Modern.az

Yaddan çıxmış sənətkarlar: “Gümüşgöl əfsanəsi” filminin Leylisi haralardadır? - FOTO+VİDEO

Yaddan çıxmış sənətkarlar: “Gümüşgöl əfsanəsi” filminin Leylisi haralardadır? - FOTO+VİDEO

Reportaj

22 Avqust 2023, 12:36

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 1984-cü ildə çəkdiyi “Gümüşgöl əfsanəsi” filminə baxmısınız? Əgər baxmısınızsa, onda yəqin ki, filmin əsas qəhrəmanlarının siması da yaddaşınıza həkk olunub.

Məşhur rejissor Eldar Quliyevin yazıçı İsi Məlikzadənin ssenarisi əsasında ekranlaşdırdığı bu filmə tamaşa edənlər şübhəsiz ki, baş qəhrəmanlardan birini - Leyli obrazını oynayan cazibədar xanımı da yadda saxlayıblar.


Yəqin ki, həmin gənc aktrisanın sonrakı taleyi “Gümüşgöl əfsanəsi”nin tamaşaçılarını çox maraqlandırır: o gözəl qız kimdir, indi haralardadır, nə işlə məşğul olur?..
 

Modern.az saytı “Yaddan çıxmış sənətkarlar” layihəsinin bu yazısında “Gümüşgöl əfsanəsi” filmindəki Leyli rolunu oynamış aktrisadan bəhs edəcək.

Çoxlarının azərbaycanlı olaraq bildiyi Leyli rolunun ifaçısı əslində başqa millətin nümayəndəsidir.

“Gümüşgöl əfsanəsi” filmində baş verən hadisələrin böyük qismi uzaq dağ kəndində cərəyan edir. Şəhərdən kəndə qaçan gənc sənətşünas Fərid orada məşhur xalçatoxuyan Səidənin evinə yerləşir, onun qızı Leyli ilə tanış olur. Başqasına nişanlı olan Leyli ilə Fərid arasında isti münasibətin yaranması hadisələri xeyli dramatikləşdirir.
Sadəlövh Leyli Fəridə Gümüşgölün əfsanəsini danışır: deyir ki, hər kəs bu göldə özünü yoxlaya bilər. Əgər insan “təmizdirsə” o, gölün üstü ilə asanlıqla yeriyə bilər.

Əsas çəkilişləri Naxçıvanda Ordubad rayonunun Dırnıs kəndində aparılan filmdə dram, komediya və məhəbbət təzahür edir. Həsənağa Turabov, Şükufə Yusupova, Firəngiz Şərifova, Ramiz Əzizbəyli, Sofa Bəsirzadə, Eldəniz Rəsulov kimi tanınmış sənət adamlarının çəkildiyi ekran əsəri maraqlı və təsirli səhnələrlə zəngindir.



İndi isə keçək Leyli rolunun ifaçısına - Rusiyadan dəvət olunmuş aktrisa Yelena Seropovaya.

Aktrisa Yelena Seropova “Gümüşgöl əfsanəsi”nə necə dəvət almışdı?

Filmin quruluşçu operatoru Rafiq Qəmbərovun Modern.az-a bildirdiyinə görə, rusiyalı aktrisanı rejissor Eldar Quliyev Moskvada - Rusiya Teatr İncəsənəti İnstitutunda görüb-bəyənmiş və çəkilişə dəvət etmişdi. Maraqlıdır ki, “Gümüşgöl əfsanəsi” o vaxt Rusiya Teatr İncəsənəti İnstitutunun tələbəsi olan Yelena Seropovanın kinoda debütü idi.

Yelena Seropova 1964-cü il sentyabrın 12-də Mosvada musiqiçi ailəsində anadan olub.

Atası Georgi Seropov caz musiqiçisi idi, Moskvadakı məşhur orkestrlərdə ifa edir, Yuri Nikulinin sirkində işləyirdi. Yelena tez-tez onların evlərinə toplaşan məşhur aktyorlar və musiqiçilərdən ilham alaraq, gələcəkdə sirk aktrisası olmağı arzulayırdı. Lakin nəticədə orta məktəbi bitirdikdən sonra Rusiya Teatr İncəsənəti İnstitutuna daxil oldu. 1988-ci ildə isə institutun estrada şöbəsini bitirdi.

Bəzi məlumatlara görə, Yelena Seropovanın “Gümüşgöl əfsanəsi” filmində çəkilməsi görkəmli müğənni Müslüm Maqomayevin xahişilə gerçəkləşib. Amma Modern.az saytına danışan aktrisa bu iddiaları təkzib edib.

"Moskvada məni “Gümüşgöl əfsanəsi” filminin ikinci rejissoru Akif Rüstəmov tapdı və Leyli roluna sınağa dəvət etdi. Və mən ilk dəfə Bakıya – yoxlanışa getdim. Heç bir dəstəkçim yox idi. Mən də Leyli roluna bütün digər iddialılar kimi ekran imtahanından keçib Moskvaya qayıtdım. Hətta bu ekran testlərini də unutmuşdum, çünki əmin idim ki, məni təsdiq etməyəcəklər.
Mən ilk dəfə Müslüm Maqomayevlə bu filmin çəkiliş meydançasında, o, Leyli üçün musiqi kompozisiyası  yazmağa yeni başlayanda tanış oldum", - Yelena Yelena Seropova deyib.

Yeri gəlmişkən, Müslüm Maqomayevin özü də “Gümüşgöl əfsanəsi”nə əmək sərf edib, o, filmin bəstəkarı olub.



“Gümüşgöl əfsanəsi”nin çəkilişi dövründə maraqlı hadisələrin yaşandığı deyilir. Məsələn, filmdə Nərgiz rolunu ifa edən Əməkdar artist Mətanət Atakişiyeva yerli mətbuata açıqlamasında kadrarxası məqamlardan danışarkən deyib ki, rusiyalı aktrisa Dəmir rolunun ifaçısı Kamil Zöhrabova gerçəkdən vurulubmuş. Amma gənc aktyor Yelenaya yalnız sənətçi həmkarı kimi yanaşıb. Qeyd edək ki, “Gümüşgöl əfsanəsi”ndə Leyli (Yelena Seropova) Dəmirin (Kamil Zöhrabov) nişanlısı rolunda çıxış edib.

Yelena Seropova isə əməkdaşımızla söhbət zamanı bu iddianı da təkzib edib:

"Bu da tamamilə yalandır! Mən heç vaxt Kamil Zöhrabova aşiq olmamışam! Mən ona istedadlı aktyor və filmdə yaxşı partnyor kimi çox hörmətlə yanaşmışam, bundan başqa heç nə olmayıb. Əgər mən Bakını göz yaşlarımla tərk etmişdimsə, bu, sadəcə olaraq çəkilişlər bitdiyi üçün yaradıcı heyətin gözəl insanlarından, bütün qəlbimlə sevdiyim ecazkar şəhərdən ayrılmağmla bağlı idi. Məhz buna görə Bakıdan ayrılmaq bir az kədərli oldu".

Amma onu bir ildən sonra yenidən Bakıya çağırdılar. Yelena Seropova 1985-ci ildə "Azərbaycanfilm" kinostudiyasının çəkdiyi “Bağ mövsümü” filminə də dəvət olundu. Rejissor Tofiq Tağızadənin bu filmində rusiyalı aktrisa Nailə obrazını canlandırdı. Maraqlıdır ki, bu ekran əsərində çəkilən gənc aktyor Elxan Cəfərov (Adil rolunda) gerçək həyatda Yelenaya aşiq olubmuş.



Bunu Elxan Cəfərovun özü də etiraf edib: “Filmlə bağlı duyğusal təəssüratımı indiyə kimi unuda bilmirəm. Yelena Seropova yaşca məndən böyük idi, o yaşda gənclərə özündən böyük qızlara vurulmaq xas olan cəhətdi. Mən də istisna deyildim - tərəf-müqabilim olan bu qıza yüngülvari vurulmuşdum". 

“Gümüşgöl əfsanəsi”nə çəkilmək Yelena Seropovaya uğur gətirdi və o, daha sonra başqa filmlərə də dəvət olundu. Beləcə, Y.Seropovanın kinokaryerası inkişaf etməyə başladı və keçmiş SSRİ miqyasında, eləcə də aktrisanın baş rolda oynadığı "Qızıl vaxt" filmi çəkilən ölkədə - Macarıstanda tanındı, məşhurlaşdı...

Yelena Seropova 1987-ci ildən televiziyada aparıcı olaraq da görünməyə başlamışdı - Moskva televiziyasında “Yeni il şousu”nda debüt etdi. 1989-cu ildə "Vzqlyad" proqramının üzvü oldu.

1989-cu ildə "Visbadenə səyahət" melodramında Cemma rolunu oynayan Y.Seropova kinodakı uğurlarını daha da möhkəmləndirə bildi. Rusiyada o, "Cəbhə xəttindən reportaj", "Kumir", "Qatil" filmlərində və bir qədər sonra Britaniyanın "Sharpe-II" televiziya serialında yaddaqalan rollar oynadı.



Y.Seropova 1990-cı illərin əvvəllərində "Rusiya Milli Televiziyası"nın bir sıra reklam layihələrində, həm də məşhur "Yoldaş Kino" estrada şousunda iştirak edib.

90-cı illərin ortalarında Yelena Seropovanın şəxsi həyatında baş verən dəyişikliklər onun postsovet məkanında səhnələrdən itməsilə nəticələnir. O, əri Rostislav Şakinlə birgə ABŞ-a köçür. Yelena əvvəlcə Amerika  televiziyasının Russian-American Broadcasting Company kanalında diktor işləyir. Bir müddət sonra Nyu-York kinostudiyasından “Tina və Lans” filmində baş rolda oynamaq üçün dəvət alır. Ardınca "Kvinsə avtobusla" filmində baş rolu oynayır. Sonra ABŞ-ın ən böyük kommersiya kanalı olan HBO-nun sifarişi ilə Hollivud studiyalarından birində lentə alınan “Stalin” filmində NKVD rəhbəri Lavrenti Beriyanın həyat yoldaşı Nino obrazını canlandırır. (Bu film üç nominasiya üzrə Amerikanın ən yüksək televiziya mükafatı “Emmi”, həmçinin “Qızıl Qlobus”u alıb).

“Mənə elə gəlir ki, amerikalılar bu filmdə nəinki tarixi epoxanın özünü kifayət qədər dəqiqliklə canlandırıblar, ən əsası isə o zaman sovet xalqının yaşadığı ümumbəşəri insan faciəsini çatdıra biliblər”, - Yelena Seropova “Stalin” filmi haqda danışarkən deyib.
 

2000-ci illərin əvvəllərində Yelena Seropova ailəsi ilə birlikdə ABŞ-dan Almaniyaya köçüb və onlar Leypsiq şəhərində yerləşiblər. Onun əri Rostislav Şakin peşəkar mim-kloundur və Odessanın məşhur "Maski-şou" qrupunun yaradılmasında əsas sima olub.



Cütlük tələbəlik illərində tanış olub. R.Şakin əvvəlcə Rusiya Teatr İncəsənəti İnstitutunda rejissorluq fakültəsini bitirib. Daha sonra ABŞ-da Nyu-York Universitetində təhsil alıb.

Yelena ilə Rostislavın iki övladı var – oğulları Anton və qızları Liza.

Artıq 19 ildir ki, Almaniyanın Leypsik şəhərində yaşayan Yelena Seropova sənətdən uzaqlaşmayıb. O, həm də əri Rostislavla birgə yaratdığı “St’ART” teatr studiyasında müəllim və rejissor işləyib, eyni zamanda çoxsaylı teatr tamaşalarına quruluş verilməsində fəal rol oynayıb, teatr və kino aktrisası kimi çıxış edib. Almaniyada Seropova bir sıra filmlərdə və seriallarda, o cümlədən "Bütün dostluqla" və "Xüsusi komissiya"da çəkilib.

“Mən burada çox xoşbəxtəm. Mənim xoşbəxtliyim ətrafımdakı insanlardadır. Ailəm burada yaşayır, uşaqlarım burada böyüyür... Burada mənim dostlarım, həmfikirlərim çoxdur. Biz hamımız bir yerdəyik! Biz ruhən yaxınıq. Bunu keçirdiyimiz tədbirlər, solo çıxışlarım və birgə ədəbi-musiqili gecələrimiz sübut edir. Hətta deyə bilərsiniz ki, mənim artıq burada öz auditoriyam var”, - Yelena Seropova son müsahibələrinin birində Almaniyadakı həyatından danışarkən deyib.


Teatr və kino aktrisası, teleaprıcı və pedaqoq Yelena Seropova hazırda karyerasını artıq bir ildir ki, yaşadığı  Gürcüstanda davam etdirir.

Yelena Seropovanın taleyini araşdırarkən onun “Gümüşgöl əfsanəsi” filmi ilə bağlı xatirələrinə də rast gəldik. Ötən il Amerikanın “Sərhədsiz Art Aria” mədəniyyət kanalına müsahibəsində aktrisa uzun illər əvvəl Azərbaycanda filmə çəkilməkdən xoşbəxt olduğunu xüsusi vurğulamışdı:


“Görkəmli rejissor Eldar Quliyevin “Gümüşgöl əfsanəsi” filmindəki azərbaycanlı qız - Leyli rolu mənim üçün çox əzizdir. Filmə çəkiləndə mənim 19 yaşım vardı və institutun 2-ci kursuna keçmişdim. Eldar Quliyevə məni bu filmə dəvət etdiyi üçün ona sonsuz təşəkkürlərim var. O, heç kimin tanımadığı tələbə qıza - mənə əsas rollardan birini etibar etdi. Filmdə mən tanınmış sənət adamları ilə birgə çəkildim və bu günə kimi onları böyük hörmət və ehtiramla xatırlayıram.

Bu filmdən danışarkən mən Eldar Quliyevlə yanaşı, görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevin də adını xüsusi olaraq qeyd etməliyəm. Belə alınmışdı ki, “Gümüşgöl əfsanəsi” həm mənim, həm də Müslüm Maqomayevin kinoda debütü idi. Mən böyük kinoda ilk dəfə aktrisa kimi çıxış edirdim, o isə ilk dəfə bəstəkar kimi.

Bu filmin musiqisini Müslüm Maqomayev yazıb. Rejissorun niyyətinə görə, filmdə baş qəhrəmanın xarakteri ilə uzlaşan musiqi bəstələnməli idi. Və həmin musiqini bəstələmək üçün bəstəkar ilk növbədə məni bu rolda görməli, fərdiliyimi hiss etməliydi. Müslüm Maqomayev buna görə şəxsən çəkiliş meydanına gəldi, qısa ünsiyyətdən sonra bir müddət çəkiliş prosesini, o cümlədən mənim işimi izlədim. Çox şadam ki, bu filmdə dahi bəstəkarın yazdığı şəxsi musiqi portretim bu şəkildə meydana çıxdı.

Bir az sonra, 1985-ci ildə şair Dobronravov film üçün bəstələnmiş bu melodiyaya şeir yazdı və Müslüm Maqomayev dərhal məşhurlaşan, elə həmin ilin mahnısı adını qazanan “Elegiya”nı ifa etdi.

Müslüm Maqomayev və onun həyat yoldaşı Tamara Sinyavskaya kimi yüksək peşəkar, gözəl, ağıllı və ziyalı insanların həyatımda iştirakını mütləq qiymətləndirməliyəm... Bu, mənim üçün çox əzizdir, unudulmur!”.
 


Əfqan Qafarlı

Twitter
Sizə yeni tvit var
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı