Modern.az

Qaraheybətdən gələn xəbər ad günü “hədiyyəsi” oldu - Şəhid polkovnikin ailəsindən REPORTAJ

Qaraheybətdən gələn xəbər ad günü “hədiyyəsi” oldu - Şəhid polkovnikin ailəsindən REPORTAJ

30 Noyabr 2022, 12:10

“Hamı onun şəhid olduğunu düşünərkən qapını açıb içəri girdi”

Qaraheybət hərbi poliqonunda baş vermiş dəhşətli helikopter qəzasından 1 il ötür. 2021-ci ilin 30 noyabr tarixində Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər yüksək rütbəli zabit şəhidlik zirvəsinə yüksəlib.

 

Onlardan biri peşəkar hərbçi, DSX-nin polkovniki 52 yaşlı Emil Nəzirovdur...

 

Hadisə baş verən günədək DSX-nin Xüsusi Hava Əməliyyatları Qüvvələri komandanının mühəndis aviasiya işləri üzrə müavini, Mühəndis Aviasiya şöbəsinin rəisi vəzifəsində çalışmış Emil Nəzirov Birinci və İkinci Qarabağ müharibələrinin də iştirakçısı olub.

 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan E.Nəzirov hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

Şəhid polkovnikin 3 övladı yadigar qalıb.

 

Modern.az-ın əməkdaşları Qaraheybət faciəsinin ildönümündə şəhid Emil Nəzirovun ailəsinə baş çəkib, doğmalarının onunla bağlı xatirələrini öyrənib.

 

Şəhidimizin qızı Leyla Nəzirli 3 bacının böyüyüdür. O, atası ilə keçən günlərini yada salaraq, Emil Nəzirov kimi qəhrəmanın övladı olduğundan qürur duyduğunu deyib.

 

Leyla Nəzirli: "Vətən müharibəsi başlayanda atam xaricdə ezamiyyətdə idi, oktyabrın əvvəli qayıtmalı idi. Döyüşlərin başlanmasından sonra onunla danışırdıq, çox həyəcanlı idi. Ezamiyyətin tezliklə bitməsini, vətənə qayıdaraq döyüşə getməyi arzulayırdı. Deyirdi ki, cavanlar döyüşə gedir, biz də mütləq getməliyik. Çox həvəsli idi. Beləliklə, xaricdən gəldi, elə səhəri gün döyüşlərə qoşuldu. Müharibə ərəfəsində bir neçə dəfə evə gəlmişdi. Döyüşlərdən danışırdı, şəhidlərimizə görə pis olurdu. Deyirdi ki, cavan oğlanlar şəhid olur, onlar bu dünyada hələ heç nə görməyiblər. Atam özünü nəzərdə tutaraq deyirdi ki, yenə biz qocalmışıq, həyatın hər üzünü görmüşük, cavanlar heyifdir. 

 

Evə gələndə çox gülərüz olurdu. Deyirdi hər şey yaxşı olacaq. Amma bizə onu da söyləyirdi ki, hər şey ola bilər, hər bir vəziyyətə hazır olun. Anama deyirdi ki, sən bilirsən də kimin yoldaşısan, bizə də söyləyirdi ki, siz bilirsiniz kimin ailəsisiniz. Atam bizim nəslimizin ən şən insanı idi, onun olduğu bütün məclislər çox gözəl keçərdi. Olduğu ortamda hər kəsin ürəyini açmağı xoşlayırdı. Özü musiqini çox sevərdi. Həm dinləməyi, həm də oxumağı. Elə biz üç bacı musiqi təhsili almışıq. Atam kənardan çox zəhimli görsənirdi, amma ürəyi yumşaq idi. Həmişə deyirdi ki, mən vətənə çox vaxt ayırmışam, amma sizə vaxt ayıra bilməmişəm. Bir az da səbr edin, təqaüdə çıxım, sizi hara istəsəniz, ora da aparacağam. Anamı Sankt-Peterburqa aparacağını söz vermişdi".

 

Qızının sözlərinə qüvvət verən şəhidimizin xanımı ömür-gün yoldaşı ilə birgə yaşadığı xoşbəxt günlərin onun üçün unudulmaz olduğunu söyləyib.

 

Mehparə Nəzirova: "Bizimlə vaxt keçirməyi çox sevirdi, ailəvi muzeylərə getməyi xoşlayırdı. Uşaqların fikirlərinə hörmətlə yanaşırdı, müasir düşüncəli insan idi. Onun bu evə gəlişi belə fərqli idi".

 

Ötən çağları göz yaşları ilə yada salan şəhid xanımı Emil Nəzirovun yoxluğuna dözə bilmədiyini bildirib.

 

Qızlardan biri söhbətə qoşulur: "Əvvəl gəlirdi, pəncərəni döyürdü, oradan bizi salamlayırdı, sonra girirdi içəri...."

 

Mehparə Nəzirova: "Qapının döyülməyindən bilərdik ki, ata gəldi. Artıq bir ildir ki, nə pəncərə döyülür, nə də o qapını açıb içəri girir... Odun-alovun içindən çıxmışdı, həm Birinci Qarabağ müharibəsində, həm Vətən müharibəsində böyük şücaət göstərdi. Onunla yeni ailə həyat quran vaxtlarda şəhid olduğu barədə xəbər gəlmişdi, hər kəs kədər içində gözləyərkən, o qapını açıb evə girmişdi. Gözlərimizə inana bilmirdik. Emil müstəqil Azərbaycan Ordusunun qurulmasında yaxından iştirak etmişdi. 2003-cü ildən Sərhəd Qoşunlarında xidmət edirdi".

 

Emil Nəzirov polkovnik rütbəsini şəhadətə ucalmasından 3 ay öncə almışdı. Onun hərbi rütbəsinin yüksəldilməsini ailəsi bayram əhval-ruhiyyəsində qeyd etmişdi.

 

Mehparə xanım həmin günü belə xatırlayır: "Emil rütbəsini alan kimi evə gəldi. Rütbəsi çiynində idi. Qapıdan girdi, nə baş verdiyini bilmirdim. Evə tez gəldiyinə görə çox sevindim. Fikirli idim. Əlini çiyninə vurdu, onda bildim ki, yeni rütbə alıb. Təbrik etdim. Hamı bu xəbəri sevinclə qarşıladı. Gözəl günlər idi".

 

Elə bu məqamda şəhidimizin kiçik qızı Aytən söhbətə qoşulur:

 

"Atama deyirdim ki, sənin oğlun yoxdur, amma mən evimizin oğluyam. Onunla bir-birimizə çox bağlı idik. Atam polkovnik rütbəsi ilə yanaşı, "Vətən uğrunda" medalına layiq görülməsinə görə çox sevinmişdi, bu xəbəri ona mən demişdim, əvvəl inanmamışdı, gözlərilə siyahıda adını görəndən sonra əmin oldu. Sevincinin həddi-hüdudu yox idi. Atamıza həmişə bu sözü deyirdik ki, sən bu vətənin polkovnikisən, amma bizim qəlbimizin generalısan. Səni daha zirvələrdə görmək istəyirəm deyirdim, amma mən şəhidlik zirvəsini nəzərdə tutmurdum. Amma indi atam ən uca zirvədədir".

 

Daha sonra qəhrəman zabitin qardaşı Abbas Nəzirov ilə söhbətimizə davam edirik. O, qardaşının uşaqlığından, incəsənətə maraq göstərməsindən və hərbiyə gəlişindən söz açıb: 

 

“Qardaşım böyük ürək sahibi idi. Həm qorxmaz, həm də bacarıqlı idi. Hərbi təhsilini başa vurduğu vaxtlar Birinci Qarabağ müharibəsinin kəskinləşdiyi dövrə təsadüf etdi. O, çətin keçən döyüşlərdə az sayda texniki təchizatla böyük şücaət göstərmişdi. Təyyarənin hər bir detalını əzbər bilərdi. O zaman 4 müxtəlif modifikasiyalı təyyarələrə uçuş icazəsi var idi. Gənc kadrları önə çəkirdi, dəstək olurdu və onlara bir çox mövzuda gözəl nümunə idi. Geyiminə, rütbəsinə hörmət edərdi. Qüsursuz olmağı çox sevərdi, mükəmməl insan idi. Şəhid xəbərləri gələndə hönkür-hönkür ağlayırdı, çox vətənpərvər insan idi, sonuncu müharibədən sonra kövrək olmuşdu, öz hərbçi yoldaşlarının şəhid olması onu sarsıtmışdı, yetirmələri olan gənclərin də şəhadətə ucalması Emilin böyük sarsıntı keçirməsinə səbəb olmuşdu. Necə ki, hərbçi yoldaşlarına dəstək idi, onlar şəhid olandan sonra ailələrinə də dəstəyini əsirgəmədi, yanlarında oldu. “Ömrümüzün sonuna kimi şəhid yadigarlarının yanında olmalıyıq. Bu, bizim boynumuzun borcudur” deyirdi".

 

“Artıq bir ildir ki, qardaşımın zənginə möhtacam”

 

Abbas Nəzirov: "Mənim qardaşım həm də sirdaşım idi. Emilin döyüş yoldaşları da onun haqqında bu sözləri deyirdilər. "Emil bizim atamızdır - yetimlərin atasıdır" deyirdilər. Qayğıkeş insan idi. Xidməti dövründə xırda qüsuru belə olmayıb".

 

Söhbətin bu yerində şəhidimizin həyat yoldaşı Mehparə Nəzirova müharibə zamanı yaşanmış bir hadisəni diqqətə çatdırıb:

 

“Qarabağ müharibəsində helikopter qəzası baş verib, orada Fəxrəddin Musayev şəhid olub. Emil həmişə deyirdi ki, mən bu gün yaşamağımda məhz ona borcluyam. Çünki həmin gün onlar Füzulidə 3 dəfə uçuş ediblər. 4-cü dəfə uçan zaman Fəxrəddin aralarında ən kiçik olan Emilə sən bu dəfə qal, çörək də yeməmisən, çörəyini ye, biz gedək, tez gələcəyik. Emil danışırdı ki, tikəm ağzımda qaldı, uçuşdan 10 saniyə sonra həmin helikopter vuruldu, həmin gün mən də şəhid ola bilərdim".

 

Abbas Nəzirov: "Emil də gəncləri təhlükədən uzaq tutur, onların önə getməsinə razı olmurdu. Elə qəzaya uğrayan helikopterə də bir çox hərbçinin minməyinə razı olmayıb, siz hələ gəncsiniz deyib, illər əvvəl özünə edilən hərəkəti təkrarlayıb və neçə insanın həyatını xilas edib. Bu çox qürurlu məqamdır".

 

Ailənin ortancıl qızı Nəzrin atasının yolunu davam etdirərək hərbini seçib. Nəzrin atası ilə son görüşünü bir an belə unutmadığını, onu tez-tez yuxularında gördüyünü vurğulayıb:

 

"Atamın geyindiyi formanı daşımaq mənim üçün fəxrdir".

 

Abbas Nəzirov qardaşının şəhid xəbərini anasına belə veribmiş: "Anama yaxınlaşdım, dedim Polad Həşimovun anasını tanıyırsan, ana. Bax, sən də onun kimi artıq şəhid anasısan".

 

Şəhidimizin valideyni Bəstiqız ana bu sözləri eşidərək göz yaşlarına hakim ola bilməyib. Abbas Nəzirov ona təsəlli verib:

 

"Ana, sənə yaşamaq lazımdır, bu uşaqların xoşbəxt günlərini görməyin lazımdır. Emil qabaq bizim tanıdığımız Emil idi, indi isə onu bütün respublika tanıyır. Bizim ailəni tanıtdırdı. Bunu özümüzə təsəlli bilək. Biz sabah öləcəyik, amma o tarixdə qalacaq".

 

Yenidən özünü toparlayan şəhid qardaşı sözünə davam edərək deyib: 

 

"Emildən sonra bütün arzularımız dayandı. Təbiət belə adiləşib bizim üçün. Ailəlikcə bir yerə toplananda onun yeri, onun sözləri görünür. Tez-tez bizim üçün həyətda samovar qaynadardı, ondan sonra artıq 1 ildir ki, biz samovar çayı içmirik. Ürəyimiz açılmır..."

 

“Müharibədən sonra hiss edirdim ki, atam şəhid olacaq”

 

Aytən Nəzirli: "Atama həmişə cənnətim deyirdim. Onun bayrağı var idi, həmin bayrağı mən də özümlə gəzdirirdim. Atam sağ olanda o bayrağı öpüb, bu, şəhidimin bayrağıdır dedim. "Bir igid var idi, bir də göy səma" mahnısını dinləyirdim, o mahnı şəhidə həsr olunur və gözümdə canlanırdı ki, mən də bu mahnı ilə atamın şəkillərini paylaşacam".

 

Polkovnik Emil Nəzirov bacısının doğum günündə son mənzilə yola salınıb.

 

“Qardaşım bizim hər şeyimiz idi. Məclislərimizin yaraşığı idi. Emilsiz xoş günlərimizi təsəvvür edə bilmirik. Doğum günümdə qardaşım şəhidliyi ilə məni təbrik etdi. Qaraheybətdən gələn xəbər sanki doğum günümə "hədiyyə" idi", - şəhid bacısı söyləyib.

 

Valideyn üçün övlad itkisinin nə qədər ağrılı olduğunu Bəstiqız ananın simasında görmək olar. Ailə üzvləri, qardaşı Emil Nəzirovdan danışdıqca, o, için-için ağlayaraq, yalnız “Can oğul” deyirdi...

 

...Abbas Nəzirov qardaşının təkcə övladlarına deyil, bütün qohumlarına və doğmalarına isti münasibət göstərdiyini sözlərinə əlavə edib. Əmisi ilə bağlı xatirələrini bölüşən Rövşən Nəzirovun sözlərinə görə, hər kəs onun necə mehriban və pozitiv olmasından danışır.

 

“Əmimin şəhid olması məni o qədər sarsıtmışdı ki... Qohumların bir-birinə soyuq olduğu zamanda məni tanıyan hər kəs deyirdi ki, əminin sizinlə münasibəti fərqli olub, biz heç vaxt sizin qədər öz əmimizi sevə bilməmişik. Həqiqətən də elədir. Bizim aramızda böyük yaş fərqi olmasına baxmayaraq, gənc ruhu onun bizimlə ayaqlaşmasına icazə verirdi. Mənim bütün arzularım onunla bağlı idi. Mən onsuz toyumu təssəvür edə bilmirəm. Əgər bir gün evlənsəm, deyəcəm ki, əmi, məni bağışla".

 

Emil Nəzirov bu gün ailəsinin yanında olmasa da, onun adı, döyüşlərdə nümayiş etdirdiyi qəhrəmanlıq səlnaməsi daim şanlı tariximizdə yaşayacaq.

 

İllər ötsə də, gələcək nəsillər polkovnik Nəzirov kimi igidlərlə qürur duyub, onun şərəfli yolunu davam etdirəcək...

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin! 

 

Fotolar: Humay İsgəndərova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir