Sükuta qərq olmuş bölgədən səfər qeydləri
“Kəpənək” adının haradan qaynaqlandığını və necə yarandığını dəqiq deyə bilmərəm. Amma bura həmin məşhur “Kəpənək”dir ki, bu ilin yanvar ayında İsmayıllıda Vüqar Ələkbərov (əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Əkəlbərovun oğlu) və dostlarının dırnaqarası qəhrəmanlıqlarından doğan “İsmayıllı küləyi” də məhz şəhərin bu hissəsindən əsməyə başlamışdı. Şimaldan-cənuba bütün Azərbaycanın danışdığı həmin hadisələr burada cərəyan edib.
Bəli, “Kəpənək” yanvarın 25-də minlərlə İsmayıllı sakininin toplaşaraq etiraz etdiyi məşhur meydandır. “Çıraq” oteli də vaxtı ilə onun bir addımlığında yerləşirdi.
“Kəpənək”də ətrafa nəzər yetirib özümü İsmayıllıda olduğuma inandırmağa çalışırdım. Şəhər sonuncu dəfə gördüyüm İsmayıllı deyildi. Nədənsə hər şey qəribə gəlirdi. Sanki oranın havası da, suyu da, təbiəti də dəyişilmişdi. Özümü doğma şəhərimdə yad hiss edirdim. “Kəpənəyə”də əvvəlki kimi nə insan axını, nə də ucadan danışan insanların səs-küyü vardı. Hər tərəf sükuta qərq olmuşdu. Elə bil İsmayıllı hər şeydən, hər kəsdən küsmüşdü.
Uşaqlıqdan çox xatirələrimin olduğu və həyatımın böyük bir hissəsini keçirdiyim bu küçələrdə nədənsə hər gün görüşdüyüm, salamlaşdığım o insanlarla rastlaşmadım. İsmayıllı “ərəb baharı”nın əsdiyi kimsəsiz şəhəri xatırladırdı.
Şəhəri və məni bürüyən bu sükutu pozmaq üçün həmyerlilərim olan şəhər sakinləri ilə söhbət ürəyimdən keçdi. O an diqqətimi çəkən məqamlardan bir də bayram səhəri olmasına baxmayaraq hamı evinə bir parça çörək aparmaq ümidiylə iş başında olması idi.
Orada qərib olduğumu zənn edən taksi sürücüləri yaxınlaşıb hara getmək istədiyimi soruşurdular. Jurnalist olduğumu deyəndə çəkinir, hətta məndən uzaq olmağa belə çalışırdılar. Bir neçə nəfərə yaxınlaşıb həmsöhbət olmaq istəsəm də əlimdəki diktofon və fotoaparatı görüb yan keçirdilər. Ən yaxşı halda: “Onsuz da problemimiz özümüzə bəs edər, xahiş edirik bizdən heç nə yazmayın” cavabını eşidirəm.
Görünür, yanvar hadisələrinin psixoloji gərginliyi sakinlərin gözlərindən hiss olunurdu.
Bir neçə dəqiqə get-gəldən sonra həmyerlilərimdən birini axır ki, söhbətə çəkə bildim. “Kəpənək”də onu hamı Arif dayı kimi tanıyır. Soyadını deməyə cürət etməyən 75 yaşlı kişi taksi sürücüsüdür.
Saçları ağarmış, əldən düşmüş bu qoca nə az, nə çox, düz qırx ildir taksiçilik fəaliyyəti ilə məşğuldur. Sözünün əvvəli də, axırında can olan yaşlı dayı ilə ayaq üstü tanış olmağımıza baxmayaraq, jurnalistlərə böyük hörməti olduğunu deyərək məni çay süfrəsinə dəvət edir. Yaxınlıqdakı çayxanada əyləşib sifarişimizi veririk. Müsahibimizlə ordan-burdan danışıb hal-əhval tuturam.
İsmayıllıda baş verən hadisələrdən sonra hər kəsdən ehtiyat edən Arif dayı yaşanan hadisələrdən ürək ağrısı ilə söz açaraq, keçmiş icra başçısını, loru dildə desək, ağ yuyub qara sərdi.
“Oğul xoş gəlib, səfa gətirmisiniz. Mən düz qırx ilidir taksi sürürəm. Gözümü açandan İsmayıllıda yaşayıram. İndiyə kimi İsmayıllı Azərbaycanda ən sakit rayon kimi tanınırdı. Bizim heç kimlə işimiz yoxdur. Sakit insanlarıq. İnanırsız indiyə kimi bizim başımıza nə qədər oyun açsalar da bir dəfə də olsun dillənmirdik. Artıq bıçaq sümüyə dirənmişdi. Adicə taksi nədir, bizə işləməyə imkan vermirdilər. Sağ olsun prezidentimiz Nizami Ələkbərovu işdən çıxardı. Bu gün Novruz bayramı olsa da bizim üçün əsl bayram Nizami Ələkbərovun işdən çıxdığı gün idi. Gedənin dalınca danışmazlar, amma o bizə zülm elədi.
Ölkə başçısı sağ olsun onun yerinə gözəl bir insan gəlib. Mirdaməd müəllim gələn gündən insanların problemləri ilə maraqlanır, kasıblara əl tutur, dərdimizi eşidir. Hamımız ondan razıyıq”, – deyə müsahibim keçmiş başçıdan gileylənib, indikindən razılığını bildirirdi.
- Nə deyirik təki axıracan belə olsun.
Beləcə, bir yaz səhəri həmyerlim olan sürücü ilə söhbətləşdikdən sonra vaxt azlığını nəzərə alıb sağollaşıram.
İndi isə dırnaq arası istisi İsmayıllını oda alova bürüyən “Çıraq” otelinin yanındayam. Hərçənd ki, otelin nə izi , nə də tozu qalıb. Ərazidə bir neçə fəhlə işləyir. Fəhlələr söhbət əsnasında otelin yerində çoxmərtəbəli yaşayış binasının tikildiyini bildirirlər. Hazırda işlərin nə üçün ləng getdiyinə gəlincə onlar layihəyə yaxın günlərdə başlanılacağını, hazırda “yuxarı”dan cavab gözlədiklərini deyirlər.
Əziz oxucum onu da deyim ki, Mirdaməd Sadıqov İsmayıllının girəcəyində, yəni “Çıraq” oteli də daxil olmaqla ona yaxın ərazidə müasir şəhərciyin salınacağını bildirmişdi. Belə ki, orada Sovetlər dönəmində inşa edilən iki mərtəbəli binalar sökülərək yerində müasir üslubda beş mərtəbəli binaların tikiləcəyi nəzərdə tutulub.
İcra başçısının bu qərarına sevinənlərlə yanaşı buna qarşı çıxanlar da oldu. Bəziləri mənzillərini yenicə təmir etdiklərini bəhanə gətirərək narazılıq edirdi.
Ətrafa nəzər yetirdikdən sonra təmiz havada gəzərək rayonun mərkəzinə doğru yol alıram. Küçələrdə addımbaşı təmir işləri gedir. Yollar qazılıb, kanalizasiya xətləri çəkilir. İllərdir susuzluqdan əziyyət çəkən sakinlər də görülən işlərdən razılıq edirlər. Hətta yeni icra başçısının göstərişi ilə İsmayıllıya gətirilən təzə marşrut avtobusları da gözümdən yayınmır.
Rayonun girəcəyindən mərkəzə doğru hər tərəf iritonnajlı maşınların qopardığı toz burulğanına qərq olub. Bir tərəfdən yolların səkiləri yenilənir, digər tərəfdən qaz, su kəmərlərinin yenilənməsi istiqamətində iş gedir. Çünki M.Sadıqov sakinlərə söz verib: “İsmayıllının minimum 3-4 ilə Qəbələdən də gözəl olacaq”.
Nizami Ələkbərovdan yadigar qalan yollar, küçələr, binaların fasadları belə yenilənir. Hər şey sıfırdan başlanır. Səfərim qeyr-iş günlərinə təsadüf etdiyindən rayon rəhbərliyi ilə görüşmək imkanım olmadı.
Amma, hər halda bu səfər məni az müddət də olsa uşaqlığıma, keçmişimə qaytardı. Üstəlik də qohumlar və tanışlarla görüşüb bayramın şirin abı-havasında gələndən, keçəndən ,olandan bitəndən danışdıq...
Artıq səfərimə “son” deyib Bakıya yollanmağın vaxtıdır....
Anar RÜSTƏMOV