Modern.az

9-cuların ilk imtahanı necə keçdi... - REPORTAJ

9-cuların ilk imtahanı necə keçdi... - REPORTAJ

9 Aprel 2023, 16:42

Bu gün Bakı şəhərinin Nəsimi, Nərimanov, Sabunçu, Səbail, Xətai rayonlarında, Gəncə (I hissə), Lənkəran, Şəki şəhərlərində, Astara, Ağdam, Ağcabədi, Ağsu, Biləsuvar, Daşkəsən, Xızı, İmişli, Kürdəmir, Qusar, Saatlı, Şabran, Samux, Şəmkir, Siyəzən və Zərdab rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. İmtahanlarda 48 minə yaxın şagird iştirak edib.

 

Modern.az-ın əməkdaşı paytaxtda imtahan keçirilən məktəblərdən birinə baş çəkərək, şagirdlərin və onların valideynlərinin təəssüratlarını öyrənib.

 

 

Nəvəsini imtahana gətirən İsmayıl Quliyev gözləntilərinin müsbət olduğunu deyib: 

 

“Yaxşı olacağını düşünürəm. Məncə, 300 bal yığacaq. Belə düşünmək lazımdır. Napoleon demişkən, general olmaq istəməyən əsgər olmaz. Bundan öncə imtahana gətirdiyim uşaqların hamısı yaxşı bal yığdı. Ona görə də, nəvəm dedi ki, baba məni heç kim yox, sən özün apar, sənin ayağın düşərlidi. Yaxşı olar, inşallah!”

 

 

Həmsöhbətimiz Nahidə Məmmədova övladının imtahana hazırlıqlı olduğunu bildirib: “Kursa gedirdi. İmtahana yaxşı hazırlaşırdı. Yəqin ki, bacardığı qədər bal yığacaq. Yaxşı olacağını düşünürəm”.

 

 

Digər valideyn Arzu Quliyeva isə övladının 200-dən çox bal yığacağına inanır: “Yaxşı hazırlaşırdı. İmtahanın uğurlu keçəcəyini düşünürəm. İnşallah, 200 üstü bal yığacaq”.

 

Daha sonra imtahandan çıxan şagirdlərin fikirlərini öyrəndik. 

 

Məktəbli Yusif Nuri: “Suallar yaxşı idi. Mən hamısını yazıb çıxdım. İnanıram ki, nəticələrim yaxşı olacaq”.

 

Sənan Əsgərov: “İmtahan yaxşı keçdi. Suallar orta səviyyədə idi. Narazı qalmadım, yaxşı olacağını düşünürəm".

 

 

9-cu sinif şagirdi Əli Əlizamanlı: “Bugünkü imtahanda yığacağım bal məni qane etməyəcək. Sözün açığı, yüksək nəticə gözləmirdim. Riyaziyyatdan bütün cavabları qeyd etmişəm. Neçənci qrupa hazırlaşmaq barədə hələ qərar verməmişəm. Bu barədə 11-ci sinifdə düşünüb, qərar verərəm".

 

Nihad Abdullayev: “Riyaziyyat çətin oldu. Digər fənlər rahat idi. 1-ci qrupa hazırlaşmaq fikrim var”.

 

 

Murad Əsgərzadə: “Suallarım hamısını yaza bilmədim. Yarımçıq yazdım. Ən çox riyaziyyatdan çətinlik çəkdim. Digərlər suallar asan idi. 9-cu sinfi bitirib, məktəbdən çıxacağam. Peşə məktəbinə getməyi düşünürəm".

 

Fatimə Dadaşova: “Məncə, asan idi. Qapalı sualların hamısını yazdım. 50 bal gözləyirəm”.

 

Məryəm İbrahimova: "İngilis dilindən çətinliyim oldu, ümumilikdə, imtahan yaxşı keçdi. Nə qədər bal toplayacağımla bağlı fikrim yoxdur. 4 qrupa hazırlaşacam”.

 

Məlumat üçün bildirək ki, bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahan nəticələrinin yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün 1 ay ərzində elan olunması nəzərdə tutulur.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!