Modern.az

Bakının köhnə yerləri - Basin küçəsi - Belarusdan gəlib paytaxtımızda ara qarışdıran YƏHUDİ

Bakının köhnə yerləri - Basin küçəsi - Belarusdan gəlib paytaxtımızda ara qarışdıran YƏHUDİ

Reportaj

5 İyul 2022, 14:48

Bakıdakı bu küçəni hələ də bir çoxları “Basin küçəsi” kimi tanıyır, yaşlılar isə elə o cür  adlandırırlar. Baxmayaraq ki, 90-cı illərin əvvəllərində - Azərbaycan müstəqilliyini bərpa edəndən sonra paytaxtın bu qədim küçəsinin adı dəyişdirilib. İndi bütün rəsmi sənədlərdə bura “Füzuli küçəsi” kimi qeyd olunur. Di gəl ki, “Basin küçəsi” ifadəsindən qurtula bilmirik...

Modern.az saytı “Bakının köhnə yerləri” rubrikasında vaxtilə paytaxt sakinləri arasında məşhur olmuş və hələ də unudulmayan adlardan bəhs edir.

Bu dəfə “Basin küçəsi”ndən, daha doğrusu Basinin kim olmağından bəhs edirik.

Bilməyənlər üçün xatırladaq ki, söhbət metronun “28 May” stansiyasının yanından başlayıb “Azdrama”ya qədər uzanan küçədən gedir.

Bakının tarixindən bəhs edən mənbələrə görə, sözügedən küçə XIX əsrdə salınıb və ilk adı “Balaxanskaya küçəsi” olub.

XX əsrin əvvəllərində küçəyə Basinin adı verilib. Həmin vaxt küçənin adı Bakı Kommunasının 26 komissarından birinin - Meer Basinin şərəfinə dəyişdirilmişdi.

Vaxtilə 1350 m uzunluğu olan küçənın kənarında əsasən bir və iki mərtəbəli yöndəmsiz binalar inşa edilmişdi.

Sovet dövründə küçə boyunca tramvay xətti də çəkilmişdi.

Köhnə bakılılar xatırlayarlar, küçənin ətrafında Məşədi Əzizbəyov adına 1 nömrəli doğum evi, bəy hamamı, pinəçi dükanları var idi.

“Basin küçəsi”ndəki məhəllələrdən birini isə “Cuhutlar məhləsi” adlandırırdılar.

Müstəqilliyin bərpasından sonra küçəyə Azərbaycanın dahi şairi Məhəmməd Füzulinin adı verildi.

2009-cu ildə Heydər Əliyev Sarayından Füzuli meydanına qədər ərazinin yenidən qurulmasına qərar verildi. Köhnə və yöndəmsiz binaların sökülməsinə, ərazidə “Qış parkı” salınmasına başlanıldı.

Bu qərar köhnə “Basin küçəsi”nin də görkəminin dəyişməsinə səbəb oldu.

2012-ci ildə keçmiş Basin – indiki Füzuli küçəsi köhnə binalarla vidalaşdı.

Daha sonra ərazidə "Qış bulvarı" parkı istifadəyə verildi.
 

Bəs Meer Basin kim olmuşdu ki, 70 il ərzində Bakıdakı ən böyük küçələrdən biri onun şərəfinə adlandırılmışdı?


O, milliyətcə yəhudi idi.


Meer Basin 1890-cı ildə Belarusiyada yoxsul ailəsində anadan olub. 1909-cu ildə Mogilyov peşə məktəbini bitirib. 1910-cu ildə onu hərbi xidmətə çağırıblar, ancaq ailənin tək oğlu olduğu üçün əsgərliyə aparmayıblar.

1911-ci ildə Bakıya gələn Basin həmyerlisi, toxuculuq mağazasının işçisi Çernomordikovun yanında qalmağa qərar verir. Əvvəlcə Bayıldakı buz zavodunda mexanik işləyib, sonra Suraxanıdakı neft mədənlərində çalışıb.


1912-ci ildə Rusiya Sosial-Demokrat Fəhlə Partiyasına daxil olub və tezliklə qurumun Bakı Komitəsinin üzvü seçilib.


M.Basin daha sonra fəhlələr, ticarətçilər və sənaye işçilərinin həmkarlar ittifaqlarında çalışıb.


1914-cü ildə Suraxanı mədənlərində işləyib və Bakı neftçilərinin tətilinin təşkilatçılarından biri kimi həbs edilib.

Sonralar ticarət sahəsində çalışıb.


1917-ci ildə Rusiyada çar mütləqiyyətini devirən fevral inqilabından sonra “Baksovetin” üzvü olan M.Basin fəaliyyətini neft sənayesi işçilərinin həmkarlar ittifaqında davam etdirib.

1917-ci ilin mayında Bakıda həmkarlar ittifaqının təsis yığıncağında Basini qurumun idarə heyətinə seçiblər.

O, sonralar Bakı proletariatının öncüllərindən biri kimi tətillərin liderlərindən olub.

1917-ci ildə yaranan Bakı kommunasında hərbi-inqilab komitəsinin üzvü seçilib.

Basin sonralar Bakı Sovetinin deputatı da olub.

1918-ci il iyulun 26-da Bakı Kommunası süqut etdikdən sonra komissarlar həbs edilərək həbsxanaya salınıblar.

1918-ci il sentyabrın 20-də Meer Basin digər komissirlar kimi Bakını işğal edən ingilislər tərəfindən güllələnib.

Sovet dövründə Bakıdakı küçələrdən birinə Basinin adı verilib.
 

A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır