Modern.az

Kirs dağının ətəyində: Vətən Anadan da əzizdir - Şuşadan REPORTAJ

Kirs dağının ətəyində: Vətən Anadan da əzizdir - Şuşadan REPORTAJ

Reportaj

2 Dekabr 2022, 12:45

Zəfər yolu bizi daha böyük Zəfərlərə aparacaq...

Biz Zəfər gününü çox arzuladıq, xəyallarımızda yaşatdıq həmişə. Ürəyimiz təşnə idi “qələbə”, “zəfər” kəlməsindən ötrü, yanıb qovrulurduq için-için. 1990-cı ildən bu yana dilimizi yara, ürəyimizi qübar edən, beynimizin “qara” küncündə yuva salan tarixlər bizə ancaq və ancaq kədər, qəm-qüssə, ürək ağrısı gətirdi. 20 Yanvar (1990), Qarakənd (1991) faciələri, Xocalı qətliamı (1992), digər qanlı hadisələr, itirilən rayonlarımızın işğal tarixləri istəsək də, istəməsək də yaddaşımızda özünə yer eləmişdi. Təəssüf ki, ağrılı, acılı tarixləri hər il xatırladıqca dərdimizin üstünə dərd gəlir, daha yaşlanırdıq elə bil.    

Əsrin ən böyük qətliamlarından biri olan və tariximizə soyqırımı kimi daxil olan Xocalı faciəsi yaşadıqlarımızın ən ağrılısı və ən dəhşətlisidir...

Cəbrayılı, Füzulini, Zəngilanı, Ağdamı, Qubadlını, Kəlbəcəri, Laçını itirmək acısı, əsir və girov götürülənlərin, vəhşicəsinə öldürülən soydaşlarımızın, namusuna təcavüz edilən qız-gəlinlərimizin fəryadının ağrısı məhv elədi bizi, için-için yedik özümüzü. Fikirdən, ağrıdan ruh kimi dolaşırdıq. İtirdiklərimizin ağrısı incidirdi bizi, özümüzü təhqir olunmuş hesab edirdik. Biz axı bu, deyildik və belə davam etməməli idi. Nə vaxtsa buna son qoyulmalı idi və qoyuldu da!.

Çoxları kimi mən də torpaqlarımızın düşmən işğalından azad ediləcəyinə ümidimi bir gün belə itirmədim. Tanrıya şükürlər olsun ki, xəyallarımız, arzularımız nəhayət ki, həqiqət oldu və biz ağrılı düşüncələrdən xilas, qəm və vicdan yükündən azad olduq. 

Əbədi olan yalnız torpaqdır...

Azərbaycan nəhayət ki, belə davam etməyəcəyini, bu ağrıya, acıya, təhqirə dözməcəyini, iyirmi faiz torpaqlarının əsarət altında altında qalması ilə barışmayacağını düşmənə sübut etdi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev dövlətimizin illərlə apardığı sülh siyasətinin bir nəticə vermədiyindən əmin olaraq, 2020-ci il sentyabrın 27-də rəşadətli ordumuza əks-hücum əməliyyatı əmri verdi. Birinci Qarabağ müharibəsi bizi nə qədər məyus etmişdisə, İkinci Qarabağ müharibəsi qürurumuzu, mənliyimizi, kimliyimizi qaytardı. Bu torpaq da, biz də dərindən nəfəs aldıq. Torpaqlarımızın işğaldan azad edilməsi bizə hədsiz qürur, sevinc yaşatdı, başımızı  qaldırıb dik tuta bildik.

Hər şey, hər kəs köç edir bu həyatda. Köç etməyən, dəyişməyən, əbədi olan yalnız torpaqdır. Ana Vətən, ana torpaq deyirik canımızdan çox sevdiyimiz torpağa. Amma vallah, Vətən Anadan da əzizdir. Çünki insan anasız yaşasa da, Vətənsiz yaşaya bilməz. İnsan susuz, havasız qala bilmədiyi kimi Vətəni olmadan nəfəs ala bilməz. 

30 il və yalnız 44 gün...

Xalqımız doğma Qarabağa qovuşacağı günü səbirsizliklə gözləyirdi. Hamımız Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü bərpa edəcəyinə inanırdıq. Biz Zəfər qazanacağımıza, düşməni məğlub edəcəyimizə əmin idik. Çünki haqq işi uğrunda mübarizə apardığımızı bilirdik. Biz dövlətimizin gücünə, qüdrətinə inanırdıq və ən əsası Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, onun dəmir iradəsinə, qətiyyətinə, dərin təfəkkürünə, müdrik siyasətinə inanırdıq. 

30 illik həsrətimizə cəmi 44 gündə son qoyuldu. Hamı bir oldu, hamı həmrəy oldu Vətən üçün, torpaq üçün, azadlıq və  bütövlük üçün!. Azərbaycan sözün əsl mənasında tarix yazdı, həm hərb meydanında, həm də xalq kimi dünya tarixində. Vətən müharibəsindəki möhtəşəm qələbəmiz bizə kimliyimizi qaytardı, qürurumuzu, şərəfimizi qaytardı. Biz dərindən nəfəs alaraq köksümüzü qabarda, ürəkdən sevinib gülə bildik.

2021-ci ildə Zəfərimizin ildönümünü təntənə ilə qeyd etdik. Azərbaycan üçün “qara tarix” və “qara rəqəmlər” dövrü artıq bitmişdir.

Şuşaya qalib ölkənin vətəndaşı kimi səfər etmək...    


Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın qəlbimizdə yeri ayrıdır. Bu şəhər çox müqəddəsdir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci il “Şuşa ili” elan edilib. Mühüm mədəni və siyasi əhəmiyyətə malik olan bu qərar Şuşamızın inkişafına və dünyada mədəniyyət mərkəzi kimi daha da tanınmasına öz töhfəsini verməkdədir. Beləliklə, 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli xanın əsasını qoyduğu və Qafqazın incisi sayılan mədəniyyət paytaxtımız Şuşa şəhərinin 270 illiyi bu il təntənə ilə qeyd olunacaq.

Çox şükür Tanrıya ki, qismətimdə 30 ilə yaxın düşmən əsarətində qalan və böyük Zəfərimizlə həsrətinə qovuşduğumuz Şuşa şəhərində olmaq, onun əsrarəngiz gözəlliyinin sehrinə düşmək də varmış. Həyatda elə anlar var ki, insanı xoşbəxt etməyə qadirdir və Şuşaya hər səfərdə özünü həddən ziyadə xoşbəxt hiss edirsən. İnsan bəzən elə anlar yaşayır ki, onları sözlə ifadə etmək qeyri-mümkündür. Bunu ancaq və ancaq yaşayaraq hiss edirsən...

Zəfərimizdən sonra Şuşaya dəfələrlə səfər etsəm də, təəssüratlarımı kağıza köçürə bilmədim. Bunun məndən asılı olan və olmayan səbəbləri vardı. Qarabağın incisi, konservatoriyası olan Şuşa ilə, Vətən müharibəsində Qələbəmizi şərtləndirən və döyüşün taleyini həll edən bu əzəmətli şəhər barədə xatirələrimi, təəssüratlarımı məhz 2022-ci ildə- “Şuşa ili”ndə qələmə almaq istəyi keçdi ürəyimdən.  

Şuşa bir zirvədir

Doğrudan da, Şuşa bir zirvədir. Bu əsrarəngiz şəhər paklığın, gözəlliyin, vüqarın, əzəmətin, sehrin təntənəsini özündə təcəssüm etdirir. Onu sevməmək mümkün deyil. Şuşaya vurulan bir də ondan ayrıla, qopa bilmir.  

Həyatımda ilk dəfə Şuşaya AZƏRTAC-ın əməkdaşı kimi ötən il iyulun 9-10-da Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirləri və beynəlxalq təşkilatların nümayəndələrinin rəhbərləri ilə birgə getmişdim.

Türkiyə, Pakistan, İtaliya, Avstriya, İsveç, Polşa, İsrail, Çin, Yaponiya, Malayziya, Cənubi Koreya, Belarus, Ukrayna, Braziliya, Meksika, Səudiyyə Ərəbistanı, Qətər, Əlcəzair və digər ölkələrin səfirləri, həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri yolboyu Azərbaycanın ermənilərin 30 ilə yaxın işğal altında saxladıqları ərazilərində törətdikləri vəhşiliklərin canlı şahidi olur, gördüklərinin təsirindən ayrıla bilmirdilər. 

Diplomatlar qısa zaman kəsiyində bu qədər mühüm işlərin görülməsindən heyrətləndiklərini gizlətmirdilər. Təbii ki, 44 günlük Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə infrastrukturun yenidən qurulması, Füzuli Beynəlxalq Hava Limanının inşası, elektrik stansiyalarının tikintisi, yolların çəkilməsi üçün ölkənin iqtisadiyyatı da güclü olmalıdır. Azərbaycan dövləti 30 ilə yaxın düşmənin əsarətində olan torpaqlarını öz gücünə azad etdiyi kimi, Qarabağda aparılan bərpa-quruculuq işlərində də öz mövqeyini, gücünü ortaya qoydu, güclü iqtisadiyyata malik ölkə olduğunu nümayiş etdirdi. Bunu nəinki hər bir azərbaycanlı, bu ərazilərə mütəmadi səfərlər edən xarici ölkələrin səfirləri, diplomatları, jurnalistləri və sair başqa peşə adamları öz gözləri görürlər.  

Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin və nümayəndə heyətinin, Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti ilə Əl-Cəzirə Media Şəbəkəsinin əməkdaşlarının, həmçinin yerli QHT təmsilçiləri, türkdilli dövlətlərin beyin mərkəzlərinin nümayəndələri ilə Şuşaya səfərlərin hər birində bir-birindən fərqli, maraqlı təəssüratlar yaşanırdı. Hər səfərində bizi əsrarəngiz diyara aparan Zəfər yolu ilə irəlilədikcə gözlərimiz qarşısında yeni mənzərələr canlanırdı. Yayda Şuşaya ilk səfərimizdə tozlu-torpaqlı, narahat yol qışda hamar, şüşə kimi rahat idi.

Qarabağda həyat yenidən canlanır, torpaq sevinir, cana gəlir, sanki dirilir yenidən. Sevinir ki, onun doğma sahibləri qayıdıblar. Biz torpağımızı yaxşı qorumalı və əkib becərməliyik. Ulu Dədə Qorqudun dediyi kimi, “Torpağı qorumasan, əkib-becərməyə dəyməz, əkib-becərməsən – qorumağa dəyməz”.

Bir də tarixin dərslərindən ibrət götürmək lazımdır. Biz 1905-ci, 1918-1920-ci illərin qanlı hadisələrini və nəhayət 1988-ci ildə ərazi iddiaları ilə başlayan münaqişəni, onun acı nəticələrini unutmamalıyıq.

Diplomatik korpusun nümayəndələri və xarici ölkələrin səfirləri ilə Şuşaya ilk dəfə səfər edəndə, yəni ötən ilin iyulunda hələ nə Füzuli Beynəlxalq Hava Limanı, nə də Zəfər yolu istifadəyə verilmişdi. Həmin gündən indiyədək xeyli işlər görülüb. Bu barədə sonra danışacağıq. Avtobus karvanı tozlu-torpaqlı Zəfər yolu ilə Şuşa şəhərinə doğru irəlilədikcə qonaqlar yolboyu erməni vandallarının törətdikləri dağıntıların, təbiətə vurulan ziyanın şahidi olurdular. Viranə qalmış və minalanmış sahələr adamda vahimə yaradırdı. Etiraf edim ki, düşmən bu yerləri nə qədər dağıtsa,  viran qoysa da, təbiət öz gözəlliyi ilə insanı valeh edir. Vətən torpağı hər halı ilə gözəldir. Bu torpaq bizə əcdadlarımızdan miras qalıb və biz də onları bəd gözlərdən qoruyaraq gələcək nəsillərə əmanət etməyə borcluyuq. Bizim olanı isə heç kəsə verməyəcəyik və göz-bəbəyimiz kimi qoruyacağıq. Dövlətimizin başçısının dediyi kimi: “Biz bu gün tarixdən ibrət götürməliyik”.

Uzaqdan Şuşanın sıldırım qayaları görünəndə və həmkarlarım deyəndə ki, xüsusi təyinatlılar bu qayalarla dırmaşaraq şəhərə daxil olublar, o səhnə gözlərim önündə canlandı...

Vətən üçün, Şuşa üçün ölümü gözə alan igidlərimiz çətin dağ şəraitinə baxmayaraq, əlverişsiz mövqedə olmalarına rəğmən namümkünü mümkün etməyi bacardılar. Yüngül silahlarla qayalıqlara dırmaşan Azərbaycan aslanları əsl qəhrəmanlıq, şərəf, namus dastanı yazdılar. Onlar 44 günlük Vətən müharibəsinin Şuşa salnaməsini canları, qanları bahasına yazdılar. Onlar dastan yazdılar ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun və biz Qələbəmizi doya-doya yaşaya bilək.

Qarabağın tacı olan başı qarlı Şuşa öz əzəməti, vüqarı ilə insanı valeh edir. Dolanbac yolla irəlilədikcə təmiz dağ havasının ciyərlərinə dolduğunu hiss edirsən. Şuşa hər mənada pakdır, təmizdir. Şuşa tarixiliyinə, gözəlliyinə və dəniz səviyyəsindən yüksəkdə yerləşməsinə görə zirvədir.

Şuşa həm də mənəvi dəyərlərin zirvəsidir. Qəhrəmanlığın, tarixiliyin, müqəddəsliyin, özünəməxsusluğun, paklığın və ümumiyyətlə, gözəl olan hər şeyin timsalıdır. Şuşa mütəfəkkirlərin, dahi şəxsiyyətlərin, musiqiçilərin vətəni olması ilə də hər zaman zirvədə qalacaq.

Təbiət Şuşadan öz gözəlliyini əsirgəməyib. Kirs dağının ətəyində yerləşən şəhər yayda lacivərd, qışda isə ağ rəngə bürünür. Burdan baxanda hər tərəf ovuc içi kimi görünür.


Şuşa Qarabağın mərkəzi statusundan 1923-ci ildə məhrum edilib 


Dəniz səviyyəsindən 1300-1600 metr yüksəklikdə yerləşən Şuşa şəhərinin cənubunda Qafqazın ən qədim yaşayış məskənlərindən biri yerləşir. XX əsrin 70-ci illərində Şuşa mağara düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı burada paleolit dövrünə aid daş alətlər aşkar olunub. Bu ərazilər tarixi Azərbaycan torpaqlarının – Midiya dövlətinin, Qafqaz Albaniyasının, Qarabağ xanlığının ayrılmaz hissəsi olub. Qədim dövrlərdən mövcud olmuş şəhər XIII əsrdə monqollar tərəfindən dağıdılıb.

Şuşa şəhəri XVIII əsrin 50-ci illərinin əvvəllərində Qarabağ xanı Pənahəli xan tərəfindən, Şuşa kəndinin yaxınlığında abadlaşdırılaraq yenidən salınıb. Şəhər həmin dövrdə Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilib. Ümumiyyətlə, şəhərin tikintisi ilə bağlı 3 mərhələni xüsusi ilə qeyd etmək lazımdır. Birinci mərhələ qeyri-sabit şəraitdə 1763-cü ilə qədər davam edib. İbrahimxəlil xan Cavanşirin hakimiyyəti illərinə (1763-1806) təsadüf edən ikinci mərhələdə Şuşada aparılan tikinti işləri daha keyfiyyətli və möhtəşəm olub. XIX əsri əhatə edən üçüncü mərhələdə şəhərin dağlıq – qərb hissəsində yeni məhəllələr salınıb və əslində, bununla Şuşanın bir şəhər kimi formalaşması dövrü başa çatıb.

İlk çağlarda Şuşa adı ilə yanaşı, şəhəri xanın şərəfinə Pənahabad adlandırıblar. Onun hakimiyyəti illərində, 1757-ci ilə qədər burada çoxlu abidələr tikilib. Pənahəli xanın oğlu İbrahimxəlil xanın hakimiyyəti illərində şəhər böyüyüb, müdafiə bəndləri və qalalar tikilib. Feodal müharibələri dövründə Şuşa bir neçə dəfə alınmazlıq sınağından uğurla çıxaraq qalib gəlib. Şuşa Qarabağ xanlığının hərbi-strateji əhəmiyyətli və iqtisadi, siyasi, mədəni mərkəzi kimi yaranıb və inkişaf edib.

Statistik rəqəmlər onu deməyə əsas verir ki, XX-cu əsrin 20-ci illərində Qarabağ xanlığında 20 mindən artıq ailə yaşayıb və bu ailələrdən 16 minə yaxını azərbaycanlı, qalanı isə xristian (alban mənşəli) ailələr olub. 

1921-ci il iyulun 5-də Şuşa yeni yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi kimi müəyyənləşdirilir. Amma 1923-cü il iyulun 7-də keçmiş vilayətin mərkəzi Xankəndi seçilir. Bununla da Şuşa 170 ildən artıq yerinə yetirdiyi missiyadan – bütün Qarabağın mərkəzi statusundan məhrum edilir. 

“Əgər məni qoruyan mənim tanıdığımdırsa, şüşəni daş içərisində də salamat saxlar”

Tarixin müxtəlif dönəmlərində xaqanlara təslim olmayan Şuşa qalası aylarla mühasirədə saxlanılsa da, bu cənnətməkan diyarı fəth etmək 1992-ci ilə kimə heç kimə müyəssər olmayıb. “Əgər məni qoruyan mənim tanıdığımdırsa, şüşəni daş içərisində də salamat saxlar” deyərək Qarabağ xanı Şuşanın alınmaz qala olduğuna işarə edirdi.

Amma çox təəssüf ki, havadarlarının dəstək verdiyi ermənilərin 1988-ci ildə ərazi iddiaları ilə başlayan müharibəsi Azərbaycan torpaqlarının 20 faizinin, o cümlədən alınmaz qala olan Şuşamızın işğalı ilə nəticələndi. İşğal nəticəsində 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənəd adamlarının ev muzeyləri, 70 yerlik turist bazası, 1200 yerlik internat və s. dağıdılıb. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur. 


Şuşa, sən azadsan!

Cəsarətlə demək olar ki, Şuşanın Azərbaycana bəxş etdiyi istedadları heç bir şəhər verməyib. Şuşanın yetirdiyi məşhur insanlar ona böyük şöhrət qazandırıblar. Milli mədəniyyətimizin məbədi olan bu qədim şəhər Azərbaycan tarixinə Xurşidbanı Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Qasım bəy Zakir, Əhməd bəy Ağaoğlu, Hüsü Hacıyev, Xan Şuşinski,  Firidun bəy Köçərli, Lətif Kərimov, Şəmsi Bədəlbəyli, Cəlal Qaryağdı, Mehdi Məmmədov, Soltan Hacıbəyov, Sürəyya Ağaoğlu, Eldar Əzimzadə kimi şəxsiyyətlər bəxş edib. Məşhur şuşalıların siyahısı bununla bitmir, amma bir fakt var ki, bu torpağın övladlarının hamısı çox istedadlıdır. Bir sözlə, Qarabağın dilbər guşəsi olan Şuşa elm, mədəniyyət beşiyi və özü boyda tarixi abidədir. Bir şəhərdə bu qədər istedadlı, zəkalı ədib, alim, musiqiçi, digər elm, sənət, peşə adamlarının yetişməsi Şuşanın saf suyunun, təmiz havasının nəticəsidir. 

Səməd Vurğun yazırdı ki, Şuşa təkcə özünün gözəl təbiəti ilə deyil, yüksək, ahəngdar və poetik mədəniyyəti ilə də şöhrət tapıb.

Şuşa azaddır indi. Şuşa dirçəlir, Şuşa kəm gözlərdən, xəbis hisslərdən silkinib təmizlənir. Çünki dağları özünə məskən seçən bu şəhərə çirkab yapışmır. Şuşanın təmizlənməsi və yeni ruhu ilə bu torpaqlarda əbədi yatan dahilərin ruhu da dincəlir. Azərbaycan Prezidentinin dediyi kimi, “Şuşa, sən azadsan. Biz qayıtmışıq. Biz səni dirçəldəcəyik”.

Daha da gözəlləşəcək Şuşamız, bu şəhər tezliklə nəinki Azərbaycanın və Cənubi Qafqazın, dünyanın nəhəng turizm mərkəzlərindən birinə çevriləcək.

Azərbaycan və Türkiyə liderləri buradan dünyaya mesaj verdilər

XIX əsr Azərbaycanın görkəmli şairəsi, sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi Xurşidbanu Nətavanın adını daşıyan “Xan qızı bulağı” şəhərin görməli yerlərindən biridir. “Xan qızı” bulağı şəhər işğaldan azad edildikdən sonra bərpa olunub. 

Şəhərin maraqlı məkanlarından biri də mərkəzi meydandır. Meydanda Üzeyir Hacıbəyovun, Xan qızı Natəvanın və Bülbülün güllələnmiş heykəlləri qoyulub.  Bu, həmin o meydandır ki, burada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Şuşa Bəyannaməsi imzalanıb. Azərbaycan və Türkiyə liderləri bu meydandan dünyaya dostluğumuzun daimi və əbədi olduğu mesajını verdilər. Mesaj verildi ki, tarix boyu Azərbaycan-Türkiyə hər zaman qardaş olublar və bundan sonra da belə olacaq. Şuşa Bəyannaməsi iki ölkə arasında əməkdaşlıq və müttəfiqlik münasibətlərini yeni mərhələyə qaldırdı. Qars müqaviləsinin davamı olan bu sənəd təhlükəsizliyimizin təminatıdır.

Cıdır düzü - gözəlliyi sözlə ifadə edilə bilməyən məkan

Şəhərin kənarında dərin Daşaltı dərəsinin yaxınlığında yerləşən Cıdır düzü xüsusilə məşhurdur.
Cıdır düzü bir ayrı tamaşadır, sözlə ifadə edilə bilməyən, dillə deyilə bilməyən. Buraya ayaq basanda sanki Qarabağ xanları Pənahəli xanın, İbrahimxəlil xanın ayaq səslərini, burada vaxtilə cövlan edən Qarabağ atlarının kişnərtisini, cəngi səsini, Bülbülün, Cabbar Qaryağdıoğlunun, Xan Şuşinskinin zəngulələrini eşidirsən... Qulağıma daha aydın gələn səs isə Şuşa fatehlərinin aslanlar kimi hayqırtılarıdır. Bu fonda “Qarabağ” şikəstəsi insanın ürəyinə bir sərinlik səpir, hüzur gətirir. Yeri gəlmişkən, xarici ölkələrin səfirləri Şuşanın əsrarəngiz təbiətinə, Cıdır düzünün gözəlliyinə valeh olduğunu deyir, hətta bəziləri buraları öz ölkələrindəki yüksəkliklərlə, dağlarla müqayisə edirdilər. 

Şuşa dəniz səviyyəsindən 1400-1800 metr yüksəklikdə yerləşir. Cıdır düzü isə Şuşanın cənub tərəfdən nisbətən düz, lakin daha yüksək hissəsindədir. Cıdır düzündən hər tərəf əl içi kimi görünür –“Zəfər yolu”, kəndlərimiz, şəhərlərimiz.  Burada ətrafında gördüyün hər şeyi beyninə köçürmək, yaddaşında saxlamaq istəyirsən. Dumana bürünən dağlar, qayalar səni maqnit kimi özünə çəkir. Burada qəribə bir hüzur hiss edirsən.    

Cıdır düzündəki qayalarda, daşlarda güllə üzlərini görməmək mümkün deyil. Şuşanın dağlarında neçə-neçə igidimizin qanı tökülüb. Məhz buna görə də bu qayalıqlar bizim üçün daha müqəddəsdir, daha əzizdir.

 “Xarıbülbül” hostelində gecələmək, “Xarıbülbül” restoranında nahar etmək, yuxusuzluğa və yorgunluğa baxmayaraq, sübh tezdən oyanıb, Şuşada Günəşin doğuşunu seyr etməkdən, bülbüllərin səsini dinləməkdən, eyni zamanda internet olduqca xəbərləri, xarici qonaqların açıqlamalarını ötürə bilməkdən aldığım xoş duyğular Şuşa səfəri ilə bağlı təəssüratların ancaq bir parçasıdır...

Şuşanın əsasını qoymuş Pənahəli xanın sarayının, xan qızı Natəvan, dahi Üzeyir Hacıbəyli, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndəsi Xan Şuşinskinin, Bülbülün, tarzən Sadıqcanın evlərinin, qədim məhəllələrdəki məscidlərin, Şirinsu hamamının, digər tikililərin erməni vandalizminə məruz qalaraq dağıdılmış görkəmi ürəyimizi dağlasa da, tarixi mədəniyyət abidələrində dövlətimizin apardığı bərpa işləri adamın ürəyini açır. 

Qısa vaxtda Heydər Əliyev Fondu tərəfindən dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi əsaslı təmir olunub və büstü qoyulub. Şairin büstü onun Şuşadakı evinin yaxınlığında quraşdırılıb. Xalq artisti Bülbülün də ev-muzeyi bərpa edilib. Hazırda Şuşada bir sıra infrastruktur layihələri icra edilir, Xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati bina müasir şəkildə yenidən qurulur. Heydər Əliyev Fondu tərəfindən Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa, Saatlı məscidlərində, Qazançı kilsəsində və Mehmandarovların malikanə kompleksində bərpa işləri aparılır. Müasir standartlara uyğun inşa edilən “Qarabağ” oteli artıq öz qonaqlarını qəbul edir.


Ətirli Şuşa çörəyi

Çörək bərəkətdir, nemətdir. Çörək həyat deməkdir. Xalqımız bərəkəti əziz tutur həmişə, öpüb gözün üstünə qoyur. Çörəyin ətri varsa, həyat var deyiblər. Şuşada ilk istehsal müəssisəsi kimi çörək zavodunun işə başlaması heç də təsadüfi deyil. Zavodda Şuşaya hər dəfə gedəndə Bakıya çörəksiz qayıtmıram. Çünki Şuşa çörəyinin dadı, ətri bir başqadır...

Şuşanın təmiz havasını ciyərlərimizə çəkmək, küçələri ilə addımlamaq, çörəyindən kəsmək nə qədər sevinclidirsə, onu hər dəfəsində tərk etmək bir o qədər ağırdır. Həqiqətən səndən də, ətirli çörəyindən, təmiz havandan, saf suyundan doymaq olmur, əziz Şuşam!

Prezident xalqın çiynindən ağır yükü götürdü

Bir işi görmək üçün əvvəlcə yola çıxmaq lazımdır. Yol da hamar və geniş olmalıdır ki, mənzil başına tez çata bilə və fikrində tutduğun işləri rahat görə biləsən.  

Azərbaycan ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu yolla uğurla addımlayır. Bizdən asılı olmayan səbəblərdən bu yolda maneələr olsa da, şükürlər olsun ki, məqsədimizə nail ola bildik. Hər yolun sonunda bir rahatlıq, hüzur var. Ulu Öndərin əsasını qoyduğu yolu-siyasi kursu layiqincə davam etdirən Prezident İlham Əliyev 2003-2020-ci illərin ağır yükünü çiyinlərində daşıyaraq onu uğurla başa çatdırmağa nail oldu. Dövlətimizin başçısı özündən əvvəlki problemli məsələni və xalqımız üçün çox ağrılı bəlanı üstümüzdən götürdü. 

Zəfəri ilə regionda yeni reallıq yaradan Azərbaycanın qarşısında indi yeni və geniş üfüqlər, yollar açılır. Bu yollar bizi daha böyük uğurlara və daha böyük qələbələrə, Zəfərlərə aparır. İndi bizim leksikonumuzda tez-tez işlənən “Zəfər yolu”, “Zəngəzur dəhlizi” və s. sözlər yeni reallıqdan, yeni imkanlardan xəbər verir. İnanırıq ki, Azərbaycan Prezidenti İlham Əliyevin əsasını qoyduğu Zəfər yolu bizi daha böyük zəfərlərə aparacaq.


Səadət Hakıyeva

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı