Növbəti dərs ili başlayır. Avqustun son günlərindən etibarən məktəbli ləvazimatlarının satışında canlanma nəzərə çarpır. Piştaxtalar uşaqların diqqətini cəlb edəcək qədər rəngarəng möcüzələr aləminə dönür. Alış-verişdə uşaqlar bir istiqamətə, böyüklər digər istiqamətə üz tutur. Valideynlər öncə cibə baxdıqları halda, balacaları bir şey maraqlandırır: gözəl görünüşlü, cazibədar karandaş dəstləri, şəkilli albomlar, qələmlər, çantalar və s.
Bazarda gördüklərimiz, eşitdiklərimiz...
Bu reportajı hazırlamaq üçün əsasən orta və aşağı təbəqənin üz tutduğu bir neçə satış obyektinə baş çəkib, maraq və zövqlərinin kəsişdiyi alış-veriş prosesini müşahidə etdik. Piştaxtaya yaxınlaşıb kitablarla maraqlanırıq, eyni zamanda ətrafda baş verənlərə göz qoyuruq. Satıcı başın itirib, bilmir kimin istəyinə cavab versin. Ata bir dəftərə baxır, övladı digər dəftərdən yapışıb. Valideyn bunu istəyir, uşaq isə başqasını artıq çantasına yerləşdirir. Əlacsız qalan ata uşağın könlünü xoş tutmaq qərarına gəlir. Bir ədəd spirallı 1 manat 50 qəpiklik dəftəri aldıqdan sonra lazım bildiyindən (30 qəpiklikdən) 18 ədəd istəyir. Digər mağazaya yaxınlaşırıq. Elə bu dəm ana ilə qızının dialoquna qulaq yoldaşı oluruq.
Məktəbli: - Ana, mən o çantanı istəyirəm, niyə almadın?
Valideyn: - Qızım, hələlik keçən il aldığımız çantanı götür. Dərslər başlayanda sən istədiyin çantanın qiyməti ucuzlaşacaq. Mən də o vaxta qədər maaşımı alaram. Bax sənə söz verirəm,o zaman gəlib o çantanı alacağıq.
Məktəbli: - Axı, Lamiyəgil təzə çantaları ilə gələcək, mənsə köhnəsi ilə, həm də onun cibləri sökülüb. Uşaqlar məndən soruşsalar nə deyəcəm?
Ana bir az pərt halda özünü toparlayaraq üzündəki yalançı təbəssümlə qızının başını sığallayır:
- Sən də deyərsən ki, atam mənim çantamı Rusiyadan alıb göndərəcək. Ona görə almamışam.
Məktəbli: - Ana! Axı atam...
Ana uşağın sözün kəsərək, onun əlindən tutub oradan uzaqlaşır. Yenə piştaxtaya yaxınlaşırıq. Bu dəfə qiymətlərlə alıcı kimi maraqlanırıq. Çeşidlər və qiymətlər bir-birin tamamlayır. Əksər hallarda bu alış-verişdən valideynlərin razı qaldığını görürük. Uşaqlar isə xarakterinə uyğun olaraq əsasən narazılıq nümayiş etdirirlər. Kimisi ağlayır, kimisi küsür, kimisi də onsuz da istədiyi şeylərin alınmayacağının fərqinə vararaq, itaətkarcasına könülsüz şəkildə valideynlərinin yanına düşüb gəzişir. Sözsüz ki, sevinənlər də az deyildi. Amma sevinənlər də valideynlərinin kisəsini “ağlatmışdılar”.
Bizə maraqlı gəldiyi üçün bir valideynə yaxınlaşırıq. Müsahibimiz bu il ilk dəfə məktəbli atası olacaq Natiq Məmmədov bir az gərgin görünür. Ondan alış-verişin necə getdiyini soruşuruq. Sualımıza qarşılıq ilk reaksiya onun təbəssümü olur.
- Natiq bəy, deyəsən çox gəzmisiniz, yaman yorğun görünürsünüz?
- Gəzməkdən yox, fikirləşməkdən yorulmuşam.
Qeyri-iradi olaraq soruşuruq: - Nəyi?
- Bu iki gündə demək olar ki, maaşımı bazarda qoymuşam. İndi bu ayı necə xilas edəcəm onu fikirləşirəm.
- Amma bayaqdan baxırıq. Sirac nəyə barmaq uzadır, alırsınız. Bu necə olur?
- Özümlə bacara bilmirəm. Uzun müddət övladım olmayıb. Bu anı həmişə arzulamışam. Ona görə heç nə düşünmürəm.
- Bəs pul məsələsi necə olacaq? Dediyiniz kimi, bu ay dolanışığınızı xilas edə biləcəksiniz?
- Dedim axı, fikirləşirəm. Mütləq bir şey tapacam.
Bu arada balaca Sirac dediyimiz o sevincli uşaqlardandı. İndiki anında qanadı olsa, uçar da. Həm məktəb sevinci, həm də istədiyi hər şeyi alır.
Atadan nə qədər pul xərclədiyini də soruşuruq. Bildirir ki, (gülərək) hələ ki 320 manat gedib. Hələ ki...
Bəli, qızğın alış-veriş gedir. Bayaq yarımçıq qoyduğumuz işimizə qayıdırıq. Alıcı qismində qiymətlərlə maraqlanırıq. Əvvəlcədən qeyd edək ki, qiymətlər məhsulun keyfiyyətindən və istehsalçı ölkədən asılı olaraq kəskin və yumşaq formada fərqlənir. Satıcının təbiri ilə desək şorun şor, qaymağın qaymaq qiyməti var. Vitrinlərdə Türkiyə istehsalı olan məktəbli ləvazimatları alıcıların sözlərinə görə, keyfiyyət baxımından üstünlük təşkil edir. Nisbətən ucuz qiymətlər Rusiya məhsullarına məxsusdur. Koreya və Çin məhsulları isə aşağı təbəqənin tam cibinə uyğun gəlir desək, yanılmarıq.
Son illərdə vahid məktəbli geyminin tədbiqi valideynləri bir problemdən – paltar seçimindən azad edib. Qiymətlər də ki, 40 manatdan başlayaraq siniflərə görə artır.
Hər kəsin öz bazarı var...
Məktəbli çantasının qiyməti 6-10 manatdan başlayır və 100 manata qədər davam edir. Əksər alıcılar əsasən ortalama 15-20 manatlıq çantalara üstünlük verirlər.
12 vərəqli dəftər - sadə 10 qəpik, Rusiya, Türkiyə istehsalı – 20 qəpikdir. Topdan alış olduqda 17 qəpiyə endirilir. Dəftərlərin qiyməti üz qabığına, içinin xətlərinə, izlərinin görsənməyinə görə fərqlənir.
Yapışdırıcılar – 20 qəpik - 2 man arasındadır. Qiymətlər qrama və keyfiyyətə görə qalxır. Məsələn, 15 qramlıq 30 qəpik.
Karandaş - sadələrin qiyməti 10 qəpikdən başlayır, 80 qəpiyə qədər.
Diyircəkli qələmlərin qiyməti 10 qəpiklə 1 manat arasında dəyişir.
Flamasterlər - 1-7 manat.
Xətkeşlər - 0, 60 – 1,50 manat.
Rəngli kağız - ən ucuzu 40 qəpikdir. Bahası 2 manatadək
Rəsm albomu - sadəsi 40 qəpikdi. Qiymət istehsal olunan ölkə, vərəqlərinin sayı, qalın və ya nazikliyinə görə 3-4 manatadək qalxır.
Tabaşir qələmlərin qiyməti 1-4 manat təşkil edir.
Rəngli qələmlər - 80 qəpik - 4 manat.
Karandaşyonanlar - 30 qəpikdən 3 manatadək.
Dəftər üzləri - 0,05 - 0,30 manat.
Hesab çöpləri - 0.50 – 1.50 manat
Pozanlar - 0.10 – 1.50 manat.
Hərifli, rəqəmli kartlar - 0,40 – 2 manat.
Məktəblilər üçün əlavə dərs vəsaitlərinə - kitablara gəlincə qiymətlər 3 manatdan başlayır, 4-5 manata qədər artır, 8-9 kitabdan istifadə olunur. Bu minvalla orta qiymətlərlə götürdükdə valideynlər bir məktəbli üçün xırdavata 50 – 70 manat xərcləməlidirlər.
Valideynlərin xərcləyəcəyi pul ümumilikdə uşaqlarla necə dil tapmalarından asılıdır. Valideyn-uşaq münasibətlərində doğru seçim olduqda nəticədə hər kəs məmnun qalır. Valideyn də, uşaq da, satıcı da. Amma hər halda razı qalan satıcılar olur.
Valideyn hara və nə almağa getdiyini bilməlidir...
Bu məsələyə psixoloq yanaşması əlavə edərək mövcud problemlərə bir də başqa rakursdan baxaq. Psixoloq Elnur Rüstəmli ilk olaraq şagirdlərdə bir motivasiyanı yaradan vahid məktəbli formasını dəstəkləməyə çağırır. Digər ləvazimatlara gəlincə, psixoloq alış-veriş zamanı uşaqlarla valideynlər arasında fikir ayrılığını izah edərkən validenlərə birinci dərs günündə uşaqların bir-birindən fərqlənmək istəyini nəzərə almağı tövsiyyə edir. Bunun üçün valideynlərin uşaqların seçiminə “yox” deməklə reaksiya verməsini məqsədəuyğun hesab etmir. Bunun əvəzində valideynlər uşaqlara öz seçimlərini onların qəbul edəcəyi formada təqdim etməli, mövcud vəziyyəti anlatmalıdırlar. Bundan əlavə. valideyn uşağı hara aparacağını əvvəlcədən bilməlidir. Çeşid çox olan yerdə sözsüz ki, sadalanan problemlərlə üz-üzə qalacaq. Bu məqamda diqqətli olmalı, alış-veriş üçün seçəcəyi yeri bilməlidir. Çox zaman valideynlər çeşid çoxluğu olan ticarət mərkəzlərinə gedir və nəticədə uşağın və cibindəki pulun qarşısında aciz qalır.
Psixoloq yeni tədris ilində bu və ya digər mövcud problemlərin kökündə, həmçinin valideynlərin uşaqları məktəbə düzgün formada hazırlamadığında görür.
”Dərs ilinin başlamasına həftələr qalmış bununla bağlı uşaqlara təbliğat aparılmalıdır, onları dərs ilinə hazırlamalıdır. Lakin əksər hallarda biz nə görürük. Valideynlər deyirlər ki, bu tətil nə tez qurtardı. Çünki əksəriyyət tətili boşuna, problemsiz keçirilən vaxt kimi dəyərləndirir. Halbuki, tətildə də uşaqlar məşğul olmalıdırlar, tətil sərbəst iş qrafiki anlamına gəlməlidir. Təəssüf ki, bu belə deyil”.
O ki, qaldı uşaqların bu dönəm kəskin kapriz nümayişinə, E. Rüstəmli bunun əsasən gərgin ailə münasibətləri ilə əhatə olunan uşaqlarda müşahidə edildiyini deyir. Bu zaman kaprizin kökü, səbəbi öyrənilməlidir. Uşaq bunu istəyərəkmi edir, yoxsa bununla hər hansısa problemi aradan qaldırmaq istəyir.
Sonda onu da qeyd edək ki, necə olursa olsun effektiv təhsil üçün hər bir detal nəzərə alınmalıdır. Bura məktəbli ləvazimatlarının alınmasından tutmuş evdə, ailədə baş verən proseslər hamısı daxildir. İnsan hər an dəyişir. Yeganə dəyişilməyən şey dəyişgənliyin özüdür. Dəyişkənlik isə bizim qavradığımız yeni düşüncələrdir. Valideynlər uşaqları ilə münasibətdə hər an onların qavramında, düşüncəsində nələrisə dəyişirlər. Bunun üçün uşaqlarla ünsiyyətdə fərdi yanaşma və yaxşı yöndə dəyişəcək şərait yaratmaqla onlar yaradacaqları şah əsərin konturların cızmış olurlar. O ki qaldı, mövcud problemlərə, onları kürə şəklində deyil, hissələrə ayırmaqla ardıcıllıqla həll tapmaq lazımdır.
Elçin MURAD