Modern.az

“Qanunlar sağlamlığı deyil, biznesin maraqlarını qoruyur!” - 90 yaşlı loğman “SİRRİ AÇDI”

“Qanunlar sağlamlığı deyil, biznesin maraqlarını qoruyur!” - 90 yaşlı loğman “SİRRİ AÇDI”

Reportaj

7 Sentyabr 2023, 11:49

 “Müdriklər buyurub ki, "insan özünə ya həkimdir, ya da qənim". Əfsuslar olsun ki, əksər hallarda biz özümüzə qənim kəsilirik. Bu da faciə ilə nəticələnir.”

Modern.az-ın məlumatına görə, bunu tanınmış yazıçı-jurnalist, təbii üsullarla müalicə üzrə mütəxəssis, "Ana Təbiət" natural gigiyena mərkəzinin rəhbəri Ərşad Əzimzadə deyib.

Onun sözlərinə görə, hazırkı dünyada qəbul olunan qanunlar sağlamlığa xidmət etmir, "azad biznesin" maraqlarını qoruyur.

“Biznes hegemon olan mühitdə insan sağlam, azad və xoşbəxt, dünyamız isə dinc ola bilməz”, - Ə.Əzimzadə bildirib.

90 yaşlı loğmanın sözlərinə görə, hazırkı dünya səhiyyə sistemi, onu varlandıran “mikrob ordusu”nun yüksək sürətlə artıb-törəməsi və insan hüceyrələrini rahat qırması üçün münbit şərait yaradib.

Ə.Əzimzadə insanlara xitab edərək deyib ki, sağalmaq istəyənlər qidalanma qaydalarına əməl etməli, bədən tərbiəsini həyat normasına çevirməli, hər gün günəş vannası, müntəzəm kontrast su vannası qəbul etməli, pəhriz saxlamalıdır:

“Əminəm ki, yazdığım əsərlərdə və məqalələrdə, verdiyim müsahibələrdə sağlamlığı qorumağın, itirdikdə isə onu təbii üsullarla qaytarmağın yolunu kifayət qədər aydın və geniş göstərmişəm. Faydalı olan bütün sualların üstünə işıq salmışam. Bunun həqiqət olduğunu sübut edən belə bir fakt da var: ağıllı və iradəli oxucularım mənim yanıma gəlməyə, hətta, zəng vurmağa belə ehtiyac duymurlar. Göstərdiyim sağlamlıq və xoşbəxtlik yolunu tutub, azar-bezarsız yaşayırlar. Digər tərəfdən də, yanıma gələn xəstələrin bəzisi verdiyim tövsiyələrə ya qismən əməl edir, ya da heç əməl etmir. Nə gizlədim, belə rəftar qəlbimə toxunur.

Əsərlərimdə bütün suallara cavab tapa bilərsiniz. Onları diqqətlə oxuyun, özünüz özünzə həkim olun, uzun illər sağlam yaşayın. Mən hər yerdə yazıram və deyirəm: xəstə yalnız bir halda sağala bilir  - özü özünün həkimi olanda”.
 

Özünü 8 ağır xəstəlikdən təbii üsulla qurtarmış Ə.Əzimzadə deyib ki, hətta xərçəng də sağalan xəstəlikdir:

“Bunun yeganə çarəsi sağlam həyat tərzi sürməkdir. Təəssüf ki, səfalı qidanı və faydalı vərdişi nə qədər çox tərifləyirsən, bir o qədər çox gözdən düşür, zərərli qidanı və pis vərdişi nə qədər çox pisləyirsən, bir o qədər çox sevilir”.

Ə.Əzimzadənin sözlərinə görə, dünya şöhrətli yapon alimi Katsudzo Nişinin sağlamlıq sistemi xəstələrdən daha çox sağlamlara lazımdır:

“Çünki sağlamlığı qorumaq onu qaytarmaqdan qat-qat asan və ucuzdur.

Mənim yanıma məsləhət almağa gələn xəstələrin bir qismi elə bilir ki, mən hansısa otlartdan hazırladığım bir məcunu verəcəm ona, o da beş-on gün bu “dərmanı” qəbul edəcək və sapsağlam olacaq. Belələrinə saatlarla izah edirəm ki, bir məcunla, beş məcunla xəstəliyi sağaltmaq mümkün deyil. Xəstəliyi sağaltmaq üçün gərək immun sitemini (orqanizmin müdafiə xəttini) gücləndirəsən. Bunun üçün isə gərək 70 trilyon hüceyrədən ibarət olan “müdafiə ordusunu” gücləndirəsən. Bu “ordu”nun hər bir “əsgəri” can sahibinə yalvarır ki, mənə hər gün 600 inqriyident (element) göndər. Bizisə ona gündə 200-250 element göndəririk. Nəticədə, “əsgərlər” zəyifləyir, qırılır, “ordu” artıb-törəyə bilmir. Biz var gücümüzlə düşmən ordusunun “əsgərlərini” - mikrobları yedizdiririk. Mikroblar kosmik sürətlə artıb-törəyir və biz xəstələnirik. Özümüz özümüzü zəhərləyirik, pul veririk ki, başqası bizi sağaltsın. Başqası da bahalı dərmanları bizə sırıyır və qanımızı daha güclü formada zəhərləyir. Daxili orqanlar bir-bir sıradan çıxır. Biz sağalmırıq, dərmanlardan asılı vəziyyətdə qalırıq. Bu yol - yanlış yoldur.


Dünya tibb elminin banisi Hippokratın istedadlı davamçısı İbn Sina deyirdi ki, müalicə - əsl müharibədir. Müharibənin də əbədi və dəyişməz qanunu var: kim güclüdürsə, o da qalib gəlir.


Xəstənin güclü olması üçün ondan fiziki güc yox, əqli güc, iradə tələb olunur. Çünki bütün xəstəlikləri törədən səbəb PİS VƏRDİŞLƏRDİR, onları tərgitmədən, sağlamlığı qaytarmaq və qorumaq mümkün deyil. Zəif iradəli adamlar pis vərdişlərin quludur, onların qarşısında acizdir, onları tərgidə bilmir, buna görə də ömrü boyu müalicə alır, amma sağalmır. Hansı ölkəyə gedirsən get, handa bir klinikada, ən güclü həkimin təyin elədiyi dərmanları qəbu elə, pis vərdişləri tərgitmədən yenə də sağala bilməzsən. Bunu öz təcrübəmdən bilirəm. Mən 30 il ona görə sağalmırdım və ilkin xəstəliyimin üstünə ona görə 7-si (özü də daha güclüləri!) gəlirdi ki, pis vərdişləri tərgitmək heç ağlıma belə gəlmirdi. 30 ildə mənə bircə həkim “pis vərdişləri tərgit” deməmişdi. Əgər yapon alimi Nişinin kitabını oxumasaydım, insanın xislətini dərk edə, normal hesab etdiyim pis vərdişləri tərgidə və 8 “sağalmayan” xəstəliyi davasız-dərmansız sağalda bilməyəcəkdim.


Bu gün mən xəstələrin müalicəsi ilə məşqul olmuram, sadəcə, onlara kömək edirəm ki, pis vərdişlərdən yaxa qurtarsınlar, sağlam həyat tərzinə keçsinlər. Onları inandırmağa çalışıram ki, xəstə yalnız bir halda sağala bilir - özü özünün həkimi olanda və pis vərdişləri tərgidəndə.


Xəstələrə tövsiyə etdiyim SAĞLAMLIQ REJİMİni 5 təməl üzərində qurmuşam:
 

1. Düzgün qidalanmaq.

2. Faydalı hərəkət.

3. Kontrast su vannası.

4. Özünütəqlin.

5. Qohum-əqrabanın “qayğısından” qorunmaq.


İlk 4 təməl haqqında kitablarımda kifayət qədər məlumat var. 5-ci mübarizə silahı isə kiçik şərh tələb edir.


Mən ağır xəstə olanda o qədər antibiotik (prednizalon, solisilat) qəbul etmişdim ki, çəkim əndazədən çıxmışdı. Sağlam həyat tərzinə keçəndən sonra çəkim 96 kilodan 54 kq-a düşdü. Mən 18 yaşımda olanda məhz bu çəkidə rinqə çıxırdım. Ət-yağdan, çörəkdən, şəkərdən, duzdan tam imtina etməyim və kəskin şakildə arıqlamağım qohumlarımı təşvişə saldı. Onlar bu günün özündə də köklüyü sağlamlıq rəmzi, arıqlığı isə xəstəlik nişanəsi hesab edirlər. O vaxt bütün qohumlar mənə “qayğı” göstərirdi, dadlı-ləzzətli xörəklər yeməyi məsləhət görürdü. Heç kəs belə bir təkzibolunmaz faktı nəzərə almaq istəmirdi: “Bu adam dadlı-ləzzətli xörəkləri yeyəndə - 8 ağır xəstəlikdən əzab çəkirdi, indi onları yemir - sağlamdır”.


Böyük kədər hissi ilə qeyd edirəm ki, ötən il həyat yoldaşımı məhz qohum-əqraba “qayğısı” əlimdən aldı. Yoldaşımı 1995-ci ildə 5 ağır xəstəlikdən pəhrizin hesabına sağaltmışdım, nə qədər ki, uzaqda idik yoldaşım azar-bezar nə olduğunu bilmirdi, quş kimi idi, günü-gündən cavanlaşırdı. Elə ki qayıtdıq Bakıya, qohumların yanına, toylar, ad günləri, xınayaxdılar, nişanlar yoldaşımı əlimdən aldı.


Hər kəsə məsləhət görürəm ki, Məhəmməd peyqəmbərin bir müdrik kəlamını sırğa edib qulağından assın. Allahın Rəsulu deyirdi: “Bütün fəsadların yuvası mədədir, bütün dərdlərin çarəsi pəhrizdir”. Nadan qohumlardan uzaq olun. Sağlam həyat tərzi yaşayın.


Sağlam olmadan xoşbəxt olmaq mümkün deyil. Hər kəs yuxarıdakı 5 silahın köməyi ilə bütün xəstəliklərə qalib gələ bilər. Bunun üçün kitab oxumaq, yazılanları dərindən dərk etmək, zəkanın köməyi ilə daxili enerjini səfərbər etmək və sağlamlıq uğrunda savaşmaq lazımdır. Adam özünə ya həkimdir, ya da qənim. Özünüzə qənim olmayın, həkim olun. Adam özünün həkimi olanda, həm də ailə badcəsində israfçılıq baş vermir, xərclər kəskin formada azalır, sağlamlıq çox ucuz başa gəlir”.


Ə.QAFARLI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır