Modern.az

Natiq Qasımovu əsirlikdə görən sonuncu şahid: “Kirovakandakı kimya kombinatında işlədilirdi...”

Natiq Qasımovu əsirlikdə görən sonuncu şahid: “Kirovakandakı kimya kombinatında işlədilirdi...”

Reportaj

30 Sentyabr 2023, 09:58

Sosial şəbəkələrdə erməni cəlladlarının 1992-ci ildə əsir götürdüyü azərbaycanlı döyüşçü Natiq Qasımovun dindirilməsi zamanı çəkilən fotolar yayılıb. İtaliyalı hərbi fotoqrafın lentə aldığı fotolarda azərbaycanlı döyüşçünün dindirilməsinin Xocalı qatili Vitali Balasanyan tərəfindən aparıldığı görünür.

Natiq Qasımovun dəhşətli işgəncələr nəticəsində şəhid olduğu güman edilir. Bu günədək onun harada dəfn edildiyi məlum deyil.

Modern.az xəbər verir ki, beynəlxalq humanitar hüquq sahəsində çalışan tədqiqatçı alim, “Həsrət yolu” Əsir və Girovlara Kömək İB-nin sədri Esmira Orucova Natiq Qasımovla bağlı danışıb.
 

O bildirib ki, hələ 2004-2005-ci illərdə Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun Arxivində şahid ifadələrinə əsasən toplanmış materiallar üzərində tədqiqat apararaq, “Bizi əsirlikdən qurtarın qurtarın” adlı 700 səhifəlik Azərbaycan və ingilis dillərində ensiklopedik nəşr tərtib edib. Həmin ensiklopedik nəşrin 517-518 səhifələrində ermənilər tərəfindən əsir götürülmüş Qasımov Natiq Səlim oğlu varədə məlumatlar dərc olunub.
 

 E.Orucova deyib ki, ötən il hazırladıqları Birinci Qarabağ müharibəsi zamanı əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı hesabatda da 55-56-cı səhifələr Natiq Qasımova həsr olunub.


“Hesabatdan olan hissəni diqqətinizə çatdırıram:
 

Xarici jurnalistlərin şahidliyi ilə əsir götürülən və bu günə kimi azad edilməyən Qasımov Natiq Səlim oğlu

1971-ci ildə Azərbaycan Respublikasının Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1991-ci ildə könüllü olaraq Ağdam rayonunda təşkil edilmiş “Qarabağ şahinləri” batalyonunun tərkibində döyüşüb.
 

12 mart 1992-ci ildə Ağdam rayonunun Xramort kəndi istiqamətində gedən döyüşlərdə əsir götürülüb.

Natiq Xramort kəndi yaxınlığında yüksəklikdə yerləşən Alban kilsəsi istiqamətində gedən döyüş zamanı 6 döyüş yoldaşı həlak olduqdan sonra 5 gün orada ac-susuz qalıb. Gülləsi qurtardığı üçün 6-cı gün Azərbaycan bayrağını başı üzərinə qaldıraraq təslim olub.
 

Natiqin ermənilər tərəfindən əsir götürüldüyü “Oqonyok” jurnalının 14 və 15-ci nömrələrində çap olunmuş Konstantin Smirnov və Enriko Sarzinin “Strax” məqaləsində təsdiq olunub.
 

Erməni əsirliyindən azad edilmiş Xocalı sakini, Mingəçevir şəhərində yerləşən “Kür” avarçəkmə bazasında məskunlaşmış Cəfərov Cəfər Məhəmməd oğlunun bildirdiyinə görə, onu Xocalı şəhəri ermənilər tərərfindən işğal olunan gün tutub, Əsgəran şəhər polis şöbəsinin təcridxanasında saxlayıblar. Ermənilər Cəfəri bir neçə xarici ölkə jurnalisti ilə zirehli maşına oturdub, azərbaycanlı döyüşçülərə xəbərdarlıq etmək üçün Xramort kəndinə aparıblar. Cəfər orada 5 gün tək qaldığından aclıq və susuzluqdan taqətdən düşmüş Natiqlə rastlaşıb. Natiq Cəfərə 6 nəfər döyüş yoldaşı ilə ora gəldiyini, yoldaşlarının ermənilər tərəfindən öldürüldüyünü və Azərbaycan bayrağını tək qoyub getməyə haqqı olmadğını deyib.

Natiq Qasımov bir əlində Azərbaycan bayrağı, bir əlində isə avtomatı ermənilər tərərfindən əsir götürülüb.
 

Gördükləri mənzərədən təsirlənmiş xarici jurnalistlər bu məğrur döyüşçünün cəsurluğunu videokameraya çəkiblər. Təəssüflər olsun ki, Natiqin sonrakı taleyi haqqında heç bir məlumat əldə olunmayıb.
 

Qardaşı – Mingəçevir şəhəri, N. Nərimanov küçəsi ev 13, mənzil 14-də yaşayan Qasımov Nofəl Səlim oğlunun verdiyi məlumata görə, Natiqin axtarışı ilə məşğul olan zaman Gürcüstan Respublikasının Marneuli şəhəri, Caparidze küçəsi, ev 47-də yaşayan Axundzadə İsmayılla görüşüb. İsmayıl ona Natiqin sağ olduğunu və Ermənistanın Kirovakan şəhərində yerləşən kimya kombinatında işlədildiyini deyib”.

P.S. Şahid ifadəsi illər öncə alınıb.

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok