Modern.az

Azərbaycan filmlərinin “qayçılanan” kadrları: öpüşmə, qucaqlaşma - VİDEO

Azərbaycan filmlərinin “qayçılanan” kadrları: öpüşmə, qucaqlaşma - VİDEO

2 Fevral 2023, 13:16

Azərbaycan filmlərində öpüşmə, qucaqlaşma və digər intim səhnələr həmişə yerli tamaşaçılarda fərqli münasibətlər doğurub. Milli ekran əsərlərində yer verilən erotik səhnələr geniş müzakirələrin açılmasına, hətta qalmaqallara səbəb olub.

Elə bu günlərdə İctimai Televiziyada (İTV) yayımlanan “Əqrəb mövsümü” serialındakı öpüşmə səhnəsi də həm sosial şəbəkələrdə, həm də elektron KİV-lərdə xeyli müzakirələr yaratdı. Müzakirələrə qoşulanların böyük əksəriyyəti serialda öpüş səhnəsinə yer verilməsini qınadı, həmin kadrda çəkilən sənətçiləri isə tənqid etdi. Tənqidçilər səbəb kimi də yenə milli mentaliteti önə çəkdilər.

Xatırladaq ki, aktyor Əli Əlizadənin həmkarı Şəhanə Rzayeva ilə öpüşmə səhnəsi “Əqrəb mövsümü” teleserialının son bölümündə yayımlanıb.

Amma həmin kadrları tənqid edənlərlə yanaşı, bu səhnənin təbiiliyini bəyənənlər də az olmayıb.

Qalmaqala səbəb olmuş səhnədə rol alan aktrisa Şahanə Rzayeva isə mətbuata açıqlamasında deyib ki, Azərbaycanda “öpüş”, “yataq” səhnələrinə qarşı olan pis stereotipləri nəhayət qırmaq lazımdır.

Bu hadisə bir daha göstərdi ki, Azərbaycan tamaşaçıları yerli filmlərdə intim səhnələri görməyə hələ alışmayıb, bu səbəbdən də belə halları təbii qəbul etmir.


Modern.az saytının məlumatına görə, “Əqrəb mövsümü” intim səhnəyə yer verən ilk yerli ekran işi deyil. Bundan əvvəllər də erotik kadrları olun xeyli filmlərimiz olub.

Həmin filmlərdən bəzilərini diqqətinizə çatdırırıq.

Rejissor Yavər Rzayevin 2011-ci ildə çəkdiyi “Ilahi məxluq” filmi də müzakirələrə səbəb olmuşdu. Bu filmdəki erotik kadr - çobanın rəssam qızı zorlaması səhnəsi əməlli-başlı səs-küy doğurmuşdu. O zaman müzakirələrə qoşulanların çoxu həmin səhnəni oynamış aktyor (Nurəddin Mehdixanlı) və aktrisanı (Vəfa Rzayeva) az qala “top atəşi”inə tutmuş, sözügedən kadrların Azərbaycan mentalitetinə zidd olduğunu vurğulamışdı.

İndi də çoxları belə düşünür ki, Azərbaycan cəmiyyəti nə qədər müasirləşsə, postmodernist dəyərlərə sarılsa da, sonda yenə də əxlaq məsələsində “qırmızı xətt” gözlənilməlidir.


Bu gün də cəmiyyətin əksəriyyəti düşünür ki, Azərbaycan insanının mentalitetini, dəyərlərini gözləyən “qırmızı xətt” filmlərdə mütləq gözlənilməli, erotik və seksual səhnələrdən imtina olunmalıdır. Hesab edirlər ki, bu cür səhnələrin olmaması ilə sənət heç bir zədə almır. Yəni azərbaycanlı rejissorlar açıq-saçıq səhnələr göstərməyə məcbur deyillər.

Doğrudur, bir çox rejissorlar bu fikirlərlə razı olmadıqlarını dəfələrlə ifadə ediblər.
Amma razı olmasalar da, film çəkəndə erotik səhnələrlə bağlı kadrların hansı nəticələrə səbəb olacağını qabaqcadan təxmin edərək, bundan maksimum qaçmağa çalışıblar. Görünür rejissorlar tənqid, qınaq obyekti olmaq istəməyiblər.

Elə aktyor və aktrisalarımız da belə səhnələrdə çəkilməyə həvəsli olmayıblar.

Məsələn, 1971-ci ildə Anarın “Gürcü familiyası” hekayəsi əsasında çəkilmiş “Gün keçdi” filmində erotik səhnə fikirləşsələr də, aktyorun təkidi ilə bundan imtina edilib.

Nəticədə “Gün keçdi”nin çəkilişləri ssenaridə olduğu kimi lentə alınmayıb. Çünki ssenarinin sonluğunu məşhur aktyor Həsən Məmmədov (Oqtay rolunun ifaçısı) qəbul etməyib və nəticədə müəlliflər ssenariyə dəyişiklik etmək məcburiyyətində qalıblar. H.Məmmədov bununla bağlı xatirələrində belə demişdi:


“Filmin ssenarisində Oqtayla Əsmərin son görüşü bizim adət-ənənəmizə uyğun olmayan bir səpgidə olmalı idi. Ssenariyə əsasən, Oqtay Əsməri öz evinə dəvət etməli və onların arasında məhəbbət macəralarını özündə əks etdirən kadr olmalı idi. Mən həmin kadra qəti surətdə etirazımı bildirdim və xəbərdarlıq etdim ki, əks halda çəkilişdən imtina edəcəyəm. Doğrusu, sözüm eşidildi və ssenari adi sonluqla başa çatdı. Bilirsinizmi, əslində sonluğun açıq-saçıq formada başa çatdırılması filmin uğursuzluğuna səbəb ola bilərdi. Bir də ki, o cür maraqlı kadrlardan sonra Azərbaycan kişisinə yaraşmazdı ki, başqasının həyat yoldaşını evinə gətirsin. İnanın ki, o cür filmə heç kim maraq göstərməzdi də... Filmin gözəlliyi onda oldu ki, məhəbbətin, gənclik illərinin saflığı qorunub saxlanılmaqla lentə alındı və tamaşaçı auditoriyasına təqdim olundu”.

Qeyd etdiyimiz kimi, bəzi filmlərimizdə kiçik də olsa, erotik səhnələr var. Amma həmin səhnələr bir sıra hallarda ekrana çıxarılarkən yerli telekanalların rəhbərliyinin təkidi ilə "qayçılanıb".

Yeri gəlmişkən, öz filmlərində  intim səhnələrə yer verən rejissorlarımız əksər hallarda həmin kadrlar üçün qadın ifaçıları Azərbaycandan kənarda axtrarmalı olublar.

Məsələn, mərhum rejissor Rasim Ocaqovun 1993-cü ildə çəkdiyi "Təhminə" filmində açıq-saçıq səhnənin inandırıcı alınması üçün yerli aktrisalardan yox, xarici sənət ustasından istifadə olunub. Bu səbəbdən də Təhminə rolunu oynamaq üçün türkiyəli aktrisa Meral Konrat dəvət olunub. Yerli aktrisalardan heç kim Təhminənin çəkildiyi yataq səhnəsində rol almağa cəsarət etməyib.

Yəqin ki, məşhur rejissor Tofiq Tağızadənin 1981-ci ildə lentə aldığı "Babamızın babasının babası” filmi bu gün sosial şəbəkələrdə müzakirəyə çıxarılsa, orada çəkilən erotik səhnə də tənqiddən yayınmayacaq.
Qeyd edək ki, film Azərbaycan kəndlərinin birində uzun ömür sürmüş 160 yaşlı Əziz babadan (aktyor Hüseynağa Sadıqov) bəhs edir.


Filmin lap əvvəlində Əziz babanın uşaqlığını əks etdirən bir səhnə ekranlaşdırılıb. O səhnədə balaca Əzizin özündən xeyli yaşlı Nərgizə vurulmağından bəhs olunur. Maraqlıdır ki, bu səhnədəki erotik görüntülər nədənsə heç vaxt Azərbaycan tamaşaçısının ciddi müzakirəsinə səbəb olmayıb.
Bəlkə də 160 yaşlı Əziz babanın filmdə məhəbbət və əbədilik ideyalarının daşıyıcısı kimi göstərilməsi, tamaşaçı zövqünü oxşaması və təbiilik "Babamızın babasının babası” filminin erotik səhnəsini tənqid hədəfi olmaqdan yayındırıb.

Qeyd edək ki, sovet dövründə çəkilən bu film indiyə kimi dəfələrlə müxtəlif yerli kanallarda nümayiş olunub. Amma bəzi telekanallar filmi nümayiş etdirərkən həmin səhnəni “qayçılayıblar”.

Yeri gəlmişkən, bu filmdə də erotik səhnənin canlı və təbii alınması üçün rejissor Tofiq Tağızadə Nərgiz  roluna görə Rusiyanın tanınmış aktrisası Yelena Qaracovanı Azərbaycana dəvət edib.

Azərbaycan rejissorlarının çəkdiyi “Nizami”, “Dədə Qorqud”, “Dəli Kür”, “Babək”, “Kişi sözü” filmlərindəki kiçik açıq-saçıq səhnələr də zaman-zaman müzakirələrə səbəb olub.
 


A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir