Modern.az

Məktəbin son, yeni həyatın ilk zəngi - FOTOREPORTAJ

Məktəbin son, yeni həyatın ilk zəngi - FOTOREPORTAJ

Reportaj

14 İyun 2022, 15:36

Son zəng – sevincin, bir o qədər də kədərin qonaq olduğu əlamətdar gün...

Həyatın enişli-yoxuşlu yollarına atılan ilk addım, sonun başlandığı tarix. Uşaqlığımıza "əlvida" deyilən son zəng günündə Modern.az olaraq Bakı şəhər 62 saylı məktəb liseyin məzunlarıyla birlikdə olduq.

Məzunlar həyəcanlı olmaqla bərabər, gözlərində kədər işartlıları da sezilirdi. İllər əvvəl məktəb dəhlizlərində ora-bura qaçan kiçik uşaqlar indi buradan ayrılır, çətin, keşməkeşli həyatın qoynuna atılırlar.

Məzunlarla eyni hissləri bölüşənlərdən biri də məktəbin direktoru Mətanət Cabbarlıdır.

Direktorun sözlərinə görə, 62 saylı məktəb hər il yüksək uğur qazanan təhsil müəssisələri sırasındadır və elə bu nailiyyətlərdə bu gün məzun olanların da imzası var:

“Biz hər zaman cəmiyyətə yararlı, vətən eşqilə alışıb-yanan şagirdlər yetişdirməyi hədəfləmişik. Elə bu səbəbdəndir ki, 44 günlük vətən müharibəsində bizim məktəbimizin məzunlarının da payı çox olub, aralarında öz şirin canını bu torpağa qurban verənlər də var idi”.

Məktəbin 11a sinfində qonağıq. Məzunlar yüzlərlə xatirələrə şahid olmuş sinif otaqlarında, partalarda həyəcanla əyləşib, bir-birilərilə ötən günləri yad edirdilər. Onlar qədər həyəcanlı olan isə əlbəttə ki sinif rəhbərləri Firuzə müəllimə idi.  Gözlərində fərəh hiss olunurdu illərin müəlliminin.

Firuzə xanım deyir illərdir, hansı sinfim məzun olursa, eyni hissləri keçirir, həm sevinir, həm də kədərlənir:

“İstəyirəm, şagirdlərim həmişə xalqımıza layiq vətəndaş olsunlar. Hər zaman onların yaxşı soraqlarını eşitməkdən  başqa heç nə istəmərəm, gələcəkləri həmişə işıqlı olsun”.

Firuzə müəllimə bu barədə danışanda şagirdləri də qulaq asır, həyəcanlı gözləri kədərdən dolub-boşalırdı. Bu həmsöhbətimiz bu ilin məzunlarından olan Yusif Eyvazlıdır. Yusif gələcəyə böyük ümid bəslədiyini, bu günün son olmadığını dilə gətirdi:

“Mənim üçün sabah daha önəmlidir. Uşaqlıq günlərimiz geridə qalıb. Bundan sonra daha məsuliyyətli olmalıyıq. Ali təhsil alaraq səmərəli şəxsiyyət olmalı, özümüzü inkişaf etdirməliyik”.

Şagirdlər bir ağızdan “bizim rekordçu sinif yoldaşımızı da danışdırın” deyərək, Nurlan adlı məzunu nişan evrdilər. 

666 bal toplayan Nurlan Rəcəbovdan məktəbin son günündə uğur sirrini bizlə, məzun yoldaşlarıyla bölüşməsini xahiş etdik:

“Planlı oxumaq lazımdır, vaxtımıza qənaət edərək, sistemli şəkildə hazırlaşmaq, uğur qazanmağın ən əlverişi yoludur”.

Valideynlər də həyəcanlı olmaq baxımından şagirdlərdən geri qalmırdılar. Görüşdən çox şey yazmaq olar. Amma yaxşısı budur: biz susaq, fotolar danışsın...

 

 

 

Müxbir: Elmar Hüseynov

Foto: Emin Məhərrəmov

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür