Modern.az

2 yaşlı İmranın şikəst olduğu “Nabran”dan REPORTAJ - FOTOLAR- Uşağın atası təqsirkar sayılır

2 yaşlı İmranın şikəst olduğu “Nabran”dan REPORTAJ - FOTOLAR- Uşağın atası təqsirkar sayılır

26 İyul 2013, 13:05

İstirahət Mərkəzinin işçiləri baş vermiş bədbəxt hadisədən danışdılar

Dünyaca məşhur Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin “Gözlənilən bir qətlin tarixçəsi” povesti yəqin bir çoxuna tanışdır. Ancaq həmin əsərdən bəzi məqamları xatırlatmaq yerinə düşər. Belə ki, vəhşicəsinə öldürülən Santyaqo Nasarın qatilləri tapılsa da, hadisənin əsl təfərrüatları sona qədər gizli qalır. Əsər boyunca kimin haqlı, kimin haqsız olduğuna haqq qazandırmaq da müşkül məsələdir. Həmin bu əsərdən çox danışmaq niyyətində deyiləm. Sadəcə olaraq Xaçmaz rayonu ərazisində yerləşən “CTF” firmasına məxsus “Nabran” istirahət mərkəzində iyulun 21-də baş vermiş tükürpərdən hadisənin bəzi detalları ilə “Bir qətlin tarixçəsi” arasında bəzi müqayisələr aparmaq istərdim. Yox, mən balaca İmran Cəfərzadənin ayağını itirməsi ilə nəticələnən bədbəxt olayda müstəntiqlik edib cinayətkar, təqsirkar axtarmaq niyyətində də deyiləm.

Dünən Modern.az-ın əməkdaşı kimi məlum hadisə ilə bağlı Xaçmaz rayonuna ezam olunmuşdum. Bədbəxt hadisədən sonra Mədəniyyət və Turizm Nazirliyi tərəfindən lisenziyası yenicə ləğv edilmiş “Nabran Holiday Village” istirahət mərkəzində məni giriş qapısında yaxşı qarşıladılar. Lakin bir məqam diqqətimi çəkməyə bilməzdi. İstirahət mərkəzində hələ də dincələn insanlar gözümə sataşdı. Elə ilk olaraq da “Bağlanmış obyektdə necə ola bilər ki, hələ də istirahət edənlər var” sualını verdim. İstirahət Mərkəzinin icarədarı Firdovsi İsmayılov dedi ki, obyekt tamamilə bağlanmayıb, sadəcə olaraq mərkəzə qəbul yoxdur. Sonra o, əlavə edir ki, hazırda bu istirahət mərkəzində 92 nəfər dincəlir.

İcarədarın sözlərinə görə, məlum hadisənin baş verdiyi gün böyük həyəcan keçirib. “Azyaşlı bir uşağın bədbəxt hadisə ilə üzləşməsi bizə hansı hisslər verə bilər? Ən qəddar insan da bu məsələyə biganə qala bilməzdi”. Firdovsi İsmayılov qeyd edir ki, bir neçə dəfə həmin ailəyə baş çəkiblər və maddi yardım etməyi də düşünürlər.
Həmin uşağı su borusunun içindən çıxaran hovuzun təhlükəsizlik üzrə məsul şəxsi Aslan Məmmədkərimov isə hadisəni belə xatırlayır: “Həmin gün getsin bir də qayıtmasın! Hamımız şoka düşmüşdük. Mən girib uşağı ordan çıxartdım və xəstəxanaya apardım”.

Söhbətə müdaxilə edən istirahət mərkəzinin işçiləri əlavə olaraq deyirlər ki, uşağın bədəni su nasosu olan borunun yarısına qədər gedib. Ancaq qışqırıq səslərindən diksinən işçilər dərhal motoru söndürüblər. Deyilənlərdən o da aydın olur ki, balaca İmranı xəstəxanaya bir ayaqsız özləri aparıblar. Sonradan isə borunun içində qırılıb qalan o biri ayağını da təzədən götürüb xəstəxanaya göndəriblər.

Uşağın bədənindən qopmuş ayağını hovuzdakı sudan həyəcan keçirərək çıxaran Fərhad Nağıyevlə da söhbət etdik. İlk gördüyüm onun bir yerdə kölgəlikdə oturub sarğılı ayağına əlini qoymasıdır. Sualıma cavab verən F. Nağıyev deyir ki, o uşağın ayağını sudan çıxararkən özü də ayağından zədələnib. Gərgin və emosional danışan mühafizəçi hadisədən sonrakı anları həyəcanla izah etməyə çalışır:

“Uşağı Aslan çıxardandan sonra biz gördük ki, onun bir ayağı yoxdur. Ancaq həmin vaxt hamını İmranı xəstəxanaya çatdırmaq düşündürürdü. Onu aparandan sonra mən də hovuza girib bədəndən ayrılmış ayağı hovuzdan çıxartdım. Həmin dəqiqələri sözlə başa salmaq mümkün deyil”.

“Nabran”ın digər bir işçisi Ənvər Hacıyev isə deyir ki, həmin gün orda istirahət edənlərin böyük şok keçirib. Digər işçilər də Ə.Hacıyevin sözünə qüvvət olaraq deyirlər ki, həmin gün axşam müştərilərin əksəriyyəti yemək yemədilər. “Hətta bir çoxu gün bitməmiş istirahətlərini yarımçıq qoyub evlərinə döndülər”.

İşçilər və istirahət mərkəzinin icarədarı Firdovsi İsmayılov israrla iddia edir ki, bədbəxt hadisənin baş verməsinin əsas səbəbkarı İmran Cəfərzadənin atasıdır. İddialarını əsaslandırmaq üçün onlardan faktlar tələb edirəm. Canla-başla sözümü yerə salmayan F. İsmayılov məni bədbəxt hadisənin baş verdiyi hovuzun yanına aparır. Həqiqətən də görürəm ki, orda iki hovuz var. Biri uşaqlar üçün, biri də böyüklər üçün.

“Atası uşağı böyüklər üçün nəzərdə tutulan hovuza gətirməklə bədbəxt hadisəyə yol açıb. Uşağın atası heç bir təhlükəsizlik tələblərinə məhəl qoymadı. Tərslikdən həmin vaxt qadağan olunmuş yerdə çimmək üçün qoyulmuş plakat da orda yox idi. Uşaq da həmin yerdə olub”, – deyən F. İsmayılov hesab edir ki, əsas təqsir məhz atadadır.

Beləliklə, ümumi mənzərəsindən bu qənaətə gəlmək olar ki, istirahət mərkəzi birmənalı olaraq hadisədə əsas təqsiri 2 yaşlı İmranın atasında görür.

Sonda Firdovsi İsmayılov onu da deyir ki, təqsir atada olsa da, öz işçilərini də ciddi şəkildə danlayıb.

Təbii ki, Xaçmazda eşitdiklərim konkret bir tərəfin mövqeyidir və heç bir halda son həqiqət sayıla bilməz. Üstəlik, hazırda baş vermiş bədbəxt hadisə ilə əlaqədar cinayət işinin ilkin istintaqı gedir. Amma mediada daha çox zərər çəkmiş tərəfin mövqeyi  işıqlandırıldığından həm hadisənin baş verdiyi məkanı öz gözlərimizlə görməyə, həm də hələlik qınaq hədəfinə çevrilmiş İstirahət Mərkəzinin icarədarlarını dinləmək zərurəti vardı. Kimin haqlı, kimin haqsız olduğunu təbii ki, sonda ədalət məhkəməsi üzə çıxaracaq.

Mənsə Xaçmazdan geri dönərkən yol boyu düşünürdüm ki, bu həftə Azərbaycan iki körpə uşaqla bağlı xəbərin əsiri idi: biri ingilis şahzadəsi Keyt Midltonun dünyaya gətirdiyi əsilzadənin, digəri hovuzda çimdirilərkən ayağını itirmiş 2 yaşlı İmran Cəfərzadənin. Dünyanın bir ucunda, uzaq Britaniyada taxt-tac varisləri olan valideynlərin sevincdən üzü gülür, dünyanın digər ucundasa şokdan özünə gələ bilməyən ananın göz yaşlarının selinə boğulmuşdu. Amma nədənsə sonuncu xəbərlə bağlı reportajlarda ananın, xalanın kədərli simasını gördüyümüz halda 2 yaşlı İmranın atası obyektivlərə düşmədi... Görən niyə? Bu, öz istəyi ilə olmuşdumu? Ata niyə xalqın gözünə görünmək istəmədi?..

 

 

Aqşin Kərimov

Bakı-Xaçmaz-Bakı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI