Modern.az

Naxçıvan Ali Məclisinin sədri hansı halda vəzifəsini itirə bilər?..

Naxçıvan Ali Məclisinin sədri hansı halda vəzifəsini itirə bilər?..

28 Noyabr 2022, 17:26

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) son günlər Naxçıvanda keçirdiyi əməliyyatlardan sonra muxtar respublika gündəm mövzusu olub.

Bu əməliyyatlar nəticəsində bir sıra maliyyə yeyintilərinin üstünün açılması cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Ötən həftə Naxçıvan Muxtar Respublikası (MR) Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mənsur Əsgərov 132 milyon manat dövlət vəsaitini mənimsəməyə görə həbs olundu.

Bu gün isə Naxçıvan MR-in maliyyə naziri Rafael Əliyev eyni aqibəti yaşayıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 144 milyon manat dövlət vəsaitini mənimsədiyinə görə barəsində həbs-qətimkan tədbiri seçilib. 

Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün imzaladığı sərəncamla Naxçıvan MR Dövlət Gömrük Komitəsinin ləğv edilməsi və onun strukturu əsasında Naxçıvan Baş Gömrük İdarəsinin yaradılması barədə sərəncam imzalayıb.
 

Media və sosial şəbəkələrin yaydığı məlumatlarda Naxçıvanda həbslərin davam edəcəyi, hətta daha yüksək vəzifələrdə çalışanların məsuliyyətə cəlb olunacağı iddia edilir. Bəziləri isə daha da irəli gedərək, Naxçıvan MR Ali Məclisinin sədri Vasib Talıbovun vəzifəsini itirə biləcəyini qeyd edir.

Naxçıvan MR Ali Məclisindən söz düşmüşkən, qeyd edək ki, muxtar respublikanın qanunvericilik orqanı 1990-cı il 17 noyabr tarixli sessiyada qəbul edilmiş qərarla belə adlandırılıb.


Naxçıvan MR-in Konstitusiyasına görə, Ali Məclisin sədri muxtar respublikada ali vəzifəli şəxsidir. 

Ali Məclis 45 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi ilə seçilirlər. Ali Məclisin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

Naxçıvan MR Ali Məclisinin sədri bu qanunverici orqan tərəfindən seçilir, ona tabedir və ona hesabat verir. Yaşı 30-dan aşağı olmayan, Naxçıvan Muxtar Respublikasının ərazisində 5 ildən az olmayaraq daimi yaşayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Naxçıvan MR Ali Məclisinin hər bir deputatı sədr seçilə bilər.

Bəs Naxçıvan MR Ali Məclisinin sədri hansı hallarda vəzifəsini itirə bilər?

Modern.az saytı bununla bağlı Naxçıvan MR Konsititusiyasında təsbit olunmuş qaydaları təqdim edir.

Konstitusiyaya görə, sədr Naxçıvan MR Ali Məclisi tərəfindən geri çağırıla bilər.

MR Konstitusiyasının 30-cu maddəsinə əsasən, Ali Məclisin sədri istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini itirdikdə müəyyən edilmiş müddətdə yeni sədr seçilənə qədər onun səlahiyyətlərinin icrası Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, o da olmadıqda müavini tərəfindən yerinə yetirilir.

Konstitusiyanın 31-ci maddəsinə əsasən Naxçıvan MR Ali Məclisi sədrinin vəzifədən kənarlaşdırılması qaydası qanunverici orqanın Daxili Nizamnaməsi ilə müəyyən edilir.


Naxçıvan MR Ali Məclisinin ilk çağırışı 1990–1995-ci illəri əhatə edib.


Azərbaybaycan Respublikasının müstəqilliyi dövründə Naxçıvan MR Ali Məclisinə 4 nəfər rəhbərlik edib.


Afiyəddin Cəlilov
noyabr 1990 - aprel 1991 tarixlərində Naxçıvan MR Ali Məclisinin sədri olub.

O, 1946-cı il yanvarın 8-də Naxçıvan şəhərində anadan olub. 1969-cu ildə Leninqrad Dağ-Mədən İnstitutunu və 1981-ci ildə Moskvada İKP MK yanında İctimai EA-nı bitirib.

1969–1973-cü illərdə Naxçıvan duz mədənlərində mühəndis-mexanik işləyib. Sonralar 1973–1979-cu illərdə məsul komsomol, partiya və dövlət işində çalışıb, Naxçıvan Vilayət Komsomol Komitəsinin 1-ci katibi və Azərbaycan LKGİ Milli Komitəsinin katibi işləyib. 1979–1981-ci illərdə Azərbaycan Kommunist Partiyası Milli Komitəsinin təlimatçısı vəzifəsini tutub. 1981–1989-cu illərdə Bakı şəhəri Nəsimi rayonu partiya komitəsinin 1-ci katibi işləyib.

Afiyəddin Cəlilov 1989–1990-cı illərdə Naxçıvan Muxtar Respublikası Nazirlər Sovetinin sədri olub.
1990-91-ci illərdə Naxçıvan MR Ali Məclisinin sədri işləyib.

Afiyəddin Cəlilov 1992-ci ildən Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini seçilib.

O, 1994-cü il sentyabrın 29-da Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində qətlə yetirilib.


Heydər Əliyev
3 sentyabr 1991 - 15 iyun 1993-cü il tarixləri arasında Naxçıvan MR Ali Məclisinin sədri olub.

Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 

1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev əvvəlcə Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. 
Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. 

1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev, iyulun 24-də parlamentin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçilib.

O, 1998-ci il oktyabrın 11-də yenidən Azərbaycan Respublikasının prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib. 

ABŞ-ın Klivlend klinikasında uzun müddət müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.


Namiq Həsənov
aprel 1994 - iyul 1995-ci il tarixlərində Naxçıvan MR Ali Məclisinin sədri işləyib.

17 iyul 1944-cü ildə Naxçıvan MR Babək rayonunun Cəhri kəndində anadan olub.

1966-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakultəsini, 1981-ci illərdə Bakı Ali Partiya məktəbini bitirib.


Əmək fəaliyyətinə əvvəlcə müəllim kimi başlayan N.Həsənov sonralar. 1973–79-cu illərdə Naxçıvan şəhər Komsomol Komitəsinin birinci katibi olub.

1983–92-ci illərdə Naxçıvan MR Daxili İşlər Nazirliyində siyasi şöbə rəisi, nazir müavini vəzifələrində çalışıb.

1993-cü ilin yanvarında Naxçıvan MR Ali Məclisinin dövlət quruculuğu, yerli dövlət hakimiyyəti orqanları şöbəsinin müdiri vəzifəsinə keçib.


1994-cü ilin aprelində ölkə prezidenti H.Əliyevin tövsiyəsi ilə Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsinə seçilib, 1995-ci ilin iyul ayınadək Muxtar Respublikaya rəhbərlik edib.

1995-ci ilin iyulunda Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin edilib və 2000-ci ilin yanvarına kimi orada çalışıb. N.Həsənov 2020-ci ilin 8 sentyabr tarixində vəfat edib.


Vasif Talıbov
16 dekabr 1995-ci ildən hal-hazıradək Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsində işləyir.
1960-cı il yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Aralıq kəndində anadan olub. Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini və Bakı Dövlət Universitetinin Hüquq fakültəini bitirib.

1981-ci ildən Şərur rayonunun Dəmirçi kənd orta məktəbində müəllim, 1982-ci ildən Naxçıvan trikotaj paltarları fabrikində kadrlar üzrə təlimatçı, xüsusi şöbənin rəisi işləyib. 1991-ci ildən Naxçıvan MR Ali Məclisi sədrinin baş köməkçisi, 1994-cü ildən Naxçıvan MR baş nazirinin birinci müavini vəzifələrində çalışıb.
1995-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilib.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür.

V.Talıbov birinci, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

Naxçıvan MR 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiya ilə Azərbaycan Respublikasının tərkibində muxtar dövlət statusu alıb. 

Paytaxt Naxçıvan şəhərindən və 7 inzibati rayondan - Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz, Sədərək təşkil olunmuş Naxçıvan Muxtar Respublikası 5 şəhər (Naxçıvan, Ordubad, Culfa, Şərur və Şahbuz), 8 qəsəbə və 205 kənddən ibarətdir.

Moskva (1921-ci il, 16 mart) və Qars (1921-ci il, 13 oktyabr) müqavilələri imzalanarkən 6 min kvadrat kilometrdən artıq ərazisi olan Naxçıvan Muxtar Respublikasının torpaqları əsassız ərazi iddiası irəli sürən Ermənistan tərəfindən Moskvadakı güclü erməni lobbisinin himayəsi ilə, qanunsuz şəkildə və hissə-hissə ilhaq olunaraq (1924,1928, fevral 1929, may 1969) 5,3 min kvadrat kilometrə endirilib.  

Naxçıvan MR-in əhalisi 450 min nəfərdən çoxdur.
 

Azərbaycana qarşı ədalətsiz müharibəyə başlayan Ermənistan Respublikası tərəfindən 1991-ci ildən tam iqtisadi blokadaya alınan Naxçıvan MR Sədərək rayonunun Kərki kəndi 1990-cı il yanvarın 19-da ermənilər tərəfindən işğal olunub.


A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi