Modern.az

Ruslar hara qaçırlar... - ARAŞDIRMA

Ruslar hara qaçırlar... - ARAŞDIRMA

28 Sentyabr 2022, 13:40

Rusiya Prezidenti Vladimir Putinin sentyabrın 21-də elan etdiyi qismən səfərbərlik hərbi xidmətə qoşulmaq istəməyən vətəndaşlar arasında böyük çaxnaşma yaradıb. Təxminən bir həftədir ki, çox sayda Rusiya vətəndaşı hava limanlarına və sərhəd qapılarına axışaraq ölkəni tərk edir. 

 

Rusiya vətəndaşlarının qaçış istiqamətləri arasında Türkiyə, Gürcüstan, Bolqarıstan, Ermənistan və Finlandiya kimi ölkələri göstərmək olar. 

 

Modern.az xəbər verir ki, qismən səfərbərlik qərarından sonra ölkəni tərk edən rusların ən çox üz tutduğu ölkə Gürcüstandır. Gürcüstan rəsmiləri bu ölkəyə gələn Rusiya vətəndaşlarının sayının təxminən iki dəfə artdığını bildiriblər.

 

Görünən odur ki, müharibədən qaçan rusların ilk ünvanı olan Gürcüstanda yeni immiqrasiya dalğası alovlanıb.

 

 

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri mediaya açıqlamasında Rusiyadan Gürcüstana gələnlərin sayının kəskin artdığını diqqətə çatdırıb:  "4-5 gün əvvəl Gürcüstana hər gün 5-6 min Rusiya vətəndaşı gəlirdisə, bu rəqəm bir gündə 10 minə çatıb".  

 

Rusiya vətəndaşlarının ikinci ən çox üz tutduğu ölkə Qazaxıstandır.  

 

Qazaxıstan Prezidenti Kasım Comert Tokayev ölkəsinə gələn Rusiya vətəndaşlarının sayında nəzərəçarpacaq artımın olduğunu söyləyib.

  

 

"Rusiyadakı vəziyyətə görə, son vaxtlar çoxlu sayda rusiyalı ölkəmizə gəlir. Biz onların qayğısına qalmalı və təhlükəsizliyini təmin etməliyik”,- deyə Prezident bildirib.  

 

Putinin qismən səfərbərlik qərarından sonra Rusiya vətəndaşlarının Türkiyəyə, əsasən də Antalyaya axını davam edir. 

 

Məlumata görə, Rusiyadan Antalyaya gündə 90 uçuş həyata keçirilir. Çarter reyslərinin oktyabrın sonuna qədər dolu olduğu bildirilir. Bundan əlavə, yeni gələnlərlə yanaşı, hazırda Türkiyədə olan rusiyalı turistlərin istirahət vaxtlarını artırdığı deyilir.

 

Rusiya ilə sərhədi bağlamayan Finlandiyada da vəziyyət acınacaqlıdır. Finlandiya Sərhəd Mühafizəsi bəyan edib ki, bazar günü ölkəyə 8000-dən çox Rusiya vətəndaşı daxil olub. Bu da Putinin səfərbərlik elanından əvvəl gələnlərin sayından iki dəfə çoxdur. 

 

Finlandiya Sərhəd Mühafizəsinin hesabatında təhlükəsizlik mühitindəki son dəyişikliklərlə əlaqədar ölkənin Rusiya ilə sərhədinin bir hissəsində hasarın çəkilməsi tövsiyə olunub. Hesabatda hasarın inşasının rusların ölkəyə daxil olmasının qarşısını alacağı bildirilib. Lakin ölkənin Sərhəd Mühafizəsinin rəisi Pasi Kostamovaara təklif olunan hasarın Finlandiyanın şərq sərhədi boyunca 130-260 kilometr məsafəni əhatə edəcəyini deyib. 

 

Onun sözlərinə görə, hasarların tikintisi prosesi 2 və ya 3 il çəkəcək. 

 

Rusların qaçdığı digər ölkə isə Ermənistandır. Belə ki, Rusiyada səfərbərlik elan edildikdən sonra bir neçə saat ərzində paytaxt İrəvana uçuş biletleri tam satılıb. Oktyabr ayı üzrə uçuş qiymətləri isə iki dəfə artıb. 

 

 

Rusiya vətəndaşları müxtəlif istiqamətlərdə qaçmağa davam edərkən, səlahiyyətlilərin hava limanlarında kişilərin hərbi statusunu və geri dönüş biletlərini yoxladığı məlum olub. Rusiya rəsmiləri vətəndaşların ölkəni tərk etməmələri üçün xüsusi tədbir görülmədiyini iddia etsə də, son günlər sosial şəbəkələrdə yayılan görüntülərdə rus əsgərlərinin Rusiya-Gürcüstan sərhədinə göndərildiyi əks olunub.

 

Şahidlərin dediyinə görə, əsgərlər ordudan qaçanların axtarışına başlayıb. Lakin Rusiyadan verilən açıqlamada sərhəddəki əsgərlərin yalnız avtomobil izdihamını idarə etmək üçün orada olduqları vurğulanıb. Digər tərəfdən, Moskva hərbi xidmətdən qaçan rusların ekstradisiyasını tələb etməyəcəyini açıqlayıb. 

 

Kremlin sözçüsü Dmitri Peskov ötən gün mətbuata müsahibəsində ehtiyat qüvvələrin qismən səfərbərlik çərçivəsində səfərbər edilməsi zamanı səhvlərə yol verildiyini etiraf edib.  

 

Səfərbərlikdən qaçan rusların bir qisminin Azərbaycana gəlməsi barədə iddialar yayılsa da, bu haqda hər hansı rəsmi açıqlama verilməyib. Onu da bildirək ki, Rusiyadan Azərbaycana yalnız hava nəqliyyatı ilə gəlmək mümkündür. İki ölkənin quru sərhədləri pandemiyadan sonra bağlanıb və indiyədək açılmayıb.

 

Aviabietlərin qiymətinə gəlincə, "Azərbaycan Hava Yolları" QSC bu yaxınlarda rəsmi informasiya yayıb. Qeyd olunub ki, Moskva-Bakı marşrutu üzrə biletlərin maksimal qiyməti ekonom sinif üzrə 409 avro, biznes sinifi üzrə 769 avro, “VIP Club” tarifi üzrə isə 869 avrodur.

 

AZAL-la yanaşı, Rusiyadan Azərbaycana uçuşlar "Aeroflot", "Rossiya", "Utair", "Azimuth" və digər aviaşirkətlər tərəfindən də həyata keçirilir. Hər bir aviaşirkət öz qiymət siyasətini müstəqil şəkildə formalaşdırır. Aviabiletlərin qiymətləri birbaşa reysə olan tələbatdan, təyyarədə qalan yerlərdən, alış tarixindən, uçuş mövsümdən və bir sıra digər kriteriyalardan asılıdır.

 

Onu da bildirək ki, bir neçə gün öncə Rusiya prezidenti Vladimir Putin Cinayət Məcəlləsinə “səfərbərlik”, “hərbi vəziyyət”, “müharibə vaxtı” kimi anlayışları daxil edən qanunu imzalayıb. Dövlət Duması qanunu sentyabrın 20-də, Federasiya Şurası isə sentyabrın 21-də təsdiqləyib.

 

Cinayət və Cinayət Prosessual Məcəlləsinə edilən dəyişikliklərə görə, səfərbərlik və hərbi vəziyyət zamanı bölməni 2 gündən 10 günədək icazəsiz tərk edənlər Rusiya Federasiyası Cinayət Məcəlləsinin 337-ci maddəsinə əsasən, 5 ilədək həbs ediləcək. Həmçinin icazəsiz tərk etmə müddəti 10 gündən 1 ayadək olarsa, 7, 1 aydan artıq olarsa, 10 ilədək azadlıqdan məhrum etmə cəzası veriləcək.

 

Könüllü təslim olanları 10 ilə qədər həbs, müharibə zamanı talançılıqla məşğul olanları isə 15 ilə qədər həbs cəzası gözləyir.

 

Xatırladaq ki, sentyabrın 21-də Vladimir Putin Rusiyada qismən səfərbərlik elan edib. Səfərbərliyin ehtiyatda olan və hərbi xidmət keçmiş vətəndaşlara aid olduğu bildirilir. Müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə, bu qərar Rusiyanın ümumi səfərbərlik resursunun təxminən 1 faizini əhatə edəcək və 300 min ehtiyatda olan hərbçi döyüş bölgəsinə göndəriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı