Modern.az

Bir şəklin tarixçəsi: “Qarabağ”a baş məşqçilik etmiş MİLLİ QƏHRƏMAN

Bir şəklin tarixçəsi: “Qarabağ”a baş məşqçilik etmiş MİLLİ QƏHRƏMAN

Reportaj

10 Avqust 2022, 13:06

Gündəm “Qarabağ”dı… Azərbaycanı Avropada tanıdan zəfər brendimiz... Dünən Macarıstanın paytaxtı Budapeştdə möhtəşəm qələbəsi ilə yerli “Ferentsvaroş”u Çempionlar Liqası oyunlarından kənarlaşdıran “Qarabağ” haqqında danışılmağa, yazılmağa, sevilməyə layiq olduğunu bir daha təsdiqlədi...

 

“Qarabağ” Polşa, İsveçrə, Macarıstan çempionları üzərində qazandığı ardıcıl qələbələrlə hətta futbolla maraqlanmayan azərbaycanlıları belə öz təsir dairəsinə sala bilib... İndiyə kimi futbolumuz üçün bu qədər möhtəşəm hədəflərə nail olunmamışdı. Bunu “Qarabağ” etdi...

 

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikası bu dəfə “Qarabağ” klubuna həsr olunub.

 

Bu şəkil “Qarabağ”ın keşməkeşli tarixindən bir səhifədir. O səhifə ki, orada Azərbaycanın qeyrətli oğlu, cəsur döyüşçü, əfsanəvi komandir, şəhid Milli Qəhrəman Allahverdi Bağırov da təsvir olunub.

 

Bəli, "Qarabağ” futbol klubunun bugünkü qələbələrində onun də zəhməti var. Allahverdi Bağırov bu klubu yaşadan, onu irəliyə aparan şəxslərdən biri olub.

 

Allahverdi Bağırov vaxtilə əvvəlcə "Qarabağ"ın şərəfini qoruyan futbolçusu, sonra da klubun baş məşqçisi olub.
1970-ci ildə "Qızıl sünbül" kubokunun "Cəbrayıl" komandası ilə keçirilən final oyununda Ağdam klubunun kapitanı məhz o idi - 5 nömrəli futbolçu Allahverdi Bağırov.

 

O, 1976-cı ildə klubun baş məşqçisi təyin olunmuş və həmin ildə keçirilmiş Ümümittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük rol oynamışdı.

 

1991-ci ildə "Qarabağ" və "Neftçi" veteranlarının 1:1 hesabı ilə başa çatan qarşılaşmasında Ağdam klubunun qolunu Allahverdi Bağırov vurmuşdu.

 

Şəkildə Allahverdi Bağırov baş məşqçi kimi sağda dayanıb.

 

O, Qarabağ bölgəsində müharibə başlayanda bütün digər işləri - o cümlədən futbolu - kənara qoyub silaha sarıldı. Əvvəlcə Ağdamda özünümüdafiə batalyonunun yaradılmasında iştirak etdi, sonra ona komandirlik etdi, Xocalıda əsir və girov götürülmüş yüzlərlə soydaşımızı ermənilərin əlindən qurtardı... Xocalı soyqırımı zamanı həlak olanların meyitlərinin döyüş meydanından çıxarılmasında xüsusi rol oynadı...

 

Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşdu və həmişə də öndə getməklə qorxmazlığı ilə silahdaşlarını ruhlandırdı.

 

1992-ci ilin 12 iyununda minaya düşərək həlak olan Allahverdi Bağırov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.

 

“Qarabağı”ın tarixindən: Klubun yaranması 1950-ci illərin əvvəllərinə təsadüf edir. 1951-ci ildə Ağdam şəhər stadionunun tikintisi başa çatdıqdan sonra klub peşəkar bir idman təşkilatı kimi formalaşdırılıb. Yarandığı gündən sonra bir müddət “Məhsul” adı ilə çıxış edən komanda ilk dəfə 1966-cı ildə Azərbaycan çempionatında iştirak edib. Həmin il çempionatı 4-cü yerdə başa vurub.

 

Klub 1968-ci ildəki ölkə birinciliyində 2-ci yeri tutub. Lakin 1968-ci ildən sonra baxımsızlıq üzündən komanda uzun müddət ölkə çempionatlarında təmsil olunmayıb.

 

1977-ci ildə komanda “Şəfəq” adı ilə yenidən bərpa edilib. 1982-ci ildən 1987-ci ilə qədər isə klub “Kooperator” adı ilə yarışlara qatılıb.

1987-ci ildə Adil Nadirov komandanı yenidən “Qarabağ” adı ilə təsis edib və ilk prezidenti olub.

“Qarabağ” ilk dəfə Azərbaycan çempionu adına 1988-ci ildə layiq görülüb. Qeyd edək ki, bu çempionluq hələ Azərbaycan keçmiş SSRİ-nin tərkibində olarkən qazanılmışdı. Həmin çempionluqdan sonra “Qarabağ” SSRİ çempionatının 2-ci dəstəsinə vəsiqə qazandı. 1989-cu ildə “Qarabağ” SSRİ çempionatının 9-cu zonasında yarışıb. 1991-ci ildə SSRİ dağılandan sonra Azərbaycanın müstəqil futbol çempionatı təşkil olunub. “Qarabağ” Azərbaycanın yeganə klublarından biridir ki, indiyə kimi keçirilən bütün mövsümlərdə iştirak edib.

 

Müstəqillik illərində “Qarabağ”ın ağır günləri də az olmayıb. 1993-cü ildə Ağdam şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra komanda “qaçqın klub” kimi fəaliyyət göstərib. O zaman klub həm də maddi sıxıntılardan ciddi şəkildə əziyyət çəkirdi.

O ərəfədə Adil Nadirov komandanın yaşaması üçün fədakarlıq göstərərək “Qarabağ”ı qoruya bildi.


Çətinliklər və ağır günləri yaşayan “Qarabağ” 1998-2001-ci illərdə ölkə çempionatının güclülər dəstəsində zəif nəticə göstərdi. Üstəlik maddi vəziyyət klubun aparıcı futbolçularının da “Qarabağ”ı tərk etməsinə gətirib çıxarmışdı.

Bütün bu problemlər 2001-ci ildə Azərbaycanda fəaliyyət göstərən ən böyük holdinqlərdən biri “Azərsun” şirkətinin komandanı sponsorluğa götürməsindən sonra həll olundu.

 

Həmin dövrdən klub “Qarabağ-Azərsun” adlandırıldı. 2001-ci ildə “Qarabağ-Azərsun” ölkə çempionatında 9-cu yeri tutdu.

 

2003-cü ildə “Qarabağ-Azərsun”un rəhbərliyinə gələn Tahir Gözəl (“Azərsun” şirkətinin prezidenti Abdolbari Gözəlin oğlu-red.) klubun uğur qazanması üçün bütün imkanları səfərbər etdi. Nəticədə 2002-2003-cü illər mövsümündə klub Azərbaycan çempionatının mükafatçıları sırasında yer aldı - 3-cü yeri tutdu.

 

2004-cü ildə İsveçdə yaşayan həmyerlimiz, təcrübəli məşqçi İqor Ponomaryov baş məşqçi postuna gətirildi. Qısa zamanda ölkənin ən aparıcı futbolçuları heyətə cəlb olundu.

 

2004-cü ildə “Azərsun” sözü klubun adından çıxarıldı və “Qarabağ” tarixi adı geri qaytarıldı.

 

2006-cı ildə yeni baş məşqçi Böyükağa Ağayev komandanı ölkə kubokunun sahibi etdi.

 

Nəhayət 2008-ci ilin avqustunda klub rəhbərliyi baş məşqi postuna Qurban Qurbanovu gətirdi. Və bu addım "Qarabağ"ın tarixində yeni səhifə açdı. Qurban Qurbanov elə ilk mövsümündə Azərbaycan kubokunun qalibi oldu. Sonrakı iki ildə komanda ölkə çempionatında bürünc medal qazandı. 2013/14-cü illər mövsümündə isə "Qarabağ" ölkə çempionu oldu.

 

Bu çempionluqdan başlayaraq 2014/15, 2015/16, 2016/2017 və 2017/18-ci illər mövsümündə də “Qarabağ” çempionluq titulunu qorudu. Bundan başqa 2015, 2016 və 2017-ci illərdə çempionluqla yanaşı, Azərbaycan kuboku da qazanıldı.

 

“Qarabağ” Qurban Qurbanovun baş məşqçiliyi dövründə 8 dəfə UEFA-nın klub turnirlərinin qrup mərhələlərinə vəsiqə qazanmaqla Azərbaycan futbolunda tarix yazıb. "Qarabağ" 6 dəfə Avropa Liqası, 1 dəfə Çempionlar Liqası, 1 dəfə isə Konfrans Liqasının qrup mərhələsində iştirak edib. Komanda 2021/22-ci illər mövsümündə Konfrans Liqasının qrup mərhələsini keçməklə Azərbaycan futbolu tarixində növbəti ilkə imza atıb.


​​​​​​İnanırıq ki, “Qarabağ” tarix yazmağa davam edəcək...

 

Ə.Qafarlı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub