Modern.az

Şagirdlər bugünkü imtahandan narazı qaldılar - REPORTAJ

Şagirdlər bugünkü imtahandan narazı qaldılar - REPORTAJ

12 Mart 2023, 16:58

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən növbəti buraxılış imtahanları keçirilib.

 

İmtahanlar Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami rayonlarında, Gəncə (II zona), Naxçıvan, Mingəçevir şəhərlərində, Abşeron, Samux, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Qobustan, Zərdab, Şamaxı, İsmayıllı, Cəlilabad, Yardımlı, Lerik, Biləsuvar, Ağcabədi, Beyləqan, Füzuli, Ağdam, Zəngilan (Ağalı kəndi), Qax, Balakən, Zaqatala, Quba, Şabran, Qusar rayonlarında, həmçinin xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə), tədrisi gürcü dilində olan məktəblərdə ümumtəhsil müəssisələrinin məzunları üçün təşkil olunub. Buraxılış imtahanlarında 50 mindən çox şagird iştirak edib.

 

Modern.az-ın əməkdaşı paytaxtda imtahan keçirilən məktəblərdən birinə baş çəkərək, şagirdlərin və onların valideynlərinin təəssüratlarını öyrənib.

 

Oğlunun ali məktəbə qəbul olmağını arzulayan Bakı sakini Zümrüd Seyidzadə imtahanın uğurlu keçəcəyinə inandığını söyləyib:

 

“Oğlumun hazırlıqlı olduğunu düşünürəm. 6-cı sinifdən bəri hazırlaşır. İmtahanın uğurlu keçəcəyinə inanıram. Ümidli, inanan valideynlərdənəm. İmtahanın çətin olacağını düşünmürəm. Buna bənzər testləri həll ediblər. İmtahan da standartlara uyğun olur”.

 

 

İdmançı oğlununu imtahana yola salan Şahin Şahhüseynli isə həyəcanlı anlar yaşadığını deyib:

 

“İmtahanın çətin olacağını düşünmürəm. Oxuyan uşaq üçün heç bir problem olmamalıdır. Uşağın hazırlığından razıyam. İdmanla məşğul olduğuna görə 5-ci qrupa verəcək. Oğlum 18 yaşlılardan ibarət Azərbaycan milli komandasının futbolçusudur. İnşallah, bu gün imtahan verib, sabah yığma komanda ilə toplantıya gedir. Hazırlığı yaxşı səviyyədədir. Mənə elə gəlir ki, Allahın izni ilə ali məktəbə qəbul olunacaq".

 

 

Həmsöhbət olduğumuz digər valideyn Ülfət Aslanov əvvəlki imtahanların çətin olduğunu vurğulayıb:

 

"Martın 5-dəki imtahan çətin idi. Proqramdan kənar suallar düşmüşdü. Uşaqlar şikayət edirdilər. Bu imtahana uşağın hazır olub-olmadığını Allah bilər. Uşaqlarda dünyagörüşünün olması yaxşı haldır. Ancaq sualları çətin salmaları düzgün deyil. Mən uşağıma güvənirəm. Ancaq hər insan övladını illərlə hazırlaşdıra bilmir”.

 

 

Bəs, imtahan necə keçdi? Şagirdlər nədən razı, nədən narazı qaldılar?

 

Yenicə imtahandan çıxan məktəblilərin fikirlərini təqdim edirik.

 

Məhəbbət Əliyev: “İmtahandan narazı qaldım. İngilis dili nisbətən asan idi. Digər fənlər üçün sualların hamısı çətin idi. Kəsilməsəm yaxşıdır”.

 

 

Fərid Rahidov: “Proqramda nə var idisə, o suallar düşmüşdü. Lakin imtahan çətin idi. Funksiya və qrafiklə bağlı Riyaziyyat sualları çox qəliz idi".

 

 

Nicat Kamalov: “Bəli, imtahan çətin idi. İngilis dilindən salınmış imtahan suallarından ikisi proqramda yox idi, amma mən bilirdim”.

 

 

Abdulla Fərzəliyev: “Bir il imtahana hazırlaşmışam. Məncə, bugünkü imtahan çətin idi. Ən çox Riyaziyyatdan düşən suallar qəliz idi. Ancaq İngilis dili mənə asan gəldi. Yaxşı yazdığımı deyə bilmərəm. Neçə bal yığacağım barədə də fikrim yoxdur. Xaricdə oxumağı düşünürəm".

 

 

Reyhanə Həsənbəyova: “Bir az Riyaziyyatdan çətinliyim oldu. Başqa çətinliyim olmadı. Yaxşı yazdığımı düşünürəm. 200-dən çox bal yığdığıma inanıram. Görək, nəticələr necə olur”.

 

Qeyd edək ki, martın 13-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 1 ay ərzində elan olunması nəzərdə tutulur.

 

Turqay Musayev

Foto: Rahib Ələsgərov

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü