Modern.az

“Sərsəng”in tikintisinə rəhbərlik etmiş SSRİ-nin eks-naziri - Polad Poladzadə kim olub...

“Sərsəng”in tikintisinə rəhbərlik etmiş SSRİ-nin eks-naziri - Polad Poladzadə kim olub...

Reportaj

29 Sentyabr 2023, 17:12

Xəbər verdiyimiz kimi, Ordumuzun Qarabağda apardığı 19-20 sentyabr tarixli antiterror tədbirlərindəki qələbəsindən sonra keçmiş Ağdərə rayonu ərazisindəki Sərsəng su anbarı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nəzarətinə keçib.

Hazırda su anbarının istismarını Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi həyata keçirir. 

1976-cı ildə Tərtərçay çayının üzərində tikilərək istifadəyə verilən Sərsəng su anbarının ümumi həcmi 565 mln. kub metr, faydalı həcmi 500 mln.kub metrdir. Su anbarının su güzgüsünün sahəsi 1346 hektar, sahil xəttinin uzunluğu 50,25 km-dir. 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi bu gün yaydığı məlumatda bildirib ki, Sərsəng su anbarında toplanan su ilə Tərtər, Ağdərə, Ağdam, Ağcabədi, Yevlax, Bərdə, Goranboy rayonlarının ümumilikdə 95 min hektar əkin sahəsi suvarma suyu ilə təmin olunacaq.



Modern.az
saytı Sərsəng su anbarının gündəm mövzusu olmağını nəzərə alaraq, onun tikintisinə kimin rəhbərlik etdiyi barədə yazını diqqətinizə çatdırır.

Sərsəng su anbarı Qarabağdakı ən strateji obyektlərdən biridir. Onun tikintisi 1972-76-cı illər arasında həyata keçirlib. 

Su anbarı vaxtilə Azərbaycanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektardan çox torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. Anbarın işğalı nəticəsində uzun illərdir bu əraziyə suvarma suyunun verilməməsi Azərbaycan Respublikasına ciddi ziyan vurub.

Su anbarında bəndin hündürlüyü 125 metrdir. “Sərsəng”in bəndində ümumi gücü 50 mvt olan su eletrik stansiyası da tikilib. Həmin stansiyadan son vaxtlaradək Qarabağdakı separatçılar istifadə edirdilər.

Sərsəng su anbarı 70-80-ci illərdə Azərbaycana rəhbərlik edən mərhum Heydər Əliyevin təşəbbüsü ilə inşa olunub. Yuxarıdakı 1-cio şəkildə anbarın layihəndirilməsində iştirak edən vəzifəli şəxslər və mütəxəssislər təsvir olunub.
70-ci illərin əvvəllərində lentə alınmış fotoşəkildə o zaman Azərbaycana rəhbərlik edən mərhum Heydər Əliyev diqqət çəkir. 

Şəkildə ortada dayanmış qarasaçlı şəxsin kim olduğu isə yəqin ki, çoxlarına məlum deyil. O, “Sərsəng” su anbarının tikintisinə rəhbərlik etmiş Polad Poladzadədir.

Bəs çoxlarının tanımadığı Polad Poladzadə kim olub?


Modern.az
saytı sonralar keçmiş SSRİ-nin meliorasiya və su təsərrüfatı nazirinin birinci müavini və nazir əvəzi olmuş Poald Poladzadə haqqında bəzi bilgiləri təqdim edir.

Qeyd edək ki, o, Sərsəng su anbarının inşasından əvvəl Xaçınçay, Akstafaçay su anbarlarının Əli-Bayramlıdakı (indiki Şirvan şəhəri) su qovşağının tikintilərinə də rəhbərlik edib.

Polad Adcı oğlu Poladzadə 24 oktyabr 1931-ci il tarixində Tbilisi şəhərində azərbaycanlı ailəsində anadan olub. 1955-ci ildə Moskva Su Təsərrüfatı İnstitutunu bitirib. 1955-1956-cı illərdə “Tacikhidrotikinti” trestinin Kurqan-Tyube şəhəri 2 saylı tikinti idarəsinin ustası, bölmə rəisi işləyib.

1956-1963-cü illərdə “Kür-Araztikinti” Baş İdarəsinin baş icraçısı, böyük mühəndisi olub.

1963-1964-cü illərdə Azərbaycan KP MK-nın kənd təsərrüfatı şöbəsinə rəhbərlik edib.


1964-1965 -ci illərdə SSRİ Dövlət Torpaq və Su Komitəsinin Zaqafqaziya Suvarma Əkinçilik İstehsalat İdarəsində rəis işləyib.
 

1965-1970-ci illərdə “Kür-Araztikinti” Baş İdarəsi rəisinin birinci müavini, sonra rəisi olub.

1970-1974-cü illərdə Azərbaycan SSR Meliorativ Tikinti Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.


1974-cü ildə SSRİ meliorasiya və su təsərrüfatı nazirinin birinci müavini vəzifəsinə irəli çəkilib, 1989-cu ilə kimi həmin postu tutub.

1989-1990-cı illərdə SSRİ su təsərrüfatı nazirinin birinci müavini, nazir vəzifəsini icra edən olub.

Bəzi məlumatlara görə, o zaman SSRİ prezidenti Mixail Qorbaçov yeni Nazirlər Kabinetini formalaşdıranda, məhz azərbaycanlı olduğuna görə Polad Poladzadəyə qısqanclıq nümayiş etdirib. Beləcə, o, nazir vəzifəsinə təsdiqlənməyərək, vəzifəsindən kənarlaşdırılıb...

Polad Poladzadə 1990-1991-ci illərdə SSRİ "Sutikinti” Dövlət Konserninin sədri işləyib.

Daha sonra Rusiya "Sutikinti” Dövlət Konserninin baş direktoru olub. 2005-ci ildən "Sutikinti” ASC-nin İdarə Heyətinin sədri postunda çalışıb.

P.Poladzadə ömrünün sonlarında Rusiya “Su işçiləri və melioratorlar ittifaqı”nın sədr müavini olub.


O, fəaliyyəti dövründə üç dəfə “Qırmızı əmək bayrağı”, “Oktyabr inqilabı” və "Şərəf nişanı" ordenlərilə təltif olunub.


Keçmiş SSRİ miqyasında və dünyada su təsərrüfatı və meliorasiya sahəsi üzrə nüfuzlu rəhbər, tanınmış mütəxəssis olan soydaşımız 26 fevral 2018-də Moskvada vəfat edib.

Onun oğlu Əsgər Poladzadə hazırda Moskvada yaşayır.


Ə.Qafarlı

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər