Azərbaycanın ilk internet televiziyasından reportaj...
Modern.az saytı xeyli vaxtdır ara verdiyi “Redaksiyalardan reportaj” layihəsini davam etdirir. Növbəti reportajımızı “Kanal 13” internet televiziyasında həsr etdik. Çünki “Kanal 13” Azərbaycanda ilk internet televiziyadır. TV-nin icraçı direktoru Əziz Orucov bizi, Modern.az əməkdaşlarını ofisin qapısı önündə qarşılamalıydı. Saat 10-dur, Ə.Orucovu gözləyirik. Bu da o... Xoş qarşılanmadan sonra ofisə daxil oluruq.
İcraçı direktor bizdən əvvəl gəlib iş başına keçən işçi heyəti ilə salamlaşır. “Kanal 13”ün otaqlarından birində əyləşirik. İcraçı direktor kompüterin qarşısına keçib “nə var, nə yox” deyə əməkdaşlarla maraqlanır.
Planlaşdırma iclası başlanmazdan öncə jurnalist Lalə Mahmudova ilə söhbət edirik. Özü haqqında məlumat verdikdən sonra bizi televiziyanın digər əməkdaşı Pərvin Bəhramoğlu ilə tanış edir. Piar işləri ilə məşğul olan Pərvin isə müxbir, montajçı, operator Cavid Sarvanı tanıdır:
“Burada ona “Əjdaha Cavid” deyirlər, bacarmadığı iş yoxdur”. Nə deyirik, ay Cavid , əjdaha olmağına əjdaha kimi ol, amma çalış bu ləqəbi götürməklə şou-biznesin əjdahası Nadir Qafarzadənin qəzəbinə tuş gəlməyəsən.
Çox keçmir ki, redaksiyada iclas başlayır.
İcraçı direktor Əziz Orucov işləri yarımçıq qalanları sorğu-sual edir. İlk olraq, öz təbirilə, redaksiyanın təməli olan Elçinə üz tutur. Bu arada “Əjdaha Cavid” Elçini astaca vəsf edir: “Montajçıdır, həm də operator. Müxbirliyi sevmir. Çəkilişdə və montaj işində peşəkardır. Onun yükü ağırdır, çox ağır”.
Redaktor Turalın “Namazla bağlı sorğu keçirmək lazımdır” təklifi Cavidlə pıçapıçımı bir neçə saniyəlik kəssə də, yenidən "Nikolayın evini yıxan işi" davam etdiririk.
“Bizdə hamı hərşeyşünasdır. Kadr azlığı var, ona görə də hamı bütün işləri bacarmalıdır”. Bu yerdə Əziz Orucovun “Cavid, nəyimiz var, nəyimiz yoxdur” sualı sanki Cavid Sarvanı yuxudan oyadır: “Müəllim məndə? Hər şeyimiz var, amma heç nəyimiz yoxdur... Dünəndən qalma material var, onu işləyəcəyəm“. Hərşeyşünas deyəsən, heçnəşünas oldu... Yerdən kimsə replika atır: - Cavid, arxivdir...
“Bələdçim” daha sonra ən son gələn volantyor həmkarlarını – Kəmalə və Lamiyəni göstərir. Elçinlə Lamiyənin “mehriban” söhbətlərinə ixtiyarsız qulaq yoldaşı oluram.
Lamiyə: – Özünü ağıllı sayırsan...
Elçin: – Ağılsızam?
Bütün ofislərdə olduğu kimi, “Kanal 13”də də müxbirlərin tanıtımının vacibliyi xüsusi ilə vurğulanır. “Piar işləri ilə məşğul olan Dilşad Azəri və Lalə Mahmudovanı tanıtmağa ehtiyac yoxdur, Lamiyə isə sosial sorğuların həyata keçirilməsində aktiv şəkildə iştirak edir, Kəmalə də həmçinin. Oral isə gündəmin izlənməsində xüsusi canfəşanlıq göstərir. Daha sonra sizə müxbirlərimiz Orxan və Cəlalı deyə bilərəm...”. Təxminən 13 nəfərdən ibarət olan işçi heyətinin təqdimatı da belə başa çatır.
Üç otaqdan və bir studiyadan ibarət olan ofisi nəzərdən keçirdikdən sonra telekanalın icraçı direktoru Əziz Orucovdan bizə vaxt ayırmağını xahiş edirik. Böyük məmnuniyyətlə razılaşır.
– 13 nəhs rəqəmdir. Hamının qorxduğu və qaçdığı 13 rəqəmi görəsən sizlərin diqqətini nə ilə çəkib?
– Kanalın adını qardaşım Anar Orucov qoyub. Əslində 13 rəqəmində nəhslik yoxdur. “Kanal 13” 2008-ci ildə fəaliyyətə başlayıb, seçkilər ərəfəsində konfransdan canlı yayımla. O vaxt bu, Azərbaycanda internet üzərində ilk canlı yayım idi.
Gün ərzində təxminən neçə çəkilişin və nə qədər videoçarxın yerləşdirilməsi ilə maraqlanıram.
“Bəzən materiallar elə çəkiliş günü internetə yerləşdirilmir. Səbəb odur ki, iki internet xəttindən istifadə edirik. Onun biri canlı yayım, digəri isə ofisdə internetin təmin olunması üçündür. İnternetlə təmin olunmada surət məhdudiyyətindən asılı olaraq çəkilişlərimizin hamısını yerləşdirə bilmirik. Demək olar ki, 24 saat yükləmə prosesi gedir. İnternetin surəti sadəcə çatdırmır. Özümüz axşamlar lap gecə saatlarına qədər burada oluruq. Çəkilişlərdən tutmuş montaja qədər prosesdə iştirak edirəm. Uşaqların o vaxta qədər işdə qalması sadəcə onların işlərinə sevgisi ilə əlaqədardır. Elə günlər olur ki, gündəlik 100 min İP (Ay-Pi) yığırıq. Ən çox da 250 min. Bu, "Google analytiks"in statistikasıdır”.
İcraçı direktordan ən qoçaq və ən zirək işçisinin kim olduğunu soruşuram. Əvvəlcə cavabı başqa istiqamətə yönəltsə də, sonda istədiyimi ala bildim.
“Bu qoçaqlıq və ya tənbəlliklə bağlı deyil. Orada insanın şəxsi problemi, çətinlikləri durur...”. Nəhayət, ürəyim çəkildi... ay Əziz müəllim!
“Ən qoçağına qalanda deyərdim ki, Cavidir. Cavid məndən də qoçaqdır. Həmişə hər yerdə o insanda “yoxdur” sözü yoxdur. Amma hərənin öz üstün olduğu cəhətlər var da. Hansı ki, burada oturan uşaqların hamısı özümüzdə yetişənlərdir”.
Ə.Orucovla söhbətimiz bitir. Bu arada redaksiyaya əcnəbi bir qonaq təşrif buyurur və Əziz müəllim qonağı otağına dəvət edir, biz isə işçilərlə söhbətə girişirik.
İclasın incə məqamlarından bəhs edərkən Cavidlə Elçindən çox danışdım. Digər həmkarlarım heç inciməsin, budur onlara da yaxınlaşıram.
Pərvin Bəhramoğlu böyük bir müsahibə vermək istədiyini deyir. Nəə müsahibə? Bizə bircə cümlə kifayətdir: "“Kanal 13”də istədiyimizi xalqa çatdıra bilirik. Belə deyək, 5 dənə azad olan media varsa, ondan biri də “Kanal 13”dür”.
Dilşad Azəri televiziyanın PiAr və marketinq işləri ilə məşğul olur. Bir ara “Xoş sabah” verilişinin aparıcısı da olub. Lalə Məmmədova ilə münasibətləri çox yaxındır. Keçək əsas məsələyə: “Yəqin ki, aldığınız maaşı bir birinizdən gizlədirsiniz” sualıma bellə cavab verdi:
“Təbii ki. Burada hər kəs öz işinə görə maaş alır”.
Elə təzəcə otağın bir ilə qurtarıb ikinci otağa keçmişdim ki, dil-boğaza qoymayan Elçin Cavidi göstərib özünü və dostunu təriflədi.“Biz qardaş kimi bir-birimizi çox istəyirik.Qalanları mənim üçün yalandır” (bu arada gülür)
İndi keçək redaktor Turala. Təxminən 3 ay olar ki, burada işləyir. “Kaspi” qəzetindən, “Üç nöqtə”dən tutmuş neçə-neçə qəzetdə işləyib, indisə yolu bura düşüb.
Bizi daha çox emosionallığı ilə cəlb edən Kəmalə deyir: “Burda mehribanlıq var”.
İşə gec gəlib, tez gedən İlahə. Haqlı səbəbi var : Tələbədir
Çəkilişlər zamanı müxbirlər heç də həmişə xoşagələn məqamlarla qarşılaşmırlar. Müxbir İlahə deyir ki, bir qaraçının qəfildən onu və operatoru vurduğu an hələ də yadından çıxmayıb.
Rejissor Etibar isə “Kanal 13”də telekanal yarandığı gündən çalışır. Müxbirlərin dili ilə desək, yoxdan möcüzə yaradır.
Daha sonra çay süfrəsinə otururuq. Qonaqpərvər olan həmkarlarım dadlı şirniyyatla çaya bizi də qonaq edirlər. Söhbətimizi davam etdiririk. Deyəsən, buradakı avadanlıqlar “Əjdaha Cavidi” qane etmir.
“Avadanlıq problemi var, dəhşətdir”. Bu arada Kəmalə söhbətimizə qoşulur və Cavidə deyir ki, "sən nə danışırsan, burda hər şey mükəmməldir".
Düzünü desəm, icraçı direktor da avadanlıq çatışmazlığı olduğunu demişdi, bu halda xanım həmkarım nəyi ört-basdır edir ki?..
Bu arada Lamiyə sorğudan qayıdır. Din və namazla bağlı sorğu bu səfər də ofisdə müzakirəyə səbəb olur. Odlu-alovlu çıxışlar edən Kəmaləni görən Elçin mənə baxıb deyir: “Dalaşmırıq ha, söhbət edirik...”
"Studiyamız ilk dəfə bu otaqda olub. Bu da ilk işıqlandırma sistemimizdir”
İcraçı direktor Əziz Orucovun otağına qayıdırıq. Sən demə, studiya ilk olaraq bu otaqdan başlayıb. Söhbət əsnasında icraçı direktor dedi ki, əvvəllər layihələrdən daha çox ödənişli tədbirlərin çəkilişlərinin həyata keçirilməsi ilə maliyyələşirdilərsə, indi bu sayaq işlər azalıb.
“Hətta maliyyə azlığı səbəbindən buranı tərk edən uşaqlar da olub. Amma rəhbərlik buna normal baxır. Sadəcə illərlə çəkdiyim əziyyəti- işçini bar verən vaxtı əlimdən alırlar, özümə çox pis təsir edir. Amma kimsə gedirsə, onun getməsinə çox normal baxıram. Sonra həmin uşaqlarla dostluq əlaqələrimiz davam edir”.
Söhbətimizi studiyada davam etdirmək məqsədi ilə aşağı mərtəbəyə enirik. İmkanlar, şərait komfort olmasa da, redaksiyanın əməkdaşları yoxdan “var” çıxartmağa çalışırlar.
Artıq günorta saatlarıdır, kimi çəkilişə gedib, kimi də çəkilişdən qayıdıb. Onlar öz işlərinə davam edirlər, mən də eşitdiklərimi, gördüklərimi qələmə almaq üçün redaksiyamıza yollanıram. Və yol boyu düşünürəm: “Doğrudan da internet televiziya hələ nəhs dövrünü yaşayır...”
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|