanıram, şükür Allaha, sənətə dəyər verən insanlar sağ olsun!

 

Cəsarətlə maraqlı söhbətimizi bitirib, yolumuza davam edirik...

 

Qızmar günəş altında gedən yol bizi "Vətən arzusuyla nəğmələr qoşdum" sözlərinin yüksəldiyi yerə çatdırdı. Burada Vətən eşqi ilə alışanlar bir ağızdan "Xudayar təsnifi"ni oxuyurdu. Bir daha bu nəğmənin böyükdən-kiçiyə hər kəsin dilində əzbərə çevrildiyinin şahidi olduq.

 

Paytaxt sakinləri və qonaqlar küçə sənətinə necə münasibət bəsləyir?

 

Sualımızı cavablandıran Elnurə xanım uşaqlara bu cür sənət nümunələrinin göstərilməsinin vacib olduğunu düşünür:

 

"Vətənpərvər uşaqlar yetişdirməliyik. Bunda küçədə ifa edənlərin də payı varsa, nə xoş onlara. Mən bir valideyn kimi övladımın burada "Xudayar təsnifi"ni oxumasını, küçədə sənət nümayişini çox sevdim".

 

Bayaqdan həvəslə mahnı oxuyan balaca Hüseyn bizim üçün şeir deyərək, "Xudayar təsnifi"nin sözlərini əzbər bildiyini söylədi.

 

İzləyicilərlə maraqlı söhbətdən sonra keçirik gənc ifaçı Ramana. 24 illik musiqi fəaliyyətinin 12 ilini küçə sənətinə həsr edən Raman keçmiş hərbçi olduğunu bildirdi.

 

Raman ordu sıralarında xidmət etdiyi dönəmlərdə də musiqiyə böyük marağının olduğunu vurğuladı:

 

"Vətənimizin igidləri qələbə qazandığı gün - Zəfər günündə şəhərdə böyük izdiham var idi. Küçə ifaçılığımın ən unudulmaz günləri idi. Əslində bu sənət çox çətindir. Soyuqda, istidə burada dayanıb, oxumaq asan iş deyil, amma mən bu işi sevərək edirəm".

 

Müsahibimizin sözlərinə qüvvət. Heç bir iş asan deyil. Amma bir məqamı unutmayaq ki, sevdiyin işi görməklə bütün çətinliklərin öhdəsindən gələ bilərsən. Təki, ürəyinə yatan işlə məşğul olasan. O zaman həm uğur qazanacaqsan, həm də şöhrət... 

 

Hazırladı: Elmar Hüseynov

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər