Modern.az

Putinin keçmiş arvadı HARALARDADI...

Putinin keçmiş arvadı HARALARDADI...

22 İyun 2022, 16:58

Rusiya prezidenti Vladimir Putin bu il fevralın 24-də Ukraynada başladığı qanlı müharibədən sonra dünyanın ən çox müzakirə olunan siyasətçisinə çevrilib. Dünya ictimaiyyəti onun sonrakı addımlarının və ümumən taleyinin necə olacağı ilə maraqlanır.


Xarici media Rusiya liderinin şəxsi həyatını da ən ciddi şəkildə diqqətdə saxlayır və bu mövzuda mütəmadi məlumatlar yayır.

Modern.az saytının məlumatına görə, bir sıra KİV-lər Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila Şkrebnevanın hazırda haralarda olduğunu araşdırmağa çalışıb. Amma bu haqda  yeni məlumatlar çox azdır.
 

Lyudmila Şkrebneva 1958-ci ildə Kalininqradda sadə fəhlə ailəsində dünyaya gəlib. Atası mexaniki təmir zavodunda fəhlə, anası avtonəqliyyat şirkətində kassir işləyib.
 

Orta məktəbdə oxuyarkən dram dərnəyinə gedən Lyudmilanın arzusu aktrisa  olmaq idi. Lakin, bu arzunu  həyata keçmək ona qismət olmayıb. O, attestat aldıqdan sonra Kalininqrad Texniki İnstitutuna daxil olub. Amma iki il oxuduqdan sonra ali təhsilini yarımçıq qoyub, əvvəlcə Kalininqraddakı “Torqmaş” zavodunda poçtalyon, ardınca çilingər şagirdi işləyib. Bu sahədən uzaqlaşandan sonra şəhər xəstəxanasında tibb bacısı kimi çalışıb, pionerlər evində dram dərnəyinə rəhbərlik edib və hətta “Aeroflot”un Kalininqrad filialında daxili xətlər üzrə stüardessa da işləyib.
 

Lyudmila Şkrebneva 1986-cı ildə Leninqrad Dövlət Universitetini filologiya-romançı ixtisası üzrə bitirib, 1990-1994-cü illərdə isə bu ali məktəbdə alman dili müəllimlərinin təkmilləşdirilməsi kafedrasında dərs deyib. Alman dilindən əlavə o, fransız, ispan və portuqal dillərinə də yiyələnib.


Lyudmila Şkrebneva gələcək (və indi keçmiş) əri Vladimir Putinlə ilk dəfə Leninqradda (indiki Sankt-Peterburq) tanış olub. Onların ortaq dostu Putini bir çox həmyaşıdları ilə birlikdə Arkadi Raykinin tamaşasına baxmağa dəvət edib. Gənclər orada bir-birlərini görüb bəyəniblər, aralarında münasibət başlayıb. Vladimir Lyudmila ilə 3 il sevgili olub və bu müddətdə qızdan “KQB” zabiti olduğunu gizlədib.


28 iyul 1983-cü ildə Leninqradın Pyotr Lavrov küçəsindəki şadlıq sarayında onlar nikaha imza atıblar və toy Neva çayı tramvayında qeyd olunub.


Evlilik illərində cütlüyün Mariya (28 aprel 1985) və Katerina (31 avqust 1986) adlı qızları doğulub. Uşaqların hər ikisi atalarının o zaman “KQB” kəşfiyyatçısı kimi işlədiyi Almaniyada doğulub, onlara nənələrinin adları verilib. Bacılar Sankt-Peterburqda alman dilini dərindən öyrədən özəl gimnaziyanı bitirib və 2000-ci ildə evdə təhsilə keçiblər. Orta məktəbi bitirdikdən sonra hər ikisi Sankt-Peterburq Dövlət Universitetinə daxil olublar. Mariya Putina Biologiya fakültəsini bitirib, kiçik bacısı Katerina isə Uzaq Şərqin tarixi və mədəniyyəti üzrə mütəxəssis olub.

1999-cu ildə Vladimir Putin Rusiyanın baş naziri təyin olunana qədər Lyudmila Putina “Telekominvest”in Moskva təmsilçisi işləyib.
 


Vladimir Putin prezident seçiləndən sonra Lyudmila Putina Rusiya Federasiyasının birinci xanımı kimi mətbuatın diqqətindən maksimum yayınıb, kamera çaxnaşmalarından uzaq olub. Onun ictimai çıxışlarının əksəriyyəti tamamilə dövlət protokolu ilə tənzimlənib. Bu, Vladimir Putinin keçdiyi “KQB məktəbi”nin xüsusiyyətlərini ailədə də tətbiq etməsindən irəli gəlirdi.
 

Lyudmila kölgədə qalarkən, mediada onun yüksək vəzifəli ərinin keçmiş olimpiya gimnastı Alina Kabayeva ilə görüşdüyü barədə şayiələr yayılıb. Bu şayiələr yayılarkən prezident xanımından hələ boşanmamışdı.


Xarici medianın yazdığına görə, Lyudmila Putina əvvəllər bir neçə dəfə etiraf edib ki, əri prezident olandan sonra həyatı tamamilə çöküb. 2000-ci illərin əvvəllərində cütlük arasında problemlərin dərinləşdiyi barədə söz-söhbət dolaşırdı.

Köhnə müsahibələrin birində Lyudmila ərinin “FSB” rəhbəri olmasından şikayətlənib və deyib ki, bu, onların həyatını çox dəyişib:

"Dəhşətlidir. Artıq bir-birimizlə ünsiyyət qura bilməyəcəyik. Kabuslu təcrid. İstədiyimiz yerə səyahət etmək, istədiyimizi söyləmək imkanı olmayacaq. Mən isə yenicə yaşamağa həvəslənmişdim”,-deyə o, Vladimirin “FSB” rəhbəri olmasına işarə edərək bildirib.
 


Müxtəlif KİV-lərdə Putinin nümunəvi ailə başçısı olmadığı, arvadını təhqir etdiyi, hətta ona qarşı zorakılığa yol verdiyi, həmçinin, nikahdankənar münasibətləri olduğu barədə iddialar yayılıb. Bundan əlavə, o, Lyudmiladan sözün əsl mənasında hər şeydə təslim olmağı tələb edirmiş. Məsələn, Mariya dünyaya gələndə ana qızın adını Nataşa qoymaq istəyib, amma əri uşağa anasının adının verilməsini tələb edib. Lyudmila göz yaşları içində razılaşıb, çünki başqa seçimi olmadığını başa düşüb.
 

Putinlərin evliliyində problemlərin olduğu barədə bütün söz-söhbətlərə baxmayaraq, onların boşanma xəbəri çoxlarını şoka salıb. 6 iyun 2013-cü ildə Lyudmila və Vladimir açıq şəkildə nikahlarını qarşılıqlı razılaşma ilə bitirmək qərarına gəldiklərini elan ediblər. Bu, Kremldə “Esmeralda” baletinin premyerasının fasiləsi zamanı baş verib. Daha sonra Rusiya Federasiyasının prezidenti əlavə edib ki, kilsə onların nikahına xeyir-dua vermədiyindən ayrılmalarında hər hansı dini qadağalar da yoxdur.

Boşandıqdan bir müddət sonra, 2016-cı ilin yanvarında Lyudmila Şkrebneva özündən 21 yaş kiçik olan iş adamı Artur Oçeretnıy ilə evlənib. Cütlük hətta münasibətlərini rəsmi olaraq qeydə aldırıb.


İkinci evlilikdən sonra Oçeretnaya soyadını qəbul edən Lyudmilanın hazırda harada yaşadığı tam olaraq məlum deyil. O, Sankt-Peterburqda, Moskvada, Moskva vilayətində, Kalininqradda mənzillərə və digər daşınmaz əmlaka malikdir, həmçinin Fransanın Biarrits kurort şəhərində villaya sahibdir. Onun smartfon icarəsi biznesində payı olduğu da bildirilir.

Lyudmila Oçeretnaya sonuncu dəfə əri Arturla birlikdə Fransanın Hitrou hava limanında görünüb. Daha sonra onu ictimai məkanda görən olmayıb.

Jurnalistlər də heç vaxt bu mövzu ilə bağlı rəsmi şərh ala bilməyiblər. KİV nümayəndələri bu haqda Rusiya prezidentinin özündən soruşduqda Vladimir Putin sonuncu dəfə belə cavab verib:

“Lyudmila Aleksandrovna həyatından razıdır, vəziyyəti yaxşıdır. Mən də xoşbəxtəm, mən də yaxşıyam”.


Qeyd edək ki, bu ilin mayında İngiltərə Ukraynadakı müharibə ilə əlaqədar Putinin yaxın adamlarına sanksiya tətbiq edib. Maraqlıdır ki, sanksiyaya məruz qalanların siyahısına Lyudmila Oçeretnaya da var. Bu sanksiyalara aktivlərin dondurulması, İngiltərəyə giriş və ya çıxış qadağası daxildir. 


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi