Modern.az

“Ata, ruhun şad olsun, biz yurdumuza qayıtmışıq!” - İmdad Əlizadə

“Ata, ruhun şad olsun, biz yurdumuza qayıtmışıq!” - İmdad Əlizadə

21 İyul 2022, 15:12

1993-cü il martın 31-dən mayın 23-dək 54 gün erməni mühasirəsində qalmış 19 nəfərlə bağlı “Global Media Group”un dəstəyi ilə film çəkilir. “Parabüzən” adlı sənədli ekran əsərinin baş qəhrəmanları 29 il əvvəl hadisələrin baş verdiyi ərazilərə - Kəlbəcər və Laçın rayonlarına gediblər.

 

Ziyarət 19 nəfərin mühasirəyə düşdüyü yer - Kəlbəcərin Çaykənd kəndindən başlayıb. Daha sonra səfər həmin şəxslərin mühasirədə qaldıqları əraziyə - Laçının Oğuldərə kəndinə qədər davam edib.

 

Çəkiliş qrupu Oğuldərədən təxminən 10 km aralıda yerləşən dağlara qalxıb, həmin şəxslərin vaxtilə sığındıqları ev və kahalarda çəkilişlər aparıblar.

 

Səfər iştirakçıları necə mühasirəyə düşdükləri, 54 gün ərzində düşməndən necə gizlənmələri, mühasirədən hansı qaydada çıxdıqlarına dair xatirələrini bölüşüblər.

 

Çəkilişlər sakinlərin mühasirəni yardıqları yer - Laçının Güləbird kəndində yekunlaşıb.

 

Ziyarətdə "Report" İnformasiya Agentliyinin redaktoru, mühasirədə qalmış, Birinci Qarabağ müharibəsinin veteranı Əli Əliyevin oğlu İmdad Əlizadə də iştirak edib.

 

O, 29 il sonra ilk dəfə ayaq basdığı doğma yurdlarına səfər haqqında təəssüratlarını “Modern.az”la bölüşüb.

 

Ən böyük arzunun reallaşması

 

O deyib ki, həyatda ən böyük arzusu Laçını, Oğuldərəni yenidən görmək idi:

 

“Erməni işğalı dövründə bütün məcburi köçkünlər kimi mən də heç olmasa bir dəfə doğma yurdumu görmək arzusu ilə yaşayırdım. Elə bir gün olmurdu ki, xəyalən Oğuldərəyə getməyim. Hər axşam oğlum Turquta danışdığım nağıllar belə başlayırdı: “Biri var idi, bir yox idi, sənin ata-baba yurdun olan Laçın rayonunun Oğuldərə kəndi vardı. Mən uşaq olanda biz o kənddə yaşayırdıq...”. Uşaq ədəbiyyatında olan bütün nağılları belə girişlə başlayırdım, nağılların məkanı isə Oğuldərə olurdu. Cırtdan və dostları Oğuldərənin Həsənağa meşəsinə gedirdilər, Məlikməmmədin qarovul çəkdiyi bağ yenə bizim kəndimizdə yerləşirdi və s.

İndi bu nağıl gerçək olub, işğaldakı torpaqlarımız azadlığa qovuşub. Biz də sərbəst formada oraya gedə bilirik.  

Bilirsiniz ki, işğaldan azad olunan ərazilərə hələ müharibə davam etdiyi dövrdə jurnalistləri aparırdılar, döyüşlər bitəndən sonra isə belə səfərlər intensiv xarakter alıb. Amma mən birinci Oğuldərəyə getmək istəyirdim, özü də tək yox, atamla birlikdə mühasirədə qalmış adamları da aparım, o yerlərə baş çəksinlər, hadisələri yerindəcə danışsınlar. Belə də oldu...

 

 

Döyüş meydanında yenidən görüş

 

“1993-cü ilin aprel və may aylarında Laçın-Kəlbəcər ərazisində mühasirədə qalan adamları vaxtilə çətin günlər yaşadıqları ərazilərə apardıq. Səfərin məqsədi həmin hadisələri xatırlamaq, mühasirədə qalan şəxslərin öz dili ilə bunu gündəmə gətirmək və reportajlar, sənədli film hazırlanmaq idi. Səfərdə mühasirədə qalan 19 nəfərdən çoxu iştirak edə bilmədi. Çünki atam da daxil olmaqla bəziləri vəfat edib. Bir neçə nəfər isə üzrlü səbəbdən gedə bilmədi. Səfər çərçivəsində 3 ərazini ziyarət etdik.

 

İlk dayanacağımız Kəlbəcər rayonunun Çaykənd kəndi idi. Ona görə, bu kəndə getdik ki, 1993-cü il aprelin 3-də həmin qrup Çaykənd istiqamətində Tərtər çayını keçərək erməni mühasirəsini yarmağa cəhd edib. Orada erməni quldurları həmin qrupu pusquya salıb və döyüş olub. Nəticədə bir neçə nəfər şəhid olub, bəziləri itkin düşüb. Laçın rayonunun Oğuldərə kənd sakini Temir İbrahimov, oğlu Ağaşirin İbrahimov və kəndimizin digər sakini Mötəbər İbrahimov itkin düşüblər. Onların sonrakı taleyindən indiyədək heç bir məlumat yoxdur.

 

Həmin döyüşün baş verdiyi ərazidə olduq. Döyüşdən sağ çıxan və 54 gün mühasirədə qalan şəxslər xatirələrini bölüşdülər. Hadisə necə baş verib, Çaykəndə hansı yollarla gəliblər, harada pusquya düşüblər, sonradan dağlara necə çəkiliblər - hamısını danışdılar. Sənədli film üçün ilk materiallar o ərazidə lentə alındı.

 

Daha sonra Laçına yola düşdük, gecəni Qorçu kəndində qaldıq. Hazırda Qorçuda çox böyük işlər görülür, hava limanı, elektrik stansiyası tikilir, yollar çəkilir. Orada çalışan işçilər üçün yaşayış şəraiti yaradılıb. Sağ olsunlar, bizə yer verdilər, gecəni orada qaldıq.

 

29 il 3 ay 15 gündən sonra evimizdə

 

Səhər isə Oğuldərəyə getdik. Atamgilin mühasirədə qaldıqları əsas yer kəndimizdən təxminən 10 kilometr məsafədə yerləşir. Çətinliklə də olsa, kəndə qədər avtomobillərlə gedə bildik. Oğuldərənin yolları 30 ildir istifadə edilməyib deyə tamamilə dağılıb. İşğaldan əvvəl kəndimizin yaylaqlarına da avtomobil yolu vardı, amma indi həmin yolların haradan keçdiyini müəyyənləşdirmək, ümumiyyətlə, mümkün deyil. Hər yeri ot basıb, bundan sonra sel suları, yağış nəticəsində yol tamamilə dağılıb. 

 

Qoyun təsərrüfatlarını Oğuldərəyə gətirmiş kənd sakinləri Qasım İbrahimov, Hidayət İbrahimov dağa qalxmaq üçün at gətirirlər. Bir neçə şəxs at belində, digərləri isə piyada yola davam edir. 

Çətinliklə də olsa, əraziyə çata bildik. İki sənədli filmin çəkiliş qrupu, AzTV-nin “Xəbərlər” departamenti, “Report” İnformasiya Agentliyinin jurnalistləri ilə birlikdə idik. İnsanlar xatirələrini bölüşdülər, müsahibələr verdilər. Duyğusal anlar yaşandı. Mühasirədə qalan qrup 54 gün burada çətinliklərə dözərək sağ qala bildikləri üçün şükür etdilər, bir-birlərini təbrik etdilər. Həmin günləri xatırladılar. Mən atamın 54 gün ərzində mühasirədə qaldığı əraziyə baş çəkdim.

 

19 nəfərin sığındığı ev atamın bibisi oğlu Əliheydər İbrahimovun yay evidir. Evə çatanda 29 illik işğalın izlərini gördük. Əşyalar tamam çürüyüb, ev dağılıb. Buna baxmayaraq, istifadə etdikləri qablar, əşyalardan qalıqlar var idi. Orada atamın ruhunu hiss etdim. Həmin evdə xeyli kitab da var, təbii ki, yağışdan, nəmişlikdən çürüyüb məhv olublar. Mühasirədə qalanlardan biri olan Əşrəf İlyasov dedi ki, bu kitabları kəndlərə ərzaq dalınca gedəndə gətiriblər. Atam Əli Əliyev ərzaq üçün gedənlərə tapşırırmış ki, əlinizə kitab düşəndə gətirin, oxuyun vaxtınız keçsin. 

 

Oğuldərədə evimizə baş çəkdik - 29 il 3 ay 15 gündən sonra... Anam Zeynəb Əliyeva, bacım Turac Əlizadə, qardaşlarım Babək və Mirzə Əlizadə də ilk dəfə idi Oğuldərəyə gedirdi. Düşmən ikimərtəbəli evimizi dağıdıb, ancaq divarları qalıb. Üstünün dəmirini, qapı pəncərələrini söküb aparıblar. 

 

Sevinc və kədərimiz bir-birinə qarışmışdı, hamı ağlayırdı. Sevinirdik ki, ata-baba yurdumuz, doğma torpağımız azaddır, kəndimizə gəlmişik. Oğuldərəni o vəziyyətdə görmək isə adamın ürəyini dağlayır, evlərin hamısını dağıdıblar, kəndin içini kol-kos basıb, hətta evlərin ortasında ağaclar bitib.  

 

“Ata, ruhun şad olsun, biz yurdumuza qayıtmışıq!”

 

 

1993-cü ilin aprelin 2-də Oğuldərdən ayrılanda çox çətin anlar yaşayıb. Atam danışırdı ki, “ikinci mərtəbənin qapılarını açıq qoydum. İkinci mərtəbə, pilləkanın başında divarları öpüb ağladım. Aşağı düşüb, birinci mərtəbədə pilləkanın ayağında diz çökdüm. Göz yaşlarımla divarları islatdım və dedim ki, bağışla məni, ata yurdum, səni qoruya bilmədim, əlimdən ancaq bu gəlir”. Bu dəfə gedəndə mən atamın etdiyini etdim. Dedim ki, “ata, ruhun şad olsun, biz yurdumuza qayıtmışıq!”.

 

Oğuldərədə çəkilişləri yekunlaşdırandan sonra gecəni yenə Qorçu kəndində qaldıq. Səhər Laçın dəhlizini keçib, rayonun Güləbird kəndinə gəldik. Çünki mühasirədə qalan 19 nəfər 54 gündən sonra 1993-cü il may ayının 23-də Güləbirddə mühasirəni yararaq azadlığa çıxıblar. Orada yenə insanlar xatirələrini bölüşdülər, ərazidə olduq, həmin hadisələrdən danışdıq.

 

Ümumilikdə götürəndə səfər ağır səfər idi. Heyət də, çəkiliş edilməli yerlər də çox idi. Buna baxmayaraq, səfər uğurlu oldu”.

 

Çətin görünən işlər çox asan həll olundu

 

Hazırda işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi olduğunu vurğulayan jurnalist Müdafiə Nazirliyinə səfəröncəsi məsələ ilə əlaqədar müraciət etdiklərini söyləyib:

 

“Nazirlik Laçın və Kəlbəcərdə yerləşən hərbi hissələrdən bir neçə nəfərdən ibarət istehkam qrupları ayırmışdı. Onlar bizim baş çəkəcəyimiz yerlərə əvvəldən gedib, ərazinin minalı olub-olmadığını yoxlayırdılar. Bütün səfər boyu onlar bizi müşayiət etdilər. 

 

Bundan əlavə, yolçuluq zamanı - yəqin, Vətən həsrətindən irəli gələn bir duyğudur - öncədən düşünürsən ki, səfər çətin olacaq. Amma çətinliklər də çox asan həll edildi. Laçın rayonu Güləbird kəndində nəzərdə tutmuşduq ki, nahar edərik. Gəldik gördük ki, yol tikintisində iştirak edən fəhlələr üçün konteynerlər qoyulub, orada yaşayırlar, işləyirlər. Bizi qonaq etdilər, yeməyimizin hazırlanmasına kömək etdilər. Laçın dəhlizindən keçəndə adətən uzun müddət gözləməli olursan. Amma biz cəmi bir saat ərzində keçdik. Bizi müşayiət edən hərbçilərimiz dedilər ki, ilk dəfədir, belə rahat keçmək olur.

 

Acı xatirələr və sabaha ümid

 

Mən ötən 29 il 3 ay 15 gündə hər gün doğma torpağıma getməyi arzulamışam. Ömər aşırımını keçdik. Sonuncu dəfə 1992-ci ildə 4-5 dəfə oradan aşmışdıq. Mənim 12-13 yaşım var idi. İki dəfə piyada keçmişik aşırımdan, iki gecəni qar göydən yağa-yağa oranın dolambaclarından keçirmişik. Bu dəfə isə çox rahatlıqda, sevinclə, qürurla aşdıq. Həmişə avqust ayında aşırımın təpəsi qar olurdu. İndi heç nə yox idi.

 

 

Yanımızdakı insanların hamısının keçdiyimiz yerlərlə bağlı xatirələri var idi. Təəssüf edirəm ki, hamısı pis xatirələr idi. Düşmən caynağından canımızı qurtarmağa çalışanda keçdiyimiz yerləri yenidən gördük. Bu dəfə rahat və qürurla keçdik. 29 illik həsrətə son qoymaqla yanaşı acı xatirələrin üzərindən ağır bir texnika ilə keçdik. Yaramıza su səpdik ki, ağır şərait yaşasaq da, bu gün torpaqlarımız azaddır. Amma torpaqlarımız işğal altında olduğu dövrdə bizim üçün ağır günlər idi.

 

 

Hazırda Oğuldərədə bir neçə qohumumuz var, onlar qoyun və arı təsərrüfatı saxlayırlar. Alaçıq qurublar, yaşamaq üçün müəyyən şərait yaradıblar. Ancaq kəndə gedən hər kəs istəyir ki, öz evinin həyətinə düşsün, ocaq yandırsın, tonqal qalasın. Biz də 30 ilə yaxın müddət sonra evimizin həyətində oturub, ocaq qaladıq, yemək bişirdik, samovar qaynatdıq, çıraq yandırdıq. Hər kəsə arzu edirəm ki, işğaldan azad edilmiş ərazilərdə bütün evlərdə çıraq yansın!

 

Çox böyük təəssüratlarla qayıtmışam. İnsanı yaxşı mənada heyrətə salan böyük işlər görülüb. Bəlkə minillərdir insan ayağı dəyməyən yerlərdə indi yol çəkilir, yaşayış bərpa olunur.

 

Bu səfər mənim ömrümün ən yadda qalan səhifəsidir. Ən böyük arzum həyata keçib. İnanmıram ki, bundan sonra bundan daha da böyük arzum olsun. Daha ürəyim nə zaman istəsə, torpağıma gedə biləcəyəm. Gözəl duyğudur”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir