Modern.az

8 noyabrda yenidən doğulmuşuq - Şuşalı Salahovlar ailəsindən REPORTAJ

8 noyabrda yenidən doğulmuşuq - Şuşalı Salahovlar ailəsindən REPORTAJ

8 Noyabr 2022, 09:57

8 noyabr - əsrə bərabər gün... 

 

Əziz Şuşa, sənin azadlığa qovuşmağının 2 ili tamam olur. Bu gün bizim milli bayramımızdır.

 

Zəfərimizin bayramı...

 

2020-ci ilin payızında 44 günə tarix yazan igidlərimiz Qarabağın incisini düşmən tapdağından azad edərək, onu əsl sahiblərinə qaytardılar, şanlı bayrağımızı alınmaz qalamızda ucaltdılar. Misli görünməmiş bu qələbə bizi 30 ilin vicdan əzabından, məğlubiyyət damğasından xilas etdi. Şuşanın azadlığı alnımızdakı ləkəni silib ataraq, bizə həsrətində olduğumuz tarixi Zəfəri bəxş etdi.

 

Bu gün xalq olaraq sevinc içindəyik, xoşbəxtik, qürur duyuruq. Zəfər sevinci elə hisdir ki, onu ancaq yaşayanlar bilər. Elə Salahovlar ailəsi kimi...

 

Əslən Şuşadan olan Salahovlar doğma şəhərlərinin azad olunduğu günü əsl bayram kimi qeyd edirlər. Onlar üçün 8 noyabr tarixi həm də "məcburi köçkün" adından qurtuluş günüdür.

 

Modern.az-ın əməkdaşları Zəfər Günündə Fuad Salahovun ailəsinə baş çəkərək, onların bayram sevincinə şərik olublar.

 

 

Qapıdan içəri girər-girməz bizə göstərilən isti münasibət və qonaqpərvirlikdən hiss olunurdu ki, qarabağlı ailəsindəyik.

 

Ev sahibi Fuad Salahov: Xoş gəlmisiniz. Bu gün bizim Zəfərimizin bayramıdır. Hamılıqla bu günü qeyd etməyə hazırlaşırıq. Buyurun...

 

Jurnalist: Zəfər Günümüz mübarək olsun. Sizinlə Şuşamızın seyrinə çıxmağa gəlmişik...

 

Müsahibimiz Fuad Salahov Qarabağ qazisidir. O, Birinci Qarabağ müharibəsində iştirab edib, Şuşanın, Ağdərənin, Laçının azadlığı uğrunda döyüşüb.

 

- Şuşa azad edildikdən sonra Daxili İşlər Nazirliyinin göstərişi ilə biz 5 nəfər bələdçi kimi ora getmişdik. Onlardan biri Şuşanın keçmiş polis rəisi, qardaşımın komandiri idi. Atama zəng edib bildirdi ki, su xəttinin yerini bilmədiyimiz üçün Şuşaya gələn suyu aça bilmirik. Atam dedi, “get, Şor bulağının altındakı pavilyondan 20-30 addım aşağı düş. İndi ot basmış olar, ayağınla bir az qaz görəcəksən su borusu ordan keçir.

 

Beləliklə, işğaldan sonra Şuşaya ilk su atamın sayəsində gəlib. Çünki Şuşaya gedən su və qaz xəttini o çəkib. Şuşanın bütün sirlərini, yollarını atam hamıdan yaxşı bilir. Hansı bina neçənci ildə tikilib, kimin dönəmində inşa olunub, o binanın açılışında kimlər iştirak edib, bunların əzbər bilir.

 

- İki il öncəyədək Şuşa bizim üçün əlçatmaz idi. Şuşanın və digər rayonlarımızın işğal günlərini göz yaşları ilə anırdıq. İndi təqvimimizi qələbə günləri bəzəyir...

 

 

Fuad Salahov: Təəssüf ki, biz 30 ilə yaxın işğal günlərini ürək ağrısı ilə qeyd etmişik. İndi qalib xalqın nümayəndələriyik. Şuşamız azaddır. Biz qayıtmışıq. Ancaq o günləri də unuda bilmərik, acı da olsa, Şuşadan çıxdığımız o dəhşətli günlər xatirəmizdən çıxmır...

 

Mayın 5-də Kirs dağında posta idik. Şuşada iki Kirs dağı var: Ana Kirs və Bala Kirs. Avqust ayında o dağda qar olur, Şuşanın ən hündür yeridir. Mayın 8-nə kimi qadınları, uşaqları şəhərdən çıxarmışdılar. Amma anam Şuşadan çıxmamışdı. Atam idarə müdiri olduğu üçün çıxa bilmirdi, bizə deyirdi ki, qorxmayın, Şuşaya heç kim girməyəcək. Ermənilərin rabitə əlaqəsi ilə danışıqlarından eşidirdik ki, mayın 8-i Şuşaya hücum olacaq. Bilirdik ki, hücum olacaq, amma belə vəhşiliyi təsəvvür etmirdik.

 

Şuşanın işğal səbəblərindən biri o idi ki, ölkədə hərc-mərclik idi. Mayın 7-də Xalq Cəbhəsi Bakıda çevirilişə hazırlaşırdı, buna görə də Şuşadakı texnikaların, canlı qüvvənin 90%-ni Bakıya gətirmişdilər.

 

Kirs dağında 12 şəhidimiz, 9 itkinimiz oldu, yaralılar çox idi. Qayıtdım rayonun mərkəzinə ki, görüm anam haradadır. Ermənilər əsas magistral yolu bağlamışdı, amma İsa bulağının yanında bir qaz borusu var idi, atam çəkdiyi üçün o yolu yaxşı tanıyırdım. Həmin yolu təzəcə keçmişdim ki, atamın məni çağırdığını eşitdim. Bu yaşıma kimi bir dəfə atamın sözündən çıxmışam. Dedi ki, qalxma Şuşaya, ananı maşınla göndərmişəm. Bu dəfə atamı eşitmədim, qalxdım Şuşaya. Gördüm ki, ermənilər Şuşanı yandırır, yol meyitlərlə doludur.

 

Sözləri boğazında düyünlənən Fuad Salahov gözlərini bir nöqtəyə zilləyib söhbətə davam edir:

 

- Yaşadığımız binanın yandığını gördüm, düşündüm ki, evə qalxmaq istəsəm, ermənilər məni əsir götürəcək. Yaxın olduğum tək yer qaraj idi, orada atamın “UAZ” markalı maşını qalmışdı. Qarajın qapısını qırdım, maşına 4 təzə təkər atdım, amma maşın işə düşmədi, çünki benzini bitibmiş. Maşını 1 saat itələyə-itələyə gətirdim yancaqdoldurma məntəqəsinə, burada da benzin vurmaq üçün elektrik enerjisi yox idi. Çox çətinliklə maşına benzin vurdum, gecənin alatoranlığında Laçına çatdım. Atam Laçına gedib, məni gözləyirmiş, bilir ki, qorxum yoxdur. Orada atamla qarşılaşdıq, mənə bir şillə vurdu, sonra da boynumu qucaqladı, getdik. Çox ağır gün idi...

 

Jurnalist: Şükürlər olsun ki, ağrılı-acılı günlərimiz artıq geridə qalıb. Ordumuzun qazandığı qələbə həyatımızda yeni bir səhifə açıb...

 

Fuad Salahovun anası Fatma Salahova illərlə Şuşaya qayıtmaq üçün dualar etdiyini deyir.

 

Fatma Salahova: O günlər getsin, bir daha heç gəlməsin. Şuşadan çıxanda xeyli yolu piyada gəlmişdim. Ailəmi qoyub çıxmaq istəmirdim ki, pərəm-pərəm düşməyək. Şuşa alınanadək mən hər gün ölüb dirilirdim. Şükürlər olsun, Allah dualarımızı eşitdi.

 

- Bu illər ərzində ən böyük arzumuz Vətənimizi azad, firavan görmək idi. İki il öncə Qarabağın işğaldan azad olunması ilə ölkəmizin ərazi bütövlüyü bərpa olundu, Vətənimiz erməni işğalçılarından təmizləndi. Belə bir deyim var ki, vətən sərhəddən başlayır. Bəs sizin üçün vətən haradan başlanır?

 

Fuad Salahov: Vətən doğulduğum torpaqdan başlayır. Torpaq, yurd sevgisi vətən deməkdir. Vətəni heç nə ilə əvəz etmək mümkün deyil. Ana qədər doğma olur, əziz olur. Şuşanın işğalı dövründə kövrəldiyim, ağladığım anlar çox olub. Yəqin ki, hər birimiz xatırlayırıq, 2019-cu ilin 9 mayında Nikol Paşinyan Şuşada içkili vəziyyətdə yallı gedirdi. O görüntüləri izləyəndə bir azərbaycanlı kişisi olaraq özümə nifrət etdim. Həmin hissləri yaşamaq yerinə, ölmək daha yaxşı idi. Bu gün Şuşa bizimdir. Qarabağ bizimdir. Bundan sonra Paşinyanın Qarabağ torpağına ayağı belə dəyməyəcək. Bu qələbəni bizə yaşadan Prezidentimizə, şəhidlərimizə və qazilərimizə borcluyuq. Allah şəhidlərimizə rəhmət eləsin. Onlar qanları, canları ilə Qarabağı azad etdilər.

 

Söhbətimizin bu yerində evin ağsaqqalı, Fuad Salahovun atası Fərman müəllimi dinləyək...

 

 

Fərman Salahov:  Vətənin gərək qədrini biləsən. Hər canlı, hər adam vətənpərvər olmur. Ermənilərin hərəsi bir dərədən gəldiyi üçün onlar bilmir vətən nədi, vətən sevgisi nədir. Onların heç vaxt vətənləri olmayıb. Buna görə vəhşi kimi yaşayıb, qətllər törədiblər. Abidələri, mədəniyyət ocaqlarını dağıtmaq ancaq vandallara xas olan xüsusiyyətlərdir. 

 

Şuşalı ailənin Ağdamdan olan gəlini də o illərin xatirəsini bizimlə bölüşür.

 

Sevinc Salahova: Torpaqların işğal olunduğu dövrdə Xankəndi universitetində oxuyurdum. Yataqxanaya tanımadığımız ermənilər gəlirdi. Artıq qalan yeməyimizi aparıb qoyurduq mətbəxə, erməni qızları ya o yeməyi yeyirdi, ya da tökürdülər zibil qabına. Sonra universiteti köçürdülər Gəncəyə. Tələbəlik illərim keşməkeşli olub. O illəri, müharibə dövrünü heç vaxt unutmaram. Sərhədyanı rayonlarda hamilə gəlinlər, qızlar yemək tapa bilmirdilər, yoldaşları, qardaşları hamısı müharibədə idi. Şükürlər olsun ki, torpaqlarımız alındı, şəhidlərimizin, ana-bacılarımızın qanı yerdə qalmadı.

 

 

- 28 il həsrətini çəkdiyiniz Şuşaya getmisinizmi? Doğma şəhərinizdə ilk olaraq nəyi görmək istəyirdiniz?

 

Fuad Salahov: Şuşa azad edilən gün mən Suqovuşanda, qardaşım isə Şuşada idi. Qardaşım oradan şəkillər, videolar yollayırdı. Ziyarətə isə xeyli müddətdən sonra getmişdim, çünki qolum sınmışdı.

 

Şuşada ilk görmək istədiyim yer boya-başa çatdığım məhəllə idi. Sonra oxuduğum məktəbi, 10 il getdiyim o yolları görüb kövrəldim. Şuşanın Şəhidlər Xiyabanına əklil apardım. Qucağımda şəhid olan sinif yoldaşım Azər Biliyevi və digər şəhidlərin məzarlarını ziyarət etdim.

 

Fatma Salahova: Ötən ilin avqust ayında Şuşanı ziyarət etdik. Şuşada ilk görmək istədiyim yer evimiz idi. Şuşa sanki balacalaşıb, soyuqlaşıb. İnsan cavan vaxtı haylı-küylü olur, qocalanda isə sakitcə qıvrılıb qalır bir küncdə. Şuşa sanki bizdən küsmüşdü...

 

Duyğu dolu söhbətimizə ara verərək diqqətimizi Fərman dayıya yönəldirik.

 

(Döyüşdə Fuad Salahova məxsus avtomatın sənədinin fotosu)

 

Fərman dayı deyir ki, 2005-ci ildə Şuşada olan evini və qarajını özəlləşdirib:

 

“Hamı deyirdi ki, nə evin var, nə də qarajın. Olmayan şeyə görə niyə xərc çəkirsən? Amma mən torpaqların azad olunacağını bilirdim. Vətənin azad ediləcəyinə əmin idim. Ona görə də Şuşadakı evi və qarajı özəlləşdirməyə qərar verdim”.

 

Yenidən qayıdaq Fuad Salahova...

 

- Fuad müəllim, Birinci Qarabağ müharibəsində iştirak etmisiniz, 44 günlük Vətən müharibəsində isə arxa cəbhədə ordumuza dəstək olmusunuz. Təəssüratlarınızı bilmək istərdik.

 

Fuad Salahov: Hər iki müharibədə bir oxşar cəhət var idi, bu da Azərbaycan oğullarının mərdliyidir.  İllər ötsə də, içimizdəki vətən sevgisi heç dəyişməyib. Nəsildən nəsilə ötürülən bu sevgi indi daha da alovlanıb. Lakin iki müharibə arasında fərqli cəhətlər çoxdur. İlk müharibədə orduda birlik, nizam-intizam yox idi. İndi Müzəffər Ordumuz ölkəmizi yağı düşməndən qoruyur. Hələ Aprel döyüşlərində cəbhədə olan texnikalarımızı görüb sevincdən ağlamışdım.

 

(Şuşadakı Gül bağı - Fuad Salahov dostları ilə...)

 

- Vətən müharibəsi başlayanda heç düşünürdünüz ki, torpaqlarımız belə tezliklə azad olunar? 

 

Fuad Salahov: Sözün açığı, təsəvvürümə gətirməzdim ki, 44 günə 30 ilin problemi həll olunur, həm də müharibə yolu ilə. Bizim üçün sürpriz oldu. Çünki torpaqlarımızın işğal olunması 5-6 il çəkmişdi. Bu mənada müharibənin 44 günə bitəcəyini gözləmirdim. Ancaq qalib gələcəyimizə əmin idim. Azərbaycan Ordusunun əzəməti, gücü hesabına bu gün ölkəmiz azaddır.

 

- Nəhayət, 8 noyabr tarixi Vətən müharibəsinin dönüş nöqtəsi oldu. Xüsusilə Şuşa əməliyyatı sanki möcüzə kimi qiymətləndirilir. İki il öncə Şuşanın azad olunması xəbərini necə qarşıladınız?

 

- Şuşanın azad olunması xəbərini eşidib hönkür-hönkür ağlayırdım. Telefonuma saysız-heabsız zənglər gəlirdi, hamı məni təbrik edirdi. Torpaqlarımızın azadlıq xəbərini eşidəndə sevincdən ürəyim partlıyırdı. Şuşa azad olunan gün qanadımız olsaydı, uçub o yerlərə gedərdik. Sevincimizin həddi-hüdudu yox idi. İndi danışdıqca o anlar gözümün önündən bir kino kimi keçir. 

 

(Fuad Salayev 3 yaşı olarkən evlərinin həyətində)

 

- Yəqin ki, siz də izləyirsiniz, Şuşada sürətli bərpa və yenidənqurma işləri aparılır, şəhərdə əhalinin məskunlaşması üçün yaşayış binaları inşa olunur. Çox güman ki, gələn il Şuşaya qayıdış prosesinə başlanacaq.

 

Fuad Salahov: Bəli, səbirsizliklə o günü gözləyirik. Doğma şəhərimizə yenidən həyat qayıdıb. Şuşa əvvəlki tarixi görkəminə qaytarılır. Mənim bir istəyim var, yaxşı olardı ki, Şəhidlər Xiyabanı da təmir olunsun. 

 

- Bəs, Salahovlar ailəsi Şuşaya qayıtmağa hazırdırmı? Planlarınız nədən ibarətdir?

 

Fuad Salahov: Əlbəttə, icazə versələr bu gün qayıdarıq. İllərlə o günü görmək arzusu ilə yaşamışıq. Hətta deyərdim ki, Şuşaya iməkləyə-iməkləyə gedəcəyik. Bakının zəhərli havasına illərdi ona görə dözürük ki, bir gün torpaqlarımız qayıdacaq, orada yaşıyacağıq. Bakıda yaşadığım 3 gün Şuşadakı 1 günə bərabərdir. İnşAllah, bundan sonrakı həyatımıza Şuşada davam edəcəyik. Öz yurdumuzda ac-susuz belə qalmağa razıyıq, Şuşanın havası, mənzərəsi şəxsən mənim üçün hər şeydən dəyərlidir. Şəhidlərimizin qanı tökülən bu torpaqlar bizim üçün müqəddəsdir.

 

Torpaqların azadlığı uğrunda qəhrəmancasına şəhid olan igidlərin ruhu qarşısında baş əyirəm, belə qəhrəmanları dünyaya gətirən anaların əllərindən öpürəm. Allah qazilərimizə şəfa versin. Qələbəmizin memarı olan Ali Baş Komandan İlham Əliyevə ailəm adından təşəkkür edirəm. Bu gün alnıaçıq, başı uca gəziriksə, buna görə onlara minnətdarıq. 

 

 

Bu məqamda Fərman dayı deyir: Şuşanın dəyərini izah edimmi sizə? Azərbaycan qızıl üzükdür, Şuşa da onun brilyant qaşıdır. Allaha şükür edirəm ki, Zəfər Gününü qeyd etməyi bizə nəsib etdi. İndi rahatam, bilirəm ki, vətənimi Ordumuz qoruyur. Şuşa elə yerdir ki, haqqında çox söz demək olar. Saatlarla, günlərlə danışsaq da söhbətimiz bitməz. Fürsətdən istifadə edib xalqımın Zəfər bayramını təbrik edirəm, həmişə xoş günlər yaşayaq, pis günlərimiz geridə qalsın. 

 

Salahovlarla söhbətimizi yekunlaşdırıb, yenidən görüşənədək deyirik. Fərman dayının dediyi kimi, yada salmalı olduğumuz hələ xeyli xatirələr qalır.

 

Söz verdiyimiz kimi, bir gün mütləq görüşüb həmsöhbət olacağıq. Amma bu dəfə Bakıda yox, Salahovların Şuşadakı evlərində...

 

İnanırıq ki, o gün uzaqda deyil. 

 

Foto: Yusif Eyvazlı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı