Karikatura italyan sözü (carrus) olub, hərfi mənası - böyütmək, şişirtmək deməkdir! Həyatın eybəcərliklərinin komik şəkildə təsviri, insanın daxili eybəcərliklərdən islah edilməsi istəyi karikatura sənətinin başlıca tələblərindəndir. Bu sənətdə hadisəyə sarkastik-ironik baxımdan yanaşıiır, hadisənin və ya şəxsin xarakterik cizgilərini rəssamlıq texnikasının köməyi ilə gülməli vəziyyətə salınır.
Azərbaycanda karikatura janrının inkişafı, ilk nömrəsi 1906-cı il aprelin 7-də nəşr edilmiş "Molla Nəsrəddin" həftəlik satirik jurnalının adı ilə bağlıdır. Karikatura sənətinin inkişafına 1952-ci ildən nəşr olunmağa başlayan "Kirpi" jurnalı da böyük töhfələr verib.
Hazırda ölkəmizdə karikatura janrının inkişafı istiqamətində Azərbaycan Rəssamlar İttifaqının Karikatura bölməsi, eləcə də 60-a yaxın rəssamı birləşdirən Azərbaycan Karikaturaçı Rəssamlar İctimai Birliyi fəaliyyət göstərir. Birlik həm də Dünya Karikatura Təşkilatları Federasiyasının üzvü olaraq, ölkəmizi dünya karikatura ailəsində təmsil edir.
Bütün bunlarla yanaşı, bu gün ölkəmizdə nəşr olunan satirik jurnalların çox az olması, “Molla Nəsrəddin”, “Kirpi” ənənələrinin istənilən səviyyədə qorunub saxlanılmaması, elektron və yazılı KİV-də karikatura janrına az yer ayrılması, habelə təqdim olunan mövzuların aktuallığının və ya orijinallığının zəif olması respublikamızda karikatura sənətinin inkişafına ləngidici təsir göstərir.
Karikaturanın demokratik cəmiyyətin artibutlarından biri olduğunu, xalqının ictimai və mədəni şüurunun inkişafında mühüm rol oynadığını nəzərə alaraq Modern.az saytı ölkəmizdə karikatura sənətinin inkişafına dəstək olmaq məqsədilə yeni rubrikaya start verir. Bundan sonra saytımızda “Gündəm-Karikatura” adlı rubrikada medianın gündəmini zəbt etmiş hadisələrə uyğun karikaturalar təqdim edəcəyik. Oxuculardan arzu edənlər də öz əl işlərini bizə göndərə bilər. Orjinallığı və aktuallığı ilə seçilən karikaturalar saytımızda dərc olunacaq.
İlk karikaturanı sizlərə təqdim edirik. Məlum olduğu kimi, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada mühacir həyatı yaşayan Elşad Abdullayev neçə vaxtdır vəzifəli şəxslərin videosunu yayır. Bu isə vaxtilə Elşad Abdullayevlə təmaslarda olmuş bəzi adamların canına vəlvələ salıb. E.Abdullayev hər yeni video yayanda onunla ünsiyyətdə olanlar sarılıq keçirilər desək, yanılmarıq.
Elşad Abdullayevlə bağlı olayları həvəskar karikaturaçı aşağıdakı şəkillə təsvir etməyə çalışıb. Karikatura barədə fikirlərinizi şərh vasitəsilə bildirə bilərsiniz...
A.Qorxmaz