Modern.az

Şükür ki, görüşmək qismət oldu... – Şuşa səfərinin yol QEYDLƏRİ...

Şükür ki, görüşmək qismət oldu... – Şuşa səfərinin yol QEYDLƏRİ...

20 İyul 2022, 12:52

Mən Şuşanı orta məktəb kitablarındakı fotolardan, müsahiblərimin köhnə şəkillərindən, internetdəki arxiv məlumatlarından görmüşdüm. 1996-cı ildə anadan olmuşam. Müharibənin fəsadlarını yaşasaq da, özünü görməmişdim. Birinci Qarabağ müharibəsi haqqında təsəvvürüm yalnız yaşlıların, Vətən qorumuş veteranların danışdıqları, mətbuatdan və ədəbiyyatlardan bildiklərim, bir də müsahibə aldığım qarabağlıların xatirələri idi. Ta ki, İkinci Qarabağ müharibəsini yaşayana qədər...

 

 

Prezident İlham Əliyev gəncliyə güvənini ifadə edəndə deyirdi: “Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq”.

 


 

Bu ifadələri Şuşaya çatanda daha yaxşı anladım...

Heç vaxt görmədiyin, amma sənin olduğunu dərk etdiyin torpağın uğrunda can qoymaq əsl vətənpərvərlikdir. Sən demə, biz hətta özümüz də bilmədən bu duyğunu iliyimizə qədər yaşamışıq...

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə Medianın İnkişafı Agentliyi (MEDİA) 22 iyul Milli Mətbuat günü ərəfəsində jurnalistlər üçün yay məktəbi təşkil etdi. Bu tədbirin sayəsində həmkarlarımla birlikdə Şuşaya yollanmaq şansı qazandım.

Səhər saat 6-da Bakıdan yola düşdük. Biz az yuxulu, bir az hazırlıqsız, mənəvi cəhətdən qarışıq duyğular içində Şuşaya üz tuturdum. Füzuliyə çatana, məhz o işğalın, insansızlığın, kömək diləyən torpağın harayını duyana qədər hər şey qaydasında idi...

Füzulinin postunu keçdik. Hərbçilərimiz sənədlərimizi tək-tək və çox dəqiqliklə yoxladıqdan sonra yolumuza davam etməyə icazə verdilər.

 

 

Torpaq həm də təbiətdir. Mənim kimi təbiətə vurğun, dağ, qaya, o sıldırımlardan açılan mənzərələrə heyran biri üçünsə Füzuli torpağının işgəncə çəkmiş halını görmək mənəvi əzab idi... Amma hələ bu harası imiş... Bilmirdim ki, təbiətin, tarixin, torpağın harayı lap qabaqdadır...

Zəfər yolu ilə gedirdik. Füzulinin işğaldan azad edilmiş ərazilərinə, susuzluqdan yanmış çöllərinə, dağılmış evlərinə çatana qədər yola diqqət etməmişdim. Sürücümüz Füzulidən idi. Böyük avtobusun salonundakı ön sırada özümə yer edib, köks ötürə-ötürə "mənzərəyə" tamaşa edirdim. O “mənzərə” ki, düşmənin 30 ildəki vəhşiliyini əks etdirirdi...

 

 

“Bax buralar qəbiristanlıqdır, ermənilər bütün qəbirləri dağıdıblar...”, - sürücümüz dilləndi:

“Ora avtovağzaldır. Füzuli şəhərinin içərisindəyik, bayaq keçdiyimiz yerlərdə basdırılan daş dirəklər də ermənilərin üzüm sahələrinin qalıqları idi.
Burda müharibədən sonra evlərin dağıdılan daş-kəsəyini belə ot, kol-kos basmışdı. İndi yaydır, hər yer quruyub, amma müharibədən sonra, daha çox da yaz vaxtı heç evlərin bu qalıqlarını da görmək olmurdu...”.

Füzulini keçəndən sonra uzaqda evlər görünürdü. Uzaqda olsa da, hiss edilirdi ki, az-çox yaşayış olub. Xarabalığı izləyə-izləyə özümüzü dağlardan keçən yollarda tapdıq. Hər kəs telefonlarını avtobusun şüşələrinə tarazlayıb, ətrafı çəkirdi... İçimizdə bir az qorxu da var idi, sanki... İlk dəfədir, Şuşaya gedirik, bir də Allah bilir nə vaxt qismət olar?! Keçdiyimiz o füsunkar dağları hafizəmizə və telefonlarımızın yaddaşına həkk etməli idik.

 

 

Bu dağlar, bu təbiət məni elə hala salmışdı ki... İlahi, gör, necə gözəl yerlərdən məhrum olmuşuq... Bir anlıq ürəyimdən keçdi ki, Azərbaycanın hər bölgəsi gözəldir, amma Şuşaya qalxan bu Zəfər yolu bir başqaymış.

Dağların arasından keçən yolumuz eniş-yoxuşla davam etdiyi anda həmkarlarımdan biri dilləndi: “Bax, Şuşa o dağın arxasındadır...”. Hamı o tərəfə döndü... Şuşanı göstəririk bir-birimizə, bu, bəlkə də ən unudulmaz an idi... Dağın arxasında 30 ildir bizi gözləyən Şuşamızı görməyə tələsirdik.

 

 

Yolun sağ tərəfində istiqamət göstərilmişdi - Azıx mağarası. Hadruta çatmışdıq... Yenə mənzərələri seyr edirik. Amma bu, Füzulidəki mənzərələrdən çox fərqlənirdi... Yamyaşıl, meşəliklər, uca dağlar...
Sürücümüz bu dəfə sağdakı evlərə qalxan cığıra bənzər kiçik bir yolu göstərdi: “Bax, ermənilər oradan qalxıb, dolanaraq Hadruta gedirmişlər. Sağ tərəfimizdəki yola yaxın evlərdə azərbaycanlıları gördük. Necə gözəl idi, həyətdə asılan paltar ipində bu yolları çəkən azərbaycanlıların iş geyimlərinin asıldığını görmək...

 

 

Hadrutdan və Xocavəndin Tuğ kəndindən sonra yol yenidən yoxuşa qalxırdı. Ətrafda üzü yuxarı doğru meşəlik, yüksəkliklər görünürdü. Göy üzünə boy göstərən uca ağaclara tamaşa edirdik. Meşəlikdən keçəndə bir anlıq üzümdə təbəssüm yarandı. Vətən müharibəsi vaxtı əsgərlərimizdən birinin çəkdiyi məşhur videodakı "Qalxammıram, Paşinyan" sözlərini xatırladım. Ürəyimdən bir gizilti keçdi. Bizim igidlərimiz bax, buralarda can qoyublar. Kürəyində ağır silah-sursatlarla sıldırımlara dırmaşıblar. Bu dağın, daşın hər qarışında, meşənin hər cığırında əsgərlərimizin izləri var. Nələr görüb, nələr çəkiblər, nə qədər şəhidlər qurban gediblər bu torpaqlar uğrunda... Dualar oxuya-oxuya ürəyimdəki minnətdarlığı ruhlarına çatdırmağa çalışırdım...

 

 

Daşaltı...

Vətən müharibəsi vaxtı “canlı xəritə”də hər şeyi addım-addım izləyirdik. Daşaltı Şuşanın giriş qapısıdır. Elə ondan bəri gözümün qabağında idi... Adı kimi kəndin özü də Şuşadan aşağıda, dağların qovuşduğu ətək hissədə idi. Burdakı evlərdə Füzulidəkilərdən fərqli olaraq ciddi dağıntılar yox idi.  

Yenə üzü yoxuşa qalxırıq. Həyəcanımız da yolumuz kimi yüksəlir... Çatdıq...  Bu da Şuşa. Sağ tərəfimizdə “Şuşa” yazılan lövhəni görən kimi hər kəsin səsi avtobusu bürüdü.

 

 

Girişdə yol haçalanır, sol tərəfimizdə sülhməramlıların postudur, oradan sonra ikinci bir yol ayrılır. Maşın keçir... Dedilər, içindəkilər ermənilərdir, Xankəndiyə gedirlər. Son gedişləri olsun...  Elə bil eşitdilər, aşağıdan yuxarı bizə boylandılar...

Xankəndinin mənzərəsi ilə Şuşaya qalxırıq. Gözümü belə qırpmadan izləyirəm ki, ətrafda nəyi isə görmərəm, gözümdən qaçar. Elə ilk tikililərdə əsgərlərimizin qeydləri qarşılayır bizi – “Ağdaş”, “Gəncə”, “Samirdən qardaşına salamlar”, “Biz tarix yazdıq”...

 

 

Bəli, bu tarixi yazanların çoxu şəhid oldu, bütün Azərbaycana doğma torpaqlarını geri qaytarıb, zirvəyə ucaldılar.

Şuşa...

Hər dağını, daşını, cığırını əzbərləməyə çalışdığım şəhər... Şükür ki, görüşmək qismət oldu...
 

(Davamı var) 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır