Dolanışıqdan gileyli İvanovka sakinləri: “Çölümüz özgəni yandırır, içimiz özümüzü...”
Jurnalist dostlarımızla istirahət etmək üçün maraqlı və qeyri-adi məkan axtarışında idik. Hansı rayona gedəcəyimizi aramızda qərarlaşdıra bilmirdik. Bəzi dostlarımız Qusara getməyi israr edirdilər, bəziləri isə məşhur İvanovkaya (İsmayıllının İvanovka kəndinə-red). İki seçim qarşısında qalmışdıq.
Vaxtımız o qədər də çox deyildi. Cəmi 24 saat. Şənbə günü işdən sonra yola çıxmalı, bazar günü axşam isə Bakıya geri qayıtmalı idik. Bunu nəzərə alıb Qusar səfərini müvəqqəti təxirə salmalı olduq. İvanovkanın Qusara nisbətən Bakıya bir qədər yaxın olması, həmçinin bu kəndin əsrlərdir davam edən özünəməxsus adət-ənənələri, insanların fərqli yaşam tərzi hər birimizdə maraq oyatmışdı.
Qərara verdik ki, İvanovkaya doğru yola çıxaq.
Şənbə günü: hamı səbrsizliklə iş vaxtının bitməsini gözləyir. Nə gizlədim fikrimiz İvanovkada qaldığından tək istəyimiz iş saatının tezliklə başa çatması idi. Həmkarlarımdan fərqli olaraq İvanovkada indiyədək bir neçə dəfə olduğumdan bu kəndin insanlarına, onların xarakterlərinə yaxşı bələd idim.
Nəhayət saat 17:00-dır.
İvanovkaya gedəcəyimizdən xəbər tutan bəzi dostlarımız gələndə onlar üçün kənd pendiri, çaxır, bal gətirməyi boynumuza qoydular. Baş redaktorumuz da bizə İvanovkadan əli boş qayıtmamağı, oxucularımız üçün maraqlı reportaj hazırlamağı tapşırdı.
... Artıq vaxtdır deyib, əşyalarımızı da götürüb tələm-tələsik yola düşdük. Bir saatdan çox olardı Bakıdan uzaqlaşmışdıq. İstirahət adı ilə yola çıxsaq da, yol boyu yeni iş həftəsində qələmə alacağımız mövzular ətrafında fikir mübadiləsi aparır, yeni layihələrimizdən danışırdıq.
Xeyli getmişdik ki, Mərəzədə avtobusumuzun təkəri partladı. Maraqlı mənzərəydi... Həmişə əlində diktafon alıb müsahibə üçün onun-bunun arxasınca qaçan jurnalistlər bu dəfə avtobusun təkərini dəyişirdilər. Fotomüxbirimiz isə kənarda durub bizim şəkillərimizi çəkirdi. Sürücümüz Aqşin də bizə elə təəccüblə baxırdı ki, guya əlimizdən yazı-pozudan başqa iş gəlmir.
Hər şey yağ kimi gedirdi. Bakı bizdən xeyli geridə qalmışdı. Deyib-gülür, istirahətimizin dadını çıxarırdıq...
3 saatlıq maraqlı yolçuluqdan sonra, nəhayət İvanovkadayıq. Saat 20:00-dır. Hava soyuq və bir qədər də qaranlıqdır. Burada hər tərəf sükut içindədir. Küçələrdə paytaxtdan fərqli olaraq nə insan axını var, nə də avtomobillərin baş gicəlləndirən səs-küyü. Sakitçiliyə öyrəşmədiyimiz üçün İvanovkanın susqunluğu bizi təəccübləndirirdi. “Doğurdanmı burada insanlar belə susqundurlar”-deyə öz aramızda danışırdıq.
Gecələmək üçün kirayə tutduğumuz evə yol alıb əşyalarımızı yerləşdiririk. Ev sahibi milliyətcə rus (malakan) olan ağbirçək Katya xala bizi illərdir tanıyırmış kimi, gülərüzlə qarşıladı. Həyatda ilk dəfə üz-üzə gəldiyimiz Katya xalanın qonaqpərvərliyi üzündən bəlli idi. Ev sahibəsi jurnalist olduğumuzu biləndən sonra bizə qarşı əvvəlkindən də mehriban davranmağa başladı. Sağ olsun, evinin ən gözəl otaqlarını gecələmək üçün bizə verdi.
İvanovka ruslarının qonaqpərvər olması ilk baxışdan bəlli idi. Yaşlı ev sahibəsi bizim üçün plov belə, dəmləmişdi.
Başımıza pərvanə kimi fırlanan Katya xala əri Andrey və bir oğlu ilə yaşayır. Oğlu İvanovka kolxozunda fəhlə işləyir.
Katya xala bizə ailə problemlərindən də danışmağa macal tapdı. Ərinin təqaüfçü olduğunu deyən Katya xala bildirdi ki, oğlunun aldığı 60 manat maaşla gün-güzəran keçirilər. O, dolanışıqlarının çətin olmasından şikayətlənirdi.
Katya xalanın maraqlı həmsöhbət olduğu üzündən sezilirdi. Milliyətcə rus olsa da, özünü azərbaycanlı kimi hiss etdiyini deyən Katya xala İvanovkanın ata-baba yurdu olduğunu, heç vaxt buralardan getmək istəmədiklərini dilə gətirdi.
Oğlu Alekseylə də ayaqüstü söhbət eləməyə macal tapdıq. Səhər dan yeri açılmamış saat 5-də işə gedən Alyoşa (kənddə hamı onu belə çağırır) iş rejimin ağır olduğunu, aldığı əmək haqqının isə heç siqaret puluna belə, çatmadığını deyib, gileylənirdi.
Paxtaxda adi süpürgəçinin 200-300 manat maaş aldığını deyən Alyoşa söhbət əsnasında çətinlikdən canını qurtarmaq üçün tezliklə Rusiyaya getmək istədiyini də vurğuladı.
30-a yaxın yaşı olan Alyoşa maddi durumunn yaxşı olmadığı üçün hələ də ailə həyatı qurmayıb.
Gecəni geridə qoyduq. İvanovkada ilk səhərimiz... Havanın tutqun və çiskin olmasına baxmayaraq burada həyat öz axarı ilə davam edir. Həftənin bazar günü olsa da İvanovkada hamı iş başındadır. Kənd əhalisinin demək olar ki, yarıdan çoxu kolxozda işləyir. İvanovka Azərbaycanda yeganə kənddir ki, Sovet dövrünün kolxoz quruluşunu indiyədək saxlayır.
İsmayıllıda insanlar işsizlikdən əziyyət çəkdiyi halda İvanovkada demək olar ki, iş problemi yoxdur. Əmək haqları az olsa da, burada hamı bir nəfər kimi kolxozda çalışır. Evlərinə bir tikə çörək aparmaq üçün dəridən-qabıqdan çıxan ivanovkalılar zahirən heç də həyatlarından narazı görünmürdülər. Burada demək olar ki, hər kəs eyni səviyyədə yaşayır.
Maraqlı məqam odur ki, İvanovkada kolxoz quruluşu olduğundan kəndin özünəməxsus daxili büdcəsi var. Kənddə çalışanların əməkhaqları dövlət büdcəsindən deyil, məhz daxili büdcə hesabına ödənilir. İvanovkada ciddi iş problemi yoxdur, amma kolxozda çalışanların maaşları demək olar ki, qəpik-quruşdur. Təsəvvür edin, İvanovkada maksimum əmək haqqı 90 manat, minimim əməkhaqqı isə 30 manatdır. Kolxozda gecə-gündüz işləyən sağıcı, traktorçu və digər peşə sahibləri cəmi-cümlətanı 60 manat maaş alırlar.
Kənd sakinləri ilə söhbətimizdə də onlar əmək haqlarının azlığından şikayət edirdilər. Uşaq yaşlarından kolxozda traktorçu işləyən Rəşad Salamovla hömsöhbət olduq. İlk əvvəl əlimizdə diktafonu görüb danışmaq istəməsə də, sonradan ürəyini boşaltdı.
Onun 35 yaşı var, ailəlidir, iki övladı var. Evi olmadığı üçün kənddə kirayə yaşayır. Rəşad aldığı 60 manat maaşla ailəsini güclə dolandırır.
“Kolxozda uzun illərdir traktorçu işləyirəm. Təsəvvür edin, yay-qış bilmədən tezdən saat 5-dən axşama kimi tozun-torpağın içində işləyirik. Aldığım maaş isə heç nə, cəmi 60 manatdır. Bilmirəm 60 manatla ailəmi saxlayım, ev kirayəsini verim, yoxsa uşaqlara əyin-baş alım. Məcburiyyət qaşısında qaldığımdan gecələr də üzüm bağında qarovulçu işləyirəm. Oradan da ayda 30 manat alıram. Ailəmə, uşaqlarıma istədikləri kimi həyat yaşada bilmirəm. İnanırsınız, qışda aldığım maaş heç qazpuluna, işıqpuluna bəs etmir”-deyə müsahibimiz üzləşdiyi çətinliklərdən bəhs edirdi.
İvanovkanın arxitekturası da heyrətamizdir. Yol boyu evlər sanki xətkeşlə çəkilmiş kimi simmetrik və səliqəlidir. Burada fəlhənin də, sürücünün də, kolxoz sədrinin də evi bir-birindən fərqlənmir.
Kənddə tək-tük dəbdəbəli evlərə rast gəlmək olar ki, bunlar da imkanlı paytaxt sakinlərinə məxsusdur. Bakıdan gəlib İvanovkada yer alıb, ev tikiblər. İvanovkada adlı-sanlı oliqarx-nazirlərdən birinin ucu-bucağı görünməyən imarətini görmək bizə də nəsib oldu. Burada bir neçə tanınmış adamın da bağ evi var.Yayda qonaq-qara əlindən zara gələn kənddə həyatyanı torpaq sahəsinin satış qiyməti də Bakıdan geri qalmır. Burada torpağın bir sotu ən azı 2-3 min manatdır.
İvanovkada hazırda ruslarla yanaşı, ləzgilər və azərbaycanlılar da yaşayır. Üç ayrı millətin nümayəndələri bir kənddə yaşasalar da, milli-mənəvi dəyərlərinə görə xeyli fərqlənirlər. Burada insanlar ailə dəyərlərinə daha çox önəm verirlər. Demək olar ki, çox nadir hallarda rus qızları başqa millətlərin nümayəndələri ilə ailə həyatı qururlar. Geyim və dünyagörüşü baxımından ivanovkalılar heç də paytaxt sakinlərindən seçilmirlər. İvanovka rusları dəbdəbədən uzaq millətdirlər. Onlar ata-babalarının əsrlər əvvəl qoyduğu milli ənənələrini qoruyub saxlamağı özlərinə borc bilirlər.
İvanovkada evlərin tikilişindən tutmuş insanların dünyagörüşünə, qonaqlara davranışına kimi hər şey tam fərqlidir. Bu mənzərənin canlı şahidi olarkən təəccüb içində idik. Sanki Azərbaycanda deyil, hansısa sivil Avropa ölkəsində idik. Yol kənardında səliqə ilə tikilən balaca, xudmani evlər, təmiz küçələr, qonaqpərvər insanlar sözün əsl mənasında bizi valeh etmişdi. Yəqin ki, siz də təəccüblənəcəksiniz. Kənd deyəndə palçıq, toz-torpaq, yolun ortasında mələyən qoyun-quzu gözümüzün önündə canlansa da, İvanovkada bunları görmədik.
Asfalt yollar, tər-təmiz küçələr, gülərüz malakanlar...
İvanovkanın tarixi də xeyli zəngindir. Kəndin əsası 1847-ci ildə çar Rusiyası dövründə Qafqaza köçürülmüş ruslar tərəfindən qoyulub. Kəndin adı da onun yaradıcısı olan kəndçi İvan Perşinin şərəfinə İvanovka adlandırılıb. Burada orta hesabla 3 mindən çox sakin yaşayır. İvanovkalılar daha çox üzümçülük, taxılçılıq və heyvandarlıqla məşğul olurlar. Bu kəndin çaxır, pendir və s. kimi məhsulları daxili bazarda öz yerlərini tutub. Kənddə bir neçə sex, park və zavod fəaliyyət göstərir.
Təəssüf ki, bir neçə saat İvanovkanı gəzib-dolaşdıqdan sonra geri qayıtmaq məcburiyyətindəyik. Artıq vaxtdır deyib, İvanovkanı tərk edir, səfərimizi başa vururuq. Qarşıda bizi yenidən gərgin şəhər həyatı gözləyir.
Anar RÜSTƏMOV
P.S. Hər şey gözlədiyimizdən də yaxşı alındı. Bir tək İvanovkanın dillər əzbəri olan diskotekasında stress ata bimədyimiz üçün kefimiz pozulmuşdu. Amma yenidən bu yerlərə gələcəyimizə söz verdik..