Modern.az

Barmaqlar tətikdə, PUA-larla selfi... - Barıt qoxulu sərgidən REPORTAJ

Barmaqlar tətikdə, PUA-larla selfi... - Barıt qoxulu sərgidən REPORTAJ

9 Sentyabr 2022, 10:10

Pilotsuz uçuş aparatları ilə selfi çəkdirən insanlar, Türkiyə, İsrail və Rusiya şirkətlərinin hazırladığı atıcı silahların tətik səsləri, həyacanla məhsullarını təqdim edən şirkət nümayəndələri...

 

Bura Bakı şəhərində yerləşən Baku Expo Mərkəzinin sərgi salonudur. Bütün diqqətlər sentyabr ayının 6-dan başlayan "ADEX-2022" sərgisinə yönəlib. Adətən iki ildən bir keçirilən sərgi sonuncu dəfə 2018-ci ildə baş tutub, 2020-ci ildə isə koronavirus pandemiyası ADEX-in təşkilinə imkan verməyib.

 

2018-ci ildən sonra həm regionda, həm də dünyada vəziyyət kəskin dəyişib. Azərbaycan artıq Vətən müharibəsində qalib gələn, torpaqlarını işğaldan azad edən, müharibədə öz silahlarını, eləcə də İsrail və Türkiyə istehsalı pilotsuz uçuş aparatlarını məharətlə istifadə edən ölkə kimi tanınır. Eyni zamanda dünya Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Üçüncü Dünya Müharibəsinin astanasındadır. Dövlətlər Avropanın mərkəzində baş verən müharibəyə görə hərbi xərclərini artırır, yerli müdafiə sənayesini gücləndirməyə çalışır. 

 

Qarabağdakı müharibədən sonra döyüş meydanının təbiətində də ciddi dəyişikliklər müşahidə edilir. Belə ki, əksər ölkələr daha müasir və innovativ silahlar alır, həm də istehsal edir. Müasir müharibənin xarakterinə uyğun olaraq ölkələr pilotsuz uçuş aparatlarına və digər insansız vasitələrə üstünlük verir.

 

1166300

Bakıda keçirilən builki sərgidə dünyanın 30-a yaxın ölkəsindən 200-dən artıq şirkət iştirak edib. Müasir silah və texnikanın nümayiş etdirildiyi genişmiqyaslı tədbir pandemiyanın yaratdığı məcburi fasilədən sonra yenidən hərbi sahədə canlanmanın başladığını göstərirdi. "ADEX-2022"nin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, sərgi Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı şanlı Zəfərdən sonra ilk dəfə təşkil edilib. Sərgidə Azərbaycan Ordusunun qələbəsində müstəsna rol oynamış ölkənin hərbi-sənaye kompleksinin gücü və qüdrəti, müasir silahlar nümayiş olunub.

 

Azərbaycan şirkətləri sərgidə Müdafiə Sənaye Nazirliyinin çətiri altında öz məhsullarını təqdim edib. Qarabağ müharibəsindən əvvəl çiçəklənməyə başlayan yerli müdafiə sənayesi savaşdan sonra daha güclü silahlar hazırlamağa başlayıb. Sərgidə Müdafiə Sənayesi Nazirliyinin “Deftech” şirkəti ilə birlikdə hazırladığı “Ovçu-G4”, “Turaz”, “Fatum” və “Tilt Rotor” pilotsuz uçuş aparatları da nümayiş olunub. 

 

1166301

Bundan əlavə, nazirliyin “Smart Point” şirkəti ilə birgə yaratdığı “Qartal”, “Şahin”, “Quzğun” adlı kamikadze PUA-ları diqqət çəkib. Bu silahlar piyada və yüngül zirehli maşınları məhv etmək üçün nəzərdə tutulub.

 

Azərbaycan istehsalı yüngül zirehli texnikanı sıradan çıxarmaq üçün nəzərdə tutulan, 25 kiloqram döyüş elementləri daşıyan “ZƏRBƏ-BK1” birdəfəlik aviasiya konteyneri, düşmənin 1500 metrə qədər məsafədə yerləşən yüngülzirehli hədəfləri və tank əleyhinə raket kompleksləri, uzaq məsafələrdə yerləşən düşmənin canlı qüvvəsi və zirehli vasitələri, həmçinin 2000 metrə qədər hündürlükdə, 2500 metrə qədər maili uzaqlıqda, səs sürətindən az sürətlə uçan hava hədəfləri ilə mübarizə aparmaq, yüngül səhra tipli sığınacaqlar arxasında yerləşən atəş vasitələri və canlı qüvvəyə uzaq məsafədə yerləşən zirehsiz və qrup hədəfləri ilə mübarizə üçün nəzərdə utulan AT-30 adlı 30 mm-lik avtomatik top izləyicilərin xüsusilə marağını kəsb edib.

 

1166302

Qlobal gərginlik fonunda hazırda silah bazarında tələbatın sürətlə artdığı müşahidə edilir. Türkiyə və İsrail kimi ölkələr bu tələbatı ödəmək üçün silah istehsalını artırır. Şirkətlər istehsal etdikləri silahları dünya bazarına təqdim etmək və müqavilələr bağlamaq üçün ADEX kimi müdafiə sərgilərindən məharətlə yaralanır.

 

Bakıdakı sərgidə ən çox şirkətlə təmsil olunan ölkə Türkiyə idi. Türkiyə Müdafiə Sənayesi Komitəsinin rəhbərliyi  altında 41 şirkət "ADEX-2022"yə qatılıb.  

 

Qeyd edək ki, son illərdə qlobal müdafiə sənayesi bazarında, xüsusilə PUA sahəsində ciddi məsafə qət edən Türkiyə 2022-ci ildə silah ixracını 4 milyard dollara çatdırmağı hədəfləyir. Bu il ABŞ-ın "Defense News" portalının hazırladığı dünyanın ən böyük 100 müdafiə sənayesi şirkəti arasında Türkiyənin 3 şirkəti yer alıb.

 

1166303

 

Aviasiya platformaları istehsal edən TUSAŞ, raket və sursat istehsalı ilə məşğul olan ROKETSAN və elektronika məhsulları hazırlayan ASELSAN şirkəti də ADEX sərgisində təmsil olunurdu. Hər üç şirkət ən yeni silah və texnikalarını ictimaiyyətə təqdim edib. TUSAŞ şirkəti 2023-cü ildə havaya qaldırmağı hədəflədiyi “Hürjet” döyüş təyyarəsinin maketini öz stendində yerləşdirib. Bu təyyarələr Türkiyənin F-35 proqramından çıxarılmasından sonra diqqət mərkəzində olub. Sözügedən hava vasitələri həm pilotların hazırlanması üçün təlim məqsədilə, həm də Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 qırıcılarına dəstək vermək üçün yüngül döyüş təyyarəsi kimi istifadə ediləcək.

 

1166304

 

Onu da bildirək ki, Azərbaycan Ordusunun istifadə etdiyi TRG-300 kimi raket sistemlərini, eləcə də Qarabağ savaşında Ermənistan ordusunun texnika və canlı qüvvəsini məhv etmək üçün “Bayraktar TB2” PUA-larına quraşdırılan MAM-L və MAM-C kimi sursatları istehsal edən ROKETSAN şirkəti ADEX sərgisində yeni hazırladığı “Çakır” qanadlı raketlərini, gəmiləri vurmaq üçün nəzərdə tutulan “Atmaca” raketlərini nümayiş etdirib. 

 

Türkiyədə ən böyük, dünyada isə 48-ci ən böyük müdafiə sənayesi şirkəti olan ASELSAN, gəmiqayırma sahəsində məşhur olan “Daersan”, Azərbaycan daxil olmaqla dünyanın 30-dan çox ölkəsinə zirehli texnika ixrac edən “Otokar”,  yenə zirehli texnika istehsalı ilə məşğul olan BMC şirkətləri öz məhsullarını təqdim edib. Azərbaycan Ordusunun istifadə etdiyi “Kargu” kamikadze PUA-larının istehsalçısı STM mühəndislik şirkəti isə Hərbi Dəniz Qüvvələrinin tələblərinə cavab verən döyüş gəmisinin modelini nümayiş etdirib.

 

1166305

 

Sərgidə Türkiyədən sonra ikinci diqqət çəkən ölkə İsraildir. İkinci Qarabağ müharibəsinin qəhrəman silahlarından biri olan "Harop" PUA-larının yaradıcısı "Israel Aerospace Industries" şirkəti, Azərbaycanla birlikdə "Orbiter" PUA-ları istehsal edən "Aeronautics" şirkəti, müharibə zamanı əsgərlərimizi mina partlayışlarından qoruyan "Sandcat" maşınlarını istehsal edən "Plasan" şirkəti, dünyanın 57-ci ən böyük müdafiə şirkəti olan "Elbit Systems" və digər müəssisələr sərgidə İsraili təmsil ediblər. "Plasan" şirkətinin stendində Qarabağdakı müharibə zamanı mina partlaması nəticəsində yüngül zədə alan "Sandcat" maşını iştirakçıların diqqətini çəkib.

 

1166309

 

Bundan əlavə, Ukrayna müharibəsinə görə ciddi sanksiyalarla üzləşən Rusiyanın müdafiə sənayesi də Bakıdakı sərgidə çoxlu sayda texnikalarını, atıcı silahlarını, hava hücumundan müdafiə sistemlərini nümayiş etdirib. İl-76MD-90A(E) hərbi-nəqliyyat təyyarəsi, Su-35 çoxməqsədli qırıcısı, Ka-52 kəşfiyyat və hücum helikopteri, Mi-35M nəqliyyat və döyüş helikopteri, "Terminator" tanka dəstək döyüş maşını xüsusi diqqət çəkən hərbi texnikalar arasında yer alıb. Rusiya ilə yanaşı, Belarusun 6 müəssisəsi öz silahlarını ictimaiyyətə təqdim edib.

 

Digər stenddə Pakistan Azərbaycan Ordusunun da maraqlandığı JF-17 döyüş təyyarəsini və ordumuzun pilotları hazırlamaq üçün istifadə etdiyi "Super Muşşak" təlim təyyarəsini nümayişə çıxarıb. Yeni bazarlara çıxmağa çalışan İran əvvəlki illərlə müqayisədə daha geniş nümayəndə heyəti ilə Bakıda təmsil olunub. İran stendində bu yaxınlarda dünya mediasının gündəmində olan "Mohajer-6" PUA-ları görünüb. Qərb mətbuatının məlumatına görə, Rusiya artıq bu PUA-ları əldə edib. 

 

Yeri gəlmişkən qeyd edək ki, dünyada hərbi vəziyyət gərginləşdikcə dövlətlər daha çox silahlar almağa cəhd edir. Bu baxımdan ADEX-2022 müdafiə sərgisi iştirakçıların böyük marağına səbəb olub. Müharibədə qalib gələn ölkənin bu cür önəmli sərgini uğurla yekunlaşdırması region dövlətlərinə yaxşı mesaj ola bilər. 

 

 

Akif İsmayılov

 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda hazırlanıb.

 

***

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü