Modern.az

Bir şəklin tarixçəsi: Elçibəyin ilk şəxsiyyət vəsiqəsi, son FOTOSU

Bir şəklin tarixçəsi: Elçibəyin ilk şəxsiyyət vəsiqəsi, son FOTOSU

24 İyun 2022, 08:50

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasının budəfəki təqdimatı Azərbaycanın mərhum eks-prezidenti, Azərbaycan Xalq Cəbhəsi Partiyasının mərhum sədri Əbülfəz Elçibəylə bağlıdır.

Bu da səbəbsiz deyil. Bu gün - 24 iyun tarixi Əbülfəz Elçibəyin doğum günüdür.

“Bir şəklin tarixçəsi” rubrikasında bu dəfə qaydaları pozaraq 1 deyil – 2 şəkil təqdim edirik.

Təqdim etdiyimiz 1-ci şəkil mərhum Elçibəyin yaxın silahdaşı olmuş Ədalət Tahirzadənin arxivindəndir. 1992-ci ilə aid olan şəklin tarixçəsini Ədalət bəy belə açıqlayıb:


“Bu, müstəqil Azərbaycanda ilk şəxsiyyət vəsiqəsi sayıla bilər. Elçibəy prezident seçilən kimi bu vəsiqəni Türkiyədə bir firma hazırlamışdı ki, o, xarici ölkələrə gedə bilsin. Bəy xaricə sovet gerbi olan pasportla getmək istəmirdi. Sənəd mənə Elçibəydən yadigardır”.

2-ci şəkli 1990-cı illərin sonu, 2000-ci ilin əvvəllərində Bakıda gündəlik nəşr olunan “Avrasiya” qəzetinin sahibi və baş redaktoru olmuş Türkiyənin tanınmış jurnalisti İrfan Sapmaz təqdim edib.

Zaman 2000-ci il, məkan Türkiyə - Gülhanə Hərbi Tibb Akademiyası... Əbülfəz Elçibəyin həyatının son anları... Gülhanə Hərbi Tibb Akademiyasında müalicə aldığı müddət..

İrfan Sapmazın fotoya şərhi:
 


“Azərbaycanda işlədiyimiz zamanlarda hörmətli Əbülfəz Elçibəylə böyük bir dostluğumuz gerçəkləşdi. Bizi hər zaman Türk dünyası, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı üçün verdiyimiz mübarizədə dəstəkləyirdi.

Ankarada həyata gözlərini yummadan az əvvəl, müalicə olunduğu Gülhanə Hərbi Tibb Akademiyasında çəkilən son tarixi fotonu arxivimdən çıxararaq, sizlərlə bölüşmək istədim. Əbülfəz Elçibəylə bu şəkildə bərabər olan dəyərli bir dostum fotonu mənə hədiyyə etmişdi. Mən də tarixin səhifələrinə hədiyyə edirəm. Allah rəhmət eləsin, nur içində yatsın.
Türk dünyası Əbülfəz Elçibəyi heç bir vaxt unutmayıb və unutmayacaq”.

Bu şəkil çəkiləndən 18 gün sonra Əbülfəz Elçibəy həyatla əbədi vidalaşdı...


Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 24 iyun 1938 -ci ildə  Naxıvan MR-in Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957 -ci ildə Bakı Düvlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. Misir Ərəb Respublikasına göndərilən Əbülfəz bəy Əsvan bəndinin tikintisində tərcüməçi kimi çalışıb (yanvar 1963 - oktyabr 1964).
Xarici ezamiyyətdən dönərək 1965 –ci ildə BDU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb.

1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adıyla həbs edib və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum olunub. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilib.

Həbsdən buraxıldıqdan sonra Əbülfəz bəy bir müddət işsiz qalıb. 1976-cı ilin dekabrında Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayıb. Sonralar böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi elmi rütbə və vəzifələrə qədər yüksəlib.

Elçibəy 1988-ci ildən sonra alovlanan milli-azadlıq hərəkatının önündə gedib. 

1992-93-cü illərdə Azərbaycan Respublikasının prezidenti olub.

22 avqust 2000 -ci ildə Türkiyədə vəfat edib. Bakıdakı Fəxri xiyabanda dəfn olunub
 

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir