Modern.az

Fazil Mustafadan əvvəl güllələnən deputat - O, evinin qarşısında ÖLDÜRÜLMÜŞDÜ

Fazil Mustafadan əvvəl güllələnən deputat - O, evinin qarşısında ÖLDÜRÜLMÜŞDÜ

29 Mart 2023, 09:24

Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafaya edilən sui-qəsd - terror aktı ölkədə böyük rezonans doğurub.

Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, 28 mart 2023-cü il tarixində deputat Fazil Mustafa Sabunçu rayonundakı evinin qarşısında “Kalaşnikov” avtomatından açılan atəş nəticəsində iki güllə yarası alıb.

Ona zəruri tibbi xidmətlər göstərilir və vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur. 

Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. 

Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Modern.az saytı xatırladır ki, dünənki hadisə Azərbaycanda deputatlara qarşı törədilmiş ilk terror aktı deyil.

Uzun illər əvvəl Milli Məclisin daha bir deputatı evinin qarşısında güllələnmiş və o ölmüşdü.

Söhbət Azərbaycan parlamentinin 54 saylı Balakən seçki dairəsindən seçilmiş deputatı Əli Ansuxskidən gedir.

Mərhum deputatın qısa dosyesini təqdim edirik:

Əli Abdulqədiroviç Ansuxski 1947-ci il iyunun 1-də Balakən rayonunda anadan olmuşdu. Azərbaycan Politexnik İnstitutunun konservləşdirmə texnologiyası fakültəsini bitirmişdi.
1995- il noyabnn 12-də I çağırış Milli Məclisə 54 saylı Balakən seçki dairəsindən deputat seçilmişdi. O, parlamentin bitərəf üzvlərindən idi.

Üç övladı qalıb.



Qeyd edək ki, Əli Ansuxski iş adamı kimi doğulduğu rayonda böyük nüfuz sahibi olub.

Müxtəlif illərdə Balakən rayon Şirə sexinin direktoru, Balakən rayon Konserv zavodunun direktoru, Aqrar Birliyin Baş direktoru vəzifələrində çalışmışdı.

O, ilk dəfə hələ keçmiş SSRİ dövründə Azərbaycan parlamentinin üzvü olmuşdu. Belə ki, 1990-cı ildə XII çağırış Azərbaycan SSR Ali Sovetinə Balakən rayonu 177 nömrəli Xalatala seçki dairəsindən xalq deputatı seçilmişdi.

Xalq deputatı seçilən zaman Ə. Ansuxski Balakən rayon Konserv zavodunun direktoru işləyirdi.

Ə.Ansuxski ikinci dəfə deputat seçiləndə Azərbaycan Respublikası artıq müstəqil dövlət idi. O, bitərəf kimi 1995-ci ildə keçirilən seçkilərdə 54 saylı Balakən seçki dairəsi üzrə deputat mandatı  qazanmışdı.

Lakin Ə.Ansuxski yeni parlamentdə yalnız bir neçə həftə işləyə bildi. 1996-cı il fevralın 26-da Milli Məclisin deputatı, milliyətcə avar olan Əli Ansuxski Bakının mərkəzində, Azərbaycan prospektində yerləşən evinin qarşısında məruz qaldığı terror nəticəsində odlu silahla qətlə yetirildi. Məlumatlara görə, qatillər deputatı ağzından güllələmişdilər.

Ə.Ansuxski deputatlıqdan öncə biznes fəaliyyəti ilə tanınmışdı və qətlin motivlərinin də bununla bağlı olduğu bildirilirdi.

Mərhum deputat xeyriyyəçilik fəaliyyəti ilə tanınmış, Balakən rayonunun tikinti-abadlıq işlərində böyük xidmətləri olmuşdu. Balakən rayonunun mərkəzi küçələrindən biri onun adını daşıyır.

Əli Ansuxskinin qətlinin gerçək səbəbləri  bu günə qədər müəmmalı qalır.


Ə.Qafarlı

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi