Modern.az

Ermənistan-Gürcüstan MÜHARİBƏSİ... - 900-ə yaxın insan həlak olub

Ermənistan-Gürcüstan MÜHARİBƏSİ... - 900-ə yaxın insan həlak olub

4 Sentyabr 2023, 17:42

Hərbi əməliyyatlar dekabrın 12-də erməni qoşunlarının Gürcüstanın sərhəd bölmələrinə qəfil hücumu ilə başlayıb. Dekabrın 29-da Şulaver-Sadaxlı döyüşlərində onların məğlubiyyəti və dekabrın 31-də atəşkəs razılaşması ilə başa çatdı.

1918-ci il dekabrın ilk günlərindən Loru mahalında erməni-gürcü münaqişəsi yenidən alovlandı və bu, genişmiqyaslı hərbi münaqişəyə çevrildi. Gürcü tərəfi tarixi prinsipə əsaslanaraq Axalkalaki, Loru və Borçalı qəzalarını Gürcüstan ərazisi hesab edirdi, erməni tərəfi isə etnik prinsipə əsaslanaraq bu torpaqların Ermənistana qaytarılmasını iddia edirdi, çünki xalqın əksəriyyəti orada yaşayanlar etnik ermənilər idi.
 

Müharibədən əvvəlki siyasi mənzərə
           

1918-ci ilin yayında Almaniya Gürcüstana, Türkiyə isə Ermənistana nəzarət edirdi. Gürcüstan Almaniyanı müttəfiqi olaraq qəbul etdi, “əzabkeş” Ermənistan isə zəifləyən Osmanlıdan qoparaq çalxalanan Rusiyanı deyil, ingilisləri özünə himayədar seçdi.  

1918-ci il dekabrın 5-də gürcü ordusu Axalkalaki və Loru mahalını ələ keşirdi, dekabrın 9-da isə daşnak hökuməti öz ordusunu Gürcüstana qarşı hərəkətə keçirdi. Dekabrın 12-də general Drastamat “Dro” Kanayanın komandanlığı ilə erməni qoşunları Gürcüstanla sərhəddə yerləşən Sanain bölgəsinə hücum etdi. Bununla görünməmiş erməni-gürcü müharibəsi başladı.
 



Gürcüstan hökumətinin əldə etdiyi və mətbuatda dərc olunan erməni sənədləri Ermənistan hökumətinin planları haqqında təsəvvür yaradır ki, Ermənistan ordusu Xram çayına qədər ərazini işğal etməli idi. Menşevik hökuməti son ana qədər danışıqlara ümid edirdi. Ona görə də cüzi say üstünlüyünə və daha yaxşı maddi təminatına baxmayaraq, gürcü ordusu hücuma hazır deyildi. İlk toqquşmada ermənilər 100-ə yaxın gürcü əsgərini əsir götürdü, çoxlu sayda silah və hərbi texnika ələ keçirdi. Ermənilərin hücumunda Denikinin Rusiya Könüllü Ordusunun təyin etdiyi zabitlər iştirak edirdi. Denikinin özü Abxaziya ərazisində davamlı hərbi təxribatlar təşkil edir və Qaqri cəbhəsində Soçinin itirilməsi ilə zəifləmiş gürcü mövqelərini nəhayət qırmağa çalışırdı.
 

Dekabrın 18-də erməni ordusu Lorunin bütün ərazisini işğal etdi və Tiflisə doğru xeyli irəlilədi. Gürcü və Azərbaycan kəndlərinə basqın edildi. Cəbhədə kritik vəziyyət yarandı.  Gürcüstanın sərhəd zonasında yerləşən erməni əhalisi, həmçinin Tiflisdən və Gürcüstanın digər şəhərlərindən də gələn ermənilər nizami erməni ordusuna fəal kömək edirdi. Tiflisdə daşnak ordusuna silah və pulla yardım edən qeyri-qanuni qrup müəyyən edildi. Təhdidi neytrallaşdırmaq üçün Gürcüstan hökuməti sərt repressiya tədbirləri həyata keçirməyə başladı: şübhəli bilinən varlı ermənilərin əmlakı qismən və ya tamamilə müsadirə edildi, bir çoxları paytaxtdan deportasiya olundu. Dekabrın 25-də erməni ordusunun hücumu zəiflədi; 10 günlük fasiləsiz yürüş, gürcü hərbi birləşmələrinin müqaviməti ermənilərin imkanlarını xeyli məhdudlaşdırdı. Həmçinin, döyüşlər Loru ərazisindən kənara çıxdıqdan sonra yerli erməni könüllüləri fərarilik etməyə və kəndlərinə qayıtmağa başladılar. Cəbhə xəttinin Tbilisiyə yaxınlaşması gürcü hərbçilərinin müdafiə döyüşlərində iştirak edən hissələrin təchizatını asanlaşdırdı. Ermənilər tərəfindən əsir götürülmüş bir neçə gürcü zabitinin güllələnməsi gürcülərin hədsiz hiddətinə səbəb oldu. Tiflisin Rustaveli prospektində parad yürüşündən sonra Gürcüstanın müxtəlif yerlərində birbaşa cəbhəyə gedən könüllü dəstələrin səfərbərliyi başladı.
 

Ermənistanın məqsədi

 Ermənistan hərbi əməliyyatlar vasitəsilə Gürcüstanın Sarvan bölgəsindən (daha sonra Borçalı və indi Marneuli-red.) bir az cənubda axan Xrami çayı boyunca sərhədləri ələ keçirtməklə ərazilərini genişləndirməyə çalışırdı. Bu bölgənin yerli əhalisi əsasən gürcülərdən və azərbaycanlılardan ibarət idi. İkinci hücum istiqaməti Yekaterinfeld (indiki Bolnisi-red.) seçilmişdi, digər istiqamət isə Axalkalaki ətrafı əraziləri nəzərdə tuturdu. Bu müharibə son mərhələdə Ermənistanın dənizə çıxışını təmin etməli idi.

1918-ci il oktyabrın 19-da Gürcüstan hökuməti Ermənistana ultimatum təqdim edərək ordunun gürcü ərazilərindən çıxarılmasını tələb etdi. Sanain stansiyasında polkovniklər  Zakariadze və Çxeidzenin rəhbərliyi ilə hərbi qərargahı yaradıldı və hərbi vəziyyət elan edildi. Eyni zamanda ermənilər Alaverdi istiqamətində fəallaşdılar. Axpatda silahlı insanların hərəkəti müşahidə olunurdu.

Dekabrın 5-də Ermənistanla sərhəddəki Sanain şəhərində cəmi 200 nəfərlik gürcü silahlı bölməsi yerləşirdi. İndiki Sanain Ermənistanın Alaverdi şəhərinin ən cənub kənarındadır. Gürcü qüvvələrinə general Tsulukidze rəhbərlik edirdi.



Dekabrın 5-də Uzunlar kəndində (indiki Odzun monastırının yerləşdiyi ərazi) bir gürcü əsgəri ermənilər tərəfindən öldürüldü. Sonra ermənilər kənddəki gürcü qarnizonunu mühasirəyə alaraq onları tərksilah edib əsir götürdülər. Dekabrın 9-da general Tsulukidze asayişi bərpa etmək üçün Uzunlara silahlı qrup göndərdi. Dəstə erməni ordusunun çoxsaylı qüvvələrinə rast gələrək Sanainə çəkilməli oldu.



Tsulukidzenin danışıqlar prosesindən xəbəri var idi, buna görə də müharibənin başlaya biləcəyini ağlına gətirmirdi. General Tiflisdən əlavə bir bölük şəxsi heyət tələb etdi, lakin bu vaxt təxminən 4000 nəfərlik erməni silahlıları Sanaini mühasirəyə alaraq şəhəri atəşə tutmağa başladılar. Yalnız bundan sonra general müharibənin başladığını anladı.

“Sərhəddəki Tsater kəndində yerləşən gürcü sərhəd dəstəsi silahlı ermənilər tərəfindən mühasirəyə alındı. Ermənilər tərəfindən aşkar düşmənçilik hərəkətlərinə yol verilirdi. Korinj kəndinə də müdaxilə edilirdi. Silahlı ermənilərin bu hərəkətlərini quldur dəstələrinin deyil, nizami hərbi hissələrin fəaliyyəti olduğunu bəyan etməyi özümə borc hesab edirəm ..”, - deyə generalın məruzəsində qeyd olunur.




25-27 dekabr döyüşlərində -  bu günlərdə tam əks-hücum təşkil etmək mümkün olmasa da, təşəbbüs tədricən gürcülərin əlinə keçdi. Yalnız dekabrın 28-də general Giorgi Mazniaşvili 3500 nəfərlik hərbi birləşmə ilə genişmiqyaslı hücuma keçə bildi və ildırım sürəti iilə erməni qoşunlarının müdafiəsini dəf etdi. Gecə düşənə qədər Mazniaşvili artıq Şulaveri və bir neçə kiçik kəndi geri almışdı. Ermənilər tərəfindən sıxışdırılan yerli Borçalı sakinləri gürcü ordusuna qoşulan bir eskadron yaratdılar. Ermənilər Şulaveri döyüşündə iki yüzə yaxın adam itirərək geri çəkilməyə davam edir, erməni kəndlərində  möhkəmlənməyə çalışırdılar. Ermənilər kəndin dəmiryol vağzalını saxlaya bilsələr də, sonda  məğlub olaraq stansiya gürcülərin ixtiyarına verildi. Dekabrın 31-də bütün gün davam edən fasiləsiz atışmalardan sonra ermənilər vəziyyətlərini bir qədər yaxşılaşdıraraq Sadaxlıdan şərqdəki yüksəklikləri nəzarətə götürdülər və bununla da Şulaveri istiqamətində gürcü ordusunun rabitəsini təhlükə altına aldılar. Lakin gürcülər müvəffəqiyyətlə yenidən qruplaşaraq, Ermənistanın müdafiə xəttini yarıb, Sadaxlıdan cənub-qərbə doğru dərinliyə nüfuz etdilər. Döyüş əməliyyatları əsasən bu mövqelərdə dayandırıldı.



Ermənilər bilirdi ki, yanvarın ilk günündə gürcülər hücuma keçəcək, deməli vəziyyəti dəyişməyə cəmi 24 saatları mövcud idi. Heç olmasa Sadaxlını geri qaytarmaq istəyirdilər. Dekabrın 31-də səhər onlar Ayrımdan Debed çayı boyunca Sadaxlıya qədər irəliləməyə başladılar. Ermənilərin sol cinahı Sadaxlıya daxil ola bildi, lakin tezliklə oradan çıxarıldılar və Tanadağ dağının sağ yamaclarına qədər geri çəkildilər.

1918-ci ilin son günündə, gecə yarısı müharibə başa çatdı. Qoşunlar dayandıqları yerdə qaldılar, cəbhə xətti dövləti sərhəd xəttinə çevrildi.


Gecə yarısı Britaniya hərbi missiyasının təkidi və petisiyasına qarşı tərəflər atəşkəsə razılaşdılar.


Müharibənin nəticəsi hələ də mübahisəlidir. Gürcü tarixçilərinin və hərbi mütəxəssislərinin fikrincə, atəşkəs razılaşması gürcü ordusunun Ermənistan ərazisinə hücumunu davam etdirməyə imkan vermədi ki, onun həqiqətən də bunu etmək imkanı var idi. Digər tərəfdən, ermənilər hesab edirlər ki, onların ordusu Sadaxlı yaxınlığında gürcü ordusunu nəinki saxlaya bilməyib, hətta tam mühasirəyə alınmasaydı, onu məğlub edə bilərdi. Döyüşlərdə hər iki tərəf ağır itki verdi, 850-900-ə yaxın insan həlak oldu. Müharibənin ilk günlərində əsirlərin və döyüş texnikasının itkisi səbəbindən gürcülərin canlı itkiləri nisbətən böyük idi.



Sadaxlı kəndində müharibədə həlak olanların dəfn olunduğu ehtimal olunan yer


Modern.az-ın analitik qrupu

Mənbələr:

1. //www.academia.edu/10382254/%D0%90%D1%80%D0%BC%D1%8F%D0

 2. “ერთობა“, N270, 14 დეკემბერი, 1918 წ. Ertoba qəzeti.

გენერალ. გ. წულუკიძის დეტალური ანგარიში, რომელიც გამოქვეყნდა გაზეთ: “Грузия”-ს ათ ნომერში ნაწილ-ნაწილ 1919 წელს. ( General Tsulikidzenin “Грузия” qəzetində dərc olunmuş hesabatı)
გენერალ. გ კვინიტაძის მოგონებები -General Q.Qvinitadzenin xatirələri
1918 წლის პრესაში გამოქვეყნებული მასალები
ეროვნული არქივი და ეროვნული ბიბლიოთეკა -  Milli arxiv və Milli kitabxananın materialları

Twitter
Sizə yeni tvit var
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı