Modern.az

Putin necə yüksəldi... - Kasıb ailədən çıxan liderin müəmmalı hekayəsi 

Putin necə yüksəldi... - Kasıb ailədən çıxan liderin müəmmalı hekayəsi 

Reportaj

29 Avqust 2022, 10:00

7 oktyabr 1952-ci ildə Sankt-Peterburqda anadan olan Vladimir Putini dünya liderliyinə aparan hekayəsi...

 

Vladimir Putinin atası İkinci Dünya Müharibəsi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində ayağından əlil olan fabrik işçisi idi. Aclıqdan ölümlə üz-üzə qalan anası isə küçələri, laboratoriya avadanlıqlarını təmizləyir, bununla belə çox az maaş alırdı...

 

Sovet İttifaqı dövründə Putinin ailəsi tualeti, isti suyu və hamamı olmayan kiçik otaqda yaşayırdı.

 

Kremlin dərc etdiyi rəsmi CV-yə əsasən, Vladimir Putin təhsilinin ilkin mərhələsində çalışqan və nizamlı şagird olmayıb. Nadir hallarda səliqəli geyinən Putin yaramazlığı ilə seçilib.

 

Gənc Putin mühazirələrə məhəl qoymaz və bəzi müəllimləri ilə mübahisə edərdi. Üsyankar yeniyetməlik dövrü keçirən Putin məktəbdə orta qiymətlərlə oxuyub. Sevimli fənləri isə tarix və alman dili olub.

 

Altıncı sinifdə oxuyarkən müəllimin köməyi ilə təqaüd almağı bacaran Vladimir Putin qiymətlərini yüksəltməyə başlayıb.

 

Nadinc tələbə həyatını arxada qoyan Putin əvvəlcə hüquq təhsili alıb, sonra Sovet İttifaqının məxfi kəşfiyyatında işə düzəlib. 9-cu sinifdən kəşfiyyata qoşulmağa qərarlı olan Vladimir romantik casus hekayələri arzusunun arxasınca gedib.

 

Sovetlər dönəmində Leninqrad adlanan və bu gün Sankt-Peterburq kimi tanınan şəhərdəki kəşfiyyat qərargahına gedən Vladimir Putin bu quruma daxil olmaq arzusunu bildirsə də, rəsmilər onun hüquq fakültəsini bitirməsinin lazım olduğunu bildiriblər. Bundan sonra Putin 1975-ci ildə hüquq dərəcəsini alıb.

 

Onun davranışına heyran olan kəşfiyyat orqanı məktub göndərərək Putinə quruma qəbul olunduğunu bildirib.

 

Putin 1985-ci ildə gizli kəşfiyyat missiyası üçün Şərqi Almaniyaya gedir.

 

O dövrdə Putinin kəşfiyyat adlarının sovet Ceyms Bondu və ya rus Cudi Denç olduğu bilinir. Şərqi Almaniya Sovet İttifaqından sonra Putinin gözündə cənnət kimi görünür.

 

Şərqi Almaniyanı sevən Putinin rəngarəng həyatı 1989-cu ilin noyabrında Berlin divarının yıxılması ilə sona çatır. Sovet İttifaqına qarşı artan qəzəblə əlaqədar Vladimir Putin Moskva hakimiyyətindən kömək istəsə də, ona dəstək gəlmir.

 

Bundan sonra Putin qərara gəlir ki, onun gələcəyi başqalarının ideologiyaları ilə deyil, öz qərarları əsasında qurulacaq.

 

Kommunist dövründən sonra Vladimir Putin dövlət institutlarının millətçilik və itaətkarlıq hissləri ilə idarə olunacağı bir sistem yaratmaq istəyirdi. Lakin 1989-1999-cu illər arasında Putinin adı nədənsə gündəmə gəlmirdi. O, təxminən 10 il ərzində gözdən itmişdi.

 

Bir müddət sonra Putinin adı dünya ictimai rəyində hallanmağa başlayanda politoloqlar arasında mübahisələr yaranmış, qızğın polemikalar açılmışdı.

 

O zaman Rusiya prezidenti Boris Yeltsin Putini vəzifəyə təyin edəndə siyasi analitiklər onun uğursuz kadr olduğunu iddia edərək, çox şeyə nail ola bilməyəcəyinə dair yanlış proqnozlar irəli sürürdülər. Amma Putin 1998-1999-cu illərdə Rusiya prezidenti Boris Yeltsinin hökumətində çalışaraq əvvəlcə təhlükəsizlikdən məsul nazir, sonra baş nazir vəzifəsinə yüksəldi.

 

Baş nazir olduqdan beş ay sonra Boris Yeltsin Vladimir Putini Rusiyanın yeni prezidenti elan etdi.

 

Berlin divarının uçmasından 10 il sonra Vladimir Putin Rusiya Federasiyasının prezidenti seçilir. 2008-ci il mayın 7-də onun səlahiyyət müddəti başa çatır və yerinə Dmitri Medvedevi gətirərək, özü Baş nazir postuna keçir.

 

Nəhayət, 2012-ci il martın 4-də keçirilən prezident seçkilərində Putin 63,6 faiz səslə qalib gələrək üçüncü dəfə Rusiya Federasiyasının prezidenti olur.

 

Konstitusiya dəyişikliyi nəticəsində prezidentlik müddəti 6 ilə qədər uzadıldıqdan sonra Putin yenidən 2018-ci il seçkilərində qalib gəlir. Beləcə onun mandatı hələ 2024-cü ilə qədər davam edəcək.

 

Vladimir Putin Sovet Rusiyasını müasir federasiyaya çevirən siyasətçi kimi tanınır.

 

O, Sovet İttifaqının dağılmasının səbəblərini internetin geniş yayılması və informasiyaya asan çıxışda görür. Buna görə də Putin televiziya və mediaya təzyiq göstərməklə, informasiya axınını daim nəzarətdə saxlayır.

 

Mobil telefondan istifadə etməyən Prezidentin kompüteri olsa da, mümkün qədər internetdən uzaq durur.

 

Gündəlik fəaliyyətlə bağlı məlumatlar dosye şəklində kəşfiyyat tərəfindən Vladimir Putinə göndərilir. Rusiya dövlət başçısının şəxsi həyatı ilə bağlı məlumatlar çox məhduddur. Uzun müddətdir ki, ölkə mediası onun şəxsi həyatına toxunmur və qeyr-rəsmi informasiyalar sirr kimi saxlanılır.

 

Lakin Putinin keçmiş stüardessa Lyudmila ilə ailə həyatı qurması, 2013-cü ildə 30 illik evliliyin sonra çatması hər kəsə məlumdur.

 

Onlar 1985-1990-cı illərdə Şərqi Almaniyada birlikdə yaşayıblar. Bu evlilikdən Yekaterina və Mariyana adında qızları dünyaya gəlib.

 

Putin müsahibələrində qızlarından birinin biologiya, digərinin isə yapon dili və tarixini öyrəndiyini bildirib. Yekaterina Moskva Dövlət Universitetində müəllim işləyir.

 

Hər iki qızının evli olduğu bildirilir. Məlumata görə, Yekaterinanın həyat yoldaşı neft-kimya sahəsi üzrə zəngindir.

 

Putinin boşandıqdan sonra adı tanınmış gimnast Alina Kabayeva ilə hallanmağa başlayıb. Hələ illər öncə Rusiya mediasında onların sevgili olması haqda xəbər yer alırdı. 2008-ci ildə Rusiyanın “Moskovski korrespondent” qəzeti Putinin həyat yoldaşından boşandığını və Kabayeva ilə evlənməyə hazırlaşdığını yazmışdı. O zaman məlumat Kreml tərəfindən təkzib edilmiş, adıçəkilən qəzet müəmmalı şəkildə bağlanmışdı. İndiki isə Kabayevanın Avropada yaşadığı, onun Putindən övladlarının olduğu deyilir. Lakin bu informasiya rəsmən öz təsdiqini tapmayıb.

 

Putin 11 yaşından sambo və cüdo ilə məşğul olub. Cüdoda “qara kəmər” sahibi olan Rusiya prezidenti bu idman növünün şəxsiyyəti inkişaf etdirdiyini və beynəlxalq əlaqələrə töhfə verdiyini düşünür.

Putinin itlərə olan sevgisi də diqqət çəkir. Bunu mətbuatda dərc olunan fotolardan da görmək mümkündür. O, həmçinin siyasi və tarixi məzmunlu kitablara üstünlük verdiyini, hətta Ömər Xəyyamın şeirlərini sevdiyini mətbuata açıqlayıb.

 

Rusiyada uzun illər hakimiyyətdə olan Vladimir Putin xarici siyasətdə “qapalı qutu” kimi təsvir edilir. Onun siyasi gedişlərini əvvəlcədən sezmək çətin məsələdir. Bəzən nə istədiyi, kiminlə dost, kiminlə düşmən olduğunu belə müəyyən etmək asan məsələ deyil. İllərdir prezident kürsüsünü qoruyub saxlayan Putin hədəfləri barədə müxtəlif mülahizələr irəli sürülsə də, faktiki olaraq, onu dünyanın siyasi liderlərinin biri hesab etmək olar.

 

İnadkar Putin istəyinə çatmaq üçün dünyanı belə qarşısına almaqdan çəkinmir. Bunu Ukraynada davam edən müharibə bütün dünyaya nümayiş etdirdi.

 

Hazırda Ukrayna böhranında Qərbə meydan oxuyan Putin ölümcül sanksiyalara, iqtisadi itkilərə və dünya güclərinin xəbərdarlığına baxmayaraq, silahı yerə qoymaq niyyətində deyil. Ukraynada cərəyan edən hadisələr əslində Rusiyanın Qərblə müharibəsi kimi xarakterizə oluna bilər. Bu müharibənin necə bitəcəyi, Qərblə Moskva münasibətlərində hansı nəticələrə gətirib çıxaracağı sual doğurur. Görünən odur ki, kasıb ailədən dünya liderliyinə yüksələn Vladimir Putin o qədər də asanlıqla məğlub olacaq rəqib deyil.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!