Modern.az

Qərbin sevimlisi, rusların düşməni - Qorbaçovun qaranlıq keçmişi

Qərbin sevimlisi, rusların düşməni - Qorbaçovun qaranlıq keçmişi

Reportaj

31 Avqust 2022, 12:47

Sovet İttifaqında hakimiyyətə gəlişiylə Avropanın xəritəsini dəyişdirən və dünyanı nüvə ilə hədələyən, Soyuq Müharibəyə son qoyan, habelə bir sıra inqilabi dəyişikliklərə imza atan Mixail Qorbaçov ötən gün Moskvada vəfat edib. 

 

SSRİ-nin ilk və son lideri 92 yaşında uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

 

Qorbaçov əslində kim idi?

 

Modern.az bildirir ki, altı illik hakimiyyəti dövründə Qorbaçov "dəmir pərdəni" qaldıraraq dünyanın siyasi ab-havasını dəyişməyi bacarıb. O, dünya ictimaiyyəti tərəfindən fərqli təqdim olunurdu. Qərbin nəzərində Qorbaçov Soyuq Müharibəyə son qoyan, Şərqi Avropaya azadlıq gətirən "qəhrəman" hesab edilir. Sadə rusların gözündə isə o, cəmi altı il ərzində super dövləti diz çökdürməyi və xalqını yoxsullaşdırmağı bacaran uğursuz siyasətçi kimi canlanır.

 

Rusiyadan fərqli olaraq, xaricdə onu qəhrəman kimi alqışlayırdılar. Qorbaçov Amerika üçün “möcüzə”, dünyanı olduğu kimi görən, sovet ideologiyası ilə gözünü qırpmayan bir insan idi. Amma ölkəsi üçün bunu demək olmaz.

 

Rusiyada keçirilən sorğuya əsasən, Qorbaçov “Sovet dövrünün ən nifrət edilən adamı” olub və hər beş respondentdən biri bu variantı seçib. Sorğular göstərir ki, ruslar Qorbaçova Stalindən daha çox nifrət edirlər.

 

Qorbaçov öz xalqına formal azadlıq versə də, bundan həzz almaq həmişə ruslara zülm verirdi. Onun hakimiyyəti Sovet iqtisadiyyatında fəlakətli çöküşün şahidi oldu. Doğrudur, bu gün ruslar özlərini 40 il əvvəldən daha azad və varlı hesab edirlər. Lakin hazırkı iqtidar belə Qorbaçovun hakimiyyətini Rusiya üçün fəlakət adlandırır.

 

Prezident Vladimir Putin Sovet İttifaqının dağılmasını “əsrin ən böyük geosiyasi fəlakəti” hesab edir. Qorbaçov da şəxsən Putinin siyasətini bəyənmir, onu daha çox tənqid edirdi. Onların sonuncu rəsmi görüşü illər öncə Rusiyada, Kremldə baş tutub. Daha sonra bir araya gəlməyiblər. 

 

Ruslar Qorbaçovu 1991-ci ildə ərazisi 15 ayrı ölkəyə parçalanan bir vaxtların qorxulu fövqəldövləti olan Sovet İttifaqının dağılmasında günahkar bilirlər. İllər ötsə də, onlara qarşı münasibət dəyişməyib. Bu gün də rusların çoxu Qorbaçova nifrət bəsləyir.

 

Ruslar SSRİ-ni dağıdan Qorbaçova o qədər nifrət edirlər ki, o, 1996-cı ildə prezidentliyə namizəd olarkən, cəmi bir faiz səs toplaya bilmişdi. Hətta onun ölkədən çıxmasını tələb edənlər də az deyildi. 

 

Bunlara rəğmən Qorbaçov 1993-cü ildə Qərb tərəfindən Nobel sülh mükafatına layiq görülüb. Bu mükafat ona Soyuq Müharibəni dayandırdığına görə verilib.

 

Qorbaçov və keçmiş Sovet dövlətləri

 

SSRİ-nin dağılması ərəfəsində bir neçə keçmiş Sovet ölkəsində iğtişaşlar olub. Mixail Qorbaçovun başçılıq etdiyi Sovet imperiyası “rus və erməni kartından” məharətlə istifadə edərək Azərbaycan xalqına qarşı vəhşicəsinə dövlət terroru həyata keçirib. 

 

1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu maddəsini və Azərbaycan SSR Konstitusiyasının 7-ci maddəsini pozaraq yanvarın 20-də Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalayıb. SSRİ-nin kəşfiyyat və xüsusi xidmət orqanı olan Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) “Alfa” qrupu yanvarın 19-da saat 19:27-də Azərbaycanın yeganə telekanalı olan AzTV-nin elektrik stansiyasını dayandıraraq partladıb. Telekanalın fəaliyyətinin dayandırılması ilə Bakıda yaşayan azərbaycanlıların hadisələr barədə məlumat almasının qarşısı alınıb. Ruslardan və ermənilərdən ibarət ordu Bakını talan edib, günahsız insanlar qətlə yetirilib. 

 

20 Yanvar qırğını Sovet ittifaqının sonunu yaxınlaşdırdı. 

 

SSRİ-nin parçalanması zamanı digər Sovet Respublikalarında da (Gürcüstan, Latviya, Qazaxıstan) oxşar qeyri-insani əməllərə yol verilib. Buna görə də keçmiş Sovet ölkələri Qorbaçovu qanlı lider olaraq xatırlayır.

 

İttifaq dağılandan sonra Qorbaçov yenidən hakimiyyətə qarışmaq istəsə də, bu cəhdləri alınmayıb. Bəzi hallarda ölkədə və dünyada baş verən hadisələr barədə siyasi şərhlər verən Qorbaçov son günlərini sakit bir kənddə keçirib.

 

Bundan öncə onun tez-tez ölüm xəbərləri yayılıb. Sonuncu dəfə 2013-cü ildə Mixail Qorbaçovun öldüyü deyilsə də, o mediaya açıqlamasında keçmişə dönmək, hər şeyi yenidən başlatmaq niyyətində olduğunu söyləmişdi:

 

“Məndən tez-tez soruşurlar ki, təkrar etməli olsam, hər şeyi yenidən başlayardımmı? Bəli, həqiqətən bunu edərdim. İndi isə daha çox əzmkarlıq və qətiyyətlə addım atardım”.

 

Lakin onun bu arzuları ürəyində qaldı...

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü