Modern.az

“Sərsəng”in tikintisinə rəhbərlik etmiş, Qorbaçovun qəzəbinə gəlmiş SSRİ-nin eks-naziri - Polad Poladzadə

“Sərsəng”in tikintisinə rəhbərlik etmiş, Qorbaçovun qəzəbinə gəlmiş SSRİ-nin eks-naziri - Polad Poladzadə

Reportaj

26 Avqust 2022, 13:35

Hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında – erməni separatçı-terrorçuların məskunlaşdığı Ağdərə bölgəsindəki “Sərsəng” su anbarı gündəm mövzusudur. 1972-76-cı illərdə Tərtər çayı üzərində inşa olunmuş “Sərsəng” su anbarı Qarabağdakı ən strateji obyektlərdən biridir.

Mövzunun gündəm olması təasadüf deyil. Belə ki, avqustun 22-də rusiyalı hərbçilərin müşayiət etdiyi "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin nümayəndələri erməni separatçıların nümayəndələrilə birgə Qarabağ iqtisadi rayonunda yerləşən “Sərsəng” su anbarına baxış keçirib. Məqsəd “Sərsəng” su anbarında texniki monitorinqin aparılması, cari vəziyyətlə tanışlıq, Tərtər çayından gələn və anbardan buraxılan suyun qrafikinin müəyyənləşdirilməsi və gələcəkdə bu istiqamətdə işlərin davam etdirilməsinə zəmin yaratmaq olub. 


Görüşdə əsasən iki məsələ - su bölgüsünün aparılması və “Sərsəng” su anbarının alt suvarma ərazisində olan rayonlara su verilməsinin bərpası - müzakirə olunub. Danışıqlar qarşılıqlı anlaşma və konstruktiv şəraitdə baş tutub. Həmçinin, belə görüşlərin və əraziyə baxışın mütəmadi olaraq gələcəkdə də davam etdirilməsi razılaşdırılıb.


Bu, rəsmi Bakının Qarabağ iqtisadi rayonuna nəzarəti gücləndirməsi baxımından əhəmiyyətli hadisədir. 44 günlük müharibə bitəndən 2 il sonra Rusiya sülhməramlılarının nəzarətində qalan “Laçın dəhlizi”, eləcə də ermənilərin qanunsuz məskunlaşdığı Laçın şəhəri, Zabux və Sus kəndlərini geri qaytaran Azərbaycanın növbəti hədəflərindən biri “Sərsəng” su anbarıdır.

“Sərsəng” su anbarı vaxtilə Azərbaycanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektardan çox torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. Anbarın işğalı nəticəsində uzun illərdir bu əraziyə suvarma suyunun verilməməsi respublikaya ciddi ziyan vurub.

Su anbarının ümumi su tutumu 560 milyn kub metr, bəndinin hündürlüyü isə 125 metdrdir. “Sərsəng”in  bəndində ümumi gücü 50 mvt olan su eletrik stansiyası da tikilib. Həmin stansiyadan hazırda Qarabağdakı separatçılar istifadə edirlər.

Bir neçə gündür KİV-lərdə və sosial şəbəkələrdə “Sərsəng” su anbarı ilə bağlı məlumatların fonunda bir şəkil də təqdim olunur. Şəkildə anbarın layihəndirilməsində iştirak edən vəzifəli şəxslər və mütəxəssislər təsvir olunub.
70-ci illərin ortalarında lentə alınmış fotoşəkildə o zaman Azərbaycana rəhbərlik edən mərhum Heydər Əliyev diqqət çəkir. “Sərsəng” su anbarı onun təşəbbüsü ilə inşa olunub.

Şəkildə ortada dayanmış qarasaçlı şəxsin kim olduğu isə yəqin ki, çoxlarına məlum deyil. O, “Sərsəng” su anbarının tikintisinə rəhbərlik etmiş Polad Poladzadədir.

Bəs çoxlarının tanımadığı Polad Poladzadə kim olub?


Modern.az
saytı sonralar keçmiş SSRİ-nin meliorasiya və su təsərrüfatı nazirinin birinci müavini və nazir əvəzi olmuş Poald Poladzadə haqqında bəzi bilgiləri təqdim edir.

Qeyd edək ki, o, “Sərsəng” su anbarının inşasından əvvəl “Xaçınçay”, “Akstafaçay” su anbarlarının Əli-Bayramlıdakı (indiki Şirvan şəhəri-red.) su qovşağının tikintilərinə də rəhbərlik edib.

Polad Adcı oğlu Poladzadə 24 oktyabr 1931-ci il tarixində Tbilisi şəhərində azərbaycanlı ailəsində anadan olub. 1955-ci ildə Moskva Su Təsərrüfatı İnstitutunu bitirib. 1955-1956-cı illərdə “Tacikhidrotikinti” trestinin Kurqan-Tyube şəhəri 2 saylı tikinti idarəsinin ustası, bölmə rəisi işləyib.

1956-1963-cü illərdə “Kür-Araztikinti” Baş İdarəsinin baş icraçısı, böyük mühəndisi olub.

1963-1964-cü illərdə Azərbaycan KP MK-nın kənd təsərrüfatı şöbəsinə rəhbərlik edib.


1964-1965 -ci illərdə SSRİ Dövlət Torpaq və Su Komitəsinin Zaqafqaziya Suvarma Əkinçilik İstehsalat İdarəsində rəis işləyib.
 

1965-1970-ci illərdə “Kür-Araztikinti” Baş İdarəsi rəisinin birinci müavini, sonra rəisi olub.

1970-1974-cü illərdə Azərbaycan SSR Meliorativ Tikinti Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.


1974-cü ildə SSRİ meliorasiya və su təsərrüfatı nazirinin birinci müavini vəzifəsinə irəli çəkilib, 1989-cu ilə kimi həmin postu tutub.

1989-1990-cı illərdə SSRİ su təsərrüfatı nazirinin birinci müavini, nazir vəzifəsini icra edən olub.

Bəzi məlumatlara görə, o zaman SSRİ prezidenti Mixail Qorbaçov yeni Nazirlər Kabinetini formalaşdıranda, məhz azərbaycanlı olduğuna görə, Polad Poladzadəyə qısqanclıq nümayiş etdirib. Beləcə, o, nazir vəzifəsinə təsdiqlənməyərək, vəzifəsindən kənarlaşdırılıb...

Polad Poladzadə 1990-1991-ci illərdə SSRİ "Sutikinti” Dövlət Konserninin sədri işləyib.

Daha sonra Rusiya "Sutikinti” Dövlət Konserninin baş direktoru olub. 2005-ci ildən "Sutikinti” ASC-nin İdarə Heyətinin sədri postunda çalışıb.

P.Poladzadə ömrünün sonlarında Rusiya “Su işçiləri və melioratorlar ittifaqı”nın sədr müavini olub.


O, fəaliyyəti dövründə üç dəfə “Qırmızı əmək bayrağı”, “Oktyabr inqilabı” və "Şərəf nişanı" ordenlərilə təltif olunub.


Keçmiş SSRİ miqyasında və dünyada su təsərrüfatı və meliorasiya sahəsi üzrə nüfuzlu rəhbər, tanınmış mütəxəssis olan soydaşımız 26 fevral 2018-də Moskvada vəfat edib.

Onun oğlu Əsgər Poladzadə hazırda Moskvada yaşayır.


Ə.Qafarlı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı