Modern.az

Bakının köhnə yerləri: “Vorovski qəsəbəsi” - Sakinləri belə onun kim olduğunu bilmir

Bakının köhnə yerləri: “Vorovski qəsəbəsi” - Sakinləri belə onun kim olduğunu bilmir

Reportaj

18 Avqust 2022, 13:44

Bakının Binəqədi rayonunda bir yaşayış ərazisi var - “Vorovski” adlanır. Rəsmi sənədlərdə bu ərazi ya “Vorovski qəsəbəsi” kimi yazılır, ya da “Vorovski yaşayış massivi” kimi. Ərazi paytaxt sakinləri arasında məşhur yer hesab olunur və “Vorovski” deyiləndə söhbətin hansı məkandan getdiyini böyük əksəriyyət bilir. Di gəl ki, Vorovskinin kim olduğunu bilmirlər...

Doğrusu, Voroski adının sözügedən ərazidən çoxdan götürüldüyünü düşünsək də, araşdırmamız nəticəsində yanıldığımızı gördük.

“Vorovski” adı Rəsulzadə qəsəbəsindəki həmin yaşayış massivinin üzərində hələ də rəsmən qalırmış...

Modern.az saytı “Bakının köhnə yerləri” rubrikasında bu dəfə “Vorovski qəsəbəsi”ndən bəhs edir.

Axı kimdir bu Vorovski, onun adı niyə Bakıdakı yaşayış massivindən götürülmür?

Yəqin ki, Vorovskinin kim olduğunu bakılıların böyük əksəriyyəti, elə yaşayış massivinn öz sakinləri də bilmirlər.

Bu baxımdan Vorovskinin kim olduğuna aydınlıq gətirmək yerinə düşər.

Bilməyənlərə agah olsun ki, Bakının haqqında bəhs etdiyimiz qəsəbəsinə adı verilən şəxs milliyətcə polyak olan ruslaşmış kommunist Vatslav Vatslavoviç Vorovskidir.

Rusiyalı inqilabçı, publisist və ədəbiyyatşünas Vorovski həm də keçmik Sovet ittifaqının ilk diplomatlarından biri olub.


Vatslav Vorovski Moskvada ruslaşmış polyak zadəganın ailəsində dünyaya gəlib. O, lüteran kilsəsi yanında orta məktəbdə təhsil alıb. Məktəbdə hökumət əleyhinə şeirlər yazır, şagirdlərin qanunsuz yığıncaqlarında çıxışlar edirmiş. 1890-cı ildə Moskva Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub, bir il sonra Moskva İmperator Texnikumuna köçürülüb və 1891-1897-ci illərdə orada oxuyub.

1894-cü ildən inqilabi hərəkatda iştirak etməyə başlayıb. 1897-ci ildə həbs olunub və Rusiyanın Vyatka quberniyasına sürgün edilib.

Sürgündən sonra Cenevrədə mühacirətdə yaşayıb, orada bolşeviklərə qoşulub, “İskra” qəzetinin əməkdaşı olub. O, bolşeviklərlə Polşa solçuları arasında əlaqə quran şəxs idi.

1905-ci ildə xaricdən Peterburqa gəlib, bolşevik qəzet və jurnallarında əməkdaşlıq edib. Sonralar bolşevik kimi fəallığı artıb.

1917-ci ildı bolşevik lideri Leninin təklifi ilə yaradılan Kommunist Partiyanın Mərkəzi Komitəsinin Xarici bürosunun tərkibinə daxil olub.

Bolşeviklər hakimiyyətə gəldikdən sonra o, Skandinaviyada səlahiyyətli nümayəndə təyin olunub. O zaman Vatslav saxta adlarla Avropa banklarında hesablar açıb. Bütün bunlar beynəlxalq fəhlə hərəkatını dəstəkləmək məqsədi daşıyırmış.

1919-cu ildə Vorovski Rusiyaya qayıdıb, Dövlət Nəşriyyatının rəhbəri vəzifəsində çalışıb.

1921-ci ild İtaliyada səlahiyyətli və ticarət nümayəndəsi olub. 1923-cü ildə Lozanna konfransında Sovet nümayəndə heyətinə təyin olunub.

Həmin ilin mayında Lozannadakı otelinin restoranında Rusiyada inqilab zamanı qohumlarını itirmiş keçmiş ağqvardiyaçı zabiti, İsveçrə vətəndaşı Moris Konradi tərəfindən öldürülüb.

Vorovskini güllələyərək iki köməkçisini də yaralayan Konradi tapançanı polisə təhvil verərkən deyib: “Mən yaxşı iş görmüşəm – rus bolşevikləri bütün Avropanı məhv etdilər... Bu qətl bütün dünyaya fayda verəcək”.

Məhkəmə Konradini həbs etmir, əksinə o səs çoxluğu ilə bəraət alır. Nəticədə bu, SSRİ ilə İsveçrə arasındakı diplomatik əlaqələrin kəsilməsinə səbəb olur.

Onun qətlindən sonra həyat yoldaşı əsəb şokundan dünyasını dəyişir.

Vatslav Vorovski Moskvada Qızıl Meydanda dəfn edilib.

Sovet rejimi dövründə SSRİ-nin onlarla şəhərində bir sıra qəsəbə və küçələrə Vorovskinin adı verilib.

Onun adı Azərbaycanda da əbədiləşdirilib.


1923-cü ildən Bakıda fəhlə qəsəbələrinin tikintisi üçün geniş proqram həyata keçirilməyə başlanıb. Bu tikinti-qurucuçluq işləri zamanı Bakıdakı Kirov rayonunda salınan qəsəbə Vorovskinin adına rəsmiləşdirilib.

Paytaxtımızdakı “Vorovski yaşayış massivi” rəsmən 1924-cü ildə istifadəyə verilib.

Azərbaycan müstəqillik əldə edəndən sonra Bakıdakı sovetdənqalma adlar tədricən yaşayış məntəqələrinin üzərindən götürülüb.

Binəqədi rayonundakı Kirov qəsəbəsi də 1999-cu ildə “Rəsulzadə qəsəbəsi” adlandırılıb. Lakin nədənsə bu qəsəbədəki “Vorovski yaşayış massivi”nin adı unudulub.
 

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır