Modern.az

Barmaqları ilə “görən” Nihatın böyük uğuru – “Hədəfim dünyada tanınmaqdır”

Barmaqları ilə “görən” Nihatın böyük uğuru – “Hədəfim dünyada tanınmaqdır”

4 Avqust 2022, 12:11

Birinci ixtisas qrupu üzrə qəbul imtahanlarında yüksək bal toplayan məzunlardan biri Əlizadə Nihatdır. 

 

Nihat I qrup görmə məhdudiyyətlidir. O, Sağlamlıq İmkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika İnternat məktəbinin məzunu olub. Qəbul imtahanlarına hazırlaşarkən birinci qrupu seçən Nihat 596 bal toplayaraq, böyük uğura imza atıb.

 

Görmə məhdudiyyətli gənc imtahan nəticələri ilə bağlı təəssüratlarını Modern.az-la bölüşüb.

 

O bildirib ki, uğur qazanmağın başlıca şərti nizam-intizamlı olmaq, qarşıya qoyulan məqsədə doğru inamla addımlamaqdır:

 

“Hər şeyi vaxtında edirdim. Nəzəriyyəni gecikmədən öyrənirdim, testləri həll edirdim. Qrup seçimini düzgün etmişdim, tez-tələsik seçim etmək istəmirdim. 7-ci sinifdə qərar verdim ki, 1-ci ixtisas qrupunu seçsəm, nəticə mənim üçün əla olacaq. Həmin ildən kimya, fizika fənlərinə xüsusi diqqət ayırdım. Qəbul imtahanlarına 2 il qalmış hazırlığa getməyə başladım. Hazırlıqda məktəbdə öyrəndiklərimi daha da təkmilləşdirdim. 4 il öncə 700 bal toplamağı özüm üçün hədəf seçmişdim. Təəssüflər olsun ki, hədəfimə çata bilmədim, amma yüksək nəticə əldə etdim”.

 

Nihatın ən böyük arzusu beynəlxalq səviyyəli riyaziyyatçı olmaqdır:

 

“Dərslərimi brayl əlifbası ilə öyrənirəm. Görmə məhdudiyyəti olanların yaza bilməsi üçün belə bir əlifba tərtib edilib. Bütün dərsliklər görmə qabiliyyəti olmayanlar üçün brayl əlifbasına köçürülür. Daha çox qrafik təsvirləri öyrənən zaman çətinlik çəkirdim. Ən çətini həndəsə idi, çünki orada daha çox təsvir var.

 

Əlbəttə, mənim də arzularım var. Bütün dünyada tanınmış riyaziyyatçı olmaq gələcək hədəfimdir. Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsində ali təhsil almaq istəyirəm. Gəlcəkdə şansım olarsa, ABŞ-da və ya İngiltərədə ali təhsil almağı arzulayıram. Uğura çatmaq üçün qarşına məqsəd qoymalısan. Məqsədim olduğu üçün uğur qazana bildim”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir