Modern.az

Yaddan çıxmış sənətkarlar - 90 yaşında “Xalq artisti” adı alan Tofiq Mirzəyev

Yaddan çıxmış sənətkarlar - 90 yaşında “Xalq artisti” adı alan Tofiq Mirzəyev

14 İyun 2022, 15:09

16 iyun onun doğum tarixidir… 90 yaşı tamam olan sənətkar hazırda Azərbaycandan çox uzaqlarda yaşayır…

Aktyor, rejissor, musiqiçi Tofiq Mirzəyevin adı nisbətən yaşlı və orta nəsildən olan tamaşaçılara yaxşı tanışdır…

Sənətkar nəhayət Azərbaycan Respublikasının "Xalq artisti" fəxri adına layiq görüldü... Həm də 90 yaşında... Bu baxımdan onu yaddan çıxmış sənətkarlar sırasına da daxil etmək olar.

Modern.az saytı “Yaddan çıxmış sənətkarlar” layihəsində Tofiq Mirzəyevlə bağlı təqdimat edir…
 

Prezident İlham Əliyev bu gün – 14 iyun 2022-ci il tarixində Tofiq Mirzəyevlə bağlı sərəncam imzalayıb.

 

O, Azərbaycan kino sənətinin inkişafında xidmətlərinə görə “Xalq artisti” fəxri adı ilə mükafatlandırılıb.

 

Dövlət başçısının digər sərəncamı ilə Tofiq Mirzəyev Azərbaycan kinematoqrafiyasının inkişafında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.


Uzun illərdir İsraildə yaşayan Tofiq Mirzəyev yalnız yay aylarında Bakıya qonaq gəlir. Amma iki ildir bu səfərlər təxirə salınıb. Əvvəl koronavirus pandemiyasına, sonra da Tofiq müəllimin səhhətinə görə... O, 2019-cu ildən Vətənə gələ bilmir...

Tofiq İbrahim oğlu Mirzəyev 16 iyun 1932-ci ildə Gədəbəy rayonunda, Qazaxlı kəndində anadan olub. Atası İbrahim Mirzəyev Kommunist Partiyasının fəal üzvü kimi I Dünya Müharibəsindən əvvəl Azərbaycanın bir sıra rayonlarına rəhbərlik edib. 

Sonra onlar Bakıya köçüblər.

"O illərdə biz “Baksovet” tərəfdə, Dövlət İqtisad Universitetinin indiki əsas binası ilə üzbəüz kommunal mənzildə yaşayırdıq”, - T. Mirzəyev uşaqlıq illərinə dair xatirələrində bildirib.

1941-ci ildə - müharibə başlayanda üç uşaq atası olan İbrahim Mirəzyev cəbhəyə döyüşməyə gedir. Çətin vəziyyətdə olan Mirzəyevlər ailəsi acından ölməmək üçün Gədəbəyə - baba yurduna qayıdır. Onlar müharibənin sonuna qədər orada yaşayırlar. 

1945-ci ildə atası müharibədən qayıdandan sonra yenidən Tofoqgil Bakıya gəlirlər... Bu dəfə həmişəlik.

Tofiq Mirzəyev uşaqlıqdan musiqi ilə maraqlanırmış...

"Bakıya qayıdanda artıq 13 yaşım var idi, fortepiano və ya skripka öyrənmək üçün çox gec idi. Ona görə də musiqi məktəbində nəfəs aləti götürməyi təklif etdilər. O zaman musiqisiz yaşaya bilməzdim, razılaşdım və klarnet çalmağı öyrənməyə başladım".


O, sənətə öncə musiqiçi kimi gəlib, sonra rejissor kimi çalışıb və ardınca filmlərə çəkilib.

Sənət yoldaşları Tofiq Mirzəyevlə bağlı xatirələrində onu xarizmatik şəxs kimi xarakterizə ediblər, deyilənə görə gəncliyində qadınlar bu yaraşıqlı oğlana dəli kimi aşiq olurmuşlar.

T.Mirzəyev Azərbaycan Konservatoriyasının klarnet sinfini bitirib. Lakin qəfil xəstəlik onun musiqi karyerasına son qoyub. Belə ki, Tofiq Mirzəyev 1960-cı ildə ağır şəkildə xəstələnir və ağciyərlərinin zədələnməsi ilə əlaqədar həkimlər ona klarnetdə çalmağı qadağan edirlər.

Peşəsini dəyişmək məcburiyyətində qalan Tofiq Mirzəyev rejissor olmaq üçün Moskvaya oxumağa gedir. Kursları bitirdikdən sonra rejissor peşəsinə yiyələnir.
 

Tofiq Mirzəyev “Uşaqlığın son gecəsi, "Ən vacib müsahibə", "İstintaq", "Nəsimi", "Üzeyir ömrü", "Təhminə" və s. filmlərdə maraqlı rollar canlandırıb.

Tofiq Mirzəyevin iştirakı ilə çəkilən filmlər Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxildir. Onlar arasında "Uşaqlığın son gecəsi", "Nəsimi", "Təhminə", "O qızı tapın", "İstintaq" və başqa filmləri göstərmək olar.

1976-cı ildə ona Moskvada çəkilən altı seriyalı “Cinahsız cəbhə” filmində canlandırdığım komissar Əliyev obrazına görə "Əməkdar artist" fəxri adı verilib. 

O, "Xalq artisti" adı üçün düz 46 il gözləməli oldu...

Sənətçi ilə yaxından dostluq edən, eyni zamanda qohum olan Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın bildirdiyinə görə, Tofiq Mirzəyevdə musiqiçi qabiliyyəti lap erkən yaşlarından üzə çıxıb. Amma müharibə illərində anası, qardaşı və bacısıyla cəbhəyə yollanan atasının yurdunda - Gədəbəydə yaşamalı olduğundan o, klarnet ifaçılığı üzrə musiqi təhsilini yalnız 12-13 yaşlarından almağa başlayıb.

Əvvəlcə Bakıda, sonra Moskvada Böyük Niyazi onu klarnet ifaçısı kimi görərək Dövlət Simfonik Orkestrinə dəvət edib. Tofiq maestronun rəhbərliyi altında orkestrin tərkibində Azərbaycan və dünya simfonik musiqilərini ifa etməyə başlayıb. Onun rus və Avropa bəstəkarlarının klassik musiqilərinə, Qara Qarayevin, Cövdət Hacıyevin, Fikrət Əmirovun, Niyazinin özünün əsərlərinə dərindən bələd olması da məhz buradan qaynaqlanır. Amma Tofiq Mirəzyev lap gənc yaşlarından klassik musiqi ilə yanaşı, həm də cazla da maraqlanıb.

“Özü də yalnız maraqlanmaqla kifayətlənməyib, Pərviz Rüstəmbəyov, İsmayıl Kələntərov, Vaqif Mustafazadə, Tofiq Şabanov kimi adlı-sanlı Azərbaycan cazmenləri ilə birlikdə caz musiqiləri ifa edib”.

   

Anarın bildirdiyinə görə, özünün olduqca maraqlı xatirələrində Tofiq Mirzəyev təmsil olunduğu nəslin caza olan həvəsi barədə belə yazır:
 

"Məhz 50-ci illərdə bizlər, müharibədən sonrakı dövrün uşaqları "Günəşli vadinin serenadası", "Dinki-Cazdan olan Corc"un ovsununa düşdük, ispan, italyan, fransız mahnılarının sədaları Bakı küçələrini bürüdü. Elə o vədələrdə də ilk dəfə radio məlumatlarına qulaq asmağa başladıq. Var-gücləriylə o səsi batırırdılar, amma bu hay-küyün və cırıltının içində belə bizim cavan qulaqlarımız "Amerikanın səsi" radiosunun Tanjer vasitəsiylə bütün dünyaya yayımladığı bir saatlıq proqramını tuta bilirdi. Yeri gəlmişkən, məncə, böyük caz ifaçısı Pərviz Rüstəmbəyov Bakıda müharibə illərində öz qəbuledicisini təhvil verməyən yeganə insan idi. Onun evində inqilabdan əvvəlki nəhəng palıd şkaf var idi. O, qəbuledicini gizlədib bura lampa quraşdırıb keçirmişdi və gecələr caza qulaq asırdı... Bizlər, cazla maraqlananlar kifayət qədər risk edirdik. Çünki caz qadağalar altında idl. "Bu gün caz ifa etsən, sabah da vətəni satarsan" ittihamı vardı... Təbii ki, biz çox ehtiyatlı idik və çalışırdıq ki, öz içimizə heç kimi buraxmayaq".


“Tofiqin qeyd etdiyi kimi risk və ehtiyat vacib imiş. Belə ki, Pərviz Rüstəmbəyov bir qədər sonra repressiya olunur və cazsevərlərin dost kampaniyasına bir çekist salınır. Və o adamın kimliyi Tofiqə yalnız otuz ildən sonra məlum olur. 80-ci illərdə Moskvada Tofiqlə artıq DTK polkovniki rütbəsində görüşən həmin adam etiraf edir ki, hər halda o, heç kimi satmayıb. Amma əvəzində özü də cazın qızğın pərəstişkarına çevrilib və indi o, caz musiqilərindən ibarət sanballı kolleksiyaya malikdir”,- Anar T.Mirzəyev haqqında yazıb.


Yazıçının bildirdiyinə görə, Tofiq Mirzəyevin bir vaxtlar  "Qaya" vokal qrupunun hardasa xaç atası olması tamamilə təbii idi.

“Kvartetin bədii rəhbəri Tofiqin kiçik qardaşı Teymur oldu, amma onların baş məsləhətçisi, bir rejissor kimi onları televiziyaya çəkən Tofiq idi. Tofiq Müslüm Maqomayev və "Qaya" kvarteti ilə birlikdə keçmiş Sovetlər İttifaqının şəhərlərində qastrol səfərlərində olub, "Qaya" ilə birlikdə hətta Afrika ölkələrinə də gedib çıxıb. Qastrollar zamanı ağ ciyəri fəsadlar verdi və o, klarnetlə vidalaşmalı oldu”.

O, basketbolu da sevirdi, "Dinamo"da oynayırdı.

Tofiq Mirzəyev daha sonra musiqidən ayrılmadan musiqili filmlər rejissoru olmaq üçün Moskvaya gedib. O, Bakıya döndükdən sonra televiziyada işləməyə başlayıb, portret filmlər çəkib, bəstəkar Fikrət Əmirov, dirijor Nazim Rzayev, müğənnilər Rəşid Behbudov, Müslüm Maqomayev, Fidan və Xuraman Qasımovalar haqqında verilişlər hazırlayıb.

Anarın Tofiq Mirzəyev haqqında söylədikləri:

“Kinematoqraf da “Hollivud” bənizli bu yaraşıqlı kişidən yan keçə bilməzdi. Amma bununla belə, doğrusu, ona bir qədər gec diqqət etdilər. Tofiqi ilk dəfə kinoya Maqsud İbrahimbəyovun ssenarisi əsasında çəkdiyi "Uşaqlığın son gecəsi" filmiylə Arif Babayev gətirdi. Tofiq danışırdı ki, kinostudiyanın Bədii Şurasının filmə baxışından sonra o, həyəcanlı imiş. Kinostudiyanın direktoru, incəsənət məsələlərində heç bir güzəştə getməyən Ədil İsgəndərov onu kabinetinə çağırır.

"Hə, indi deyəcək ki, get.., get öz işinlə məşğul ol, səndən aktyor çıxmaz", - Tofiq belə düşünürmüş.

Amma Ədil İsgəndərov ona cəmi bircə kəlmə deyib: “Sən filmə çəkiləcəksən".
 


Bundan sonra Tofiq Mirzəyev 35 filmə çəkilib, özü də təkcə "Azərbaycanfilm"də yox, həm də "Mosfilm"də, Dovjenko adına kinostudiyada.

"Mosfilm"də o, tanınmış rus aktyoru Vyaçeslav Tixonovla birlikdə çoxseriyalı "Cinahsız cəbhə" filmində çəkilib. Bu filmdə o, döyüş zabiti Əliyev roluyla öz yaxın dostu memar Rasim Əliyevin atası, müharibə iştirakçısı, akademik Həsən Əliyevin obrazını canlandırıb. Bakıda Arif Babayevlə yanaşı, Həsən Seyidbəyli, Rasim Ocaqov, Tofiq İsmayılov da ona öz filmlərində rol veriblər. Üzeyir Hacıbəyovdan bəhs edən filmdə mən də onu çəkmişəm. Aparıcı rolunda.    
 

Belə görürəm, Tofiqlə mənim dost, kino sahəsində həmkar olmaqdan əlavə, həm də qohum olmağımı çoxları bilmir. Tofiq mənim həyat yoldaşım Zemfiranın böyük bacısı Elmira Səfərovanın əridir.
 

Tez-tez bizdə, ya Tofiqlə Elmiranın evində, Səfərovların Mərdəkandakı bağında görüşüb uzun illər can bir qəlbdə yaşamışıq, dəfələrlə birlikdə Azərbaycanın rayonlarına, Şəkiyə, Şuşaya, Gəncəyə səfər etmişik. Qışda Göygölün qarlı sahilində kabab bişirmək üçün nə qədər eləsək də, ocaq qalaya bilmədik. Axırda kömək üçün meşəbəyiyə müraciət etməli olduq.
 

"Üzeyir Hacıbəyov. Uzun ömrün akkordları" filmində Tofiqlə işləmək mənə rahat və xoş idi. Bir musiqiçi kimi o, filmin musiqi tutumunu dərindən hiss edirdi, bir rejissor kimi də ona hansısa tapşırığı verməyə ehtiyac yox idi. O, necə lazımdısa, elə də oynayırdı.


Tofiq ünsiyyətdə də çox maraqlı insandı. O, öz zəngin həyatında baş verən hadisələrdən, ən müxtəlif insanlarla görüşlərindən saatlarla danışa bilər. Yadımdadı, bir dəfə bizim mənzildə təxminən günorta ikidən başlanan söhbətimiz gecə ikiyəcən çəkdi. Özü də danışan elə əsas Tofiq idi”.



Yazıçı Anarın bildirdiyinə görə, həyat yoldaşı Elmira Səfərovanın ölümü Tofiq Mirzəyevə dəhşətli sarsıntı yaşadıb. 

Həyat yoldaşının vəfatından sonra Tofiq İsraildə məskunlaşmalı oldu. Onun mərhum anası Bella İlyinşina yəhudiydi. Amma Bakı - dünyaya gəldiyi, işlədiyi, məhəbbətini, dostlarını tapdığı bu şəhər onu həmişə özünə çəkir.
 

Tofiq Mirzəyev hazırda İsraildə yaşayır və ictimai fəaliyyətlə məşğuldur. 
 

Aktyor İsraildə fəaliyyət göstərən Haifa-Bakı cəmiyyətinin üzvüdür.

T.Mirzəyev iki il öncə koronavirus pandemiyasına görə Bakıya gəlib-gedə biməməyindən şikayətlənmişdi...

"Koronavirus pandemiyası həyatıma mənfi məqamlar gətirdi, məsələn, doğma və sevimli Bakıya gedə bilmədim. Axırıncı dəfə 2019-cu ilin sentyabrında mərhum həyat yoldaşım, Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət Xadimi Elmira Səfərovanın 85 illik yubileyi münasibətilə keçirilən tədbir üçün Bakıya getmişdim...".

Sənətkar Bakı, Qız qalası, İçərişəhər, Şirvanşahlar sarayı, Dənizkənarı bulvar, həyatdan köçmüş dostları üçün çox darıxdığını bildirib...
 

"Təəssüf ki, dostlar az qalıb, çoxları bu həyatı tərk edib...”, - deyə o qeyd edib. 

Tofiq Mirzəyevin dediyi kimi, dostları Rüstəm və Maqsud İbrahimbəyov qardaşları, Toğrul Nərimanbəyov, Tahir Salahov və digərləri artıq həyatda yoxdular... 


Tofiq Mirzəyev indi İsrailin cənubundakı Arad şəhərində yaşayır. Bu şəhər Ölü dənizin yaxınlığında yerləşir və T.Mirzəyevin sözlərinə görə, Araddan Təl-Əvivə olan məsafə, Bakıdan Şamaxıya qədər hesab olunur.

"1995-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının təmirə bağlandığı vaxt bura köçmüşəm, orada baş rejissor işləyirdim. Anamın səhhətində ciddi problemlər yaranmışdı və İsraildə müalicə olunmalı idi. O vaxt anam, mən və bacım Leyla İsrailə köçmək qərarına gəldik və sonra elə burada qaldıq...".

1998-ci ildə sənətkarın qardaşı, məşhur “Qaya” vokal kvartetinin yaradıcısı, bədii rəhbəri və solisti Teymur Mirzəyev də həmişəlik İsrailə köçüb. 



Tofiq Mirzəyev, anası Bella xanım, bacısı Leyla xanım, hər ikisinin adı Teymur olan oğlu və qardaşı da Arad şəhərində yaşayırdı. Amma əvvəlcə anası dünyasını dəyişib, sonra qardaşı - böyük Teymur Mirzəyev 26 sentyabr 2021-ci il tarixində vəfat edib. Əvvəllər Avropada yaşayıb-işləyən oğul Teymur atasının səhhətilə əlaqədar daimi olaraq İsrailə - Arad şəhərinə yerləşib. İndi ata-oğul birlikdə yaşayırlar...


Ə.Qafarlı

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi