Modern.az

Səfir xanımları, müğənnilər və cangüdənlərin birgə namaz qıldığı məsciddən REPORTAJ

Səfir xanımları, müğənnilər və cangüdənlərin birgə namaz qıldığı məsciddən REPORTAJ

9 Aprel 2013, 10:34

Zöhrə Avdullayeva və Nazpəri Dostəliyevanı birləşdirən “İttifaq”


Məscidə ilk dəfə nə zaman ayaq basmışam? Kiminlə getmişəm? Nədənsə xatırlamıram. Yadımda yalnız sonuncu dəfə mürdəşirlə reportaja görə bir il bundan qabaq getdiyim gün qalıb. O zamandan da jurnalist həmkarlarım mənimlə zarafat edir ki, “ay Şahanə, mürdəşirlə fotosöhbət sənin ən yaxşı yazındır. Buna görə sənə mükafat da düşür – bir qutu İran xurması”.

Allah həmkarlarıma günah yazmasın, yadımdadır ki, bir saat ərzində müsahiblərimlə işimi bitirib, məscidi tələm-tələsik tərk etmişdim. Amma 60 dəqiqənin məndə hər bir anı fərqli idi. Məsciddə diqqətimi çəkən sakitlik, insana hüzur verən sükut vardı. Eyni zamanda da bəzən bu sükutdan doğan darıxdırıcılıq.
Bu dəfə necə olacağını bilmirdim. Və...

Qara maşınlar, dilənçilər, bir də “Əjdərbəy” məscidi

Deyəsən, el arasında “Göy məscid” adlanan “Əjdərbəy” məscidinə çatırıq axı. Bu qara maşınlar nədir görəsən? Yəqin, meyitdaşıyan maşınlardır, mütləq... Dilənçilər də məscidin divarları boyu elə düzülüblər ki, sanki bu maşınlara, ya bələdçilik ya da ki, onları mühafizə edirlər. Onlardan kimisi səkinin üstündə oturub “pul qazanır”, kimisi də “gərgin iş növbəsi”ndə fasilə verib “peraşki” yeyirdi.

Hamını birləşdirən “İttifaq”

Bu da “Göy məscid”in həyəti. Bir qıraqda durum ki, çox da diqqət çəkməyim. Çünki burada məndən başqa xanım yoxdur, üstəlik, məscidin həyətinə başı açıq girmişəm. Yaxşısı budur ki, fotomüxbir gedib axunda desin ki, razılaşdığımız kimi gəlmişik. Mən də o qayıdana qədər müşahidəmi işə salım. Bəs mənə demişdilər ki, Cümə günü məsciddə iynə atmağa yer olmur?! Həyətdə çox da adam yoxdur. Yəqin ki, əksəriyyət içəridə günorta namazını qılır. İlıq günəşin şüaları, içəridə namaz qılanların səslərinin uğultusu, həyətdə dayanan, girib-çıxan insanlar... Amma yenə də beynimi qurcalayan ayrı bir məslə var. Görünür, elə-belə deməyiblər ki, dünyanın işindən heç fələk də baş açmır. Bir zamanlar bacının qardaşa iradından sonra tikilən bu məscid barədə kim deyərdi ki, bu gün küləklər şəhərinin ən gözəl məbədlərindən biri olacaq... Belə ki, bu müqəddəs məbəd müsəlmanların birliyinin rəmzi kimi ilk vaxtlar “İttifaq” məscidi adı ilə tanınıb. 1912-1913-cü illərdə tanınmış xeyriyyəçi Əjdər bəy Aşurbəyov tərəfindən onun şəxsi vəsaiti hesabına tikilib. O zaman bu ziyarətgah 400 nəfərin ibadəti üçün nəzərdə tutulubmuş. Bakının mərkəzində qərar tutmuş, özü kimi tarixi də qədim və zəngin olan “Əjdərbəy” məscidinin özəlliyi ondadır ki, o hələ də xalq arasında “Göy məscid” və ya “İttifaq məscidi” kimi adlanır.



Məscidin tikilmə tarixi çox maraqlıdır. Deyilənlərə görə, Nabat xanım Xoca bəy qızı Aşurbəyli-Rzayeva Təzə Pir məscidini tikdirməyə başladıqda qardaşı Əjdər bəy ona kömək təklif edir. Nabat xanım isə cavabında, “əgər belə imkanınız və hünəriniz varsa, gedin, özünüz bir məscid tikdirin” deyir və köməkdən imtina edir. Belə olduqda Əjdər bəy Aşurbəyov 1905-ci ildə məscid tikdirmək qərarına gəlir və indiki “Göy məscid”in əsası qoyulur. “Göy məscid” bu günə qədər İslam dininin hər iki məzhəbindən olan müsəlmanların birlikdə namaz qıldıqları yeganə məkandır. Və xeyriyyəçi Əjdər bəyin məzarı məscidin girişində yerləşir.

“Burada kimləri gördüm deməyin, kimləri görmədim deyin“



“Gedək, axunda dedim, çağırdı ki, gəlin”. Fotomüxbirimizin səsi məni fikrimdən ayırır... İçəri - axundun otağına keçirik. “Salam-sağ ol”dan sonra axund Hacı İlham söhbətə başlayır: “Sizə deyirdimmi həftənin 5-ci günü sıxlıq olacaq!? Sözümün üstündə də dururam, özünüz də şahidi oldunuz”.

Beləliklə, axund Hacı İlhamla elə bu fonda söhbətə davam edirik: “Cümə gününün namazı da adından bəlli olduğu kimi insanların bir yerə cəmləşməsindən söhbət gedir. Cümə günləri bu məscidə müxtəlif müsəlman ölkələrinin səfirləri, konsulları, əhli-sünnə məzhəbindən olan insanlar daha çox toplaşır. Türkiyə səfirliyinin 100-dən çox işçisi var ki, hamısı bura gəlir”.

Axunddan buraya tanınmış insanlardan kimlərin gəlib-getdiyini soruşuram: “Siz burada Azərbaycanın tanınmış insanlarından “kimi gördüm” deyil, “kimləri görmədim” söyləyin. Bizim dövlət adamlarından tutmuş incəsənət adamlarına kimi hamını burada görmək olar. Nadir Bayramlı, Alim Qasımov və bir çox incəsənət adamları 5-ci günlər bura gəlib namaz qılırlar.”

Cangüdənlər səfirlər və konsullarla birgə namaz qılır

Məscidə göz gəzdirəndə orta yaşlı nəslin nümayəndələrinin daha çox təşrif buyurduğunun şahidi oluruq. Axund bunu belə izah edir:
“Xırda uşaqlara adətən məscidə gəlməyə şərait yaradılmır. Onlar yalnız valideynləri ilə gəlirlər. Amma dərs vaxtında gələndə biz onları buraxmırıq. Məscidə də kütləvi şəkildə gənclər və orta yaşlı nəslin nümayəndələri, 25-30-45 yaş arasındakı adamlar gəlir. Mənə elə gəlir ki, bu daha yaxşıdır. Məsələn, Türkiyədə ki, məscidlərdə də olmuşam və görmüşəm ki, cavanlardan daha çox yaşlı insanlar məscidə gəlirlər. Bu gün başqa məscidlərə də gedib baxsanız görərsiniz ki, 70 yaşında olan adamlar azdır. Mən hesab edirəm ki, bu insanlar sovet hökumətinin güclü təbliğat dövrünə düşüb və həyatlarının böyük bir qismi onunla bağlıdır”.

Axundu illər ərzində bura gəlib namaz qılan insanları müşahidə edən bir psixoloq da hesab etmək olar. Namaz qılıb, dua edən insanların səmimiliyini necə gördüyü də maraqlıdr”:
“Qəlbləri bilən Allahdır. Heç kəs heç kimin qəlbini oxuya bilməz. Camaat gəlir, Allahın əmrini yerinə yetirir. Kim nə edir özünə edir. Mən inanmıram ki, məscidə gələn adam və ya mütəmadi namazlarda iştirak edən, ibadətdə daim duran adam ciddi bir problem yaratsın. Nə qədər olmaya ibadət onun qarşısını alar”. 


Maraqlısı budur ki, məscidə təşrif buyuran səfirlərin, konsulların mühafizəçiləri də namaza qoşulur: “Bizim məscidin öz işçiləri var və onlar özləri nəzarət edirlər. Mühafizəçilər özləri də gəlib onlar ilə bir yerdə namaz qılırlar. Burası tam əmin bir yerdir. Düzdür, bura gəlib namaz qılanların üstlərini yoxlamırıq. Məsciddə həm də kameralar var, hər bir tərəfdə çəkirlər. Elə olur ki, məscidə bir dəfəyə iki minə yaxın adam yığışıb namaz qılır. Məsciddə vəhhabiləriəin olmasına gəlincə, dəqiq bir məlumat yoxdur. Vəhhabi gəlib demir ki, mən vəhhabiyəm. Bütün məscidlərdə onlardan bir az ehtiyat olunur. Burada onların prinsiplərinə uyğun söhbət aparılmır axı”.

Axundla söhbətimə son verirəm. Namazdan sonra yenicə həyətə çıxan insanlarla ünsiyyət qurmaq üçün təcili çölə çıxıram (Bu səfər daha tədbirli davranıb axundun bağışladığı yaylığı bağlamağı da unutmuram). 

Həmsöhbətlərim olan insanlardan kimi deyir ki, şəhərdə tanıdığı məscid elə buradır, kimi də deyir ki, evinə, işinə yaxındır, biri isə “məscidin fərqi nədir ki, birlikdə namaz qılırıq” deyir.

Düzü, həmin gün tanınmış insanlara rast gəlməsəm də, xarici ölkələrin müxtəlif nümayəndələrini də “görmədim” desəm, yalan olar. Türkiyədən gəlmiş Nazim Tərzi məscidin çıxışlarının çox olmamasını və içərinin bir az isti olmasından şikayətlənir.

...Artıq insan izdihamı dağılır. Məsciddə səs-küy azalır, məbəd yenidən sakitliyə qovuşur.

“Birdə görürsən məscidə gələn qızlar intihar etmək istəyir...”

Məscidə namaz qılmağa gələn kişilərin sayı qadınlardan xeyli çox olsa da, “xanımların da namaz qıldığı yerə baş çəkmək vacibdir” deyib 3-cü mərtəbəyə qalxıram. Burada ilk yanaşdığım xanım Kərbəlayı Xırdaxanımdır. Deyir ki, məscidə gənc xanımlar namazı, Quranı öyrənməyə, namaz qılmağa gəlirlər. O da bu məsciddə işləyir və xanımlara bu işdə kömək olur.

“Bir də görürsən kimsə ailəsindən narazı halda gəlir, ona təskinlik veririk, yol göstəririk ki, belə olmaz. Birdə görürsən ki, biri gəlib deyir ki, başına bir iş gəlib, elə vəziyyətdədir ki, istəyir intihar etsin. Onu da  yola gətiririk ki, səbirli ol... Tanınmışlar arasından isə burda namaz qılmağa İran səfirinin xanımı, müğənni Zöhrə Abdullayeva, Nazpəri Dostəliyeva gəlir”.

Namazdan sonra qonşuları ilə dini söhbət edən tatar xanımı Rəfiqə ananın isə 80 yaşı var, hər həftənin Cümə günü buraya namaz qılmağa gəlir.
“Hər 5-ci gün gəlirəm. Allahın məhəbbəti məni Məkkəyə aparıbsa, mən nə üçün məscidə getməyim!? Əgər mən haqq yoldayamsa, evə mələklərlə girirəm”.

Xanımlarıla söhbəti bitirib aşağı mərtəbəyə doğru enirəm. Qarşıma çıxan qadınların kimisi namaz qılır, Quran oxuyur, söhbət edir, kimisi isə başını şəbəkəli arakəsməyə söykənib, göz yaşı içərisində söhbətdən qaçır. 

Artıq vaxtdır, bu sükutu, həmahəngliyi pozmadan həyətə çıxıram və redaksiyaya vaxtında çatmaq üçün tələsirəm. Yenə də qara maşınlar dayanıb, dilənçilər öz işlərindədirlər. Mən isə beynimdə artıq reportajıma giriş axtarıb, keçidlər edirəm, diktofonun yazıb yazmadığı haqqında düşünürəm....


Şahanə Rəhimli
Anar Kəlbiyev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI