Modern.az

Rusiya Qafqazı qarışdırır - Avropalı ekspert Vardanyanın Putinin adamı olmasından YAZDI

Rusiya Qafqazı qarışdırır - Avropalı ekspert Vardanyanın Putinin adamı olmasından YAZDI

Reportaj

1 Fevral 2023, 16:26

Praqa şəhəri tarix boyu Avropa dövlətlərinin sülh müqavilələri imzalamaq və münaqişələrə son qoymaq üçün toplaşdığı məkan olub. Keçən ilin payızında isə Praqa Dağlıq Qarabağla bağlı 30 il davam edən mübahisənin nəhayət uzunmüddətli həllinə nail olmaq üçün Ermənistan və Azərbaycan arasında aparılan sülh danışıqlarına şahidlik edib.

Modern.az xəbər verir ki, bunu NATO Müttəfiq Qüvvələri Komandanlığının Yaxın Şərq və Şimali Afrika üzrə keçmiş analitiki Maurizio Geri “Politico” üçün yazdığı məqalədə bildirib.

Müəllif yazır ki, Paraqa görüşündə Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev sərhədlərin delimitasiyası müzakirələrinin əsası kimi 1991-ci il tarixli Alma-Ata Bəyannaməsini qəbul edərək, bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini tanıyacaqlarını təsdiqləyəndə sülh həmişəkindən daha mümkün görünürdü.

Maurizio Geri qeyd edib ki, Praqa razılaşması çox əlamətdar hadisə idi, çünki o vaxta qədər Ermənistan rəhbərliyi heç vaxt Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanımamışdı.


Müəllifin sözlərinə görə, belə mühüm irəliləyiş əsnasında reallığın daha mürəkkəb olduğu göründü. Belə ki,  Praqa danışıqları nəticəsində Ermənistan və Azərbaycan arasındakı sülh danışıqları müsbət istiqamətə yönələrkən, ortaya Rusiya tərəfindən dəstəklənən yeni bir maneə çıxdı.

NATO-nun keçmiş eksperti məqalədə Ermənistan-Azərbaycan danışıqlarına Rusiya tərəfindən yaradılan maneənin erməni oliqarx Ruben Vardanyanın olduğu qənaətini bölüşüb.

Onun fikrincə, Ermənistanla Azərbaycan arasında sülh mümkündür, lakin Rusiyanın dəstəklədiyi oliqarx buna mane olmağa çalışır.
 

Maurizio Geri xatırladıb ki, 2020-ci ildə 44 gün davam edən müharibə başa çatdıqdan sonra Bakı regionun reinteqrasiyası üçün sürətlə hərəkətə keçdi.

O bildirib ki, Azərbaycan ərazisi kimi tanınan Qarabağdakı əhalinin erməni milliyətindən olan hissəsi hələ 1990-cı illərin əvvəllərində qanunsuz şəkildə birtərəfli qaydada elan edilmiş “müstəqil anklav”da yaşayır.

“Bu separatçı dövlət heç vaxt beynəlxalq ictimaiyyətin bir üzvü, o cümlədən Ermənistanın özü tərəfindən tanınmayıb. Lakin 30 illik özünüidarədən sonra Qarabağ erməniləri indi Azərbaycanda etnik azlıq kimi gələcək statuslarından narahatdırlar.

Bu narahatlıqların aradan qaldırılması və etnik ermənilərin hüquqlarını, təhlükəsizliyini, dini və mədəni azadlıqlarını təmin etmək Praqa danışıqlarının əsas məqsədi idi. Həmin danışıqlarda əhəmiyyətli irəliləyişlər əldə edildi. Lakin cəmi bir ay sonra rusiyalı erməni oliqarx Ruben Vardanyanın müdaxiləsindən sonra əhval-ruhiyyə kəskin şəkildə dəyişdi”, - Maurizio Geri yazıb.


Müəllifin sözlərinə görə, İrəvanda anadan olan Vardanyan Sovet İttifaqının dağılmasından sonra yaranmış “qanqster kapitalizmi”nin hökm sürdüyü onillikdə Rusiyada var-dövlət qazanıb.

Məqalədə “Rusiya fond bazarının atası” kimi təsvir edilən Vardanyanın Rusiyada bir çox böyük şirkətlərin idarə heyətinə üzv olmazdan əvvəl investisiya bankçılığı sahəsində də özünü sınadığını bildirilib.

Maurizio Geri yazır ki, 1985-ci ildə doğulduğu yeri tərk edən Vardanyan uzun illər Moskvada yaşayıb, keçən ilin noyabrında isə qəflətən Rusiya vətəndaşlığından imtina edib və Qarabağa köçdüyünü bildirib.

“Oliqarx bu vaxta qədər Qarabağa cüzi maraq göstərmişdi, lakin o, qazanc əldə etmək fürsətini açıq-aydın görmüşdü: onun gəlişindən bir neçə həftə sonra uzun müddət işləməyən iki qızıl mədəni yenidən açıldı”.

Müəllif bildirib ki, Vardanyanın Qarabağa gəliş vaxtı da xüsusi diqqət çəkir.

“O, regiona Azərbaycanın bölgənin erməni rəhbərliyi ilə danışıqlara başlamağa hazırlaşdığı vaxt gəldi. Bu həmin vaxt idi ki, Qarabağ erməniləri Bakıya gələcəklərini Azərbaycanın daxilində qorunan azlıq kimi gördükləri barədə siqnallar göndərirdilər. Amma indi onlar Vardanyanın liderliyi altında mövqelərini dəyişərək maneəyə çevriliblər. Hətta İrəvandakı hökumətlə erməni oliqarx açıq şəkildə bir-birinə qarşı çıxırlarr”, - deyə Maurizio Geri vurğulayıb.


Müəllifin bildirdiyinə görə, indi narahatlıq ondan ibarətdir ki, Vardanyan öz nüfuzundan Qarabağın erməni icması arasında ictimai rəyi sülhə qarşı yönəltmək üçün istifadə edəcək.

“Bu isə həm Bakının, həm də İrəvanın maraqları üçün fəlakətli olardı”.

Maurizio Geri yazıda sual verir: Vardanyan birdən-birə Qarabağda necə bu qədər nüfuz sahibi oldu və onun bu vəzifəyə gəlməsinə kim kömək etdi?

“Cənubi Qafqazda fəal olan iki əsas regional güc Türkiyə və Rusiyadır. Birincisi Azərbaycanın möhkəm müttəfiqidir. İkincisi ənənəvi olaraq Ermənistanı dəstəkləsə də, Paşinyan Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını ölkəsinə kifayət qədər dəstək göstərmədiyinə görə tənqid edib. Bunu isə Kremlin dolayı tənqidi kimi anlamaq olar”.

Müəllif yazır ki, Ruben Vardanyan Cənubi Qafqazı öz təsir dairəsində möhkəm görən Moskva ilə yaxşı əlaqələrə malikdir.

“Rusiyanın bütün oliqarxları prezident Vladimir Putinin xeyir-duası altında fəaliyyət göstərir və bu səbəbdən Vardanyanın Kremlin adamı olduğuna şübhə yoxdur. Ukrayna hökuməti ona qarşı sanksiyalar tətbiq edəndə bunu nəzərə almışdı”.

Müəllif xatırladır ki, Qarabağ münaqişəsində fəal iştirak edən rəsmi Moskva 2020-ci il müharibəsinə son qoyan atəşkəs razılaşmasında vasitəçi olub və o vaxtdan onun sülhməramlıları orada yerləşdirilib.

Maurizio Geri bildirir ki, Avropa İttifaqının da bölgədəki sülh prosesində fəal iştirak etdiyi bir vaxtda, Kremlin proseslərdən kənarda qalmamaqda birbaşa marağı var.

“Hazırda Rusiya hərbçiləri Qarabağı Ermənistanla birləşdirən “Laçın dəhlizi”nə nəzarət edirlər, həmin yol isə Vardanyanın Qarabağdakı faydalı qazıntıların ixracı üçün istifadə etdiyi marşrutdur və Moskvanın sülhməramlıları buna mane olmur”.


Məqalə müəllifinə görə, Qarabağda qarət edilən qızılın Laçın yolu ilə daşınması çətin ki, sülh prosesini təkbaşına batırsın, lakin Vardanyanın hərəkətləri təhlükəli presedent yaradır.

Müəllif bildirir ki, Qarabağdakı filiz yataqlarının təkrar açılmasına etiraz edən azərbaycanlı fəalların dekabrda başladığı aksiya Laçın dəhlizinin demək olar bağlanması ilə nəticələndi.

Avropalı ekspert qeyd edib ki, Laçın yolunun bağlanması dünyanın bir sıra dövlətləri və təşkilatları tərəfindən pislənilib, azərbaycanlı fəalların legitimliyi şübhə altına alınıb, çünki onlar hökumət tərəfindən dəstəklənməkdə ittiham olunurlar.

Müəllif xatırladır ki, Laçın yolundakı aksiyaların əvvəlki günlərində Vardanyan Rusiya mətbuatına verdiyi geniş müsahibələrdə özünü lider kimi təqdim edirdi.

“Amma proses uzandıqca, o, belə bir kritik anda Qarabağa gəlişinin məqsəd və motivlərini, habelə Rusiya sülhməramlılarının mandatını nəzərə alaraq, etirazçıları yoldan təmizləmək istəməməsini getdikcə daha çox müdafiə etmək məcburiyyətində qalıb”.

Maurizio Gerinin qənaətinə görə, buradakı təhlükə ondan ibarətdir ki, hazırkı vəziyyət yeni münaqişə təhlükəsini kəskin şəkildə artıracaq.

Müəllif qeyd edib ki, Paşinyan hakimiyyətə gələnə qədər təxminən 20 il Ermənistanı idarə edənlər Qarabağ əsilli ermənilər olub və onların çoxu 1990-cı illərdəki birinci müharibənin iştirakçılarıdır.

“Bu şəxslər daha çox inzibati gücə malik olmaya bilər, lakin onlar hələ də yüksək nüfuza sahibdirlər və hər cür sülh sazişinə qarşı çıxırlar. Əgər Rusiya prosesi tamamilə sabotaj etmək qərarına gəlsə, həmin şəxslər asanlıqla bu məqsədi həyata keçirmək üçün hazır blok rolunu oynaya bilərlər”.



NATO-nun keçmiş eksperti onu da vurğulayır ki, silahlı münaqişə hazırda Moskvanın marağında deyil, amma Kreml heç sülhü də istəmir.

Onun fikrincə, Kreml indi Qarabağda daha çox Rusiyanın istəyi ilə gərginliyi azalda biləcəyi dondurulmuş münaqişə vəziyyəti görməyə üstünlük verir.

Maurizio Gerinin qənaətinə görə, Rusiyanın başı indi Ukraynaya qarışıqdır və o, əlinə imkan düşəndə - öz şərtlərinin daha çox tətbiq edə biləcəyi bir vaxtda Qarabağ münaqişəsini yenidən alovlandırmağa çalışacaq.

“Bununla da Moskva Cənubi Qafqazda beynəlxalq arbitr kimi mövqeyini qoruyub saxlaya bilər”.

Müəllif bildirir ki, əgər beynəlxalq ictimaiyyət bunun qarşısını almaq istəyirsə, Azərbaycan və Ermənistan arasında substantiv sülh danışıqlarını mümkün qədər tez bərpa etməlidir.

“Bunu Azərbaycanın Qarabağ ermənilərinin hüquqlarına, təhlükəsizliyinə və irsinə təminat verəcəyinə dair sözünün üstündə durması, eyni zamanda Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşacağına dair verdiyi sözə açıq şəkildə əməl etməsi ilə edə bilər.

Amma nə olursa olsun, Qarabağda yerli əhali başa düşməlidir ki, burada sülh üçün mübarizə aparan iki tərəf var və onların arasında Rusiya ilə Vardanyan yoxdur”.


A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü