Bir müddət əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Xocalı qətliamı zamanı hər iki valideynini itirmiş 25 gənclə görüş keçirilmişdi. Mili Məclis üzvləri Qənirə Paşayeva və Elman Məmmədovun da iştirak etdiyi görüşdə nazir Fizuli Ələkbərov “25-lər”in sosial müdafiəsi işinin daim nəzarətdə saxlanılması, onların maddi-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluqlarının təmin olunması və s. barədə nazirliyin müvafiq strukturlarına göstərişlər vermişdi.
Qeyd edək ki, Xocalı qətliamı zamanı hər iki valideynini itirmiş 25 gəncin problemlərini ilk dəfə Modern.az saytı qabardaraq, ölkə ictimaiyyətini bundan xəbərdar edib. Onların problemlərini araşdırarkən bizə o da məlum oldu ki, 1992-ci ildə baş vermiş qətliamdan 20 il keçməsinə baxmayaraq bu 25 gəncin heç birinin həlak olmuş valideyninə şəhidlik statusu verilməyib. Halbuki, ölkə qanunvericiliyinə görə, münaqişə zonasında erməni silahlı birləşmələri tərəfində qətlə yetirilən mülki vətəndaşlara da şəhid statusu verilməli və onların ailəsinə aylıq müavinət ödənilməlidir.
Hər iki valideynlərini itirmiş “25-lər” Modern.az-la əlaqə saxlayıb nazirlikdəki görüşdən sonra problemlərinin hələ də çözülmədiyini dilə gətiriblər. Onların müraciətlərini olduğu kimi çatdırırıq.
Xəzəngül Əmirova: “Bizə söz verilib ki, 25 nəfərin hamısı evlə təmin olunacaq. Mənə isə bildirdilər ki, ev verilənədək hər ay qaldığım mənzilin kirayə haqqı ödəniləcək. Amma bu ayda kirayə haqqını özüm vermişəm. Eyni zamanda nazirlik 25 nəfərdən 5-ni himayəyə götürüb və Qarabağ əlili olan Murad Məhərrəmova ev verilməsi barədə qərar qəbul edib. Dünən Nərimanov rayon Əmək və Əhalinin Sosial Müdafiəsı Mərkəzinə çağırıldım. Müəyyən sorğu-sualdan sonra məsələ bu günə saxlanıldı”.
Vəsilə Məhərrəmova: “II qrup əlil Məhərrəmov Murad Cəmil oğlunun mənzil şəraiti ağır olduğundan onun nazirlik tərəfindən müharibə əlilləri və şəhid ailələri üçün inşa etdilmiş binada mənzillə təmin olunması barədə tapşırıq verilib. Bizə isə ümumi olaraq bildirilib ki, valideynlərimizə şəhidlik statusu veriləcək və bizi mənzillə təmin edəcəklər. Bacım Vüsaləyə Sabunçu rayon Əmək və Əhalinin Sosial Müdafiəsı Mərkəzindən zəng edib, yoldaşının iş yerindən arayış gətirdikdən sonra sosial yardım veriləcəyi bildirilib. Mənə isə bir söz deməyiblər”.
Yasəmən Həsənova: “Valideynlərimizin şəhidlik statusu olarsa, sağ qalan şəhid övladlarına – yəni bizə sosial yardım verilə bilər. Buna görə də şəhidlik statusu almaq və mənzillə təmin olunmaq istəyirik. Qarabağ icmasında olan görüşümüzdən sonra mənimlə əlaqə saxlanılmayıb. Amma bacım Əfsanə ilə Sabunçu rayon Əmək və Əhalinin Sosial Müdafiəsı Mərkəzindən əlaqə saxlanılıb və bildirilib ki, lazım olan köməklik ediləcək”.
Mehdi Əliyev: “Valideynlərimizə şəhidlik statusu almaq və mənzillə təmin olunmaq istəyirik. İndiyə qədər mənimlə heç kim əlaqə saxlamayıb”.
Həmail Xəlilova: “Ev və işlə təmin olunacağıma söz vermişdilər. Bu ayın 15-nə kimi işlə təmin olunacağımı bildirmişdilər. Aprelin 13-də nazirliklə əlaqə saxladım. Oradan dedilər ki, ərizəniz hələ dünən çatıb. Yaşadığım rayonun sosial müdafiə mərkəzi tərəfindən çağırıldıqda “çörəkpulu” aldığımı və həyat yoldaşımın aylıq gəlirinin məbləğini öyrənəndən sonra bizə sosial yardımın düşməyəcəyini söylədilər”.
Yaşar Hüseynov: “Valideynlərimə şəhidlik statusu almaq və mənzil problemimin həll edilməsini istəyirəm. Dünən Nərimanov rayon Əmək və Əhalinin Sosial Müdafiəsı Mərkəzinə çağırıldım və mənə bildirildi ki, sosial yardım və ayıq kirayə haqqı veriləcək”.
Mübariz Həmidov: “Valideynlərimə şəhidlik statusu veriləcəyinə və mənzil probleminin həll olunacağına, əlilliyimə görə maşınla təmin ediləcəyimə söz verilib. Mənimlə hələ ki, əlaqə saxlayan olmayıb”.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədovla əlaqə saxladıq. İ.Məmmədovun sözlərinə görə, müraciətlərlə bağlı araşdırmalar aparılır və yaxın zamanlarda söz verilən məsələlər öz müsbət həllini tapacaq.
“Həmin vətəndaşların mənzil problemi ilə bağlı xahişləri nəzərə alınıb və Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət olunub. Müraciətlərlə bağlı araşdırmalar aparılır, müvafiq qurumlara tapşırıqlar verilib. Yaxın zamanlarda bu məsələlər öz müsbət həllini tapacaq. Sadəcə olaraq müəyyən məsələlər üçün vaxt tələb olunur. Həmin insanların yaşadıqları hər bir rayonun sosial müdafiə mərkəzlərinə tapşırılıb ki, onların aylıq kirayəhaqlarının ödənilməsi ilə bağlı müvafiq köməklik göstərilsin”.
Şahanə Rəhimli