Modern.az

İşsizlər cinayətkara necə çevrilir - ARAŞDIRMA

İşsizlər cinayətkara necə çevrilir - ARAŞDIRMA

25 Fevral 2023, 17:30

Azərbaycanda cinayət törədənlərin çoxu işsizlərdir. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, cinayət törətmiş şəxslərin 72,8 faizini heç yerdə işləməyən və oxumayanlar təşkil edir.

 

İctimaiyyətə təqdim olunan bu rəqəm əslində böyük təhlükədən xəbər verir. Bəs səbəb nədir? İşsizlikdən çıxış yolu cinayətdirmi? 

 

Əvvəlcə psixoloji amillərə nəzər yetirək...

 

Azərbaycan Psixologiya Akademiyasının rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Müşviq Mustafayev Modern.az-a bildirib ki, hüquqşünaslardan fərqli olaraq psixoloqları daha çox hadisənin motivi və mexanizmi maraqlandırır.

 

Onun sözlərinə görə, işləməyən insanların cinayət törətməsinin psixoloji tərəflərini izah etmək üçün ilk növbədə həmin davranışın psixoloji mexanizmini müəyənləşdirmək lazımdır.  

 

"Cinayət davranışının mexanizmi xarici və daxili faktorlar arasındakı əlaqənin müəyyənləşdirməsi əsasında izah oluna bilər. İşsizlik fərdin fiziki və psixi sağlamlığına mənfi təsir göstərir, şəxsiyyətlərarası və ailədaxili münasibətlərin konstruktiv formalarının dəyişməsinə və pisləşməsinə gətirib çıxarır. Bu isə istər-istəməz şəxsiyyətin həm maddi, həm sosial, həm də peşəkar statusunu pisləşdirir, onda cəmiyyətə qarşı aqresiyanı gücləndirir, günahkarın tapılması başlıca məqsədə çevrilir. Bu vəziyyət uzun müddət davam etdikdə işləməyən insanlar ağır və mürəkkəb psixoloji vəziyyətə düşür. Bu da onun cəmiyyətlə münasibətlərinə mənfi təsir göstərir. Bir tərəfdən özünün sosial statusundan narazı olmaq, digər tərəfdən həm ailədə, həm də cəmiyyətdə işsiz insanlara qarşı mövcud olan streotopik düşüncə tərzi onların psixologiyasına təsir göstərməklə münasibətlər sferasına ağır zərbə vurur. Bu durumda emosional gərginliyin artması nəticəsində onların davranışlarını idarə etməsi və sağlam düşünmək imkanları azalır, onlarda natamamlıq kompleksi özünü göstərməyə başlayır.  

 

İşləməyən insanların lüks həyat yaşamaq imkanları yoxdur. Amma sosial şəbəkələrdə və gündəlik həyatda, qonşuda, qohumda bu tərz həyat sürən insanlar haqqında gündəlik həm eşidirlər, həm də görürürlər. Bu isə çox zaman onlarda təlabatların patologiyasına səbəb olur. Bu baxımdan bəzən işləməyən insanlarda bu tərz həyat sürən insanlara qarşı paxıllıq, həsəd, kin kimi neqativ hislər yaranır. Onlar aza qane olmaq istəmir və bundan çıxış yolları axtarmağa başlayırlar. Onlar daha aqressiv, fəal, impulsiv, özünə zəif nəzarət edən, eqoist, daha çox ədavətli, şübhələnməyə meyilli olurlar. Kifayət qədər qiymətləndirilmədikləri və qəbul edilmədikləri haqda yanlış fikrə qapılırlar. Bu zaman həmin insanlarda daha yaxşı yaşayan insanlara qarşı olan neqativ münasibət cinayət törətmələri üçün səbəb rolunda çıxış edir" .

 

Cinayətə aparan yollar...

 

M.Mustafayevin fikrincə, işsizlər arasında iradi və intellektual keyfiyyətlərin aşağı olması halları da özünü biruzə verir. Bu baxımdan onlar cəmiyyətin sağlam təbəqəsi ilə münasibət qura bilmədikdə üzlərini antisosial qruplara çevirirlər. Həmin qruplar onların iradi keyfiyyətlərinin aşağı olmasından istifadə edərək öz təsirləri altına salmaqla cinyət davranışına sövq edirlər.

 

"Eyni zamanda işləməyən insanlarda psixotravmatik yaşantılar, ümidsizlik, həyatdan küsmək kimi emosional vəziyyətlər özünü göstərir. Düşdüyü durumdan narazı olmaq onların həyati situasiyaları qismən qeyri-adekvat dərk etmələrinə və buna uyğun olaraq hərəkətlərinin mümkün nəticələrini görə bilməmələrinə səbəb olur. Yaranmış frusturasiya vəziyyətinin təsiri altında onlar özlərini yox, başqalarını günahlandırırlar. Bu isə sonunda onların cəmiyyətdə mövcud olan həm hüquqi, həm də sosial normaların əleyhinə getmələrinə, son nəticədə isə  cinayət davranışının yaranmasına səbəb olur".

 

 

Sabiq polis rəisi, kriminalist Mahmud Hacıyev isə Modern.az-a bildirib ki, işsizliyin ortaya çıxardığı fəsadlar kriminologiya elmi tərəfindən sübuta yetirilib:

 

"Bu elmlə məşğul olan kriminoloqlar cinayətlərin niyə baş verməsini, hansı sahədə cinayətlərin artıb-azalmasını, qarşısının necə alına biləcəyini araşdırırlar. Kriminoloqlar sübut ediblər ki, işsizlik cinayətlərin artmasına səbəb olur. Tamah motivi ilə işlənən cinayətlərin artımına işsizliyin təsiri mütləqdir. Yəni işsizlik oğurluq və soyğunçuluğun artmasına gətirib çıxarır. Cinayətlərin sayının azaldılması üçün bir sıra profilaktiv tədbirlər görmək mümükündür. Bunlardan biri işsizliyin aradan qaldırılmasıdır və bu mütləqdir".

 

Cinayətkarlığın artmasına səbəb olan amillərdən biri də azadlığa çıxmış şəxslərə iş verilməməsidir

 

Mahmud Hacıyev deyir: "Cinayətkar olduğuna görə məhkumluq həyatı yaşamış insanlar azadlığa çıxdıqdan sonra iş tapa bilmirlər. Bəzən dövlət məmurları deyirlər ki, müraciət edib, müsabiqədən keçsinlər işə götürərik. Bu amillər çox zaman real olmur. İnsanlar bir-birilərinə qayğı ilə yanaşmalıdır. İnsanların bir-birilərinə qayğı ilə, dostcasına yanaşması çox aşağı səviyyədədir. Bu da cinayətlərin artımına səbəb olur. Məhkumluq həyatı yaşayan elələri var ki, onlar şəxsiyyət baxımından bizdən geri qalan adamlar deyil. Onları kobudcasına inkar edirlər. Məhz bu inkar onların şəxsiyyətinə, mənəviyyatına toxunur. Cəmiyyətə qarşı, gələcəyə qarşı onlarda aqressiya yaranır. İstər-istəməz növbəti cinayətə əl atırlar.

 

Məsələn, bir biznesmenin yanına gedir. O, soruşur ki, "45-50 yaşın var, son  4-5 il haradasa işləmisən?", adam cavab verir ki, "bəs, son 4-5 il həbsdə olmuşam" Bununla da söhbət bağlanır. Biznesmen deyir ki, “xoş gəldin, bir də buralara ayaq basma”. İndi bu nə etməlidir? Normal adam olub. Həyatdır, nəsə cinayət tərkibli əməl törədib. İndi normal yaşamaq istəyir. Baxır ki, ailəsi var. Nə etməlidir, gedir cinayət törədir. Doğrudur, beş barmağın beşi də bir ola bilməz. Əsas iradə məsələsidir. Ancaq əksəriyyət iradə nümayiş etdirə bilmir".

 

İşsizlik ümidləri də öldürür...

 

 

Sosioloq Əhməd Qəşəmoğlu qeyd edib ki, cinayət əməllərinin daha çox işsizlər tərəfindən törədilməsi məntiqi nəticədir.

 

O fikirlərini belə əsaslandırıb: "Hər bir insanın, xüsusilə gənclərin həyatda özünütəsdiq, sabaha ümidlə baxmaq kimi tələbatları olur. Bu iki tələbat təbiidir. Körpə belə beşikdə olandan qışqırıb bağırır ki, “mən varam”.  Təəssüf ki, bir çox insanlar çalışmadıqları üçün özlərini təsdiq edə bilmirlər. İş olmadığından bu insanlarda sabaha inam da qalmır. Onları nə gözlədiyini bilmirlər. Belə şəxslər arasında nəinki cinayətkarlığa meyil, eyni zamanda özünəqəsd halları da artır. Çalışmalıyıq ki, insanlarda fərəh hissi, sabaha inam hissi olsun. SSRİ rejimi bütün pis tərəflərinə baxmayaraq, bu məsələyə ciddi diqqət göstərirdi. Biz SSRİ-dəki kimi qondarma yollarla getməməliyik. İndi daha doğru yollar tapmaq lazımdır. Yer üzündə elə proseslər gedir ki, insanların psixologiyasına pis təsir edir. Ona görə çalışmaq lazımdır ki, insanlar sıxılmasın. Müharibələr, zəlzələlər və iqtisadi problemlər insanlarda ciddi fəsadlar yaradır. Əvvəlcə bu kimi halların qarşısını almalıdır".

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı