Modern.az

Sumqayıtın 55 yaşlı müalicə ocağında nələr gördüm?.. - REPORTAJ

Sumqayıtın 55 yaşlı müalicə ocağında nələr gördüm?.. - REPORTAJ

Reportaj

20 Fevral 2023, 13:46

İki ildən artıqdır ki, xəstəliyimlə bağlı respublikamızın müxtəlif səhiyyə ocaqlarında – Respublika Mərkəzi Klinikasında, “Neftçilər” xəstəxanasında, M.Topçubaşov adına Emi-cərrahi Klinikada, EGE, MedEra, “Atlas” və “Kəpəz” qospitallarında müayinədən keçmiş, müalicə olunmuşam. Onların hər birinin həm ən müasir tibbi avadanlıqla təchizatının şahidi olmuş, həm tanınmış, təcrübəli həkimlərin və tibb personalının diqqət və qayğısını görmüşəm.

Ancaq aylarla həmin tibb ocaqlarına ayaq döyərkən həmişə təəssüflənmişəm ki, respublikamızın ikinci böyük şəhəri, paytaxtın “iki addımlığında” olan Sumqayıtda niyə həmin tibb ocaqlarında olduğu kimi müasir, yüksək təchizatı, yaxşı şəraiti olan bir xəstəxana və poliklinika yoxdur. Ta o vaxta kimi ki, 1 №-li Şəhər xəstəxanasının poliklinikasına yolum düşməmişdi. Ora ilk dəfə ötən ilin oktyabrında gedərkən ilk növbədə diqqətimi çəkən son dövrlərdə ən müasir, günün tələbləri səviyyəsində qurulmuş Mərkəzi laboratoriyada bütün tibbi analizlərin və müayinələrin yüksək peşəkarlıqla aparılması və həkimlərin, tibbi personalın pasientlərə qarşı son dərəcə diqqətlə, qayğı ilə yanaşması oldu. Orda hansı həkimə müraciət etdimsə, yüksək peşəkarlığın və... səmimi münasibətin şahidi oldum. Təkcə bir faktı göstərmək istəyirəm.

Həkimin inanılmaz jesti...

Kardioloq Elnaz həkimin qəbuluna gedərkən növbədə çox adam olduğundan və həm də taqətsiz düşdüyümdən növbə üçün kompüterdə qeyd olunmalı olan çek götürə bilməmişdim. Buna baxmayaraq, Elnaz həkim məni qədul edərək, diqqətlə dinləyib, səhhətimlə bağlı problemlərimlə maraqlandı. Və... bir qədər sonra heç nə demədən otaqdan çıxıb harasa getdi. “Hardasa” 15-20 dəqiqə yubandığını görüb, tibb bacısından səbəbini soruşdum.


Sən demə, həkim mənim hətta çəliklə də çox çətinliklə yeridiyimi görüb, dəhlizdəki uzun növbəyə dayana bilməyəcəyimi bilərək, mənə qəbuluna nömrə almaq üçün ümumi qaydada növbəyə dayanmışdı. Yəqin “məsələni” tez həll edəcəyini düşünərək, bunu heç özünün tibb bacısına da tapşırmamışdı. Necə qəlbli insan, böyük ürəkli həkim olasan ki, pasientin halına yanaraq, ona laqeydlik yox, bu cür diqqət, qayğı göstərəsən!.. Var olsun Elnaz həkim və bu cür qayğıkeş həkimlərimiz!

Sonralar burda bir-neçə dəfə müxtəlif analizlər verməli oldum ki, onların yüksək səviyyədə, peşəkarlıqla aparıması bu polıiklinikanın fəaliyyətinin müasir tələblərə, yüksək tibbi texnologiyalara uyğun şəkildə qurulduğuna inamımı artırdı və bundan şəhərimiz, sakinlərimiz üçün xüsusi məmnunluq duydum. Və iş elə gətirdi ki, Bakıda ayağımda aparılan bir-neçə cərrahiyyə əməliyyatından sonra səhhətimdəki bəzi problemlərlə bağlı müalicəmi bu il fevralın əvvəlindən bu nümunəvi tibb ocağının nefrologiya şöbəsində stasionar şəkildə davam etdirməli oldum.  Orda olarkən yadıma düşdü ki, ilk dəfə bu xəstəxanaya çox gənc ikən  - 27 yaşımda gətirilmişdim... təcili yardım maşını ilə.
 
“Dezertir” olmaq istəmədim... 

O vaxtlar mən respublikanın ən iri sənaye müəssisəsində - Azərbaycan Boru-prokat zavodunun prokat sexində çalışırdım. O dövrün nüfuzlu Neft və Kimya İnstitutunu bitirdikdən sonra sexin konstruktor bürosuna başçılıq edirdim. Bir gün ürəyimdə narahatlıq hiss edərək, zavod poliklinikasına gedib, tanınmış terapevt L.Züzkonun qəbulunda növbəmi gözləyirdim. Necə oldusa, birdən halım dəyişdi və özüm də bilmədən oturduğum yerdəcə yanıüstə yıxıldım. Yadımda yuxu kimi qalan ətrafdakıların həyəcanlı səsləri, sonra isə təcili tibbi yardlm maşınının sirenası oldu. Gözümü xəstəxana palatasında açmışdım. Nə baş verdiyini başa düşmək halında deyildim.

Həkimlərim səyi sayəsində ertəsi gün vəziyyətim nisbətən yaxşılaşmışdl. Bura necə vəziyyətdə gətirildiyimi unudaraq yadıma düşdü ki, sabah seximizdə mürəkkəb prokat avadanlığının 10 günlük əsaslı təmiri başlayacaqdı və mən mühəndis-konstruktor kimi hökmən iş başında olmalı idim, təmir zamanı ortaya çıxa biləcək texniki məsələlərin həllində iştirak etməliydim. Məni narahat edən əsas məsələ zavodun belə bir məsuliyyətli, həlledici dövründə kənarda – xəstəxanada olmağım idi. Bir də yəqin ki, Stalin dövründən qalmış vurula biləcəyim xoşagəlməz “yarlık” – dezertir sayıla bilməyim. Bu, o vaxtlar hələ də ən ağır bir yarlık, çox ciddi ittiham sayılırdı. Bunu özümə rəva görmədiyimdən, həm də təmirin çox mühüm, geniş həcmli rekonstruksiya ilə aparılacağını bildiyimdən sexdə olmağımı çox mühüm və vacib hesab edirdim. Odur ki, səhhətimin yaxşılaşdığını, “təhlükənin” sovuşduğunu düşünərək, müalicə həkimim təyin olunmuş gənc həkim qıza yaxınlaşaraq, mənə müalicəmi 10 gündən sonra davam etdirmək şərtilə icazə verməsini xahiş etdim.

O isə nəyə görə müalicəmi dayandırmaq istədiyimi biləndə çox ciddi şəkildə dedi ki, sən heç bilirsənmi ki, sənin özünün ürəyinə əsaslı təmir – “kapremont” lazımdır? Və qəti şəkildə etiraz etdi. Çox dilə tutsam da, kar aşmadı. Axı, o, bir həkim mənə görə məsuliyyət daşıyırdı. Məcbur olub, şöbə müdirinə müraciət etməli oldum. O da mənim o vaxtkı vəziyyətimdə bunun mümkün olmadığını bildirdi, Çox xahiş-minnətdən, məsuliyyəti öz üzərimə götürmək şərtilə yazılı ərizəmdən sonra xəstəxanadan buraxıldım. O vaxtdan “asta qaçan namərddir”, - deyib qaçdım qaça bildikcə. Yalnız bir-neçə ildən sonra yenidən – ikinci dəfə yolum yenə o xəstəxanaya düşsə də, ordakı xoşagəlməz şərait (köhnə, sınıq-salxaq dəmir çarpayılar, tökülüb-itən yorğan-döşək, səliqəsizlik, xəstəyə təmənnalı münasibət, keyfiyyətsiz yeməklər və s.), müalicə səviyyəsi ürəkaçan olmadığından 2-3 gündən sonra yenə ordan qaçmalı oldum.

Bax, bura əsl müalicə ocağıdır – xəstəyə diqqətin, qayğının olduğu xəstəxana

Məndə olan bir yığın tibbi sənədlər əsasında stasionar müalicə almaq üçün Baş həkimin göndərişi lazım idi. Qəbul otağında bildirdilər ki, baş həkim Mətləb Musayev ağır cərrahi əməliyyatdadır, ona görə də bir xeyli gözləmək lazım gələcək. Onun qəbuluna səhhəti daha ağır olan bir-neçə xəstə də gətirilmişdi. Təxminən bir saatdan sonra baş həkim dəhlizdə göründü.


Üzünün ifadəsindən, gümrah yerişindən hiss olunurdu ki, əməliyyat ağır olsa da, uğurla başa çatıb. Yorğun olduğunu, bizi yəqin ki “bir qurtum” çay içdikdən sonra qəbul edəcəyini düşündüm. Lakin o, kabinetinə doğru addımlayaraq, “buyurun, gəlin”, - deyə əlil arabacığındakı xəstə qadının yaxınlarını içəri dəvət etdi. Mənə növbə çatanda diqqətlə, qayğıkeşliklə dinləyib, telefonla nefrologiya şöbəsinin müdirinə mənim xəstəliyimlə bağlı məlumat və tapşırığını verib, tibb bacısının müşayiəti ilə məni şöbəyə göndərdi.

Uca boylu, pozitiv görkəmli, xoşsifət və xoşxasiyyət şöbə müdiri Ceyhun Süleymanovla ilk tanışlıqdan onun hər səhər işə böyük həvəslə, öz humanist peşəsinə sevgi ilə gəldiyi çox aydın şəkildə hiss edildi. O, Azərbaycan Dövlət Tibb Universitetini bitirib. Bir müddət Türkiyədə təcrübə keçib. 17 illdir ki bu şöbədə çalışır. İstedadı, bilik və bacarığı, xəstələrə xüsusi diqqət və qayğısı, onlarla xoş ünsiyyət qurmaq qabiliyyəti nəzərə alınaraq, üç il əvvəl şöbəyə rəhbərlik etmək ona həvalə olunub. Və o, bu məsul işin öhdəsindən bacarıqla gəlir. 

Ceyhun həkim xəstəliyimin xarakteri və tarixçəsi ilə tanış olub, məni palataya təyin edərək, bir qədər sonra yanıma gəlib, ilkin müayinə apardı və müalicə üçün tibbi təyinat yazaraq, müvafiq göstərişlərini verdi.

Palatada tanış olduğum yoldaşlarımızdan biri – Xaçmazdan olan 49 yaşlı xəstə Əlibala Nəbiyev vəziyyətinin pis olduğunu, rayonda müalicəsinin düzgün aparılmadığını, xəstəliyin böyrəyinə də təsir etdiyini, ayağının hədsiz dərəcədə şişdiyini, çox çətinliklə gəzdiyini, ağrılardan yata bilmədiyini bildirdi. Ancaq minnətdarlıqla qeyd etdi ki, bura gələndən sonra Ceyhun həkimin və müalicə həkimləri Könül Musayevanın, Rəvanə Məmmədovanın düzgün təyinatı və məsləhətləri sayəsində son üç gün ərzində səhhətində yaxşılaşma başlayıb.

Digər palata yoldaşımız – 77 yaşlı Şahmar kişi isə son aylarda böyrəyinin və  ona əziyyət verən daşın ağrılarının dözülməzliyindən, yuxusuzluqdan şikayət edirdi. Elə mən palataya gəldiyim gündən gecələr ağrılardan nə onlar, nə də mən yata bilirdim. Sağ olsun hər an, lap gecənin yarısında belə başımızın üstünü kəsdirən qayğıkeş tibb bacıları Şahnaz Şıxəliyeva, Şəlalə Salayeva, Nailə Əliyeva, Sevda Nağıyeva, Səidə Rüstəmova, Fənarə İslamova, Qətibə Abbasova, Sehran Zəkiyeva, Zəminə İsayeva, İfadə Vəliyeva, Nəbibə Niftəliyeva, Arzu Tağıyeva və digərləri. Onlar öz bacarıqları, təcrübələri və şəfalı əlləri ilə və həm də səmimi, mehriban münasibətləri iə ağrı-acımızın qarşısını alır, bizi qorxulu bir şey olmadığına, hər şeyin tezliklə ötüb-keçəcəyinə inandırırdılar. Doğrudan da, 4-5 gün müalicədən sonra gecənin bir vaxtı Şahmar kişi ona uzun müddət id ki əziyyət verən daşdan və böyrək ağrısından tam xilas oldu. Xaçmazlı palata yoldaşımız Əlibala da ayağının şişkinliyindən və gecə ağrılarından müəyyən qədər qurtararaq, Ceyhun həkim başda olmaqla müalicə həkimi Rəvanə Məmmədovaya və qayğıkeş tibb bacılarına, baş tibb bacısı Sevil Ağasiyevaya, palataların səliqə-sahmanını, gigiyenik təmizliyini təmin edən Dilşad xanıma minnətdarlığını bildirərək, evə, onun yolunu intizarla gözləyən ailəsinin və hər gün onunla vatsapla görüntülü danışaraq, babalarını intizarla gözlədiklərini söyləyən şirin-şəkər nəvələrinin yanına tələsdi.

Gecə həyəcanı, təcili, ayaqüstü konsilium...



...Gecənin yarısı, xəstələr yatmaqda ikən palata yoldaşımız, Saray qəsəbəsindən olan Elçin Qurbanovun qəfildən yaranan dəhşətli ağrılara dözməyib, qıvrılaraq qışqırması bütün tibb personalını ayağa qaldırdı. Növbətçi həkim və tibb bacıları onun ağrılarını azaltmaq ücün ağrıkəsici iynə vurub, sakitləşdirməyə çalışsalar da, xəstə zarıya-zarıya qalmışdı. Ağrıdan qıvrılan xəstə birdən huşunu itirib, hərəkətsiz halda arxası üstə şarpayıya yıxıldı. Vəziyyət o dərəcədə kritik idi ki, Elçin çağırışlara heç bir reaksiya vermirdi, gözləri böyüyərək, hədəqəsindən çıxmaqda, özündən xəbərsiz göz yaşları axmaqda idi. Yalnız üzünə qəfildən su çiləndikdən sonra bir qədər özünə gəldi, lakin tam taqətsiz, hərəkətsiz idi. Palatada həyəcanlı, qorxulu anlar yaşanırdı. Təcili zənglə özünü tez bir zamanda evdən şöbəyə yetirən Ceyhun həkim beş dəqiqə keçmədən xəstəxananın növbətçi nevropatoloqunu, kardioloqunu və digər həmkarlarını palataya çağırıb, ayaqüstü, operativ  konsilium keçirtdi. Ümumi rəy əsasında lazım olan dava-dərman edildikdən bir qədər sonra xəstə yavaş-yavaş özünə gəldi. Gözlərini açıb, bütün həkimlərin və tibb bacılarının başına yığıldığına təəccüblə baxan Elçin sanki həyata yenidən qayıtmışdı. Səhərisi gün onu ağır, kritik vəziyyətdən qurtarmış həkimlərə və tibb bacılarına ayrı-ayrılıqda təşəkkürünü bildirmişdi.

Var olsun müqəddəs peşəsini sevən, gecə-gündüz xalqın sağlamlığı keşiyində dayanan, ona vicdanla, sədaqətlə xidmət edən tibb işçilərimiz!

Deyilənə görə, təcrübəli səhiyyə işçisi Mətləb Musayev bu xəstəxanaya Baş həkim təyin olunduqdan sonra burda bütün pasientlərə, xəstələrə diqqət və qayğı daha da artıb. Bütün həkimlər və kiçik tibb personalı üçün burda ümumi, pozulmaz bir qayda var: xəstələrin tez və tam sağalması üçün maksimum səy göstərmək, onlara hər zaman diqqət və qayğı ilə, mehribanlıqla yanaşmaq! Baş həkimin bütün personaldan yeganə tələbi və xahişi məhz budur.

Bunun üçün o özü də daim  işçilərinə şəxsi nümunə olmağı bacarır. Onun tibbi personala ciddi tələbini bir həkim kimi şəxsi xarakteri ilə yanaşı ötən çətin günlərin ağır sınağı da formalaşdırıb. Belə ki, Mətləb həkim bu səhiyyə ocağına böhranlı günlərdə - 2020-ci ildə, koronavirusun bütün dünyada tüğyan etdiyi bir dövrdə baş həkim təyin olunub. Məhz onun yüksək peşəkarlığı və təşkilatçılığı, fədakar kollektvi ilə birgə gecə-gündüz, rahatlıq bilmədən çalışması sayəsində o zaman yüzlərlə koronavirus xəstəsi ölümün pəncəsindən xilas olaraq yenidən həyata qayıtmışdır. Həmin günlərin həyəcanlı, ciddi rejimi, hər xəstənin həyatı uğrunda aparılan mübarizə sanki onun həkimlik fəaliyyətinin ritmini də dəyişib, yeniləşdirib. Tibb personalının xəstələrə artan diqqət və qayğısı ilə yanaşı bütün şöbələrdə, hər palatada sağlamlıq üçün vacib olan təmizlik və səiqə-sahman da həmişə xəstəxana rəhbərliyinin diqqət mərkəzindədir. Bunu mən 14 gün ərzində müalicə olunduğum nefrologiya şöbəsinin timsalında da hər gün görürdüm.

Hər yerdə, hər zaman insan amili!..

Bu xəstəxana mənim Sumqayıta ilk dəfə gəldiyim 1967-ci ildə tikilib. Bura şəhərin  mərkəzində yerləşdiyindən sumqayıtlıların ən çox üz tutduğu tibb ocağıdır. Məhz bu səbəbdən ölkə rəhbərliyinin daim diqqətində olan Sumqayıtın bu əsas xəstəxanası 10 il əvvəl – 2013-cü ildə əsaslı təmir olunaraq, ən müasir tibbi avadanlıqlarla təchiz edilərək şəhər əhalisinin istifadəsinə verilmişdir.

Baş həkim Mətləb Musayev bildirir ki, 225 çarpayılıq yeri olan bu mərkəzi xəstəxanada bütün mühüm şöbələr - terapiya, kardiologiya, nevrologiya, urologiya, nefrologiya, yoluxucu xəstəliklər, anesteziologiya-reanimatologiya şöbələri fəaliyyət göstərir. Onların hər biri, o cümlədən poliklinika və təcili yardım stansiyası ən müasir tibbi avadanlıq və cihazlarla təmin edilmişdir. Xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin burada müalicə alması üçün son zamanlar hemodializ şöbəsi də fəaliyyətə başlamışdır ki, bu da xəstələrimizi hər dəfə xeyli əziyyətlə paytaxta getmək qayğılarından azad etmişdir. Xəstəxanamız indiyədək şəhərin dövlət tibb müəssisələrində olmayan və şəhər sakinlərinin dərin tibbi müayinəsi zamanı kəskin ehtiyac duyulan maqnit-rezonans tomoqrafiya aparatı ilə də təchiz edilmişdir.


Əsaslı təmirdən sonra xəstəxanada həmçinin exokardioqrafiya kabineti, histoloji və virusoloji laboratoriyalar fəaliyyət göstərir. Xəstəxanamızda sumqayıtlıların sağlamlığı keşiyində dayanan 500-dən artıq tibb işçisi çalışır. Onların 100- ə qədəri həkim, 300-ü orta tibb işçisidir. Ekstremal hallarda tibbi xidmətimizdə gözlənilməz fasilələrə yol verilməməsi üçün ayrıca transformator stansiyası və generatorlar quraşdırılmış, bütün xəstəxana mərkəzləşdirilmiş qaydada istilik sistemi və kondisionerlərlə təchiz olunmuşdur.

Sumqayıt Tbb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Ramil Yaqub Zeynallı qeyd edir ki, son zamanlar şəhər sakinləri 1 №li xəstəxana kollektivinin göstərdiyi nümunəvi xidmətə görə daha çox razılıq bildirirlər. Şəhərimizdə səhiyyə işinin yüksək səviyyəyə qaldırıldığına görə ilk növbədə insan amilini hər şeydən üstün tutaraq, hər bir vətəndaşının sağlamlığını diqqətdə saxlayıb, daim qayğı göstərən ölkə Prezidenti İlham Əliyevə və şəhər rəhbərliyinə həm tibb işçilərmiz, həm də pasiyentlərimiz, xəstlərimiz adından dərin minnətdarlığımızı bildiririk.

P.S. Deyilənlərə onu əlavə edərək bildirmək istəyirəm ki, mən də və bu xəstəxanada mənimlə birlikdə effekli müalicə alıb, həkimlərin səyi ilə sağlamlıqlarını bərpa etmiş bütün dünənki xəstələr də bu nümunəvi tibb ocağının mehriban, qayğıkeş, fədakar kollektivinə öz təşəkkürümüzü bildiririk!

Üzünüz el yanında həmişə ağ olsun, bizim ağxalatlı qoruyucularımız!
 

Rəhman ORXAN,
Respublikanın Əməkdar jurnalisti

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Medvedyev özündən çıxdı-Necə də alçaqsınız!