Ömür-gün yoldaşım Aidə xanımın əziz xatirəsinə
Əzizm Aidə, sənsizliyimdən düz iki il ötür. Bu məktub mənə iki əsr kimi görünən bu müddətdə sənə yazdığım üçüncü məktubdur. Özün oxuya bilməsən də ruhunun gözləri ilə onları oxuyursan, əminəm ki, o nisgilli, həsrət dolu sözlərim sənin ruhuna hopubdur. Axı bu iki ildə elə bir dəqiqə olmayıb ki, mən sənin ruhunla dərdləşməyəm.
Əzizim, yadındamı, yarı zarafat yarı ciddi tez–tez mənə deyərdin ki, bu qədər kitab yazmısan, onun heç birini mənə ithaf etməmisən. Mən isə cavabımda səni inandırmaq istəyirdim ki, şərqdə hələ də qəbul olunmayıb ki, sağ olan həyat yoldaşına əsər ithaf olunsun. Sən isə zarafatla deyirdin: “ölməyimimi gözləyirsən”. Talehin gərdişinə bax...
Bu müddətdə qərbdə iki yeni nəzəriyyəmi, ümumiləşmiş qərar qəbul etmə və dayanıqlıq nəzəriyyələrini əhatə edən bir kitab çap elətdirdim. Bu kitab düşünürəm ki, yazdıqlarım bütün kitablar içərisində ən qiymətlisidir. Həm də ona görə ki, o kitabı sənin heç vaxt unudulmayan xatirənə, bir də sənin ürəyini xəstə salan oğlumuz Rahibin əziz və zərif xatirəsinə ithaf etdim. Keşkə ki, sən sağ olanda bu ithaf olmuş olaydı.
Əzizim Aidə, keşkəkilər hər gün ruhumu bədənimdən qoparır. Əziz dostum və qardaşım Ramiz Rövşənlə tez–tez görüşürəm və hər görüşəndə “Qara paltarlı qadın”dan söhbət düşür. Bu şeir milyonların ruhuna hakim kəsilmişdir. Bir dəfə Ramiz Rövşənlə bir görüşdən qayıdarkən nəvən Rafiq dedi ki, Ramiz müəllimin şeirləri özünün dilində, diksiyasında daha əzəmətli səslənir. O, hər dəfə “Qara paltarlı qadın”ı deyəndə mən yalnız sənin ruhunla söhbətləşirəm. Soruram: “ay Aidə, axı niyə mənim qara paltarlı qadınım olmadın”. Axı, niyə?...
...Hər kişinin öləndən sonra
Qəbri üstdə ağlamağa
Yeri-yeri qara paltarlı qadın,
Kiri-kiri qara paltarlı qadın.
Bu qəbir də min qəbirdən biridir.
Baş daşımı bəsdir basdın bağrına,
Bütün mənə ağlayanlar kiridi,
Sən də kiri, qəbrim damır ağlama...
Sonra isə özümə təskinlik verirəm. Deyirəm ki, Tanrının işinə heç kim qarışa bilməz. Bir gün gələcək ki, səninlə görüşəndə, qara paltarda yox, sənin və mənim çox xoşumuza gələn cəhrayı paltarında qarşıma gəlib əllərimdən tutanda, qəbrimə daması qəmli göz yaşların sevinc yaşı kimi ovucuma töküləcək.
Əzizim, hələlik bu qədər.
Həmişə sənin Rafiqin
Rafiq Əliyev