Modern.az

Putinin yaxın ətrafı oğlanlarını səfərbərlikdən yayındırır - Kimlər oğul, kimlər qız atasıdır...

Putinin yaxın ətrafı oğlanlarını səfərbərlikdən yayındırır - Kimlər oğul, kimlər qız atasıdır...

Reportaj

23 Sentyabr 2022, 15:50

Rusiya prezidenti Vladimir Putinin Ukraynada aparılan müharibə ilə əlaqədar qismən səfərbərlik elan etməsi ölkədə birmənalı qarşılanmayıb.

Müdafiə naziri Sergey Şoyqu döyüş təcrübəsi olan, hərbi ixtisaslara malik olan vətəndaşların ehtiyatdan səfərbərliyə çağırılacağını bildirib. O, təxminən 300 min nəfərin səfərbər olunacağını qeyd edib.

Qismən səfərbərliyə 35 yaşa qədər sıravi və çavuşlar, 50 yaşınadək kiçik rütbəli zabitlər, 55 yaşınadək yüksək rütbəli zabitlər çağırılırlar.

Artıq iki gündür Rusiyada səfərbərlik əleyhinə etiraz aksiyaları keçirilir. Ölkənin müxtəlif regionlarında insanlar Ukrayna ilə müharibədə iştirak etməyə qarşı çıxırlar. Aksiyalara çıxan yüzlərlə etirazçı həbs edilib.

Səfərbərliyə çağırılacağından ehtiyat edənlər həm də kütləvi şəkildə müxtəlif yollarla Rusiyadan qaçmağa çalışırlar.
 

Bu arada Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun oğlu ilə bağlı bir məsələ həm ölkə mətbuatının, həm də xarici KİV-lərin gündəm mövzusu olub.


Belə ki, "Populyar siyasət"  internet kanalının aparıcısı Dmitri Nizovtsev özünü hərbi komissarlığın nümayəndəsi kimi təqdim edərək canlı yayımda Peskovun oğlu Nikolaya zəng vurub. O, Nikolay Peskova çağırış vərəqəsi göndərildiyini deyərək, Moskva Hərbi Komissarlığında tibbi müayinədən keçməyə dəvət edib.


Nikolay Peskov isə “bilirsiniz ki, mən cənab Peskovam, ora getməyimin nə qədər yanlış olduğunu başa düşməlisiniz”, - deyə cavab verib. Peskovun oğlu məsələni başqa müstəvidə həll edəcəyini deyib.


Söhbətin sonunda Nizovtsev sorğu vərəqəsində Peskovun oğlunun adının qarşısına könüllü olaraq cəbhəyə getməyə razılıq verdiyini bildirən işarə qeyd etməyin mümkün olub-olmadığını soruşduqda, N.Peskov belə cavab verib: “Xeyr, mənim adımın qarşısına belə işarə qoymağa ehtiyac yoxdur".


Bununla da Nikolay Peskov səfərbərlikdən boyun qaçırdığını dolayısı ilə nümayiş etdirib.


Rusiyada səfərbərliyə qarşı çıxan insanlar nəinki yüksək vəzifəli, hətta orta və aşağı çinli məmurların da öz övladlarını bu prosesdən kənarda qoyacağını düşünürlər. Elə əhalini qəzəbləndirən məsələ də budur.

Yeri gəlmişkən, Dmitri Peskovun bir yox, üç oğlu var.

Modern.az saytı Rusiya mənbələrinə istinadən yüksək vəzifə tutan bəzi məmurların övladları ilə bağlı kiçik bir araşdırma aparıb: kimin səfərbərliyə yaşı düşən oğlu var?

Xarici işlər naziri Sergey Lavrovun bir qızı var - 1982-ci il təvəllüdlü Yekaterina Vinokurova.
Bir sıra biznes obyektlərinin sahibi olan Yekaterina iş adamı Aleksandr Vinokurovla evlidir. Onların 2010-cu il təvəllüdlü Leonid adlı bir oğlu var.
Lavrovun Rusiya və İsrail vətəndaşlığına malik olan kürəkəninin yaşı səfərbərliyə düşür. Amma onun bu prosesə cəlb olunacağını heç kim gözləmir.

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, hakim “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedevin bir oğlu var - 1995-ci il təvəllüdlü İlya.
İlya Medvedev “Vahid Rusiya” partiyasının üzvüdür. Onun şərab biznesi olduğu, Moskvanın bahalı ərazilərindən sayılan Rublyovkada yaşadığı bilinir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun üç oğlu, iki qızı var. Böyük oğlu Nikolay 1990-cı il təvəllüdlüdür. O, Peskovun ilk arvadı Anastasiya Budyonnadan dünyaya gəlib.
Dmitri Peskovun ikinci arvadı Yekaterina Solotsinskayadan bir qızı və iki oğlu doğulub. Qızı Elizabet 1998-ci il təvəllüdlüdür. Oğlu Mika isə bu il 18 yaşını tamam edib. Digər oğlu Denis hələ 18 yaşını tamam etməyib.
2010-cu ildə üçüncü dəfə evlənən Peskov fiqurlu konkisürən Tatyana Navka ailə qurub. Bu nikahdan 2014-cü il təvəllüdlü Nadejda adlı bir qızı var.
 

Müdafiə naziri Sergey Şoyqunun iki qızı var. Böyük qızı Yuliya Şoyqu (1977-ci il təvəllüdlü) evlidir. Onun əri Aleksey Zaxarov (1971-ci il təvəllüdlü) Rusiya baş prokurorunun müavinidir.
Kiçik qızı Kseniya Şoyqu (1991-ci il təvəllüdlü) fitnes-blogger Aleksey Stolyarovla evlidir. Şoyqunun kürəkənlərinin yaşı səfərbərliyə çağrılmağa imkan verir.


Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin iki oğlu var. Böyük oğlu Dmitri Patruşev 2018-ci ildən Rusiyanın kənd təsərrüfatı naziridir.
Kiçik oğlu Andrey hazırda “Qazprom” Şirkətində İdarə Heyətinin üzvüdür.


Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Gerasimovun bir oğlu var və o da atası kimi hərbçi zabitdir. Amma müharibə bölgəsində xidmət etmir.
 

Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəisi Sergey Narışkinin bir oğlu və bir qızı var.
Oğlu Andrey Narışkin 1978-ci il təvəllüdlüdür. “Energoproekt” QSC-nin baş direktorunun müavini vəzifəsində çalışır.
 


Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurasının sədr Valentina Matvienkonun 1973-cü il təvəllüdlü Sergey adlı bir oğlu var. O, “VTB-Development” QSC-nin baş direktorudur. Bundan əlavə, Sergey Matvienkonun "İnkişaf, nəqliyyat, təmizlik və media bazarı sahəsində fəaliyyət göstərən 28 törəmə müəssisəsi olan "İmperiya" QSC-nin sahibi olduğu qeyd edilir.

Baş nazir Mixail Mişustinin üç oğlu var. Böyük oğlu Aleksey 7 iyul 1999-cu ildə anadan olub.
Qismən səfərbərlik elan edildikdən sonra "Populyar siyasət" YouTube kanalının aparıcıları hərbi komissarların işçiləri adı altında Alekseyə də səfərbərlik məntəqəsinə gəlmək tələbi ilə zəng ediblər. Baş nazirin oğlu isə deyib ki, magistratura pilləsində oxuduğu üçün səfərbərliyə çağrıla bilməz. Həm də onu əlavə edib ki, döyüşmək həvəsi yoxdur və təhsilini davam etdirmək istəyir.

Mişustinin ortancıl oğlu Aleksandr da (2000-ci il təvəllüdlü) 2019-cu ildən Moskva Dövlət Texniki Universitetində təhsil alır.
Kiçik oğlu Mixail (26 may 2009-cu il təvəllüdlü) Moskva məktəblərindən birində oxuyur.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikovun da səfərbərliyə yaşı düşən oğlu var – Denis Bortnikov. O, 19 noyabr 1974-cü il təvəllüdlüdür.

Moskva meri Sergey Sobyanin isə iki qız atasıdır.

Elə prezident Vladimir Putinin də iki qızı var...


A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!