Modern.az

31 il əvvəl: Azərbaycan qəzetləri Xocalı haqqında nə yazırdı - ARXİV

31 il əvvəl: Azərbaycan qəzetləri Xocalı haqqında nə yazırdı - ARXİV

Reportaj

26 Fevral 2023, 14:20

1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə 7 min nəfərdən çox əhalisi olan Xocalı şəhəri əsrin fəlakəti ilə üzləşdi. Erməni işğalçılarının Azərbaycan xalqına qarşı törətdiyi kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi hələ də məlum deyil. Soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi.

 

31 il əvvəl baş vermiş soyqırımı o dövrün mətbuat orqanları tərəfindən necə işıqlandırılmışdı? Azərbaycan qəzetləri Xocalı hadisələri barədə nələri yazmışdı, hansı faktlar ictimailəşdirilmişdi?

 

Yəqin ki, bu sualların cavabları hər kəs üçün maraqlı olar.

 

Modern.az mövzunun aktuallığını nəzərə alaraq həmin dövrdə Azərbaycanda nəşr olunan qəzetlərin hansı informasiyaları tirajladığını araşdırıb. 

 

Arxiv materialları əsasında apardığımız araşdırma göstərir ki, faciənin baş verdiyi günün sabahı - 27 fevral tarixində Xocalı hadisələri barədə qəzetlərdə səhih məlumat olmayıb. Ümumiyyətlə, fevral ayının sonuna kimi yerli qəzetlər tərəfindən faciənin tam miqyasına dair ətraflı informasiya oxuculara çatdırılmayıb.

 

27-29 fevral tarixlərində dərc olunan məqalələrdən bəzilərinə nəzər yetirək.

 

Dövlətə məxsus “Xalq” qəzetinin 27 fevral tarixli nömrəsində Xocalıdakı vəziyyət haqqında Azərbaycan Respublikası Prezidentinin mətbuat xidmətinin məlumatı tirajlanıb. Məlumatda deyilir:

 

"Respublika Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən, fevralın 26-na keçən gecə Xocalı bir neçə istiqamətdən şiddətli atəşə tutulmuşdur. Düşmənin zirehli texnikasının böyük qüvvələri şəhər üzərinə hücuma keçmişdir. Atəş və hücumlar dünən bütün gün ərzində davam etmişdir. Nəticədə aeroport dağılmış, evlər yandırılmışdır. Yaralananlar vardır. İlkin məlumata görə, iki sakin həlak olmuşdur. Şəhərin müdafiəçiləri və Milli Ordunun bölmələri düşmən basqınının qarşısını alır, onun saysız-hesabsız hücumlarını dəf edə bilirlər. Hazırda vəziyyət yenə də gərgindir. Lüzumsuz itkilərin qarşısını almaq məqsədi ilə əhalinin qismən köşürülməsi təşkil edilmişdir.

 

Xocalının erməni birləşmələri tərəfindən tutulması haqqında vahiməli şayiələr həqiqətə uyğun deyildir. Şuşanın hərbi komendantı Rəhim Qazıyev xəbər vermişdir ki, Xocalı müqavimət göstərir. O, erməni quldur birləşmələrindən tamamilə təmizlənmişdir. Mühasirəyə alınmış şəhərin müdafiəsini möhkəmləndirmək üçün tədbirlər görülmüşdür”.

 

 

Xocalının işğal olunması barədə ilk xəbər “Səhər” qəzetində dərc edilib.

 

Qəzetin 27 fevral 1992-ci il tarixli nömrəsində “Xocalı da işğal olundu” sərlövhəli məqalədə yazılıb: “Dünən Qarabağın dağlıq hissəsində dörd ildən bəri alınmaz qala kimi erməni silahlı birləşmələrinə sinə gərən Xocalı şəhərindən belə bir xəbər aldıq. Fevralın 26-na keçən gecə saat birin yarısında Xankəndindəki 366-cı polka məxsus 20 BTR şəhəri mühasirəyə alıb. Ermənilər döyüş maşınlarının və zirehli transportyorların köməyi ilə şəhərə girərək onu tamamilə yandırıblar. Yerli sakinlərdən bir qrupu qaçaraq Ağdama gəlib. Ölənlər və yaralananlar barədə dəqiq məlumat yoxdur”.

 

 

Qəzetin həmin nömrəsinin “Səhər”ə axşam zəngi” başlıqlı məqaləsində qeyd olunub:

 

“Səhər”in müxbiri, Azərbaycan Milli Ordusunun döyüşçsüsü Şamil Sabiroğlu dünən axşam redaksiyaya dəhşətli xəbər verdi: Axşam saat 18-dən sonra Xocalı ətrafında şiddətli döyüşlər başlamışdır. Srağagün Ağdamdan geri qaytarılan Gəncə hərbi hissələrinin əsgərləri Ağdərədə 366-cı polkla birləşərək Xocalıya hücuma keçmişdir. Hücum zamanı 30-dək tankdan və digər zirehli texnikadan istifadə olunmuşdur. Xocalı aeroportunun komendantı Əlif Hacıyev, rayon icra hakimiyyətinin başçısı Elman Məmmədov, batalyon komandiri Tofiq Hüseynov, ümumiyyətlə, ilkin məlumata görə, 100 nəfərdən çox adam öldürülmüşdür. Təkcə bizim dəstədən 15 nəfər itkin düşmüşdür. Yaralıların sayı yüzlərlədir. Rəşid Məmmədovun, Fəhmin Hacıyevin, Rövşən Cavadovun, Faiq Baxşəliyevin, Şirin Mirzəyevin dəstələri Əsgəran üzərinə hücuma keçiblər. Son məlumata görə, “Qarabağı müdafiə şahinləri” dəstəsinin başçısı Yaqub Rzayevin oğlu Canpolad da qəhrəmancasına həlak olmuşdur. Şiddətli döyüşlər davam edir”.

 

Qəzetin fevralın 28-də dərc olunan nömrəsində icra hakimiyyətinin başçısı Elman Məmmədovun (Hazırda Milli Məclisin deputatıdır -red) ölməsi barədə məlumatın doğru olmadığı bildirilib.  

 

 

1992-ci ilin fevralın 28-də “Həyat”, “Bakı”, “Səda”, "Bakinski raboçi" və digər qəzetlər “Azərinform”un məlumatını dərc ediblər.

 

Məlumatda bildirilib ki, fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin adı Qarabağda elan edilməmiş müharibənin qanlı salnaməsinə daxil olub: “Xocalı ilə əlaqə məhz həmin gecə kəsilmişdir. Ona görə də, orada cərəyan etmiş hadisələrin tam təfərrüatlarını və baş vermiş faciənin miqyasını çatdırmaq çətin idi. Azərinformun Ağdamdakı müxbiri bu təfərrüatı yanan şəhərdən böyük çətinliklə çıxaraq Ağdama gəlib çatmış şahidlərin – Xocalı sakinlərinin dediklərinə əsasən təsvir edə bilmişdir.

 

 

Mühasirəyə alınmış şəhərin ətrafında hələ fevralın 25-də erməni silahlı birləşmələrinin böyük qüvvələri cəmləşdirilmişdi. Bütün gün ərzində düşmən tərəfdən tank, zirehli transportyor və zirehli maşın motorlarının gurultusu eşidilirdi. Hər şeydən görünürdü ki, Xocalını tutmağa hazırlaşırlar. Axşam toplar atəş açmağa başladı, səmada işıq saçan güllələrin saysız-hesabsız izləri göründü. Şəhər ölümsaçan silahlardan şiddətli atəşə tutuldu. Bir neçə yerdə yanğın başlandı, səhər saat 5 radələrində isə şəhər əslində tamamilə alova bürünmüşdü. Gecəyə yaxın zirehli hərbi texnika atəş aça-aça Xocalıya basqın etdi. Şəhərin müdafiəçiləri sayca qat-qat üstün olan, təpədən dırnağadək silahlanmış düşməni geri oturtmaq üçün əllərindən gələni etdilər. Lakin qüvvələr bərabər deyildi…

 

Adamlar canlarını qurtararaq, zəhmətlə qazandıqları var-yoxlarını burada qoyaraq şəhərdən qaçdılar. Şahidlərin dediyinə görə, sakinlərin bir çoxu üçün fevralın 26-sı ömürlərinin son günü oldu… Qadınlar, uşaqlar və qocalar xilas olmaq üçün Ağdama can atırdılar. Lakin yolda – Naxçıvannik erməni kəndinin yaxınlığında onlar yenidən güllələrə tuş oldular. Burada həlak olanların cəsədləri faciənin baş verdiyi yerdə qaldı…. Ağdam xəstəxanası yaralılarla doludur. Burada təkcə xocalıların sayı təxminən 120 nəfərdir”.

 

“Azərbaycan gəncləri” qəzetinin 29 fevral tarixli nömrəsində dərc olunan məqalədə isə bu informasiyalar yer alıb:

 

“Bu da həyəcanla açılan bir səhər. Ağdam rayonunun mərkəzi küçələrində, xəstəxananın həyətində adam əlindən tərpnəməyə yer yoxdur. Qardaş, bacı, oğul deyib ah-nalə çəkənlərin fəryadı ərşə dirənib. Onsuz da yaralı ürəklərimizə bir də çalın-çarpaz dağ çəkilir. Səbəb Xocalı şəhərinə ermənilərin amansız divan tutulmasıdır. Düşmənin mühasirəsindən canlarını güclə qurtarmış xocalılara yaxınlaşıram. Baxış kişi həyəcandan əsə-əsə gözlərindən yaş axıdaraq bildirir: “Fevralın 25-dən 26-na keçən gecə erməni quldurları hərbçilərlə birlikdə gücə saat 12 radələrində təxminən 25-ə qədər BMP, BTR və tanklarla bizi (Xocalını) mühasirəyə aldılar. Bir yandan da toplar, raketlər “dilə gəldi”. Ermənilər adamları uf demədən bir göz qırpımında qətlə yetirdilər”...

 

 

Rayon xəstəxanasının cərrahı Sadıq Əzimovun dediklərindən: “Hal-hazırda xəstəxanamızda yaralı əlindən yer yoxdur. Təkcə Xocalı faciəsindən 120-yə qədər yaralı qəbul etmişik. Düşmənlər həmişə olduğu kimi, bu faciədə də qoca, qadın, uşaq bilmədən hamını gülləbarana tutublar”.

 

"Azadlıq" qəzetinin 28 fevral tarixli nömrəsində müxbir Xaliq Bahadur Şuşadan xəbər verirdi: "Xocalı od içindədir. Şəhər tamamilə işğal olunub. Radio ilə hərbçilərin səsi tutulub: qadın və uşaqları öldürməyin. Onları şəhər mərkəzinə qovun. " Daxili İşlər Nazirliyindən aldığımız məlumata görə, 26 fevral saat 16:00-da artıq şəhər 99% işğal olunub".

 

 

"Müxalifət" qəzetinin 29 fevral 1992-ci il tarixli nömrəsinin "Xəbərlər" bölməsində isə qeyd olunub: 

 

"Fevralın 25-də saat 21 radələrində Xocalı şəhəri 366-cı alayın BMP-ləri ilə mühasirəyə alınmış və hücuma məruz qalmışdır. Fevralın 26-da saat 1-də alınan məlumata görə, döyüş nəticəsində 1 nəfər həlak olmuş, 7 nəfər isə yaralanmış, şəhər yandırılmağa başlanmışdır. Saat 5 və 8-də alınan məlumatlara görə, şəhər yandırılmış, əhali naməlum istiqamətlərə qaçaraq şəhəri tərk etmişdir. Fevralın 27-də saat 7:30-da alınan məlumata görə, şəhərdə nisbətən sakitlik olmuşdur. Saat 11:30-da Rəhim Qazıyevlə əlaqə saxlayarkən o, televiziyada və radioda onun adından verilən məlumatla əlaqədar bildirmişdir: Xocalıda hazırkı vəziyyət barədə heç bir məlumat yoxdur. Belə ki, Xocalı ilə əlaqə kəsilib və orada nə baş verdiyini bilmirəm. Ölənlər və yaralananlar barədə məlumat yoxdur. Şəhər dağıdılıb".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir