Modern.az

Azərbaycanda cinsini dəyişənlərdən yeni pasport almaq tələb olunub - ARAŞDIRMA

Azərbaycanda cinsini dəyişənlərdən yeni pasport almaq tələb olunub - ARAŞDIRMA

4 Aprel 2013, 10:25

“Xahiş edirəm şəxsiyyət vəsiqəmi dəyişin, mən artıq kişi deyiləm”

Cinsi əməliyyat keçirən ilk kişi britaniyalı Corc Cemison olub və əlbəttə ki onun bu addımı mətbuatda böyük səs-küy doğurub. İndi onun 80-a yaxın yaşı var, adı isə Miss Eypril Eşlindir. O aktrisa və eyni zamanda transseksualların hüquqları üzrə mübarizə təşkilatının üzvüdür.
Qonşu Türkiyədə sənətçilər Bülənt Ərsoy və Zəki Müren də cinsini dəyişən məşhurlardandır.

Cinsdəyişmə Azərbaycanda yaxşı qarşılanmasa da, ölkəmizdə cinsini dəyişən 10-a yaxın azərbaycanlı var. Yəni bu, bizim bildiyimiz statistikadır, bəlkə də daha çoxdur.

Təkcə Azərbaycanda yox, bütün dünyada cinsiyyət orqanını dəyişənlərin daha çox kişilər olduğu deyilir. Son zamanlar bununla bağlı həkimə müraciət edənlərin sayının artdığı söylənilir. Müraciət edənlərdən isə daha çox kişilər qadın olmaq arzusundadır. Mütəxəssislər bildirirlər ki,  qadının kişiyə çevrilməsi əməliyyatı daha ağırdır, nəinki kişinin qadına. Qadının kişiyə çevrilməsi üçün aparılan əməliyyat iki mərhələli olub 12 saat davam edir, birinci mərhələdə orqanın dəyişdirilməsi prosesi baş verir, ikinci mərhələdə isə protezlər yerləşdirilir. Kişini qadına çevirmək üçün edilən əməliyyat isə öncəki əməliyyatdan daha asandır. Bu əməliyyat 2-4 saat davam edir və birmərhələli olaraq həyata keçirilir.

İslam ölkəsi İran cinsini dəyişən insanlara görə lider ölkələrdən biridir...

Dünya miqyasından baxsaq, cinsini dəyişənlərin regionları arasında Avropa və ABŞ əsas yeri tutur. Avropada bu cür hal normal qarşılanır, hətta Polşa parlamentində cinsini dəyişən deputat da var.
Digər maraqlı bir fakt: İslam ölkəsi İran cinsiyyət orqanını dəyişdirməyin ən ucuz olduğu ölkəymiş. Burada qiymətlər çox ucuzdur: “Qadın”ı (hemofradit şəxs, yaxud şəriətdəki ifadəylə – “xonsa”) kişiyə çevirmək 8 min, “kişi”ni qadına çevirmək isə 6 min dollardır. İran dünyada cinsiyyət orqanını dəyişənlərin siyahısında birinci yerdədir. İranın “Sazmane-Behzistiye-Keşvər” (“Firavan və Xoşbəxt Həyat”) təşkilatının statistikasına görə, ötən il İranda 147 nəfər öz cinsiyyətini dəyişib, 300 nəfər isə hazırda cinsiyyətini dəyişmək üçün növbə tutub.

Azərbaycanda 10-a yaxın şəxs cinsini dəyişib...

Cinsiyyət orqanının dəyişdirilməsi ilə bağlı Azərbaycanda hər hansı bir statistika aparılmayıb. Ötən il isə Azərbaycanda xeyli kişi cinsi orqanını dəyişib. Azərbaycanda bu sahədə yeganə mütəxəssis həkim – Avropa-Beynəlxalq Estetik, Plastik və Rekonsturktiv Cərrahlar Cəmiyyətinin üzvü mərhum Camal Əzimzadə olub (O, bir müddət əvvəl rəhmətə gedib). C.Əzimzadə mətbuata müsahibələrində bildirib ki, ölkəmizdə cinsini dəyişdirmək istəyən kişilərin sayı qadınlardan daha çoxdur. Belə ki, 2002-ci ildən bu günədək cinsin dəyişdirilməsi üzrə təxminən 30-35 nəfər müraciət edib. Onların arasında gənclər daha çox üstünlük təşkil edir. Müraciətlərdən isə yalnız 9-u üzrə cinsiyyət dəyişikliyi aparılıb, bunlardan da 8-i kişi, 1-i qadındır. 2012-ci ildə Azərbaycanda cinsiyyətin dəyişdirilməsi ilə bağlı bir əməliyyat belə aparılmayıb. Bundan sonra belə əməliyyatın ölkəmizdə aparıb-aparılmayacağı isə sual altındadır. Belə ki, bu il fevral ayının 8-də Azərbaycanda cinsi dəyişmə üzrə mütəxəssis – Avropa-Beynəlxalq Estetik, Plastik və Rekonsturktiv Cərrahlar Cəmiyyətinin üzvü Camal Əzimzadə vəfat edib.

Seksopatoloq: “Transeksuallıq şəxsiyyətin psixi deformasiyasıdır”

Modern.az-a açıqlamasında seksopatoloq Həsən Səmədov hər bir insan doğulduğu vaxtdan ölümünə qədər sosial-psixoloji faktorların təsirinə məruz qaldığını deyir. Onun sözlərinə görə, bəzi hallarda insanın embrional dövrdə bioproseslərin pozulması, ya da xromosonm xəstəlikləri onun cins olaraq düzgün formalaşmamasına gətirib çıxarır. “Homoseksualizm və transseksualizmdə psixoloji cinsin pozulması gedir ki, bu da fiziki olaraq insanın qadın və ya kişi kimi görünməsinə baxmayaraq, psixoloji cins olaraq özünü yad hiss edir, öz anatomik cinsinə yad baxır və özünün o cinsdən olmasına inanmır. Transeksuallıq şəxsiyyətin psixi deformasiyasıdır. Əsrimizin əvvəlində Ziqmund Freyd bu tip pozulmaların kökünün 2 yaşında və ya daha uşaq yaşlarında qoyulduğunu irəli sürüb.
“Buna misal olaraq sizə deyə bilərəm ki, bəzən analar və valideynlərin fikrindən kiçik detallar yayınır. Məsələn, qız uşağının oğlan oyuncaqlarına meyl etməsi və ya oğlan kimi güclü olmağa cəhd etməsi. Oğlan uşağının bacısının alt paltarını geyməsi və ya ananın kosmetik vasitələrdən istifadə etməsi buna misal ola bilər. Digər tərəfdən bu məsələ gender identifikasiyasının pozulması kimi də götürülə bilər. Bir sözlə, bu xəstələr ya əvvəldən hər hansısa səbəbdən psixoloji cinsin pozulması səbəbindən ya da sonradan həyatın hansısa güclü psixoloji travma səbəbindən ola bilər. Buna bir fakt kimi göstərmək olar kişinin bir neçə öz həmcinsi tərəfindən zorlanması. Bu onun cinsi seksual həyatının deqradasiyasına və deformasiyasına gətirə bilir”.

Psixoloq: “Homoseksual olmaqdan qorxanlar daha çoxdur”

Psixoloq Elnur Rüstəmov bu cür halları yaşayan insanlarda orqanik və psixoqen faktorun yaşandığını deyib. Onun sözlərinə görə, orqanik faktor ola bilər ki, bu hal genetik keçə bilir. “Zaman keçdikcə qadının kişi, kişinin isə qadın hormononun çoxalması belə bir vəziyyətə gətirib çıxarır. Psixoloj faktor misal kimi 3 bacının bir qardaşını göstərmək olar. Zaman keçdikcə görürsən ki, onda xanımlara xas bir hərəkətlər, davranışlar formalaşmağa başlayır. Əsasən bu hal orada özünü qabarıq göstərir ki, ata ilə oğul arasında yetərincə kontakt olmur. Bu tip oğlanlarda feministik hal yaşanır. Atasını itirən qızlarda vaxt keçdikcə anasına bağlı olması səbəbindən kişilərə xas davranışlar, xüsusiyyətlər formalaşmağa başlayır və zamanla buna ciddi yanaşma formalaşır. Əgər valideynlər bu cür hallara müəyyən qədər tədbirli davranarlarsa, psixogen faktorları aradan qaldırmaq o qədər də çətin olmur. Nəzərə almaq lazımdır ki, bu cür hallar bizim cəmiyyət tərəfindən qəbul edilmir. Düşünürəm ki, yaxın gələcəkdə də bununla bağlı insanlar tərəfindən təpki olacaq”.

E. Rüstəmov bildirib ki, bu cür insanlar elə düşünürlər ki, onların hüquqları var və o qorunmalıdır. Psixoloq qeyd edib ki, onları elə düşünməsinə baxmayaraq, bizim cəmiyyətində etnopsixologiyası var və nə qədər tolerant yanaşsaq da, bunlar diqqət alınmalıdır. “Biz hər kəsin şəxsiyyətinə hörmət edirik və bir şeyi də nəzərə alırıq ki, bir insanın azadlığı digər bir insanın azadlığı başlanan yerdə bitir. Çünki bu tip insanlar aqressiv olurlar. Kiməsə və özlərinə xəsarət yetirə bilirlər. Cinsini dəyişənlərin bizə də müraciəti olur və hal-hazırda da bu cür pasiyentlərimiz var. Onlarla iş aparırıq. Elə risk qrupu var ki, orada belə tip insanlar daha çox olurlar. Deməzdim ki, onların sayı elədə çoxdur. Sadəcə bu düşüncədən əzab çəkən insanlar var. İnsanlar var ki, onlar homoseksual deyil, sadəcə homoseksual olmaqdan qorxur. Beynində belə düşüncəsi olan insanlar var. Fikirləşir ki, bu cür olar. Bu tip insanlar daha çoxdur”.

Millət vəkili: “Qanunvericilikdə cinsdəyişmə ilə bağlı konkret norma yoxdur”

Millət vəkili, Milli Məclisin sosial siyasət komissiyasının sədr müavini Musa Quliyev Azərbaycan qanunvericiliyində cinsiyyətini dəyişdirməklə bağlı konkret qanunun olmadığını deyib. Milli Məclis üzvünün sözlərinə görə, Azərbaycanda cinsiyyətini dəyişənləri kütləvi olmadığından, bu məsələnin Milli Məclisdə müzakirəsinə ehtiyac yoxdur. “Ümumiyyətlə bununla bağlı hər hansı bir qadağa olmadığından, heç bir cinayət məsuliyyətindən söz gedə bilməz. Cinsiyyətini dəyişdirənlərə çox pis baxıram. Onları təbiətin əksinə getməkdə, milli-mənəvi dəyərlərimizə hörmət qoymamaqda qınayıram. Bu cür hallara qarşı maarifləndirici tədbirlərin görülməsi çox vacibdir”.

Cinsuini dəyişənlər sənədlərini də dəyişməlidirlər. Cinsini dəyişənlər şəxsiyyət vəsiqələrini dəyişdirmək üçün doğum haqqında şəhadətnamələri ilə birgə cinsiyyətini dəyişdirdiyini təsdiqləyən həkim rəyini də DİN-nin aşağıdakı orqanına təqdim etməlidir...

Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən Modern.az-a bildiriblər ki, cinsini dəyişən şəxs, ilk növbədə, bununla bağlı məhkəməyə müraciət etməlidir. İdarədən qeyd ediblər ki, məhkəmə qərarından sonra həmin şəxs şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün qeydiyyatda olduğu rayon, şəhər və s. üzrə polis idarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinə müraciət etməlidir.

İdarənin məlumat verən əməkdaşı 2-3 belə halla qarşılaşdığını deyib. “Müraciətdən sonra həmin şəxs doğum haqqında şəhadətnaməsi ilə birgə cinsiyyətini dəyişdirdiyini təsdiqləyən həkim rəyini də bu orqana təqdim edir. Sadalanan sənədlərlə birgə rüsumu, yaşadığı yerdən arayış və şəkil təqdim etməklə on iş günü ərzində şəxsiyyət vəsiqəsini dəyişdirərək yeni kimliyini ala bilər”.

Bundan başqa transseksual olan şəxs ümumvətəndaşlıq (xarici) pasportu da almaq istədikdə, lazımi sənədləri müvafiq olaraq Daxili İşlər Nazirliyinin aidiyyatı idarəsinə təqdim etməlidir. DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Ümumvətəndaşlıq Pasportu şöbəsindən saytımıza bildiriblər ki, transseksual yeni  ümümvətəndaşlıq pasportu almaq üçün mütləq cinsini dəyişdirdikdən sonra aldığı doğum haqqında şəhadətnaməsini, şəxsiyyət vəsiqəsini və cinsinin dəyişdirilməsini təsdiqləyən tibbi arayışı onlara təqdim etməlidir. İdarədən qeyd etdilər ki, bu sənədləri təqdim etdikdən sonra cinsini dəyişən şəxsə yeni ümumvətəndaşlıq pasportu verilir. 

Anar Kəlbiyev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI