Modern.az

Üç paytaxtdan keçən yol - Bir səfərin təəssüratları - FOTOLAR

Üç paytaxtdan keçən yol - Bir səfərin təəssüratları - FOTOLAR

4 Aprel 2013, 13:06

Elçin Mirzəbəyli

…Adətən səfər qeydləri aparmıram. Yaddaşıma yazılanları sonradan qələmə almağı daha çox sevirəm. Bu səbəbdən də səfərə dəftərsiz, qələmsiz və bilgisayarsız çıxıram. Bu dəfə də elə oldu…
…Ta gənclik illərimdən ömrümün əhəmiyyətli hissəsi yollarda, dəmir yol vağzallarının, hava limanlarının gözləmə salonlarında keçib. Saysız-hesabsız xatirələrim var səfərlərimlə bağlı. Kağız üzərinə, yaxud bilgisayar yaddaşına köçürmək üçün bir ömür belə yetməz…
Amma bu, mənim həyatımın ən unudulmaz səfəri oldu. Daha doğrusu, özündən öncəki bütün səfərlərin təəssürat və xatirələrini kölgədə qoyacaq bir yolçuluq…

Bakıdan Ankaraya da 2 saat, Ankaradan Ankaraya da…

…Bu yolçuluq Ankaradan, Esenboğa hava limanından başladı. Hava limanının xarici xətlər çıxışında adımın yazıldığı lövhəni görmədiyim üçün aylardan bəri üzərimə yüklənmiş neqativ enerjini günəşli, küləkli paytaxt havası ilə təmizləmək qərarına gəldim. Çıxış qapısına doğru addımladıqca, nədənsə Azərbaycan Hava Yollarının rahat və yüksək komfortlu aerobusunda sərnişinlərin üzərinə kin püskürən orta yaşlı qadın bələdçini xatırladım. Beləsini sərhəd-gömrük məntəqəsinə nəzarətçi qoysan ölkəyə bir nəfər də ayaq basmaz.
Bələdçi qadınla bağlı düşüncələrimi geridə buraxıb …Ankaranın soyuq və küləkli havasını siqaret tüstüsü qol-boyun edib ciyərlərimə çəkirəm. Hava limanını ətrafını dolaşıram, sərinləşdirici içki almaq üçün avtomat cihaza qarşı savaş açan həmvətənlərimizə yardımçı olmağa çalışıram, nəzarətçilərlə, taksi sürücülərilə söhbətləşirəm və nəhayət Bakıya zəng açıb «Türküstan» qəzetinin baş redaktoru Aqil Camaldan TÜRKSOY-dakı dostlarımızla təmas yaratmaq üçün telefon nömrəsi istəyirəm (Telefon kitabçamı Bakıda unutmuşdum). Və…
…Beləcə 2 saat ötüb keçir və Ankaranın tıxaclarından birtəhər qurtulub hava limanına gəlib çıxa bilən gülərüzlü Yusif bəylə birgə qonaqları qarşılamaq üçün (görünür Esenboğa hava limanında keçirdiyim 2 saat özümü ev sahibi kimi hiss etməyim üçün yetərli imiş) gözləmə salonuna keçirik. Bir qədər sonra Yusif bəydən ayrılıb, daxili xətlər qapısına doğru sözün əsil mənasında yürüyürəm… Başqırdıstan və Tatarıstandan gələn qonaqlar birbaşa reys olmadığı üçün Ankaraya İstanbuldan uçmaq məcburiyyətində qadıqları üçün daxili xətlər qapısında bir müddət gözləməli oluram və Bakıdan özümlə gətirdiyim daha bir siqaretin tüstüsünü Ankaranın təmiz havasına qovuşdururam. Nəhayət Başqırdıstan və Tatarıstandan olan xanım həmkarlarım gəlib çıxırlar. Onlara yaxınlaşıb arxalarınca çətinliklə sürüdükləri yüklərinə yardım etmək istəyirəm. Ehtiyat etdiklərini görüb (Deyəsən məni taksi sürücüsünə bənzətmişdilər…) Azərbaycandan gəldiyimi deyirəm və yalnız bundan sonra onlara yardım etməyimə razı olurlar…
…Yusif bəyin avtomobilinə yaxınlaşanda Şimali Kiprdən gələn həmkarımız da bizə qoşulur və beləcə bir neçə günlüyə də olsa Esenboğa hava limanının məndən, mənim isə gözləmə salonundan canım qurtulur.
Tanışlığımız isə Yusif bəyin avtomobilindən, yoldan başlayır:
Məndən ehtiyatlanan xanımlardan biri — Samiqa Qafarova Başqırdıstan Dövlət Televiziya və Radiosunun «Türkavaz» proqramının rejissorudur. Samiqa Türkiyə türkcəsində mükəmməl danışır, Azərbaycan türkcəsini isə bizim bəzi rusdilli və rusbaşlılardan daha yaxşı bilir.
Digər yol yoldaşım Ruzilya Muhametova Tatarıstanlıdır. Tatarıstan Mədəniyyət Nazirliyində çalışır.
Ali Gürtekin isə Şimali Kipr Türk Cümhuriyyətində yayımlanan «Vətən» radiosunun rəhbəridir.
Yol boyu ortaq tariximizdən, mədəniyyətimizdən danışırıq. Samiqa Azərbaycanı çox sevdiyini və ölkəmiz haqqında öz proqramında daim söz açdığını deyir. Əli Gürtekin ilə tanışılığımızın tarixçəsi isə bir neçə il öncəyə, Şimali Kiprə ilk dəfə səfər etdiyim zamana təsadüf etdiyi üçün, onunla ortaq dostlarımız haqqında danışırıq.
Səhər saatlarından qonaqları qarşılamaq məqsədilə bir neçə dəfə hava limanına gəlmək zorunda qalan Yusif bəyin yorğunluğunu unutdurmaq üçün Şəki lətifəsi danışıram. Əslində məqsədim həm də hava limanında gözlədiyim 2 saatı xatırlatmaq və bu gözləntini xoş bir təəssürata çevirməkdir: «Şəkidən Bakıya da 3 manat, Bakıdan Bakıya da?» sözlərini deyər-deməz salonu qəhqəhə bürüyür və təbii ki, lətifənin əlavəsi də məndən gəlir: «Bakıdan Ankaraya da 2 saat, Ankaradan Ankaraya da?»
…Otelə çatırıq və təxminən 2 saat sonra (yenə 2 saat…) TÜRKSOY-un mərkəzi qərargahına yola düşürük.

«Alaçıq»da görüş


TÜRKSOY-da bizi ən əziz qonaqları kimi qarşılayırlar. Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı, Türkiyənin, Qazaxıstanın, Başqırdıstanın, Tatarıstanın… təmsilçiləri bizə elə bir doğmalıq göstərirlər ki, sözlə ifadə etmək mümkün deyil.
Yeri gəlmişkən, TÜRKSOY-da Elçin adına xüsusi bir münasibət bəslənildiyinin şahidi oldum. Qısa bir müddətdən sonra məlum oldu ki, bu münasibət Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlıya olan sevgi və sayğıdan qaynaqlanır.
…Elçin Qafarlının bələdçiliyi ilə TÜRKSOY-un qərargahıyla, təşkilatın fəaliyyətdə olduğu 20 il ərzində gördüyü işləri əks etdirən foto-sərgi ilə tanış oluruq.
Bir qədər sonra alaçıq üslubunda inşa edilmiş konfrans salonunda TÜRKSOY-un baş katibi Düsen Kaseinov və türk dövlətləri və muxtariyyətlərinin təmsilçilərilə görüş başlayır. Düsen Kaseinov TÜRKSOY-un 20 illik fəaliyyətindən, bu müddət ərzində görülən işlərdən danışır. 2013-cü ilin böyük Qazaxıstan bəstəkarı Muqan Tölabayev ili elan olunduğunu bildirir, TÜRKSOY-un Basın Onur Ödülünə layiq görülən hər kəsi ayrı-ayrılıqda təbrik edir.
Bütün çıxış edənlər kimi mən də TÜRKSOY-un türk xalqlarının həyatında oynadığı roldan, Azərbaycan kütləvi informasiya vasitələrinin, mədəniyyət və incəsənət xadimlərinin, ədəbiyyat adamlarının ortaq türk mədəniyyətinin təbliğinə, türk xalqlarının inteqrasiyasına verdikləri töhfədən, bu istiqamətdə ölkəmizdə həyata keçirilən çoxsaylı layihələrdən söhbət açıram. Ortaq türk mədəniyyətinin, tarixinin təbliğ olunmasının, türk xalqları arasında mədəni əlaqələrin genişləndirilməsinin təkcə TÜRKSOY-un deyil, türk soyundan olan hər bir şəxsin müqəddəs vəzifəsi olduğunu vurğulayıram.
…TÜRKSOY-un müasir «alaçığından» ayrılıb Mukan Tölabayev ilinin açılışına və TÜRKSOY Basın Onur Ödüllərinin təqdimatına həsr olunmuş mərasimdə iştirak etmək üçün Ankara Dövlət Rəsim və Heykəl Muzeyinə doğru yol alırıq.

Mukan Tölebayev kimdir?

Muğan Tölebayev 13 mart 1913-cü ildə Qazaxıstanın Almata şəhərinin yaxınlığında yerləşən Karaşığan kəndində doğulub. 1933-cü ildə Almata Ali Müəllimlik Məktəbini bitirib. 1938-1941-ci illərdə təhsilini Moskva Konservatoriyasında davam etdirib. 1942-1944-cü illər arasında Almata Xalq Çalğı Orkestrinin rəhbəri kimi fəaliyyət göstərib.
1953-cü ildən etibarən Kurmanqazı Konservatoriyasında müəllimliyə başlayıb.
1956-1960-cı illərdə Qazaxıstan Bəstəkarlar İttifaqının sədri olub. Tölebayevin «Birjan və Sara» adlı bəstəsi Qazax opera əsərləri arasında ən önəmlilərindən biridir.
Orkestr və kamera orkestri üçün yazdığı əsərlərlə yanaşı, əllidən çox romansları olan, şifahi xalq ədəbiyyatı nümunələrini orkestr üçün işləyərək mükəmməl sənət əsərlərinə imza atan Tölebayev, eyni zamanda teatr tamaşalarına və kinofilmlərin yazdığı müsiqilərlə məşhurdur.
Onun Yevgeni Brusilovski ilə bərabər yazdığı «Amangeldı» operası dünya opera sənətinin incilərindən sayılır. 

Ödül törəni


Mukan Tölabayev ilinin açılışı və mükafatlandırma mərasimi TÜRKSOY-un baş katibi Düsen Kaseinovun çıxışı ilə başlayır.
Daha sonra Türkiyə Mədəniyyət və Turizm nazirinin birinci müavini Özgür Özaslan, Ədalət və İnkişaf Partiyasının baş katibi, TÜRK PA-nın hüquq daimi komissiyasının sədri Haluk İpek, Qazaxıstan parlamenti senatının sosial-mədəni inkişaf daimi komitəsinin sədri Aman Bijanov, Qazaxıstan Respublikasının Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Canseit Tuymebayev və digər şəxslər çıxış edir və TÜRKSOY-un 20 illik fəaliyyəti barədə öz fikirlərini bildirdilər.
Çıxışlardan və xatirə hədiyyələrinin təqdimatından sonra Türkiyə Mədəniyyət və Turizm Hazirliyinin Türk Dünyası Musiqi Topluluğunun və Qazaxıstandan gəlmiş sənətçilərin ifasında Mukan Tölabayevin bəstələrini dinləyirik.
Tədbirin sonunda TÜRKSOY-un 2012-ci il üçün basın onur ödülləri sahiblərinə təqdim olunur.

Bütün türklərin babası…

…Ertəsi gün Qazaxıstan, Qırğızıstan, Başıqdıstan, Tatarıstan, Qaqauz Yeri və Qüzey Kiprdən gələn soydaşlarımızla yaxından tanış olmaq, ünsiyyət qurmaq imkanı əldə edirəm. Qazaxıstandan gələn həmkarlarımız istisna olmaqla, demək olar ki, heç kim rus dilindən istifadə etmir. Başqırdıstanlı Samiqa Qafarova daha öncə qeyd etdiyim kimi Türkiyə türkcəsində mükəmməl danışır. Qırğızıstanlı Tınçtıkbek Çoroyev də həmçinin…
Tınçtıkbek Çoroyev Beynəlxalq Qırğız Tarix Qurumunun sədridir, yazardır. Olduqca maraqlı insandı… Zarafatından bir an belə qalmır. Söhbət zamanı tez-tez «Azərbaycan türkləri», «Qırğızıstan türkləri», «Başqırdıstan türkləri», «Türkiyə türkləri» ifadələrini işlədirəm. Gülərək üzümə baxıb deyir: «Bəlkə «Azərbaycan qırğızları», «Türkiyə qırğızları» deyək?»
«Olsun, bu mənim üçün heç bir narahatlıq yaratmır», — deyirəm.
Eşitdiyinə özü də inanmır:
- Doğrudan?
- Əlbətdə Tınçtıkbek! «Qırğızıstan azərbaycanlıları», «Azərbaycan qırğızları», «Qazazıstan tatarları»… istədiyin kimi deyə bilərsən. Son nəticədə eyni qanın daşıyıcılarıyıq.
Tınçtıkbek yenə öz zarafatından qalmır:
- Amma bütün türklərin babası qırğızlardır…
Zarafata zarafatla cavab verirəm:
- Belə anlaşılır ki, sən mənim babamsan… Amma mənim babam Cəlil bəydi, Tınçtık bəy deyil… Amma heç ürəyini sıxma, biz qardaş olduğumuz üçün daha geniş tarixi anlamda Babalarımız eynidir! Eyni soyun davamçılarıyıq!
…Daha sonra Tınçtıbek Çoroyev, Qırğızıstandan olan digər soydaşımız Emilbek Momunov, qaqauz Dmitri Papazoğlu, tatar Ruzilya Muhametova, başkir Samiqa Qafarova və digər qandaş və bacılarımızla ortaq tariximizdən, mədəniyyətimizdən, bizi birləşdirən, bütövləşdirən dəyərlərimizdən danışırıq…
Söhbətin sonunda üzündən təbəssüm əskik olmayan Tınçtıbek uca səslə bəyan edir:
- Bunlar öz yerində, amma bütün türklərin babası qırğızlardır!
Salonu qəhqəhə bürüyür. Xanımlar Tınçtıbekin inadına son qoymaq üçün «Olsun, Tınçtıbek! Onsuz da babamız yaşındasan», — deyib müzakirəni yekunlaşdırmaq istəyirlər. Amma sən saydığını say, gör Tınçtıbek nə sayır…
Ertəsi gün Eskişehirə yola düşürük və yol boyu Tınçtıbek Çoroyevin «baba»lıq iddiaları davam edir (Eskişehirlə bağlı təəssüratları başqa bir yazıda qələmə alacağam).
…Ayrılıq anı çatır. Oteldən ayrılıb hava limanına yola düşürük. Ankaraya ayrı-ayrı dövlətlərin, muxtar qurumların təmsilçiləri kimi gəlmişdik. Ankaradan isə qəlbimizdə bütövləşmiş başkır, qırğız, qazax, tatar, azərbaycanlı sevgisini aparırıq. Üç paytaxtdan, mənim üçün Bakıdan (digərləri üçün Astanadan, Bişkekdən, Ufadan, Kazandan, Lefkoşadan…), Ankaradan və Osmanlının ilk başkəndi olan Eskişehirdən keçən yollar TÜRKSOY-da birləşdi, Türk Soyunda bütövləşdi…
Əlimizdə TÜRKSOY-un Basın Onur Ödülü, köksümüzdə Türk olmağın qüruru… yurd yerlərimizə qayıdırıq.
Bir səfər də belə başa çatır, Yol isə davam edir…



P.S. Səfər boyu yol, məslək və əqidə yoldaşlarımın Azərbaycana olan sevgisini hər an hiss elədim. Türk dünyasının mənəvi bütövlüyü üçün ən çətin şərtlər çərçivəsində belə mücadilə aparan bu insanların Azərbaycanı görmək üçün necə can atdıqlarını sözlə ifadə etmək mümkünsüzdür. Xüsusilə də başkırdıstanlı bacımız Samiqa Qafarovanın…
Amma Samiqa Azərbaycana Türk Dünyası ilə bağlı keçirilən müsabiqənin qalibi kimi gəlmək istəyir… Arzun çin olsun, əziz bacım!

P.P.S. Son olaraq, verdikləri mənəvi dəstəyə görə TÜRKSOY-a, Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna, Azərbaycan Mətbuat Şurasına, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığımı bildirirəm.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI