Modern.az

Sığınacağa sığmayan arzular: Onlar hədiyyə yox, qayğı istəyir - REPORTAJ

Sığınacağa sığmayan arzular: Onlar hədiyyə yox, qayğı istəyir - REPORTAJ

1 İyun 2022, 09:20

1 iyun təqvimdə sıradan gün deyil. Bu gün gələcəyə böyük ümidlərlə baxan, parlaq arzular, xoş xəyallar içində böyüyən uşaqların bayramıdır. Onları xoşbəxt etmək üçün nəinki bir gün, hətta bir söz belə kifayətdir. Təki, əzizlərinin sevgisi, doğmalarının qayğısı ilə əhatə olunsunlar, gələcəyə açılan qapılarına hər zaman valideynləri işıq saçsın. Bax, budur uşaqların xoşbəxtlik düsturu...

 

Təəssüf ki, balaca fidanlar bəzən həyatın acımasız üzü ilə qarşı-qarşı qalır, həyat yolunun ilk addımlığında öz doğmaları tərəfindən tərk edilərək taleyin ümidinə buraxılırlar. "Kaş mənim də bir ailəm olardı" deyən bu uşaqlar hamıdan gizli saxladıqları arzularını sevgi ilə isinən isti olacaqlarında deyil, sığınacaq divarları arasında böyüdürlər. Onların yuxudan oyananda saçlarını oxşayan nə anaları var, nə də əlində oyuncaqla evə tələsən ataları....

 

Həyata ikiəlli sarılan atılmış uşaqların bu gün hamıdan çox təbrikə, xoş sözlərə ehtiyacı var. 

 

Modern.az olaraq, 1 iyun - Uşaqlar Günü münasibətilə Uşaq Sığınacağı-Reinteqrasiya mərkəzinə baş çəkərək orada məskunlaşan azyaşlıları həm təbrik etdik, həm də onların gələcəklə bağlı arzularını dinlədik.

 

Hazırda 30 uşağın yaşadığı sığınacaqda bizi qarşılayan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə azyşalı qonaqları barədə məlumat verdi. O bildirdi ki, bir vaxtlar qarınlarını doyurmaq üçün sığınacağa üz tutan uşaqlar indi burada qala bilərlər:

 

“15 ildir bu sığınacaq uşaqların reabilitasiyasını həyata keçirir. Uşaq deyərkən 0-18 yaş arası qızlar, 0-12 yaş arası isə oğlanlar nəzərdə tutulur. 12 yaşdan yuxarı oğlanları da qəbul etməyi çox istərdik, ancaq nəzərə almalıyıq ki, cinsi zorakılığa məruz qalmış zərərçəkən kimi qiymətləndirilən fərdlər burda yerləşdirilirsə, digər hansı təhlükələr ola bilər, bu kimi halların qarşısını almaq üçün 12 yaşa kimi oğlanları qəbul edirik. Zorakılıq, şiddət görmüş uşağın şüurunda bir travma var. Onları çətin tərbiyə olunan, ipə-sapa yatmayan kimi deyib, bizə təhvil verəndə görürük ki, uşağın bu hərəkətlərinin səbəbi çoxdur. Təəssüf ki, bizim sığınacaqda atası anasını gözünün qarşısında qətlə yetirən, cinsi zorakılığa məruz qalan, ağır şiddətə məruz qalan uşaqlar da var. Onların yaddaşından həmin anları silmək üçün əlimizdən gələni etməyə çalışırıq”.

 

K.Ağazadənin sözlərinə görə, həyatı keşməkeşli olan uşaqların təhsili ikinci planda qalır:

 

“Hamımız bilirik ki, normal ailədə valideynlər uşqların gündəliyini yoxlayır, dərslərini soruşur. Amma bu uşaqların normal həyatı olmadığı üçün sadəcə məktəbə get-gəl prosesi olub. Buna baxmayaraq, oxumağa çox maraqları var. İncəsənəti bacarırlar, kompüterlə çox yaxşı işləyirlər”.

 

Bəs, sığınacağın balaca sakinləri nə düşünürlər?

 

15 yaşlı Jalə Əliyeva sığınacağın sakinlərindən biridir. Onun ən böyük arzusu gələcəkdə peşəkar jurnalist olmaqdır. Həmsöhbətimiz xəyal etdiyi peşəyə yiyələnmək üçün var gücü ilə çalışacağını deyir:

 

“15 yaşım var. Ən böyük arzum gələcəkdə jurnalist olmaqdır. Aparıcılıq etməyi çox sevirəm. Efirdə reallıqları nümayiş etdirmək istəyərəm, çünki yalanı heç sevmirəm. İdeal olaraq gördüyüm jurnalist Jalə Həsənlidir. Onu efirdən kənar tanıyıram, ünsiyyətdə olmuşam. Gələcəkdə jurnalist olsam, öz ideyamdan ibarət, fərqli bir veriliş aparmaq istəyərəm. İşimdən əlavə, səyahət etməyi də arzulayıram. Xarici ölkələri gəzmək, kəşf etmək çox maraqlı gəlir mənə. Uşaqlar günündə xüsusi istəyəcəyim bir hədiyyə yoxdur, çünki bütün hədiyyələri sevirəm”.

 

 

Digər həmsöhbətimiz Səma Cümşüdovadır. Xəyalları da özü kimi gözəl olan Səma tezliklə Şuşaya səfər etməyi arzulayır:

 

“Mənim də 15 yaşım var, təhsil alıram. Ən sevdiyim fənn təsviri incəsənət və informatikadır. Kompüterlə işləməyə həvəsli olduğum üçün informatikanı sevirəm. Gələcəkdə tanınmış dizayner olmaq istəyirəm. Daha çox qrafik dizaynerliyi sevirəm. İtaliyadan olan dizayner müəllimim var, həftədə üç dəfə onlayn dərs keçir. Poster, loqo və sertifikatlar hazırlaya bilirəm. Xüsusi yarış keçirilmişdi, mən o yarışın posterlərini, sertifikatlarını hazırlamışdım. Təsviri incəsənətə və informatikaya olan həvəsimdən anladım ki, dizaynerliyi bacara bilərəm. Dizynerlikdən əvvəl hərbçi olmaq istəyirdim. Vətənpərvər biri olduğumu söyləyirlər. Torpaqlarımızın azad olunma xəbərlərini həmişə həyəcanla izləyirdim. Mənim üçün ən maraqlı yerlər Şuşa və Xudafərin körpüsüdür. Həmin yerləri canlı görməyi çox istəyərəm. Uşaqlar bu dünyadakı ən özəl varlıq olduğuna görə 1 İyun onların istəklərinə uyğun olaraq qeyd edilməlidir. Sevdikləri onların yanında olmalıdır, bu uşaqların haqqıdır”.

 

 

Gələcəkdə rəqs müəllimi olacağını deyən Leyla İbadovanın sözlərinə görə, uşaqların hədiyyədən çox qayğıya ehtiyacı var:

 

“Məktəbə gedirəm, 13 yaşım var. Rəqs etməyi çox sevirəm. Böyüyəndə rəqs müəllimi olmaq istəyirəm. Gələcək üçün çox böyük planlarım var. Vətənimi çox sevirəm, böyüyəndə Azərbaycana xeyirli bir gənc olacam. Özümdən kiçik uşaqları sevirəm, onlara hər zaman qayğı göstərmək istəyirəm. Uşaqların təhsil hüququnun daha çox qorunmasını istəyirəm. Hər bir şagirdin oxumaq, təhsil almaq hüququ var. 1 İyunun çox əyləncəli qeyd olunmasını istəyirəm”.

 

Sığınacaqda böyüyən Leyla gələcəkdə böyük evə sahib olmağın xəyallarını qurduğunu söyləyir.

 

Rəqsanə Həsənovanın da özünəməxsus istəkləri var. O, ədəbiyyatı, şeirləri çox sevdiyini deyərək, gələcəkdə tanınmış modelyer olmağı hədəfləyir:

 

“16 yaşım var, məktəbə gedirəm. Təsviri incəsənət fənnini xoşlayıram. Boş vaxtlarımda kitablar oxuyuram. Sürətli oxuma qabiliyyətim var, 500 səhifəlik kitabı bir günə bitirə bilirəm. Böyüyəndə moda dizayneri olmaq istəyirəm. Geyimlərə xüsusi marağım var. Fərqli tərzdə geyimləri uyğunlaşdırmağı sevirəm. Ən sevdiyim tərz isə  “polklassik” tərzdir. Azərbaycanda yox, xaricdə tanınmış bir dizayner olmaq istəyərəm. Uşaqlar günündə uşaqlar hədiyyədən əlavə daha çox sevindirilməlidir. Həmin günü sevdiyi bir insanla qeyd etməlidir, onunla uzun-uzun söhbətlər aparmalıdır. Bir insanın arzusunu, içindən keçənləri bilmək üçün onu diqqətlə dinləməlisən. Gün ərzində danışıqları arasında o istəyi bir dəfə də olsa dilə gətirəcək”.

 

Sonuncu həmsöhbətimiz Ümid Malışovun 12 yaşı var. Ümid gələcəkdə gizli agent olmaq istədiyini deyir:

 

“12 yaşım var, ancaq məktəbə getmirəm. Sənədlərimdə müəyyən problem olduğu üçün hələlik məktəbə gedə bilmirəm. Mən həmişə gizli agent olmaq istəmişəm. Polislik buna yaxın peşədir, ancaq mən agent olmağı arzulayıram. Karatedən də xoşum gəlir. Uşaqlar günündə isə hədiyyə olunan hər şeyi sevirəm”.

 

Valideynləri tərəfindən atılmış 6 aylıq Ömür isə ilk bayramını sığınacaqda qeyd edir. Ata-anası tərəfindən tərk edilən Ömür dil açıb danışa bilməsə də, gözlərinin parıltısı onun arzu-istəklərindən xəbər verirdi.

 

Qulağına təbriklərimizi pıçıldadıqca, çöhrəsinə gülüş qonan Ömürün timsalında bütün uşaqları təbrik edir, onlara xoşbəxt gələcək, arzuladıqları kimi firəvan həyat yaşamağı diləyirik.

 

İnanırıq ki, gələcəyin jurnalisti, rəqqası, müəllimi olacaq bu uşaqlar gec-tez xoşbəxtliyi dadacaq, sığınacaqda keçirdikləri günləri keçmiş xatirə kimi yada salacaqlar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir