Modern.az

Xocavəndin terror törədilən kəndi - İkiyə bölünmüş TAĞAVERDDƏN FOTOLAR

Xocavəndin terror törədilən kəndi - İkiyə bölünmüş TAĞAVERDDƏN FOTOLAR

19 Sentyabr 2023, 12:33

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğunun bu gün yaydığı birgə məlumata görə, Qarabağdakı erməni separatçıları sentyabrın 19-da Xocavənd rayonu ərazisində iki terror aktı törədiblər.

Belə ki, əvvəlcə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2 əməkdaşı Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində öldürülüb. 21.11.1970-ci il təvəllüdlü Sadıxov Samir Sabiroviç və 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlunun hərəkət etdiyi “Howo” markalı yük maşını erməni təxribat-diversiya qrupu tərəfindən həmin ərazidə basdırılmış tank əleyhinə minaya düşüb. Hadisə nəticəsinəd hər iki mülki şəxs həlak olub.
 

Daha sonra Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu “Kamaz” markalı maşın hadisə yerinə doğru hərəkət edərkən separatçıların Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yoluna yerləşdirdiyi minaya düşərək partlayıb. Bu terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.
 

Modern.az saytı terror aktlarının törədildiyi Tağaverd kəndi haqqında bəzi məlumatları oxuculara təqdim edir.

Tağaverd kəndi Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsinə yaxın ən aşağı hissəsində yerləşir... Kənd Xocavəndin mərkəzindən 45 km, Xankəndidən isə 50 km məsafədədir.
 Tağaverd kəndi özünün mənzərəli yerləri, zəngin bitki örtüyü, meşələrdəki soyuq bulaqları ilə tanınır. 7 km uzunluğunda olan kənddə iqlim xüsusilə qış aylarında olduqca dəyişkəndir.

İkinci Qarabağ müharibəsinə qədər Tağaverd tam qazlaşdırılmışdı.

Xocavənd rayonunun Tağaverd kəndi 2020-ci ildə baş vermis 44 günlük Vətən müharibəsi zamanı ağır döyüşlərə meydan olub. Təəssüf ki, kəndin yuxarı hissəsi Azərbaycan Ordusu tərəfindən azad olunsa da, aşağı hissəsi separatçıların nəzarətində qalıb.


Hazırda Azərbaycan Ordusunun və erməni separatçılarının bir-birindən 50 metr məsafədə qurduqları postlar aydın görünür.


Tağaverdin 600 hektarlıq torpaq sahəsindən cəmi 100 hektarına ermənilər nəzarət edə bilir.

Onun da 20 hektarı təhlükəli zona sayılır.


Tağaverd kəndinin azad edilməmiş hissəsində az sayda erməni sakinlər də yaşayır.

2021-ci ildə “Sрutnik Ermənistan” agentliyinin əməkdaşı Tağaverd kəndində olarkən orada yaşayan erməni sakinlərlə söhbətləşmişdi. O zaman ermənilər əkin sahələri və otlaqların azlığından gileylənərək, həyəcanla Tagaverdin Azərbaycan mövqeləri ilə əhatə olunduğunu bildirmişdilər. Ermənilər jurnalistə maraqlı bir fakt barədə danışmışdılar. Bildirmişdilər ki, separatçılarla Azərbaycan hərbçilərinin mövqeləri arasındakı məsafə təxminən 40-50 metrə çatır. Tərəflər arasında bəzən söz atışması yaşanır və hətta söyüşlər də eşidilir.
 

2021-ci ildə Tağaverddə keşik çəkən Azərbaycan əsgərləri separatçıların kəndin qarşı tərəfində asılmış “bayrağı”nı ərazidən yığışdırmağı tələb ediblər.
 

Erməni tərəfi əvvəlcə bununla razılaşmaq istəməyib. Vəziyyətin silahlı toqquşmaya keçməməsi üçün hətta rusiyalı sülhməramlılar da hadisə yerinə gəliblər.
 

Azərbaycan tərəfinin qətiyyətli tələbi nəticəsində nəhayət, erməni hərbçilər həmin əski parçasını çıxarmağa məcbur olublar.
 






Ə.Qafarlı

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri