Modern.az

Hər günü 27 sentyabr kimi YAŞAYANLAR...

Hər günü 27 sentyabr kimi YAŞAYANLAR...

27 Sentyabr 2022, 09:18

27 sentyabr - iki il öncə Vətən müharibəsinin başlandığı, Azərbaycanın şanlı tarixinə şəhidlərimizin qanı ilə yazılan gün...

 

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd olunur. Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

 

Bu gün xalqımız Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini qürurla yad edir, onların qarşısında baş əyərək, ehtiramını bildirir.

 

27 sentyabr həm də Azərbaycan xalqının dəmir yumruq kimi birləşdiyi qürur günüdür.

 

Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər isə qürur mənbəyimizdir. İllər ötsə də, bizə qələbə sevincini bəxş edərək, 30 illik Vətən həsrətinə son qoyan qəhrəmanlarımızın əziz xatirələri daim qəlbimizdə yaşayacaq. 

 

Onları bir an belə unutmamışıq, unutmayacağıq...

 

Böyük Zəfərimizin başladığı günü şəhidlərimizin ailələri həm Anım, həm də Qürur günü kimi qeyd edirlər. Onlar 27 sentyabr tarixini sanki bu gün olmuş kimi yada salırlar.

 

Vətən Müharibəsində şəhidlik məqamına ucalan qəhrəmanlarımızın xanımları müharibənin ilk günü ilə bağlı xatirələrini Modern.az-la bölüşüblər.

 

Onlar azad Azərbaycana fəxrlə baxırlar...

 

 

Şəhid Səyavuş Kəlbalıyevin həyat yoldaşı Pərvanə xanım deyir ki, 27 sentyabr xatirələrindən heç vaxt silinməyəcək: 

 

“Sentyabr ayı başlayanda hər gün 27 sentyabrı təkrar yaşayacam deyə, həyəcan keçirirəm. Sanki sonuncu dəfə yoldaşımla danışacam və bir daha onu eşitməyəcəm. Güllə və top səsi, həyəcan siqnalı eşidəcəm sanki. Yoldaşımı axtarmağım, lakin tapa bilməməyim...

 

Füzuli rayonunda gördüklərim ömür boyu yaddaşımdan silinməyəcək. Artıq iki ildir ki, 27 sentyabr tarixində Səyavuşun timsalında bütün şəhidlərimizi yad edirik. Bu il də Səyavuş Kəlbalıyev üçün hərbçilərin iştirakı ilə anım tədbiri keçirəcəyik. Biz bu tarixi yas kimi deyil, vətənpərvərlik ruhunda qeyd edəcəyik. Səyavuşa və digərlərinin şəhidliyinə yaraşan şəkildə. Çünki onlar elə bir zirvədədirlər ki, olduqları məqamdan azad etdikləri Azərbaycana fəxrlə baxdıqlarından əminəm”. 

 

Özümü onun var olduğuna inandırmışam

 

Şəhid Zaur Ələsgərlinin xanımı Vəfa Ələsgərli söyləyir ki, bu gün hələ də ona yuxu kimi gəlir:

 

“Sabah yoldaşımın ziyarətinə - Şəhidlər Xiyabanına gedəcəyəm. İki il ötsə də, mənə heç nə aydın deyil, yuxudayam sanki. Oyanacam və xoşbəxtliyimiz, ailəmiz qaldığı yerdən başlayacaq. Zaurun yoxluğunu qəbullana bilmirəm, çünki var olduğuna inandırmışam özümü”. 

 

Həm qürurlu, həm də kədərli tarix

 

Şəhid mayor Rüfət Əsgərovun həyat yoldaşı Arzu xanım bildirib ki, 27 sentyabr yaddaşında silinməz izlər buraxıb: 

 

"O gündən artıq 2 il ötür, amma biz həmin anları yeni olmuş kimi yaşayırıq. Eyni qorxu, eyni həyəcan... Rüfətsiz həyat çox çətindir. Həm qürurlu, həm də kədərli tarixdir.


Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ali zirvəyə yüksəlmək hər kəsə nəsib olmur. Bizim borcumuz onları hər daim yaşatmaqdır. Rüfət mənim və övladlarımın əbədi olaraq qəlbindədir. Bütün özəl günlərdə ilk ünvanımız Rüfətin məzarı olur, ondan xeyir-dua alırıq".

 

Bundan artıq Vətən sevgisi necə olsun?!

 

Şəhid Vüsal Qənbərlinin xanımı Könül Qənbərova deyir ki, Anım Gününü həm kədər, həm də qürurla qeyd edir:

 

"Vüsal sentyabrın 21-də könüllü olaraq təlimlərə qoşulmuşdu, müharibənin olacağından xəbərim yox idi. Evdən çıxanda söz verdi ki, sağ-salamat gələcək və mənə gül buketi alacaq. Amma hər şey əksinə oldu. İndi mən onun soyuq məzarına güllər düzürəm. Onun həyatda olmadığına inanmaq çox çətindir. Gözüm hər döyülən qapıda, qulağım hər gələn zəngdə Vüsalı axtarır. Məncə, insanın bu həyatda itirə biləcəyi ən dəyərli varlıq yoldaşıdır, çünki onun yoxluğunun təsəllisi yoxdur. Məni ən çox üzən odur ki, Vüsalın bir nəfər də olsun döyüş yoldaşı sağ qalmayıb, onlar da şəhid olublar. Biz onun döyüşdə nələr etdiklərindən, necə vuruşduğundan xəbərsizik. Amma mənim yoldaşım qorxmaz və şücaətli idi, bilirəm ki, mərdliklə vurşub. Vüsal yaralı olduğu halda belə, Xocavəndi azad etmək arzusunda olub, bundan artıq Vətən sevgisi necə olsun axı".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər