Modern.az

Ümid Partiyasının puç olan ümidləri...

Ümid Partiyasının puç olan ümidləri...

8 Aprel 2013, 11:30


Oxucularımız xatırlayırsa, “...Partiyamızdır!”layihəsinə başlamışdıq. Artıq Azərbaycan Milli İstiqlal Partiyası haqqında qısa tarixi arayışa nəzər salmışıq. Modern.az bu dəfə Ümid Partiyası haqqında məlumat verəcək.

Müxalif addımlar

Ümid Partiyası 1993-cü ildə təsis edilib. Elə həmin ildə də Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib. Partiyanın qurucusu və ilk sədri “Qızıl Qələm”mükafatı laureatı, jurnalist Əbülfət Əliyev olub. 2002-ci ilin axırlarından partiyanın sədri İqbal Ağazadə seçilib. Bundan sonra partiyanın fəaliyyətində bir canlanma müşahidə olunub. 2003-cü il prezident seçkisi ərəfəsində, Müxalifətin Koordinasiya Mərkəzinin təşkil etdiyi aksiyalarda Ümid Partiyası da öz qüvvələri ilə iştirak etməyə başladı.

Prezident seçkisinə gedən yolda Müsavatın müttəfiqi

Bu aksiyalarda Ümid Partiyasının aktivlik göstərməsi artıq diqqəti cəlb edirdi. Kütləvilik baxımından Ümid Partiyasının aparıcı müxalifət partiyaları ilə birgə aksiyalarda iştirakı media və beynəlxalq təşkilatların diqqətini cəlb edir. 2003-cü ilin may ayının 9 –da partiyanın Ali Məclisi prezident seçkisində iştirak etmək üçün qərarını açıqladı. Belə ki, həmin il keçiriləcək prezident seçkisində İlham Əliyevin ən güclü rəqibi olan Müsavat başqanı İsa Qəmbərin namizədliyini dəstəkləməklə “Bizim Azərbaycan” blokuna qoşulmaq barədə qərar çıxardı. Bundan bir az sonra may ayının 21-də Müsavat Partiyası ilə ikitərəfli saziş imzaladı. Xatırladaq ki, “Bizim Azərbaycan” blokunda 30-dan çox partiya və 70-ə yaxın ictimai təşkilat birləşirdi.

“İrana da etiraz etmək əzmindəyik”

Həmin ilin iyunun 30-da Güney Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarının pozulmasına etiraz olaraq, İranın Bakıdakı səfirliyi önündə aksiya keçirən Ümid Partiyası buna etirazını bildirib. Lakin aksiya polis tərəfindən dağıdılıb. Bir neçə partiya üzvü saxlanılaraq həbs edilib. Bu aksiya Ümid Partiyasına olan marağı daha da artırdı.

Həmin dövrdə Azərbaycan  prezidenti olmuş Heydər Əliyev səhhətində yaranmış problemlə əlaqədar xaricdə müalicə olunurdu. Lakin Heydər Əliyevin verdiyi fərman və sərəncamlar Ümid Partiyasını qıcıqlandırırdı. Səbəb kimi isə onu göstərirdilər ki, bu fərman və sərəncamlar əslində Heydər Əliyevin adından verilir. Bunların hüquqiliyin şübhə altına alan Ümid Partiyası bu barədə tez-tez bəyanatlar verirdi. Bu fərman və sərəncamların tanınması istiqamətində siyasi partiyaları və ictimai təşkilatları birgə əməkdaşlığa çağırırdı.
2003-cw ilin avqustun 5-də İlham Əliyevin baş nazir təyin olunmasına etiraz əlaməti olaraq Ümid Partiyası aclıq aksiyası keçirirdi. Nəhayət 2003-cü ilin oktyabrında keçirilən prezident seçkisinin nəticələrinə etiraz əlaməti olaraq müxalifət tərəfdarları ilə mitinq təşkil etdilər.

Ayrılan yollar və nisbi sakitlik

Aksiyada fəallıq göstərmiş Ümid Partiyasının sədri İqbal Ağazadənin mitinqdən iki gün sonra deputat toxunulmazlığı statusu götürüldü. Həbs edilərək saxlanan İqbal Ağazadə 2004-cü ilin oktyabrın 22-də  Ağır Cinayətlərə dair Məhkəmənin qərarı ilə 3 illik müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırıldı. Həmin il keçirilən bələdiyyə seçkilərində Ümid Partiyası iştirakdan imtina edərək öz etirazlarının yeni formatını cəmiyyətə çatdırdılar. İqbal Ağazadənin həbsdə olması bir çox beynəlxalq təşkilatı ciddi narahat edirdi və məhz təzyiqlər nəticəsində partiya sədri 2005-ci ilin 20 martında əfv edilərək azadlığa çıxdı. Bir neçə ay sonra isə “Bizim Azərbaycan” blokunda təmsilçilikdən imtina etməklə Müsavat Partiyası ilə ikitərəfli əməkdaşlığa qərar verdi.
2008-ci ildəki prezident seçkisində də iştirak edən Ümid Partiyası İqbal Ağazadənin namizədliyini irəli sürdü.  2005-ci və 2010-cu ildə keçirilən parlament seçkilərində İqbal Ağazadə qələbə qazanaraq Milli Məclisin deputatı oldu. Hal-hazırda da Milli Məclisdə Ümid Partiyasını İqbal Ağazadə təmsil edir.
2013-cü il prezident seçkisində iştirak etməklə bağlı Ümid Partiyası qərarlı olduğunu açıqlayıb və İqbal Ağazadənin namizədliyini irəli sürüb. Xatırladaq ki, Ümid Partiyası “Qarabağ bloku”nda yer alır.

Aqşin Kərimov

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI